Evimizdən yüz metr aralıda sahibsiz torpaq var. Deyilənə görə, lap əvvəllər bura qəbiristanlıq olub. Sonra bir adam alıb buranı, şumlayıb, əkin əkib, amma bir günün içində tarla od tutub yanıb. Dünyagörmüş yaşlılar deyib ki, ölülərin ahı tutub o qaramat adamı. O vaxtdan da adam ilim- ilim itib, bir də görən olmayıb. Həmin torpaq sahəsinə isə bir də heç kim yaxın düşməyib…
Yağış yağanda həmin torpağın üstündə gəzməyi sevirəm. Elə bil doğma adamların, doğma varlıqların iyini duyuram. Qəribə ətir gəlir torpaqdan…
***
İlk dəfə idi ki, yağış yağanda sevinmədim. Əksinə, yağışı yağdığına peşman etdim, yamanladım. “Torpağı suyun altında qalıb indi” – dedim özüm-özümə. Soyuğu heç sevməzdi, isti adyalların üstündə xumarlanardı. Yeri isti, kefi lap kök olanda astadan mırıldayar və quyruğunu yellədərdi. Anamla baxıb gülərdik.
Düzü, özüm də bilmədim necə həyatımıza girdi. Ailəcə it-pişik saxlamağı sevməmişik. Ancaq günlərin birində evdə siçan peyda olanda ayrı əlacımız qalmadı. Mən təmiz, sağlam pişik balası soraqlamağa başladım.
İş yoldaşımın pişiyi təzəcə balalamışdı. Dedi, pişiyin bir ağca balaları var ki, iki göz istəyir tamaşa etsin.
-Bilirsiz, mən balaca pişikləri sevirəm,- dedim,- amma böyük pişiklərə qanım qaynamır, ayağıma toxunanda isə ətim ürpəşir.
-Əgər balacalıqdan götürüb saxlasaz, öyrəşəcəksiz, – evində 5-6 pişiyə “analıq” edən iş yoldaşım gülümsədi.
-Onda mənə ağ rəngli balanı gətirin. Düzdür, anam və mən pişikləri sevmirik, amma birtəhər saxlayarıq. Əslində çox da ağlım kəsmir…
Üstündən bir həftə keçdi. Dediyim sözü artıq unutmuşdum ki, iş yoldaşımdan zəng gəldi:
-Balan gəlib, gəl apar.
Getdim. Balaca ağ bir məxluq iş yoldaşımın qucağında vurnuxurdu.
-Anasını axtarır, – iş yoldaşım kövrələrək dedi.
Və onu mənim qucağıma verdilər. Bu balaca məxluqa necə davranacağımı bilmədim, hətta caynaqlarından qorxdum da. “Qorxma, o, hələ lap körpədir”, deyə pişik saxlamaqda təcrübəsi olan iş yoldaşlarım gülüşdülər.
Yolboyu ağ məxluq başını torbadan çıxarıb aramsız miyoldayırdı. Təngə gəlib özümz-özümə dedim ki, istəyən olsa ona verəcəyəm, mən bununla baş edə bilmərəm. Amma sonra düşündüm ki, oyuncaq deyil ha. Canlı varlıqdır. Əgər mənə əmanət edilibsə, artıq ondan imtina edə bilmərəm.
Anamın nə deyəcəyini də düşünməmiş deyildim. İt-pişikdən diksinən anam çox güman ki, onu qəbul etməyəcəkdi. Təzə dostum isə yumruq boyda başını aramsız torbadan çıxarıb şikayət edircəsinə miyoldayırdı.
Bir də onu gördüm ki, qapımızın ağzında dayanmışam. Anam isə qapını açıb bizə baxır və gülümsünür. “Ola bilməz” özlüyümdə düşündüm. Anam isə daha da xoş təbəssümlə gülümsünərək:
-Hardan bildin ki, ürəyimdən dondurma yemək keçir! – dedi.
Demə, o, dondurma qutusunda gətirdiyim pişiyi dondurma zənn edibmiş.
Anam Boncuğun dondurma deyil, bığlı, quyruqlu və aramsız miyoldayan pişik balası olduğunu biləndən sonra üz-gözünü turşutdu. Amma mən təkid etdikdən sonra:
-Bir-iki gün qalsın, sonra baxarıq, -dedi.
Biz pişiklə nə edəcəyimizi götür-qoy edərkən o, divanın dalında gizlənmişdi, təkcə quyruğunun ucu görünürdü.
-Aman Allah! Divanın arxasında sıxışıb qalar, zədələnər, onu dərhal çıxarmaq lazımdır,- anam pişiyi xlas etməyə tələsdi.
Bir-iki gündən sonra Boncuk bizə öyrəşdi, daha künc-bucaqda gizlənmirdi, anamın qolunun üstündə yumrulanıb yatırdı. Anam isə onu oyatmaqdan qorxaraq əlini saatlarla tərpətmirdi. Sonra isə:
-Zavallı bala, kimsəsiz bala, məni anası bilir – deyə ehmalca onun tüklərini sığallayırdı.
Beləcə, Boncuk həyatımıza daxil oldu. Elə bildik elə ömür boyu Boncukla bərabər yaşamışıq. Biz yatanda gəlib ayağımızın yanında qıvrılar, yemək yeyəndə quyruğunu tərpədərək öz payını tələb edər, söhbət edəndə böyrümüzdə oturar, bizi anlayırmış kimi qulaqlarını şəkləyərdi. Doğrudan da, hərdən bizə elə gəlirdi ki, o bizi anlayır. Haqqında danışanda – adını çəkməyəndə belə – harda olsa, yanımıza gələr, muncuq gözlərini üzümüzə zilləyərdi. Bu 15 ildə başqa heyvan görməməsi, adamların arasında yaşaması elə bil onu bizdən biri etmişdi.
-Ana, Boncuk gələndən sən daha mənim saçlarımı sığallamırsan, – bəzən şikayətlənirdim.
-Artıq sonbeşik Boncukdur, – anam yarızarafat, yarıciddi deyirdi. –Həm o kimsəsizdir, onun qayğıya daha çox ehtiyacı var. –Və saatlarla sevimli “oğlunu” tumarlayırdı. Boncuk isə isti qucaqda xumarlanır, arabir də mırıldanırdı. Adətən pişiklər özlərini xoşbəxt hiss edəndə belə səs çıxarırlar.
Boncuk ipə-sapa yatan pişik deyildi. Aradan çıxmaq üçün girəvə gəzirdi, qapı təsadüfən açılan kimi özünü bayıra atırdı. Çox uzağa getməyə də qorxur, bir neçə mərtəbə yuxarıda, ya da yandakı blokda gizlənirdi.
Bir dəfə necə oldusa, Boncuk evdən qaçdı. Gecənin qaranlığında anamla küçədə onu gəzir, hər dəlmə-deşiyə baxırdıq. Boncukdan əsər-əlamət yox idi. Həmin gün anam səhərə kimi yatmadı.
Birdən Boncuk gələr deyə tez-tez qapını açıb bloka çıxırdı. Boncuk isə sanki yağlı əppək olub göyə çəkilmişdi.
Səhər tezdən yenə dəcəl pişiyimizi axtarmağa yollandıq. Birinci mərtəbədəki pilləkənin üstündə ağ tüklər gözə dəyirdi. Anam “Bu, Boncuğun tükləridir, yəqin itlər onu apardı” – deyib ağladı.
Qonşu oğlanın dediyinə görə, gecə blokda pişiklər əməlli-başlı müharibə aparıb, bir-birlərini didik-didik ediblər. Aralarında bir ağ pişik də varmış.
Anam ürəyini tutdu:
-Aman Allah, bizim Boncuk ömründə evdən bayıra çıxmayıb, heç başqa pişik də görməyib, o, davanın nə olduğunu bilməz ki. Yəqin o biri pişiklər onu fağır görüb incidiblər.
-Ay Sona, yuxarı mərtəbədə tükləri pirtlaşmış bir pişik var, sizin pişik olmaya?- qonşulardan biri də belə söylədi.
Tez yuxarı mərtəbəyə cumduq. Üst mərtəbə əşyaların qəbiristanlığına oxşayırdı. Hər cür vaxtı ötmüş, ömrünü başa vurmuş lazımsız əşyaya rast gəlmək mümkün idi. Əslində pişiyi axtararkən bir neçə dəfə bura çıxmışdıq, amma iz-filan görməyib geri qayıtmışdıq. Deməli, daha diqqətlə axtarmaq lazım idi.
-Tansu, bir bura bax! – anam səsləndi. Onun göstərdiyi küncə tərəf əyildim. Toz basmış taxtaların arasında bir cüt göz bizə baxırdı. Bu, Boncuk idi, amma gözləri özününkü deyildi. Gecəki qorxu bəbəklərinə hopmuşdu. Gizləndiyi yerdən çıxmağa ürək eləmirdi, yerində donub qalmışdı.
Yəqin həyatda ən gözəl şeylərdən birini itkin doğmanı tapmaqdı, ya yenidən ona qovuşmaqdır.
-Canım Boncuk, gözəl Boncuk, – deyə-deyə onu ehtiyatla taxtaların arasından çıxardıq, amma o, iti dişlərini bizə göstərib xəbərdarlıq etdi ki, əgər bundan artıq toxunsaq, dişləyəcək. Odur ki, kənara çəkildik. Boncuk taxtaların üstündə oturub müdrik bir görkəm aldı. Sanki gecə baş verənləri çözmək istəyirdi.
Onu “düşüncələrilə” baş-başa qoyub evə qayıtdıq, yarı canımız isə pişiyimizin yanında idi. Yalnız bir neçə dəqiqə səbir edə bildim, sonra yenidən onun yanına çıxdım.
Boncuk bir az özünə gəlmişdi, onun başını sığallamağa icazə verdi və qucağımda evə gəldik. Anam və mən bir-birimizə baxıb gülümsəyirdik. İkimiz, yox, üçümüz də sevincli idik.
Boncuk bir müddət bayır-bacadan qorxub küçə qapısına yaxın gəlmədi. Amma bu dəfə də kürlük edib balkondan yıxıldı. Xoşbəxtlikdən, pəncərədən uçarkən balkonun aşağı kənarına tutunmağa macal tapmışdı. Zavallı pişik görmədiyi vəziyyətlə üzləşmişdi və durmadan miyoldayırdı.
Məndən fərqli olaraq anam özünü itirmədi və tez qapıya qaçdı. Bir neçə dəqiqədən sonra o, artıq aşağı qonşunun eyvanında pişiyin xilası üçün tədbirlər görürdü. Ayağının altına taburetka qoyub üstünə çıxmışdı və Boncuğun quyruğundan tutub aşağı çəkməyə çalışırdı.
-Görəsən bu quyruq nə üçündür?- bəzən anam Boncuğu əzizləyərkən deyirdi.
-Yəqin ki, soyuq olanda üstündə oturmaq üçün – mən izah edirdim, amma anam bu versiya ilə razılaşmır və daha detallı bilgi istəyirdi.
“Yay vaxtı tətilimizi necə keçirəcəyik” sualını özümüzə verməyə qorxurduq. Çünki bütün hallarda Boncukdan uzaq qalacaqdıq. Əslində diribaş pişik idi, öz qayğısına qala bilirdi. İki-üç günlüyə qohumlarımızın bağına dincəlməyə gedəndə onun bir həftəlik yeməyini və suyunu tədarük edib yola düşərdik. Amma yarı canımız sevimli pişiyimizin yanında, şəhər evində qalardı. Lap cırhacır istidə anam “birdən pişiyin başına bir iş gələr, qapı-pəncərəsi bağlı otaqda bağrı çatlayar” deyə kritik hava ilə bağlı xəbərdarlığı eyninə almamış, kölgəlikdən məhrum bağ yollarıyla pay -piyada şəhərə qayıtmışdı. Qayıdıb görmüşdü ki, Boncuk heç də darıxmayıb və pəncərənin o tayına qonan quşlarla dostluq qurub.
Quşlara baxmağı, öz aləmində onlarla oynamağı sevirdi. Elə bilirdi ki, onlar pəncərənin bu biri tərəfindədir və əl uzatsa çatar, odur ki, qəfildən pəncərəyə tərəf tullanırdı. Yəqin ki, quşlar bu yekəpər məxluqun sadəlövhlüyünə baxıb gülürdülər.
Hərdən düşünürdüm ki, əgər Boncuk adam olsaydı, çox mərhəmətli və xeyirxah biri olardı. Qapımıza gələn, ya təsadüfən evimizə adlayan pişik balalarına öz yeməyini güzəştə gedər, onları heç qısqanmaz, dallarınca düşüb maraqla izləyərdi.
Sağlam pişik idi, heç xəstələnməzdi, bəzən mənə elə gəlirdi ki, güclü xarakteri onu diri saxlayır. Axı pişiklərin də özünəməxsus xasiyyəti olur. Amma 15 yaşına keçəndə hərəkətləri bir az yavaşımışdı.
Bir dəfə baytara apardıq, 15 yaşında olduğunu deyəndə çaşıb qaldı, “yəqin peyvəndini vaxtlı-vaxtında vurdurmusuz” – dedi. “Yox, peyvənd-filan vurdurmamışıq, əksinə, belə prosedurlardan qorumuşuq onu” – dedik. Baytar heç nə demədən pişiyi müayinə etdi, amma sonda: “Çox qocalıb, uzağı 6 ay ömrü qalıb” – dedi.
Özümdən asılı olmadan gözlərimdən yaş süzüldü. Güclü xarakterli anam isə evə gəldikdən sonra baytarın dalınca deyindi.
-Sanki Allahdır, ömür biçir!
İnsan özünə faydası toxunan sözlərə inanmaq istəyir. Mən də eləcə.
Boncuk əvvəlki qaydada yeyirdi, içirdi. Amma olanlara əvvəlki kimi çevik reaksiya vermirdi.
Yağışlı günlərin birində yenə məni həmin o torpaq özünə çəkdi. Yağışın torpaqla təmasından gələn qoxuları hiss etdim, içim, ruhum təzələndi, evə gəldim.
Boncuk məni bu dəfə qapıda qarşılamadı. Otağın bir güncündə tərpənmədən oturmuşdu.
-Boncuk çox saymazyana davranır, – anama zarafatla dedim.
-Nəsə narahatdır bu gün. Altına palaz salıram, o isə quru yerdə oturur. Yəqin soyuq dəyib.
Gecə Boncuğun xəfifcə titrədiyini duydum. Tumarladım, nəsə dedim, danışdım. Boncuk gözlərini yumdu, mürgüləməyə başladı. Bunu onun şıltaqlığına yozdum, yatmağa getdim.
Sabahısı gün Boncuk yenə adəti üzrə yeməyini yedi, suyunu içdi, evdə gəzişdi və anamın qucağında saatlarla oturdu.
Həmin gün yazılarımı gec saatda bitirdim, saat 2 olardı, anam artıq yuxudaydı, kompüteri söndürüb Boncuğa yaxınlaşdım. O, qapının qabağında uzanmışdı, başı titrəyirdi, pəncələri hərəkətsiz kimiydi. Qarnının tüklərinin rəngi dəyişmişdi, çəhrayı rəngə çalırdı. Üzü çökmüşdü, sanki üzünün bir hissəsi formasını dəyişmişdi.
Mən onun can verdiyini anladım. Qucağıma götürmək istədim, amma əlimin arasından sürüşüb çıxdı. Yerini həmişə özü seçərdi. Yanında oturdum, üzünü, qarnını sığalladım. Qarnının tükləri yaş idi.
15 il qabaq onu ilk dəfə evə gətirdiyim günü xatırladım. O vaxt bu evdə arzuolunmaz qonaq idi. Amma bir neçə günün içində nəinki ona, yer üzünün bütün heyvanlarına qarşı fikrimizi dəyişdirmişdi. İslaholunmaz heyvansevərə çevrilmişdik.
Və onu da xatırladım ki, ondan sonra həyatımız necə yaxşılığa doğru dəyişmişdi, mən özümü necə daha gümrah hiss etməyə başlamışdım, bacım yeni işə girmişdi, anam toxdamışdı.
-Mənim oğul balamdır, – anam Boncuğu oynadaraq zarafatla deyirdi.
Anam həmişə oğul arzusunda olmuşdu. Bacımdan sonra bir-iki dəfə uşaq salmışdı – oğlan uşağı. Bacım bir dəfə mənə sirr kimi demişdi ki, həmin dünyaya gəlməyən uşaqlar əvvəllər qəbiristanlıq olan ərazidə basdırılıb. Bacımın bu sözləri məni ağlatmışdı.
-Onda anam hər dəfə ordan keçəndə o uşaqları xatırlayır?- demişdim.
O da məni sakitləşdirib demişdi ki, hər qadının həyatında elə ağrılı anlar olur, amma o anlar həyatın gerçəkliyi kimi qəbul edilir və özünü elə dərindən büruzə vermir.
Amma həyat gerçəkliyini qəbul etmək çox ağır idi və mən o gündən sonra anamın dünyaya gətirmədiyi, həmin sahibsiz torpaqda basdırılan uşaqlar haqqında düşünürdüm və torpaqdan gələn qəribə ətrin sirrini anlayan kimi olurdum.
İndi, Boncuğun can verdiyini görən mən, anamı yuxudan oyatmaq istəmədim, amma o sanki duyuq düşüb oyandı. Gəlib Boncuğa baxdı. Nə mən ona bir şey dedim, nə də o mənə, amma pişiyin ölmək üzrə olduğunu onun da bildiyini anladım.
-Sən get yat, – anam dedi, – mən burda oturacam.
Dərdimi kiməsə demək, ağlamaq, hayqırmaq istəyirdim, amma susurdum. Yerimə girib ürək döyüntülərimin xəfifləməsini gözlədim.
Səhər saat 6-da oyandım. Anam otaqda kresloda oturub başını aşağı salmışdı. Boncuk iki otağın arasında uzanmışdı. Koridordan sürünərək yanımıza gəlmək istəmişdi.
Anamla üzbəüz oturdum. Yəqin anam da Boncuğun 15 il qabaq ilk dəfə bu evə gəldiyi günü xatırlayırdı – onun necə böyüdüyünü, şıltaqlığını, dadlı tikə yeyəndə dilini yalamasını, özünü şirin göstərmək üçün otağın ortasında tirtap uzanıb bizim onu əzizləməyimizi gözləməsini…
Pəncərənin o tayında quşlar səs-səsə verib civildəşir, şüşəni taqqıldadırdılar. Elə bil öz dostlarını oyuna çağırırdılar. Boncuk pəncərəni də, onun kənarına qonan quşları da görürdü, amma oyuna gəlməyə artıq onun kürlüyü də yetməzdi.
Mən, anam, quşlar, bütün təbiət, kainat yoxluq içindəydi. Bunu Boncuk da hiss etdi, başını xəfifcə qaldırdı. Qəribə səs çıxardı – düz üç dəfə. Və canını tapşırdı.
-Bizimlə halallaşdı, – anam güclə eşidilən səslə dedi.
Kiçik parça gətirib Boncuğun üstünü örtdü. Heç birimiz danışmırdıq, bir-birimizə əlavə əzab vermək istəmirdik.
-Mən aparıb basdıracam, – dedim.
Anam kresloda oturub gözlərini bir nöqtəyə zilləmişdi.
-Mən də səninlə həyətə düşəcəyəm.
Əslində mənim bu işdə iştirak etməyimi, travma almağımı istəmirdi.
-Bir xadiməyə pul verərəm, basdırar, – dedi.
-Yox, yox, onu zibilliyə atacaqlar.
-Mən özüm də orda olacam, baxacam, narahat olma.
-Yox, mən özüm onu basdıracam, onu heç kimə tapşıra bilmərəm, – deyə israr etdim.
Evdən bıçaq və ətdoğrayan götürüb həyətə düşdük.
Torpaq çox sərt idi. Mən bıçaqla oyur, anam ətdoğrayanla çapırdı. Sonra qumu ovuclayıb kənara atırdıq.
-Blokda bel var, onunla qazın, belə sizə çətin olar, – itini gəzməyə çıxaran rus qonşu dedi, – amma dərin qazmaq lazımdır, itlər iyləyib çıxara bilər.
-Yaxşısı budur, kişilərdən birinə pul verin, qazsın, – onun yanındakı başqa bir itgəzdirən qadın məsləhət gördü.
Anamla ikimiz də karıxmışdıq. Mən qarajın yanına, kişilərin toplaşdığı yerə getdim, anam isə əlində bel nə edəcəyini düşünürdü.
Kişiyə pulu göstərib bizə kömək etməyini xahiş etdim. Yanımca düşüb gəldi, anamdan beli alıb qazmağa başladı. Amma torpaq çox sərt idi, kişinin güclü zərbələrinə də tabe olmurdu.
-Gəlin, ora gedək, o əraziyə, – kişi əliylə səmti göstərdi, – oranın torpağı yumşaqdır.
Mən anama baxdım, anam tərəddüdlə razılaşdı.
Kişi hasardan tullanıb sahibsiz əraziyə düşdü, yeri qazmağa başladı.
-Dərindən qazın, itlər onu çıxara bilər, – rus qonşu hasarın o biri tərəfindən dedi.
-Hasar çəkilib, itlər bura yaxın gəlmir, – kişi yeri qaza-qaza dedi.
-Bütün hallarda, azı bir metr qazmaq lazımdır, – qonşu qadın təslim olmadı.
Təxminən yarım metr qazdıqdan sonra Boncuğun uyuyacağı yer hazır oldu. Anam pişiyi gətirmək üçün evə getdi, mən hasarın bu biri tərəfində, kişi də o biri tayında qazılan çalaya baxırdıq.
Çox da balaca olmayan bir arıq pişik hardansa çalanın yanına gəlib çıxdı. Görünür, bütün bu həngamə ona maraqlı gəlmişdi, başını çalaya salıb qoxladı.
-Düz gəlməmisən, get burdan! – kişi onu qovaladı.
Pişik isə əl çəkmədi, dönüb yenidən çalaya yaxın gəldi.
-Sənə hələ tezdir, – mən yavaşca dedim.
-Hə, sənə tezdi, – kişi öz işinin nəticəsinə fikirli-fikirli baxa-baxa təkrar elədi.
Anam gələnə kimi kişi çalanın yan-yörəsini bir az da genişləndirdi. Sonra beli kənara qoydu, əllərinə baxıb:
-Əllərim də suluqladı, – dedi.
Anam əlində yekə torbayla göründü. Üzündəki ifadəni tanıdım – adətən beli, ya ayaqları möhkəm sancanda belə olurdu. Dinib-danışmadan torbanı hasarın o tərəfinə uzatdı. Kişi torbanı alanda mən üzümü yana çevirdim. Yenidən çevriləndə Boncuğun ağ-qara quyruğunun çaladan çıxmış ucunu gördüm. İndi də quyruğunu gizlədə bilməmişdi Boncuq…
Kişi quyruğu çalaya itələyib üstünü torpaqla doldurdu. İzi itirməyək deyə üstünə də böyük bir daş qoydu.
İş başa çatanda əlimdə tutduğum pulları kişiyə verdim. 15 illik dostumuz üçün son edəcəyimiz şey bu idi…
Anam üzünü dəmir hasara söykəyib üzündə tanış ifadə ilə gözlərini çəkmədən baxırdı. Mənə elə gəldi ki, dünyaya gəlmədən ölən uşaqlarının torpağa qoylanmasını izləyir.
Asan deyildi anama, üçüncü oğlunu torpağa verib geri qayıdırdı…
Yazıya 15 dəfə baxılıb