Həyat yaşamaq heç də asan məsələ deyil. Bəzən çoxları bu həqiqəti unudurlar. Dünyada xoş, gözəl bir həyat yaşamağa can atırlar. Elə zənn edirlər ki, həyat elə belə də olmalıdır. Bu səbəbdən də həyatın sərt üzü ilə qarşı-qarşıya gəlməyə hazır olmurlar. Ondan qaçmağa , yaxa qurtarmğa çalışırlar.Düşünürlər ki, bu mümkün olacaqdır. Nəticədə isə həyatlarının sonu gözlədiklərindən daha ağrılı olur.
Rauf Çingiz müəllimi cavan yaşlarından tanıyırdı. O, vaxt Raufun 23, Çingiz müəllimin 50-yə yaxın yaşı vardı. Tanışlıqları işlə əlaqədar olmuşdu. Rauf idman mövzusunda yerli qəzetə məqalələr yazırdı. Çingiz isə rayonun tanınan və yaşlı güləşçilərindən biri idi. O, idman ustası normasını ödəmişdi. İdman institunu bitirdikdən sonra məşqçı olmuşdu. Bir müddət sonra “Neftçi” cəmiyyətinin şəhər şöbəsinin sədrii vəzifəsinə keçirilmişdi. Özü də hər dəfə söz düşündə deyərdi :
— Yaxşı idmançı olmaq hələ o demək deyil ki, sən yaxşı məşqçi olacaqsan.
Bu sözlərlə o yaxşı məşqçi ola bilməyəcəyini anladığını və həm də nə üçün cəmiyyətin sədri vəzifəsinə keçdiyini bildirirdi.
Çingiz müəllim çılğın xarakterli idi. Raufla İlk tanışlıqlarına onun çılğın davranışı səbəb olmuşdu.
Rauf idamançılardan yazı hazırlayanda yalnız məşqçilərdən faktları götürməklə kifayətlənmirdi.Özü də forma ilə zala gəlib idmançılarla bir yerdə məşq edirdi.O, idmançıları yaxşı duymağa başlayır və yazdığı məqalələr maraqlı alınırdı.Çingiz müəllimin kabineti idmançıların məşq etdiyi zalın yuxarı mərtəbəsində yerləşirdi.Onun kabinetindən dəhlizə çıxanda idman zalı ovcun içi kimi görünürdü.Çingiz müəllim hərdən onlara tamaşa edir , hərdən də formasını geyinib zala məşq etməyə gəlirdi. O əsasən fiziki hərəkətlər edir , ən çox ştanqla məşqə üstünlük verirdi. Baxmayaraq ki, yaşı əllini haqlamışdı, ağırlıqqaldırma məşqləri onun qəddi-qamətli, güclü və yaşından cavan görünməsinə səbəb olmuşdu.Məşqdən sonra o özünü daha gümrah, cavan hiss edir və qürrələnib gənc məşqçilərə meydan da oxumaqdan çəkinmirdi:
— Ayə, hansınızın duxusu var forma geyinib çıxsın döşəyə . Liboyunuznan çıxıram. Baxmayın cavansız , liboyunuznan güləşirəm.
Gənc məşqçilər Çingiz müəllimin iddialı sözlərinə baş qoşmurdular.Onun sözlərinə heç bir cavab vermirdilər. O, isə iddialı-iddialı addımlayaraq zalı tərk edirdi. Raufun Çingiz müəllim haqda ilk yaddaqalan təəssüratı elə bu hadisədən sonra yaranmışdı.
Çingiz müəllimin iki qardaşı vardı. Hər iki qardaşı ali təhsil almışdılar. Böyük qardaşı Elman rayonda rəhbər vəzifədə çalışırdı. Kiçik qardaşı Gündüz isə zavodda mühəndis idi. Hər üç qardaş yaxşı ailə sahibi idilər. Çingizin həyat yoldaşı Aynur xanım rayon xəstəxanasında həkim işləyirdi. Rayonda onu həyat yoldaşı Çingizdən az tanımırdılar.Hörməti də ondan az deyildi. Ailədə iki oğlan övladı dünyaya gəlmişdi.Uşaqların təhsilinə əsasən anaları diqqət ayırırdı.Övladları ailə ənənələrinə sadiq qalaraq hər ikisi orta məktəbi yaxşı qiymətlə bitirib ali məktəbə qəbul olundular.İnstitutu bitirəndən sonra böyük qardaş işləmək üçün Moskvaya getdi və ailəsi ilə orada yaşamağa qərar verdi. Valdeynlər etiraz etmədilər. – “ Təki cavanların ürəyincə olsun “ –dedilər. Evin kiçik oğlu isə ali təhsil alıb evləndi və Bakıda qaldı. Çingiz müəllim bunu da sevinclə qarşıladı.O,övladlarının xoşbəxtliyinə mane olmaq istəmirdi.İstəyirdi hər şey ürəklərincə olsun. Xoşbəxt yaşasınlar. Ata da ana da övladlarına əllərindən gələn hər bir köməkliyi göstərməyə hazır idilər.
Həyatları bu qayda ilə olduqca nizamlı tərzdə davam edirdi. Sanki qarşıda onları heç bir çətinlik və sınaqlar gözləmirdi. Əgər Aynur xanımın qəfil xəstəliyə tutulması olmasaydı bəlkə də həyatları sonadək belə nizamlı davam edəcəkdi. Amma qəfil fəlakətlərdən həyat heç kəs sığortalamır. Aynur xanımın qəfil xəstələnməsi və bir müddət sonra dünyasını dəyişməsi Çingiz müəllimin həyatını və həyat planlarını alt-üst etdi. O, taleyin bu dönüşünü gözləmirdi. Lakin bu itki ilə barışmalı oldu. Bundan sonra tək yaşamalı idi.Çətin də olsa Çingiz müəllim bu xoşagəlməz yeni həyatla barışmalı, ona alışmalı oldu. İllər bir-birini əvəz edirdi. Səhhətində problemlər də ortaya çıxırdı.Narahatlıqları get-gedə artmağa başlayırdı. Qohum-tanışlar məsləhət edirdilər ki, bir qadın tapıb evlənsin.Tək qalmasın. Belə bir addım atmaq Çingiz müəllimin də ürəyindən keçirdi.İstəyirdi ki, kim isə ona həyan olan qadın olsun. Amma inanmırdı ki, bu yaşda hansısa qadın sevdiyinə görə onunla ailə qursun.Ona gələn qadın çox güman ki, onun mərkəzdəki evinə və puluna görə ailə quracaqdı.Daha sevdiyinə görə yox. Bu isə Çingiz müəllimi qorxudurdu. O evlənmək niyyətindən vaz keçməli olurdu. Bir də ki, həyat yoldaşının xatirəsini taptamaq istəmirdi.İnanmırdı ki, həyatdan getmiş Aynur xanım kimi ikinci bir qadın tapa biləcək.Beləcə illər bir–birini əvəz edirdi.
Rauf hərdənbir yolda Çingiz müəllimlə rastlaşırdı. Aralarında böyük yaş fərqi olması münasibətlərində bir maneə yaradırdı.Çingiz müəllim əsasən öz yaşına uyğun adamlarla ünsiyyət qurmağa çalışırdı. Odur ki, rastlaşanda kənardan-kənara salamlaşıb keçirdilər. Çingiz müəllim əsasən məişət evinin önündəki parkda gəzib , istirahət etməyi xoşlayırdı. Bir dəfə Rauf həmin yerdən keçərkən Çigiz müəllimi bir anlıq yadına düşdü. Rauf xatırladı ki, o çoxdandır Çingiz müəllimi görmür .
– “ Bəlkə Çingiz müəllimin başına bir iş gəlib? Ona görə görünmür? “- deyə özlüyündə düşündü. Axı necə olmasa Çingiz müəllim yaşlı adam idi. Yaşı 80-ı çoxdan keçmişdi. Bu vaxt Rauf yaxınlıqdakı asfalt yolun əks tərəfindən köhnə idmançı tanışı Eyvazın ona tərəf əl etdiyini gördü. O, aftomobillərin keçib getməsini gözləyirdi ki, yol boşaldıqdan sonra Raufla tərəf gəlsin. Salamlaşıb hal-əhval tutdular. Söhbət arası Rauf Eyvazın Çingiz müəllimi görüb-görmədiyi ilə maraqlandı. Eyvaz köhnə güləşçilərdən idi. Ustalığa namizəd idi.Bir vaxtlar Çingiz müəllimin məşqinə getmişdi.Onun haqqında məlumatlı ola bilərdi. Eyvaz bir qədər qımışaraq Raufa baxdı. Anladı ki, Rauf Çingiz müəllimin ölmüş yaxud sağ olmasını dəqiqləşdirmək istəyir. Odur ki, gülümsəyə-gülümsəyə dedi :
–Çingiz müəllimi bir az bundan əvvəl poçtun qarşısında gördüm. Poçtun müdiri ilə söhbət edirdilər. Niyə soruşurdun ki ? Bəlkə ondan yazmaq istəyirsən ?
— Yox .Yazmaq üçün soruşmurdum.Çoxdandır görünmür ona görə maraqlandım.
— Neylək.Yazmaq istəyirsənsə görəndə deyərəm Çingiz müəllimə. Səninlə əlaqə saxlayar.
Bunu deyərək Eyvaz Raufla xudafizləşərək ondan uzaqlaşdı. O, bir neçə addım irəlləmişdi ki, qarşı tərəfdən Çingiz müəllimin onlara tərəf gəldiyini gördü. Eyvaz bunu gördükdə, arxaya, Rauf tərəfə çevrilərək əli ilə Çingiz müəllimi göstərdi.
–Odey, o da Çingiz müəllim.Gəlir
Sonra da sürətlə Çingiz müəllim tərəfə addımlayaraq elə uzaqdan-uzağa dedi :
–Çingiz müəllim , jurnalist indicə sizi soruşurdu. Deyir çoxdandır Çingiz müəllimi görmürəm. Görün nə deyir. Deyəsən sizdən yazmaq istəyir.
Eyvaz sözünü deyib uzaqlaşıb getdi. Dediyinə görə onun vəkil ilə görüşü var idi.Nə isə məhkəmə çəkişməsi ilə əlaqədar onunla məsləhətləşməli idi. Ona görə tələsirdi.
Çingiz müəllim asta addımlarla Raufa yanaşıb onunla salamlaşdı.Yaxınlıqdakı skamyada əyləşdilər. Başını astaca yelləyib Raufa tərəf çevrilərək dedi :
—Düz deyirsən , bir müddət görünməmişəm. Səhf etməmisən. 3-4 ay idi Bakıda idim.Oğlumun yanına getmişdim. Orada qalırdım. Darıxdım. Qala bilmədim. Oğlumun bura qayıdıb gəlməsini , burada yaşamasını istəyirdim.Gördüm ki, heç cür alınmır.Onlar da ailədir.Öz iş-gücləri var.Oğlum neft şirkətində yaxşı vəzifədə işləyir.Əgər mənə görə işini atıb rayona qayıtsa, burda elə iş tapa bilməyəcək.Yoldaşı da məktəbdə müəllimdir. Rayona qayıtsalar onlara burada çətin olacaq. Odur ki, qayıdıb gəldim.
—- Bəs , indi necə yaşayacaqsız? İndiyə kimi necə yaşayırdımsa elə yaşamalıyam. Ayrı nə edə bilərəm.Paltarlarımı özüm yuyuram. Evi təmizləyirəm.Yemək hazırlayıram. Daha nə lazımdır ki ? Bircə çətinlik odur ki, son zamanlar ürəyim məni narahat etməyə başlayır. Qorxuram ki, gecə ürəyimdən ağrı tuta , ölüb eləyəm. Heç kimin də xəbəri olmaya.Bircə ondan qorxuram.Qabaqlar yaxşı idim. Axır vaxtlar isə narahatam.Bircə gecə tək ölməkdən qorxuram.
Rauf onu diqqətlə dinlədi. Həmsöhbətinə təsəlli verib bir qədər onu sakitləşdirməyə çalışdı. Xeyli təsirlənsə də, həyatda bundan da ağırılı məqamların olduğunu yada salaraq özünü topladı.Amma düşündüklərini Çingiz müəllimə deməyi lazım bilmədi. Həm də bildirdi ki, Çingiz müəllimi xəbər almasının səbəbi onu çoxdan görməməsidir. Eyvaz isə söhbəti düzgün başa düşməyib. Elə bilib ki, Çingiz müəllim haqda yazmaq istədiyi üçün onu soruşur.
Bir qədər söhbət etdikdən sonra ayrıldılar.Bu hadisədən sonra onlar yenə də ara-sıra yolda rastlaşırdılar.Yenə də qabaqlar olduğu kimi uzaqdan salamlaşıb keçirdilər.Yanaşı skamyada əyləşib söhbət etmələri isə bir də heç vaxt təkrar olunmadı. Çünkü Çingiz müəllim hər adamla oturub durmağı xoşlamırdı. O, yalnız mövqeycə və maddi imkanca özünə tay, özünə bərabər adamlarla münasibət yaratmağa üstünlük verirdi. Raufla skamyada yanaşı əyləşib söhbət etməsinin səbəb isə güləşçi Eyvazın: –jurnalist səndən yazmaq istəyir – deməsi olmuşdu.
Bu hadisədən bir ilə yaxın vaxt keçdi. Rauf Çingiz müəllimi, onunla olan söhbətini də unutdu. Amma bir gün şəhərdə yayılmış bir xəbər Raufun bütün bunları yenidən xatırlayıb yada salmasına və bu barədə düşünməsinə səbəb oldu. Çingiz müəllim axşam vaxtı parkda gəzib evə qayıdarkən yolda maşın onu vurmuşdu.Onun yaşadığı bina ilə park arasından aftomobil yolu keçirdi. Çingiz müəllim axşamın qaranlığında yolu keçib binalarına tərəf gedərkən, uzaqdan sürətlə gələn aftomobil onu vurmuşdu.Yaralını xəstəxanaya aparmışdılar. Həkimlərin bütün səylərinə baxmayaraq o səhəri gün axşamüstü dünyasını dəyişmişdi.
Rauf Çingiz müəllimimlə bir il bundan əvvəlki söhbətini xatırladı. Xatırladı ki, o gecə evdə tək qalıb ölməkdən qorduğunu söyləyirdi. Belə aqibətdən yaxa qurtarmaq istəyirdi.Qorxurdu ki, evdə gecə vaxtı tək dünyasını dəyişsə heç kim bundan xəbər tutmaz. Qəribə idi ki, qorxduğundan və qaşmaq istədiyindən daha ağır aqibət onu gəlib tapdı. Gecə təklikdə həyatla vidalaşaydı bundan qat-qat daha yaxşı olardı. Amma qorxmağı və təlaş içində qıvrılmağı onun gücünü, qüvvəsini daha da sürətlə tükəndirdi. Bu da onu daha ağrılı aqibətə aparıb çıxardı? O, özü də bilmədən, anlamadan özünü daha acınacaqlı sonluğa sürüklədi.
Həyat onun hökmü ilə barışmaq istəməyən adamları xoşlamır. Bundan qəzəblənib ona daha ağır cəza verir. Həyat sənə nə qismət etsə narazılıq edib gileylənmə. Qismətdən qaçmağa çalışma. Bunun nəticəsi daha acınacaqlı olur. Əksinə qismətini qəbul etməyə çalış. Onda tale sənə qarşı daha mərhəmətli olur.
6 sentyabr 2024-cü il.
Yazıya 72 dəfə baxılıb