Vətən ağrılı şair – İradə Aytel yazır…

Əməli saleh, əməyi halal, sözü duzlu-dadlı, ilhamı qanadlı Musa Ələkbərli yaradıcılığından illər əvvəl yazmışdım. Şairin seçilmiş əsərlərindən ibarət kitabının nəşr olunacağını eşitdim və son illərdə qələmə aldığı pınar gözlü poeziyasının sorağıyla yola çıxdım. Qoşma-qoşma, gəraylı-gəraylı, bayatı-bayatı uzanan bu yolda məni bir ağ ışıq dayanmadan müşaiyət edirdi. Mən o ağ işığa doğru addımladıqca ağ işıq söz-söz, heca-heca, misra-misra yeni yollar açırdı qarşımda. İllər əvvəl yazdığım yazını tapıb yenidən göz gəzdirdim, yaddaşımda qalmayan yazımın adı “Ağ işıq” idi. Bu qədər təsadüf olmazdı, o ağ işığın həqiqətən ağ, pak, müqəddəs işıq olduğuna əmin oldum. O ağ işıq Musa Ələkbərli ömrünün ağ yolunun, Musa Ələkbərli şeirlərinin ağ üzünün yakamozu idi…  Qaranlığı nura, ağrını təsəlliyə, həsrəti vüsala, dərdi şeirə çevirən (“Dərdlərim ağ elədi ki, ağ şeirin yolunu tutdum” M.Ə.) bu ağ işıq şairin gəncliyində odlu-alovlu sevgi şeirlərindən doğulurdusa, zaman-zaman yolunu Azərbaycanın çınqılına, daşına, ağacına, kəndinə-şəhərinə sarı döndərərək bütünləşdi, vətənləşdi. O vətən Cavanşirin, Babəkin, Cavad Xanın… qılıncından, Rəsulzadənin, Xoyskinin, Mehmandarovun… qələmindən sıyrılaraq Musa Ələkbərli şeirlərində doğma oldu, can oldu –  Azərbaycan oldu!

 

Sevginə köklənib ürəyim, canım,

Nə qədər ömrüm var eşqinlə yanım,

Sənə qurban olum, Azərbaycanım,

Məni gözlərindən uzağa qoyma!!!

…Sənin kipriyinin kölgəsindəyəm,

Məni gözlərindən uzağa qoyma.

 

 

Musa Ələkbərli vətəni canı kimi, ruhu kimi, anası, balası kimi, sevgilisi kimi əzizlədi, vəsf elədi, bütün gözəlliklərin Azərbaycanda olduğunu söyləməkdən çəkinmədi:

 

Ay gözəllik arayan kəs,

Bu boyda Vətən –  gözəllik!!!

 

Şair şeirinə sığmayan, Azərbaycanın döyünən ürəyi Qarabağ naləyə döndü Musa Ələkbərli şeirlərində:

 

Qarabağ ruhumdan qopan nalədi,

Qanımla qızaran qızıl lalədi…

 

Onunçün qanıyla qızaran bu qızıl lalədən şeir yazmaq

 

Bir iynənin ulduzundan keçməkdi,

Ağrıların ağırını seçməkdi,

Diri gözlə cəhənnəmə köçməkdi…

 

və sonra

 

Qarabağ deyəndə qaralıb dolmaq,

İçindən sökülmək məni əridir.

Məğlub bir ölkənin şairi olmaq

Sinəmdə sağalmaz yara yeridir,

 

  • deyərək, sağalmaz yaraya tuş gələn, “Misraları ordu kimi, // ..ürəyi də yurdu kimi// parça-parça” (M.Ə) olan şair düz otuz il bu ağrıyla yaşadı,

 

Alışan ürəkdir, qovrulan dildir,

Biz mürgü vursaq da oyanan yerdə.

Qarabağ düyünü düz otuz ildir,

Açılmır, dayanıb dayanan yerdə.

Düz otuz il ölümdən betər olan bu ağrıya sinə gərdi:

 

Vətən, sənin ağrını mən

Ölümdən betər yaşadım…

 

Doğma torpaqlarından, doğma yurdlarından ağac-ağac, oba-oba uzaq düşən didərginlər, qaçqınlar, köçkünlər Musa Ələkbərlinin içindəki baharı payıza döndərdilər, ayazda dondurdular, xəzan etdilər…

 

Dumanı, çiskiniylə,

Peşmanı, küskünüylə,

Bir milyon köçkünüylə

Məndən keçir bu payız…

 

Və o qaçqın köçkünlərin əsrlərdir qurub-yaratdığı xanimanlarının yamaqlı evlərlə əvəzlənməsinə dözməyərək Tanrıya üsyan etdi şair:

 

Yamaqlı binalar, yarımçıq evlər,

Necə dözürsünüz köçkün ahına?!

Görən göz yaşına susayan Allah

Özü acıyırmı öz günahına?!

 

Sonra o ağrılar Musa Ələkbərli ürəyində dərin bir şırım açaraq o şırımdan yenidən göyərdilər, yenidən boy verdilər. Hələ otuz il də davam edəcək bu boy-boy ağrıların, acıların, gündə yüz kərə ölməyin bir adı var idi – Qarabağ!!!

 

Unudulur o qırğınlar, talanlar,

Bizi haldan-hala salır yalanlar,

Qarabağsız qarabağlı olanlar,

Sinədəki çatdan çıxır Qarabağ,

Yadlaşırıq, yaddan çıxır Qarabağ…

…Şairləri yaralanıb sözündən,

Torpaq gedib biganəlik üzündən.

Musa bu gün nahaq çıxmır özündən,

Köksündəki uddan çıxır Qarabağ!

Alışdığı oddan çıxır Qarabağ!

Haray millət, yaddan çıxır Qarabağ!

 

Və bu harayla sinəsində qoruduğu ağrı fidanları quru­masın deyə onları qanıyla suvardı, Qarabağ dərdini unu­dulmaqdan qorudu, bu dərdi şeirlərində əkdi, becərdi, göyərtdi və ortada qalan, ortalıqda qalan vətəni – Qarabağı (“Оrtаğа pаy bölə-bölə, // Оrtаlıqdа qаlıb Vətən”), XX əsrin üz qarası olan, dünya xalqlarının görməzdən gəldiyi Xocalı soyqırımını,

 

XX əsrin utanc yeridi,

üz qarasıdı Xocalı.

Zülmün, işgəncənin

“bundan o yanası yox”  sərhədidi.

Vətənimin, torpağımın

iç yarasıdı Xocalı,

 

Unudulmağa qoymadı. Öz içində qovruldu, öz içində qıvrıldı, sinəsindəki dağı düşməndən gizlədərək,

 

Gedən torpağıma ağı yazmaram,

Sinəmə çəkilən dağı yazmaram.

Səndən qisasımı alana kimi

Yazmaram, bu dərdi, yağı, yazmaram!

 

ATƏT-in oyunlarına aldanan xalqın gözünü açmağa çalışdı, oğulları, ərənləri döyüşə çağırdı, qisasa səslədi:

 

 

Nə dərin quyuya atılıb bu daş,

ATƏT-in həmsədri dəyişdi yenə!

Allahın yanına çıxsaq da, qardaş,

Bu yolun son ucu döyüşdü yenə!

 

Bəzən məlhəmi özündə gəzsə də,

 

Vətən, biz varıqsa nə sın, nə əyil,

Baş əymə kədərə, yer vermə yasa.

Yaran yad əliylə sağalan deyil,

Bizim özümüzdən məlhəm olmasa.

 

fitnə-fəsad dolu düşməndən qurtulmağın yolunun yalnız və yalnız savaş olacağına əmin idi:

 

Düşmən başdan-başa fitnədi, şərdi,

Girir min kələklə o dondan-dona.

Çıxdı sonumuza Qarabağ dərdi,

Bir şanlı döyüşlə son qoyaq ona!

 

Xalqın başına gələnlər üçün özünü qınayaraq bütün döyüşlərin, barışların, yaxşılığın, pisliyin, cinayətin, dələ­duzluğun sözdən doğulduğunu önə çəkdi, söz adamlarını mübarizəyə, savaşa səslədi:

 

Məktəbləri kütlə dolur,

Kütdə hansı mətləb olur?

Zindanları məktəb olur,

Şairləri susan xalqın.

 

Şair onu da çox gözəl bilirdi ki, sərvət içində üzənlər Qarabağ ağrısı çəkmir (“Sən sərvət içində, mənsə qəm-kədər// Bu vətən bədbəxtdir fərqimiz qədər” M.Ə), Qarabağ ağrısı çəkməyən qarabağlı görəndə şairin əli yerdən göydən üzüldü, özünə şərəfli ölüm arzuladı… Lakin bu ölüm də Qarabağı unutdurmazdı, bu ölümün özü də Qarabağdan keçirdi,

 

Yuvasından perik düşən elim var,

Bu ocaqda kösöylənən əlim var,

Bu dünyada bir şərəfli ölüm var,

Qarabağdı! Qarabağdı! Qarabağ!

 

Bu şərəfli ölüm Qarabağın azadlığından keçirdi,

 

Aman Allah, necə düşdü şər yada,

Daş dikəlir, ruhlar gəlir fəryada.

Yerim-göyüm, asimanım dünyada,

Qarabağdı! Qarabağdı! Qarabağ!

 

Şairin başdan-başa silahlanmış qarabağlı misralarından keçirdi,

 

Nəhayət, dikəltsin millət qəddini,

Yarsın öz səbrinin bu daş səddini.

Yurdumdan yağının silsin rəddini!…

 

Və bu misralar milləti döyüşə səslədi, bu misralar bir gün də olsun itirilmiş torpaqlardan əlini üzmədi,

 

Bir belə Şəhid yükünə

Dözürsə qəddin, ay Vətən,

Yəqin bir gün bütövləşər,

Sərhədin, səddin, ay Vətən!

 

Şair çox yaxşı bilirdi ki, vətən üçün gözünü qırpmadan ölümə gedən Mübarizlərimizin, qələbə soraqçısı, zəfər qaran­quşu Poladlarımızın,  otuz il ərzində torpaq uğrunda həlak olan oğul­larımızın davamçıları var və olacaq. General Polad Həşi­movun şəhadətinə ağı deyən şairin səsi nəhayət ki, Tanrıya yetişdi,

 

Nə qədər ağırdır dərdimiz bizim,

Şərin qurbanıdır mərdimiz bizim.

Döyüşdə təzədən vuruldu Həzim,

Getdi bir döyüşkən, qoçaq general.

 

Cavanşirin, Babəkin, Cavad Xanın… qılıncından, Rəsulzadənin, Xoyskinin, Mehmandarovun qələmindən sıyrılan Vətən, zaman gəldi Ali Baş Komandan İlham Əliyevin qılınc və qələmindən bir daha sıyrıldı, yenidən doğuldu Polad oğullar Musa Ələkbərlinin şeirlərindəki ağ işığın çəkdiyi yolla düşmənin boğazına çökdülər. Otuz ildir qələmiylə savaşan şair qollarına güc, dizlərinə təpər gəldiyini görüncə:

 

Ordum, qoluna qüvvət,

Yurdum gözlərin aydın!

 

– söyləyərək, 27 sentyabr 2020-ci il tarixində sevincini bütün dünyaya yaydı:

 

Qəti, son döyüşə girib ordumuz,

Bir qürur yaşayır ana yurdumuz.

Çəkilib göylərə qara-qorxumuz,

Səma da, torpaq da Qələbə deyir!

 

Ata-analara, ayağı sayalı nənələrə, qardaş-bacılara qoşularaq 44 günlük Zəfər tariximizdə ağ işıqla yol alan, ağ işığın nurunda qələbə qazanan oğullarımız üçün misra-misra, heca-heca, şeir-şeir dualar oxudu, Azərbaycan ordusunda döyüşən oğulların qəhrəmanlığını, şücaətini, döyüşdə ər, yerişdə nər, gərdişdə dürlüyünü şeir-şeir vəsf etdi, Polad köynəyindən, Mübariz dərsindən keçən oğulların vasifi oldu,

 

Vətən harayına uçub gəlib o,

Bu yolu könüllü seçib gəlib o.

Polad köynəyindən keçib gəlib o,

Mübariz dərsini keçən oğuldu.

 

O oğulların önündə dayanan, şir ürəkli, şir biləkli sərkərdəsinə inandı, güvəndi:

 

Ali Baş Komandanım,

İndi sən hamınınsan!

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan!

…İndi sən hamınınsan!

İndi hamı sənindi!

Sarsılmaz birliyimiz

Bu şanlı vətənindi!

 

  • söylədi və 44 gün ərzində düşmən raketlərinə tuş gələn, dinc əhalinin alovlanan sinəsinə, alışan yurduna misra-misra şeir çilədi,

 

Bu gecə od tutdu Gəncə torpağı,

Cavad Xan ruhuyla hərəsan oldu.

 

Şəhid atasına dönüb qürur yaşadı, şəhid anasına dönüb qara geydi. Yenə də əyilmədi, ümidini itirmədi, Füzuli torpaq­larında dizin-dizin süründü, Laçın səmasında laçına döndü, Kəlbəcərdə bağrından od püskürdü, Şuşanın şüşə sıldırımlarıyla qələbəyə doğru ucaldı və qələbə müjdəsi ilə “Oba-oba, mahal-mahal // Bayraqlaşan Azərbaycan!”a gözün aydın söylədi.

Haşiyə: O günlər gəlir gözlərimin önünə, oba-oba, mahal-mahal böyükdən-kiçiyə hamının əlində üçrəngli bayrağımız var idi, bütün ölkə göz yaşlarıyla bir-birini təbrik edirdi, bütün ölkə bayraqlaşmışdı…

İlahi, sənə şükür! Şairin parça-parça olmuş yurdu bütöv oldu, can oldu –  Azərbaycan oldu! İlahi, şairin və xalqımın Şuşa sevincinə şükür!

 

Yerdən də, göydən də istənib gəlib,

Xarıbülbül ilə süslənib gəlib.

Xalqın göz yaşında islanıb gəlib,

Necə möhtəşəmdir Şuşa sevinci!

 

…Bütün tarixi savaşların dastanlara, kitablara sığışmayan döyüş qəhrəmanları ilə yanaşı, sevda qəhrəmanları da olur. İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq döyüşə yollanan 25 yaşlı Mehdinin də sevdiyi qız var idi – 17 yaşlı dayısı qızı Mələk.  Mehdi döyüşdən dönəcəyinə inandırmışdı. Mehdi Mələyi heç vaxt tək qoymayacağına söz vermişdi… Mələk bilirdi ki, Mehdi verdiyi sözü tutacaq… Mehdi sözünü tutmayınca, Mehdi Mələyə dönməyincə, Mələk Mehdiyə doğru uçdu. Şair Mələyi də Mələk Mehdinin, Mələk Şəhidlərin qatarında salamladı:

 

Necə təkrar etdi tarix bu dağı,

Bu yol Fərizənin getdiyi yoldu.

Mehdi doğulduğu ana torpağın,

Mələk öz eşqinin şəhidi oldu.

 

Məqamınız həmişə uçmaq olsun, Cənnət mələkləri!

 

***

 

Musa Ələkbərli Gədəbəydə doğulub boya-başa çatıb. Onun qamətində dağ vüqarı, dizlərində sıldırım çapıqları, gözlərində bulaq duruluğu, saçlarında çəmən ətri, ürəyində Günəş hərarəti var. Cənnətini qoyub mərkəzə gəlmək məcburiyyətində qalan şair bir tikə çörək üçün şəhərə üz tutanları görüb heyrətini gizlədə bilmədi:

 

Mеtrоlаr, vаğzаllаr, küçələr, tinlər

Qаrа bаzаrlаrlа dоludur, Аllаh!

 

Və özü kimilərin dağılan yuvasının dərdini çəkdi,

 

….Yаğışа tuş оlаn qаrışqа yurdu,

Pətəyi dаğılmış аrı yuvаsı…

 

– öyrəşə bilmədiyi, özününküləşdirə bilmədiyi bu yad mühiti – “Yaşadığım şəhər” adlı şeirlər silsiləsində ürək ağrısıyla təsvir etdi:

 

Bu qullar şəhərində,

Ac və yoxsullar şəhərində

Ucu-bucağı yoxdur

Bazarların, meydanların, küçələrin…

Yayın qızmarında

asvalta yapışan adamların

sayı-hesabı yoxdur.

Ucu-bucağı yoxdur,

Ağrıların, acıların,

Dərdlərin, ələmlərin…

…Ucu-bucağı görünmür ehtiyacların…

Hərə özü boyda,

Ev-eşiyi, ailəsi, uşağı boyda

Ağırlıq gəzdirir

Ağrılı ürəyində…

Soğulmuş gözlərində,

Sozalmış bənizində!..

 

Bütün kapitalizm ölkələrinin iki üzü var – ağ və qara. İki yolu var – işıqlı və qaranlıq, adamları da iki yerə bölünür aclar və toxlar… Və bu ağla qaranı bir-birindən seçən şair qara şəhərdə yaşayanların qəlbindəki ağ işığı, ağ şəhər sakinlərinin içindəki qaranlığı oxucuya ehmalca işarə edir. Lütfən, siz də yaşadığınız şəhərin həqiqətindən yan keçməyin, bir az dayanın, bir az düşünün, az da olsa şərik olun bu dərdlərə, torpağı, suyu, havası özəlləşdirilən, (“Hərə bir tərəfdə qurur, yaradır, //Bu yurdu, torpağı gözəlləşdirir”. M.Ə) “gözəlləşdirilən” vətənin dərdini özəlləşdirən, “(Baхımsız qalmayır dərdin, ay Vətən, // Onu da şairin özəlləşdirir!” M.Ə.) şairin harayına hay verin!…

 

***

 

Musa Ələkbərli poeziyasına ümumən nəzər salsaq, onun şeirlərində ana mövzunun vətənpərvərlik olduğunu görərik. Bu arada, gəncəli yazıçı-şair, müasir Azərbaycan uşaq ədəbiyyatının şah sütunu Aləmzər Əlizadənin bir fikri yadıma düşdü, yazıçımız deyir ki, Əgər sən vətənin daşına, ağacına, adi yarpağına şeir yazırsansa, onların bədii portretini sevgiylə çəkirsənsə, bunun özü də vətənpərvərlikdir”. Aləmzər xanımın fikrinə istinadən deyirəm ki, Musa Ələkbərli yaradıcılığı başdan-başa vətənpərvərdir. Amma yenə də Vətən mövsuzu ayrıca olaraq qabarır və “Ana Vətən” dediyimiz vətən mövzusuna ana obrazı da qarışır, vətən də ana olur.

Bizə vətən olan, vətənə ana olan analara həsr edilmiş şeirlər ədəbiyyatda çoxdur.  Xaqani deyir ki,

Əgər olmasaydı ana zəhməti,

Qazana bilməzdim heç bu şöhrəti,

 

Vahabzadə:

 

Sən mənim arxamda bənzərdin dağa,

Elə bil arxamdan uçdu dağ mənim.

 

-deyir. Hüseyn Arif üçün ana o qədər müqəddəs, əzizdir ki, hətta torpağın da anası olsun istəyir və bu istəklə anasızlığını ovutmağa, anasızlığına təsəlli verməyə çalışır:

 

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

 

Cabir Novruz:

 

Mənə dua elə məzarında da

Ana, qurban olum dualarına…

 

– söyləyərək, anaların heç vaxt ölmədiyinə, məzarda da balasını düşündüyünə, balası üçün dua etdiyinə inanır. Musa Ələkbərli isə anam mənim ən şirin laylamdır, bayatımdır, ağımdır deyir:

 

Gözlərimdə göllənən

Bayatım, ağım mənim!

 

Musa Ələkbərli anasız evlərin bir obanı üşütdüyünü deyir:

 

Bir obanı üşüdür,

Bir evin soyuqluğu!

Bu misralarda kövrək duyğularla yanaşı, ağrılı bir həqiqət də yatır, dünya statistikasına nəzər salsaq, terror törədənlərin, canilərin, oğruların, dələduzların… əksəriyyətinin anasız evlərdən çıxdığının şahidi olarıq.

Musa Ələkbərlinin anası onun kövrək uşağıdır,

 

Hamıdan ərköyünüm,

Kövrək uşağım mənim!

 

Musa Ələkbərlinin anası ömür yoldaşını əbədiyyətə uğurlayan gündən ağ günü yalnız ağappaq saçlarında görən (“Atam gedən gündən ağ gün əvəzi // Ağappaq saçların xınasız qalıb” M.Ə) bir ananın, ərinə sevdalı, ərinə sadiq bir Azərbaycan qadınının özüdür,

 

Ya vədəli, ya vədəsiz

Qoca nərin … qatladı diz.

Sən ərsizsən, mən dədəsiz

Dərd yiyəsi çəkir, ana.

 

Musa Ələkbərlinin anası onun Tanrısıdır! Allahıdır!

 

Göydə Tanrıya çatmır,

Yerdəki ahım mənim.

Yanına gələmmirəm,

Anam, Allahım mənim!

 

***

 

Musa Ələkbərlini mən sevgi şairi kimi tanımışam – odlu-alovlu, dəli-dolu, sevgidə iddialı, özünəgüvənən sevgi şairi…

 

Qoymaram ömrümdən çıxıb gedəsən,

Həsrətin, hicranın bir ömrə dönə.

Ürəyim od alıb kömürə dönə,

Qəlbimi yandırıb-yaxıb gedəsən.

 

Şeirləri bahar sevgi şairi:

 

Ovçu o ceyranı qova səmtinə,

Səmtinə düşəsən ova, səmtinə.

Gedək leyləklərin yuva səmtinə,

Baharda sevgisiz yaşamaq olmur.

 

Uca boyuna, odlu baxışına mələk qızların vurulduğu, şairi görəndə həyəcandan özünü itirən, əlinə-qoluna yer tapmayan qızları vəsf edən sevgi şairi:

 

Görən nə olubdur, səhərdən bəri

O qız əllərinə yer tapa bilmir.

Muncuq tək dağılıb düşüncələri,

Daha yığa bilmir bir sapa, bilmir.

 

Əhdinə, andına sadiq, vəfalı sevgi şairi:

 

Bir qərinə keçib

sevgimizin üstündən.

Hələ də rəngli

yuxular görürük.

Hələ də sehrli yağışlar yağır,

Mən səni unudacaq qədər

zalım deyiləm!

 

Sevgini ana südü, ata nəsihəti kimi canına hopduran sevgi şairi:

 

Anamın südüylə içmişəm onu,

Atamın gözüylə seçmişəm onu.

Ömür yolum kimi keçmişəm onu,

Mənə bu sevgini çox görmə, Allah!

 

Musa Ələkbərlinin sevgi şeirlərini oxuduqca içimdən keçirdiklərim misralandı, öz-özümə pıçıldadım:

 

Od ürəkli, od baxışlı,

Dəli-dolu bir şairin

Şeirinə söz olasan,

Sevdiyi qız olasan.

 

Misra-misra baharlana

Üzünə düşən payız,

Özgələrə güz olasan,

Onunçün yaz olasan.

 

Heca-heca tumarlaya

Qafiyəsiz saçlarını,

Qoşmasına saz olasan,

Cinasına naz olasan.

 

Və Musa Ələkbərlinin şeir yazdığı xanımlara həsəd apardım. Ona görə həsəd apardım ki, ömür fəsli güz olsa da, o xanımlar Musa Ələkbərli şeirlərində həmişə yaz olacaqlar, ən dağınıq saçlarını belə şair sevgiylə, heca-heca tumarlayacaq, nazından doymayacaq, Yansın dilim ağzımda, desəm, nazını az et, // Naz et mənə, ey sevgili canan, mənə naz et”, –  deyəcək. Sən onu anlamasan, sən onun şeirinin səsini eşidib, nəfəsini duymasan, məsum-məsum soruşacaq:

 

Heyran olub baxışına tutmuşam,

Üzü ömrün yoxuşuna tutmuşam.

 

Səni şeir yağışına tutmuşam,

Misralarım ürəyinə damırmı?!

 

***

 

Musa Ələkbərli ömrü kimi şeirləri də safdır, təmizdir, cilalıdır, yad kökdən, yad qandan uzaqdır. Bu şeirlərdə təbi zorlayan, dilə yamaq olan, heca xatirinə misralara pərçimlənən sözlərə rast gəlməzsən. Şeirin qol-qanadını qıranları, şeirin dədə yolundan sapanları da şeiriylə tənbehləyir:

 

Qırma misraların qol-qanadını,

Yazıqdı, bu qədər göynətmə sözü!

Ay naşı, illərdir qələm çalırsan,

Sənə çatmayıbmı, “göynətmə” sözü?!

 

Şeirin aşığı, şeirin aşiqi Musa Ələkbərli (“Həm aşığam, həm aşiqəm, //Qoşmadan qopa bilmərəm. //…Şeirin bu dədə yolundan//Heç yana sapa bilmərəm”M.Ə) onu da çox gözəl bilir ki, şeirin dədə yolundan sapanlar hansı tərəfə üz tutsa da, sonda yenə də həqiqi şeirin yoluna dönəcəklər…

 

***

 

Musa Ələkbərli üçün şeir havadır, sudur, sevgidir, sayğıdır, mərhəmətdir. Onun ağ işıqdan doğan şeirlərinin verdiyi əzab da əzizdir, doğmadır,

 

Ya göyün yeddinci qatından çıxır,

Ya da sal daşların altından çıxır.

Bütün ağrıları yadından çıxır

Şeirin ağrısını çəkəndə Musa.

 

Musa Ələkbərli yaradıcılığı həm də ona görə özünə­məxsusdur ki, şair şeirlərində Azərbaycan dilinin təravətini, lətafətini qoruyub saxladığı kimi dildən ayrı düşən, bitməkdə, itməkdə olan sözləri yenidən dilə gətirir, onlara yeni həyat bəxş edir. Məsələn: “Düz sözün, şax sözün qurbanı oldu, // Börkünün ortası yırtıq göründü (börk), “Mən bilirəm, könlünüzə yatmırıq, // nəfi yoxdur heçin bizə, a qonşu (nəf), “İsgəndər Zülqərineyn// Dünyanın cahangiri// Ömür boyu aradı // ölümsüzlük iksiri” (iksir), “Vağamlamış sünbüləm mən, //Təbiət, daha sənliyəm” (vağamlamaq), “Gözlənilməz şah sevincdən ənəsək, // Quştək uçaq, qucağına tələsək” (ənəsək), “Söz nədir, ürəyin odu-közüdür, // seçib irdələyən şair gözüdür (irdələmək), “Yürüyür, yıxılır, durur, imrənir,// Sağı gözlədikcə sol gedir şerim” (imrənmək) və s…

Musa Ələkbərli Azərbaycan folkloruna da bağlı yara­dıcıdır. O, öz yaradıcılığında folklorumuzun inciləri olan atalar sözlərinə, zərbi-məsəllərə geniş yer verərək, o nümunələrin gələcəyə addımlamasında körpü rolunu oynayır. Məsələn:

 

Təndirim tam közərməsə,

Kündəmi yapa bilmərəm.

 

Yaxud:

 

Özünü keyliyə qoyub danışır,

O, yuxa qulağı sulamaqdadır.

 

Və yaxud:

 

Ay naşı xırman döyənim,

Sən samanı dənnən ayır.

 

Daha bir örnək:

Deməyin işləri abadan olur,

Börkü bada verir, əbadan olur…

 

Və s…

 

***

 

Şairlər, ümumiyyətlə ruhu Tanrı vergisindən yoğrulan yaradıcı insanlar həmişə yaşadığı dövrana, zamana asi çıxıb. Hətta illərlə, qərinələrlə arzuladığı dövr gəlsə belə, ona da asi çıxacaq. Bu isə əbədiyyətlə çarpışanların fani dünyayla barışmamaq xislətindən doğur. Musa Ələkbərli

 

Ey kor! Bu yer, bu göy, bu ulduzlar, boşdur boş!

Burax onu bunu, sən könlünü xoş tut xoş!

Bu durmadan qurulub-dağılan aləmdə,

Bir nəfəsdir alacağın, o da boşdur, boş!”

 

Söyləyən Ömər Xəyyamın ruh əkizidir, Musa Ələkbərli zəmanədən şikayət edən:

 

Ümidlə baxdığım dostlar mənə xor baxdılar, əfsus!..

Təsəlli axtaran qəlbim buna heç tapmadı imkan”

 

  • Mirzə Fətəlinin ruh əkizidir:

 

Boğazdan yuxarı söz deyə

bilmədiyim üçün

sözlərim zamanın boğazından keçmir.

Bu həyat məni boğaza yığsa da,

kiminsə yanında “boğaz” olmamışam.

 

  • deyən Musa Ələkbərli dara çəkilsə belə, sözündən, düzündən dönməyən, inandığı haqqa tapınan, “Ənəlhəqq!” dilindən düşməyən Nəsiminin ruh əkizidir…

 

…Musa Ələkbərli yaradıcılığında peyzaj şeirləri də xüsusi yer tutur. Şairin mənzərə yaradarkən istifadə etdiyi təşbeh və epitetləri də bulaq kimi durudur, çəmən kimi ətirlidir, göylər qədər əngindir.  O şeirləri oxuyanda ruhumuz dincəlir, zövqümüz cilalanır,

 

Günlər, aylar uçub getdi,

Şükür bu yaza, tez gəldi.

Çərşənbələr tonqallandı,

Çatdı muraza, tez gəldi.

 

Çıtır-çıtır tonqallar çərşənbələrin murazıymış, İlahi! – deyə heyrətimizi saxlaya bilmirik.

 

Axşamdan yağan bu yağış

Gecəni sona yetirdi.

Göyün yerə deyəcəyi

Nə varsa ona yetirdi.

 

Yaxud:

 

***

 

Sanki qaranlıqdan qaçmış əsirdi,

Gözləyir gözləri yol çəkə-çəkə.

Ay sabaha qalıb, görən nə sirdi,

Görüş vəd eləyib Günəşə bəlkə?!

 

 

 

Və yaxud:

 

O qarı, yağışı almır eyninə,

Qışda bar yetirir, bəhər gətirir.

Qapqara gecəni geyir əyninə,

Gözündə ağappaq səhər gətirir.

 

Və s. və ilaxır…

Qalaq-qalaq kitabları, dürlü-dürlü mükafatları, sayseçmə titulları olanlardan namı urvatlı, ilhamı qanadlı, sözü duzlu-dadlı, sevdası alovlu-odludur Musa Ələkbərlinin!

 

İradə Aytel

 

Yazıya 56 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.