11.07.2024-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında şair, nasir, tərcüməçi, dramaturq İmir Məmmədlinin “Qadın” pyesi əsasında hazırlanmış birhissəli “Siluet” tamaşasının premyerasına baxış keçirildi.
Feminist mövzuda yazılmış əsərdə dörd iştirakçı var – Qadın, qadının Silueti, Şəhvəti və Kişi. Lakin bu qadın özü də ikiləşir, həm kişinin qanuni arvadı, həm də məşuqəsi rolunda oynayır, buna görə də tamaşada konflikt özünəməxsusdur. Buradan da əsərin əsas ideyası doğur – istər ərli qadın olsun, istərsə də ailəsi olmayan qadın, onların hər ikisi eyni problemi yaşayır. Bu problemin cavabı isə tamaşanın sonunda bığlı, yekəpər bir kişinin meydana çıxması ilə aydın olur. Burada müəlliflər zamanımızın çox ciddi bir probleminə – əsil kişiliyin qıtlıq yaşadığına, onun yalnız rəmzi, simvolik işarə olan bığda, cüssədə qaldığına toxunur.
Əsərdə göstərilir ki, həm ərli, həm də ərsiz qadın tənhadır, köməksizdir və onu şəhvət idarə edir. Bu da bu gün cəmiyyətimizdə çox geniş şəkildə yer tutan bir problemə – ailələrdəki boşanmalara, əxlaqsızlığın baş alıb getməsinə və s. səbəb olur, ənənəvi, klassik kişi obrazını yoxa çıxarır. Əsil kişi olan yerdə əxlaqsız qadın olmur. Əsil kişi fahişəni mələyə, saxta, zəif, yalançı kişi isə mələyi fahişəyə çevirir. Bu problem Anarın “Beş mərtəbəli binanın altıncı mərtəbəsi” romanında da kifayət qədər qabardılıb. “Siluet”də adını çəkdiyimiz romandakı Zaurun sevgilisi Təhminə və arvadı Firəngiz eyni obrazda – “Qadın”da birləşir. Bu qadının daxili dünyasını əks etdirən “Siluet” və “Şəhvət” obrazları isə əsərə modernistik çalarlar verir.
Səhnə tərtibatında da modernizm var, üçbucaq şəkli qadını, onun siluetini, daxili arzularını və cismani tərəflərini simvolizə edir. Bu üçbucaqdan kənarda dördüncü bucaq, yəni kişi yoxdur.
Qadın rolunu oynayan Xədicə Məmmədova obrazın bütün psixoloji incəliyini, tragik dərinliyini, Kişi qıtlığına olan ironik çalarları yüksək şəkildə tamaşaçıya çatdırmağı bacarırdı. Siluet obrazının ifaçısı Günay xanım oz rolunu çox plastik – gözəl rəqslər, jestlərlə ifa edirdi. Şəhvət adətən yırtıcı bir hissdir, amma tamaşada şəhvəti çox mülayim yumşaq bir duyğu kimi göstərdilər. Bu isə, əlbəttə, aktisanın – Pərvin xanımın qüsuru deyildi, o tapşırılan işi yerinə yetirirdi…
Kişi obrazını həyata keçirən Əmrulla Nurullayev də cəmi bir dəqiqə səhnədə olmasına baxmayaraq, zahiri görkəmi, jestləri, mimikaları ilə oz rolunun öhdəsindən məharətlə gəldi, tamaşanın “bu gün kişi yoxdur” ideyasını zala çatdıra bildi.
Ümumiyyətlə, baş rejissor Əməkdar Mədəniyyət işçisi İftixar Piriyevin, rejissor assistenti İmaməli İmaməliyevin, musiqi tərtibatçısı Çingiz Xəlilovun, icraçı rəssam Aygün Mahmudovanın ərsəyə gətirdiyi, sürəkli alqışlarla başa çatan psixoloji, mistik, qrotestvari, qeyri-səlis məntiqə söykənmiş tamaşa modernləşmə, yeniləşmə və müasir aktual problemə cavab vermə baxımından çox təqdirəlayiqdir.
İradə Aytel
Yazıya 175 dəfə baxılıb