Şərq tarixinə daxil olmuş ilk demokratik respublika və parlamentli dövlət, 23 aylıq hakimiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk islahatlarından birincisi dövlət dili ilə bağlı olmuşdur. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə türk dilini (Azərbaycan dili – red. N.M.) Azərbaycan tarixində ilk dəfə dövlət dili elan etdi.
“Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (27 iyun 1918):
Dövləti lisan türk dili qəbul edilərək, iləridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.
Həmin tarixdən sonra bu məsələ parlamentdə bir daha qaldırılmır; qanun səviyyəsində dil haqqında qərar və fərmanlar qəbul edilməsə də, parlament üzvləri ana dilimizə vaxtaşırı münasibət bildiriblər. Azərbaycan parlamentinin ömrü böyük olmayıb -1918-ci ilin 7 dekabrında başlamış, 1920-ci ilin 27 aprelində başa çatmışdır.
Məlumdur ki, hələ Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili kimi işlənmişdir. XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində dövlətçilik ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi kimi xarakterizə etmək olar. Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənmiş, Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir. Lakin Azərbaycan dövlətçilik tarixi və bu tarixin ən parlaq dövrlərindən biri olan Səfəvilər hakimiyyətinin dilimizə münasibəti birmənalı izah olunmur. Məsələn, Ə.Dəmirçizadə yazır: “XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu. Lakin bütün bunlara baxmayaraq, demək lazımdır ki, bu dövrdə Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki tam rəsmi dövlət dili hüququ yeganə rəsmi dövlət dili olmaq deməkdir. Madam ki, Səfəvilər dövləti sarayında, idarələrində, rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədə işlənilmişdir, deməli, burada tamhüquqlu Azərbaycan dövlət dilindən danışmaq olmaz. Bundan başqa, belə bir əlaməti nəzərə almalıyıq ki, hər hansı bir dilin rəsmi dövlət dili hüququnda olması həmin dilin əsas təlim-təhsil vasitəsi və tədris fənni olması deməkdir. Məlum olduğu üzrə, XVI əsrdə Azərbaycan dili hələ belə bir dil hüququna malik deyildi” (Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, “Maarif”, 1979, s.167.).
Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Lakin bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilikdə, ümumiyyətlə hökumət müəssisələrində vəzifəli şəxslərin dövlət dilini lazımi səviyyədə öyrənənədək rus dilini də işlətməsinə yol verilirdi; parlament bu siyahıya daxil deyildi. Ona görə də parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin -parlamentin üzvlərinin öhdəsinə buraxılmışdı. Lakin rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi, əks halda, təsdiq üçün verilən sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”. Qərar real şəraitdən doğan müvəqqəti tədbir kimi yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. Cəmi bir il sonra F.Xoyski yazır: “İmdi şükürlər olsun, bir çox ədliyyə idarələrinə turk dili bilən adamlar təyin edilmişlər”.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında icbari qərar qəbul edir, bu, təhsil müəssisələrinin milliləşdirilməsi üçün ən vacib məsələlərdən idi:
“Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (28 avqust 1918):
1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın.
2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə, ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər.
3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin.
4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda, həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər.
5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı, xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin.
6. Bütün orta məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini dərslərin tədrisinə imkan yaradılsın”.
Bu islahatları əlifbaya da şamil etmək olar, təəssüf ki, AXC hökuməti latın qrafikasına keçidə hazırlıq mərhələsində süqut etdi.
Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 27 dekabr əmri ilə Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edilir. Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilsə də, yalnız Azərbaycan dili dövlət dili statusuna malik idi. Şifahi nitqdə sərbəstliyə imkan verilirdi, lakin sənədlərin, təkliflərin dilinin Azərbaycan dilində olması məcburi bir prinsipə əsaslanırdı. Azərbaycan dilinin öyrənilməsi üçün hökumət xeyli vəsait ayırır, kurslar təşkil edir. Maarif nazirinin müavini Həmid ağa Şahtaxtinskinin qubernatorlara göndərdiyi müraciətdə deyilir: “Nazirlik bütün səyləri ilə qısa zamanda yeni məktəblər, müəllim kursları və s. açmaqla ölkədə maarifi lazımi səviyyəyə qaldırmaq istəyir, belə ki, müasir dövrdə yalnız maariflənmiş xalq müstəqil mövcud olmaq imkanına …malikdir. Xalqda təhsilə maraq və vətənə məhəbbət oyatmaq lazımdır, yalnız bu halda biz digər xalqlar arasında müstəqil yaşamaq imkanları əldə edə bilərik”.
Bir çox maneələrə baxmayaraq, AXC hökuməti BDU-nun təsis edilməsi haqqında 1 sentyabr 1919-cu il tarixdə (67-ci iclas) qanun imzalayır. İlk dövrlərdə universitetdə dörd fakültənin – şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibbin açılması qərara alınır. Bütün fakültələrdə mütləq Azərbaycan dilinin tədrisi nəzərdə tutulurdu. Həmin ilin 21 avqustunda keçirilən iclasda açılması nəzərdə tutulan Bakı Universitetində təhsilin hansı dildə aparılması məsələsi qızğın müzakirələrə səbəb olur. Bu da səbəbsiz deyildi. Əhrar partiyasının üzvü, deputat Muxtar Əfəndizadə məsələni bir qədər kəskin qoyur: “Məmməd Əmin əfəndi əyi təsvir etdi ki, ülum bitərəfdir. Hanki dildə olmuş ola, elmdir. Lakin onu bilməlidir ki, tarixi-ədibə bir elmdir ki, onu ana dilindən başqa bir dildə öyrətmək olmaz. Və yenə Məmməd Əmin əfəndi qayət qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini və milliyyətini unutmamışlar. Bu söz balaca qəbihdir. Mən də deyə bilərəm ki, öylədir. Çünkü bizimkilər Moskva misyonerlərinin ruslaşdırmaq təzyiqi siyasəti altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm ki, təmamən ruhlarını itirməyiblər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf ilə baxır, öylə bilir ki, ədəbiyyat rus dilindədir, bəlkə, bir qədər alman, firəng ədəbiyyatına darülfünunda bələd olurlar. Bundan səmərəli odur ki, hökumət dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qonşularımız erməni və gürcülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda, Azərbaycanda hənuz rus dili işlənir” (Azərbaycan Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar. II c., Bakı, “Azərbaycan”, 1998, s.14). Tədrisdə ana dili məsələsinə böyük əhəmiyyət verən məclis üzvü Abdulla bəy Əfəndizadə: “O müəllimlər ki, rus darülfünunu qurtarıb rus dilində dərs deyəcəklərsə, lazım deyildir. Biz gərək hamı məktəbləri milliləşdirək, sonra az müddət içərisində edadiləri də milliləşdirin. İndiki darülfünun yetişdirən müəllimlər, gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıyıq. Hər şöbədə necə ki, qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki, darülfünun icmal etdi, edadi də tədris edəndə darülfünundan özülə götürdüyü 12 elmləri lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahatifənniyəyə aşina olsun. Doğrudur, gərək bunları edadilər hazırlasın, darülfünuna versin. Bu olmayıb, çünki mümkün deyil idi, yetişdirməyib. Bu indi darülfünun divarları içərisində olmalıdır. Mən deyərdim, o tələbələr ki, orada təhsil edəcəklər, türk dilini də öyrənəcəklər, gərək bir kaç vəzifələr ifa etsinlər. Ruscadan-türkcəyə məqalələr tərcümə etsinlər. Vəzifələri var. Bu da məcburi bir vəzifə olsun. Əgər bu cəhəti nəzərə alırıqsa, bunlara əhəmiyyət veririksə, indidən bu barədə çalışmalıdır. Buna fikir verməlidir. …Darülfünunu istədiyimizə və rus dilində keçilməsinə söhbət ola bilməz. Çünki başqa bir dildə ola bilməz. Ansaq bu məsələyə ətraflı baxılandan sonra açılsın. Biz bunu deyirik” (yenə orada, s.11-12). M.Ə.Rəsulzadənin münasibəti: “Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisanımızda ola idi və orada ki, professor və müdərris türkcə tərbiyə verəydilər. Məəttəssüf felən bunu tətbiq etmək böylə bir fənn ocağı açmaq imkanı bizdə hələlik yoxdur. Başqa məmləkətlərdə olduğu kimi heç bir zaman elmin, fənnin başqa lisanlarda illərlə olsa da ehtiyacı lüzumsuz olduğunu təcrübə göstərmişdir. Madam ki, biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum, finun bizə lazımdır. Etiraf etməliyik ki, darülfünun da bizə lazımdır. Başqa bir lisana müraciət edirkən bu xüsusda nə üçün yalnız Rus lisana iltizam edilir və buna imkan verilir. Bu nə üçün belə – cavabı aşkardır. Bu öylə bir məsələ deyil ki, onu həll etmək olmasın. İlk dəfə içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə dərsləri və imkanları vardır. Binaən-ileyh Avropa məmləkətlərindən başqa birinin lisanında mümkün olsa idi, o lisanda götürərdik. Bu olmayacaqdır, çünki tələbələrimiz rus məktəblərində rusca dərs almışlar. Bu nöqteyi-nəzərdən bir dəlalət var. Ülum və finunun darülfünunda rusca tədris edilməsinə gəldikdə, əlbəttə, bizə söyləyə bilərlər ki, vaxtaki darülfünun milli olmayacaq, orada keçirilən dərslər türkcə olmayacaq, bu surətdə tələbələrimizi xarici məmləkətlərə göndərib, bu surətdə təhsil etmələri mümkündür” (yenə orada, s.8. Müxalifətçi Səmədağa Ağamalıoğlunun dil məsələsində fikirləri onlarla səsləşir: “O kişi (keşiş – red. N.M) bura (tribunaya – red. N.M.) çıxmışdı ki, universitetnən xalqı qorxutsun. O elə bilirdi ki, Azərbaycan milləti ona yaxın durmaz. Vanseviç yaxşı cavab verdi. Onda keşiş deyir ki, çox yaxşı oldu ki, universitet açılır, özü də rus dilində. O elə bilir ki, onun məmləkətində olmuş rus “samoderjaviya”si bu məmləkətdə diriləcək. Böylə çıxır ki, rus professorları 13 elmi qoyub, rus padışahından, samoderjavasından, pravoslavyasından öyrədəcəklər. O keşişin adəti var. …Burada söylənildi ki, onun özü də böyük dəlildir ki, bizim ibtidai məktəbimiz və öz gimnaziyamız yoxdur ki, universitet üçün yem olub onu saxlasın. Bu bizdə yoxda degil idi, var idi. Əgər indi səs gəlmir isə onda da təqsir hökumətdədir. Biz tələb etdik ki, bu məktəblər açılsın, şkol yoxdur, deyirlər ki, sən də darülfünun açmayasan? Sonra bir vacib məsəl var, deyirlər ki, türkün öylə qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra darülfünun açmaq lazımdır. Darülfünun olmasa, dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür. İnandırıram ki, revolyusiyadan əvvəl dil bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarır” (yenə orada, s.13-14).
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sənədlərinin dili həmin dövrün nitq mədəniyyəti barədə tam təsəvvür yaradır. Qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində dil məsələsi Azərbaycan ictimai-siyasi və mədəni həyatında vacib bir göstərici idi, həm də siyasi səciyyə daşıyırdı. Müxtəlif siyasi təmayüllü və ya əqidəli ziyalılar Azərbaycan dilini osmanlılaşdırmağa, ruslaşdırmağa, yaxud farslaşdırmağa meyil göstərirdilər. Azərbaycan xalqını müstəqil bir xalq, dilini müstəqil Azərbaycan dili hesab etməyənlər osmanlı türklərinin dilində danışıb-yazmağı təklif edirlər. İkinci qisim islam dinindən uzaqlaşmamaq üçün ərəb və fars dillərinin təsirindən qopa bilmirdilər. Rus təhsilli ziyalılar ədəbi dili ruslaşdırmağa çalışır, hətta mətbuatı, ədəbiyyatı yuxarı siniflərə məxsus bir “nemət” hesab edirdilər. Demokratik qüvvələr vahid bir cəbhədə – xalq dilinə əsaslanan ədəbi dil uğrunda mübarizədə birləşirdilər. Azərbaycan parlamentinin dilində də bu üç cəhət özünü aydın göstərir. Lakin bir tərəfdən, Azərbaycan ümumxalq dili üzərində yüksələn, o biri tərəfdən, daha çox osmanlı dilinə meyillənən dil daha aparıcı olsa da, ədəbi dilimizin parlament üslubunda onun tam bu şəkildə qəliblənmiş formaları əvəzinə, vəziyyətlə, mövzu ilə, şəraitlə bağlı daha çevik milli ifadə tərzləri vardı. Parlament üzvlərinin çıxışlarından gətirilən aşağıdakı nümunələrə diqqət edək.
Maliyyə naziri Əliağa Həsənov: “Dövlət bankı barəsində olmuş və olacaq bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz böylə olur ki, açılacaq bankın qıraq sözləri var. Namə’ölum əhvalatları, intriqaları var. Halbuki bu xüsusda qaranlıq və qapalı bir şey yoxdur. Bank təşkili xüsusunda qəbul etdiyimiz nizamnamə sənədlərdən biri böyük Rusiya daxilindəki, banklarda işlənən nizamnamələrdən alınmışdır. Biz bunu qəbul edirik. Bank bir müəssisədir ki, onda qaranlıq olmaz, doğrudur, ticarət işlərində bir çox təsadüfü ziyanlar olur. Fəqət, bu məsələlər banklara məxsus deyildir. Şimdiyə qədər Rusiyada minlərcə bank olduğu halda böylə bir şey olmamışdır. Ya xüsusi bizim açmaq istədiyimiz bank hökumət bankıdır ki, böylə intriqalara qətiyyən meydan verilməz. Bəli, xüsusi banklarda münafiqlər ola bilər və yəni bizim açdığımız banka şəxsi bir mənfəət üçün deyil, ümum cəmaətə xeyir və mənfəəti üçün açılır. Cəmaətimizin əksəriyyəti demokratiya sinfinə mənsubdur” (yenə orada, s.41).
Məmməd Əmin Rəsulzadə: “Burada mətbuat qanununun əleyhinə türkcə söylənilən sözləri rusca, bəlkə daha məntiqə müvafiq bir tərzdə müdafiə etdilər. Hamı söylədilər ki, hürriyyəti-mətbuat lazımdır, fəqət buna bir əndazə, qanun təyin etmək də icab edər. İştə mətbuat qanununu müdafiə edənlər ilə əleyhdarları arasında başlıca fərq bundan ibarətdir. Burada bir adam bulunmaz ki, hürriyyəti-mətbuata zidd olsun. Dedilər ki, bir adam da bulunmaz ki, bir əndazə istəməsin. Burada Qarayevin müdafiə etdiyi hürriyyəti-mətbuat deyil, anarşiye-mətbuatdır. Mətbuata bir əndazə və nizam lazımdır. Bunu istəməyənlər hürriyyəti-mətbuatı deyil, anarşiye-mətbuatı müdafiə edirlər. Hər kəs bu cür hürriyyəti-mətbuat tərəfdarı isə, onlar mətbuat mənsəbləri deyillər. Burada danışanlar hürriyyəti-mətbuata zidd maddələr tapdıqlarından qanunun əleyhinə səs verəcəklərini və qanunu rədd edəcəklərini söylədilər. Madam ki, anarşı mətbuat tərəfdarı deyillər, o vaxt məntiq icab edir ki, əsasən qanunu qəbul edib, sonra maddə-maddə müzakirə olunarkən təshih eyləsin. Fəqət bunu da etmək istəmirlər. Görünür, burada məntiqsizlik vardır. Təbiidir, müzakirə açılarkən təshih üstündə hər kəs kəndi nöqteyi-nəzərini söyləyəcəkdi” (yenə orada, s.247).
Şəfi bəy Rüstəmbəyov: “Məruzəçiyə bir söz qalmadı. Bu ustavda heç elə bir şey yoxdur ki, hürriyyəti-mətbuata sədd çəksin. Rusiya mətbəə açanda böyük zaloqlar alınardı. Buna görə də kasıblar mətbəə aça bilməzdi. Bizdə ancaq izn alırlar. Bir də administrasiya ona bir politiçeski blaqonadejnost barəsində vəsiqə verər idi. Görək bu da bizdə varmı? Və yoxmı? …Əcəba, göstərilən şeylərin hangisi mətbuatı boğur, oqraniçeniye edir. Burada deyilir, bu məlumatlarda yeddi gün əvvəl gərək xəbər verilsin, görək naşir qramotnıdır, savadı var, ya yoxdur. Bir maddədə deyilir ki, uşaq olmasın. Deməli, bu maddələrdə hürriyyəti-mətbuat əleyhinə gedən bir şey yoxdur. Sonra, ayrıca deyilir, hər qəzetə çıxaran qəzetçilik qanunundan xəbərdar olmalıdır. Qəzetin bir texnikası mövcibincə müdir borcludur, doğru vermədiyi məlumatı dərhal təkzib etsin, etməyənləri hətta suda çəkirlər. Bu maddələrin heç birində bir oqraniçeniye yoxdur. Heç qanun yoxdur ki, onun qeydi olmasın. Siz də bu qanunların redaksiyasına öz tərəfinizdən qeyd qoya bilərsiniz. Sonra 16-cı maddəyə böyük məna verirlər. Onda da ətraf məsələsi vardır. 6 maddəyə isə bir fakt gətirə bilmədilər. Bunların heç birisinin hürriyyəti-mətbuata bir zərəri yoxdur. Axırıncı natiq nəzarətdən bəhs elədi, bunda da bir böyük cəhət görmədik. 3-cü maliyyəyə etiraz olundu ki, qanun ixtiyarı inspektora, yaxud qubernatora tapşırmaq lazım deyil. Səmədağa burada çastnı pravovoydan bəhs eylədi. Hər kəsin ixtiyarı var ki, şikayət eyləsin və o adamı suda çağırsın. Hökumətin də dediyi budur. Burada məmləkət interesi var. Bu gün elə qəzetlər var ki, vətənimiz və hökumətimiz əleyhinə gedir” (yenə orada, s.258).
Səmədağa Ağamalıoğlu: “Mətləbdən kənara çıxmıram. Qanun gözləyər ki, yer rəiyyətin əlindən çıxmasın. Mülkədarlar həmişə çalışırlar ki, rəiyyətin yerini əlinə keçirsin. Bu sporlara xəzinə yerinin üstündə oturan rəiyyətlər qarışmırdı. Əgər suda getsələrdi otvod olunurdu. Xozeyinlər bu yerlərdən ixtiyarlarını itirməyirdilər. Yerlər rəiyyət əlindən çıxmayırdı. Mülkədarlar o yerlərdən ancaq mənfəətə çatırdı. Necə yerlərdə ustavnaya qramota vardı. Haman bu rəiyyətlər şikayət eylədi ki, yerlər demstrovay olunmuş yerlərdir ki, nə Sultan bəy aparıb. Metrovay köhnə qanun idi. Bu gərək Sultan bəy bəhrə verə idi. Amma çünki 1913-cü ildə vıkup zakonı onu puç elədi. Ona görə krepostnoye pravo deyilirdi. O, pis qanun idi ki, götürüldü. Belə daha heç kəsin bəhrə almağa ixtiyarı qalmadı. Bizim rəiyyətlər də azad oldular. Azad olanda o nadel olacaq yerlər də gərək bu cəmaətə qala idi. Yəni bəyliklər kənd cəmaətinə qalaydı. Əgər ustavnaya qramota bağlanmayıb, bundan o çıxır ki, bunlar ixtiyarlarını itiriblər. Bəs nəyin üstündə bizim müavini-nazir öz qətnaməsini tikibdir və olunmuş qərarı dəyişibdir. Burada göstərir ki, Süleyman bəy bir çox doqovor götürüb. O doqovorlardan görünürdü ki, Süleyman bəy bu yerləri verib, əkdirib, biçdiribdir, bununla da onillik qanun davnost düzəldibdir və bu yeri özü üçün mülkədar yeri edibdir, tainki əli yerdən çıxmasın” (yenə orada, s.327).
Əliheydər Qarayev: “Mən hərçəndi sorğunu imza etmişdim, amma sorğu verəndə gərək biləsən ki, sorğunu kimə verirsən və ondan nə gözləməlisən. Mən bilirəm ki, bu saat hər bir adam öz mənfəətini gözləyir, hər kəs istəyir [odu] öz tərəfinə çəksin. Bir adam görməzsiniz ki, beş şahı mənfəətini başqasına vermək istəsin. Biz Hidayət bəyə sorğu veririk ki, Süleyman bəyin işi necə olmuş, amma bunu bilməliyik. Süleyman bəy onun qohumu olmasa da, o onun gərək tərəfini saxlasın. Çünki bəydir, bəy bəyin mənfəətini, rəiyyət-rəiyyətin mənfəətini həmişə gözlər. Hidayət bəy Sultanov bu saat köhnə Nikolay qanunlarını öz qabağına qoyubdur. Yeni qanunları Zaqafqaziya seymi vremenni pravitelstvo qanunlarını nəzərə almaq istəməyib. Yoldaşlarımıza təəccüb edirəm, böylə adamlar mejavoy sözləri danışırlar” (yenə orada, s.331).
Sultan Məcid Qənizadə: “Parlament nakazına görə rusları milli şura tərəfindən dəvət etdirdik. Hala da milli şuraya istinad etdikdə, Parlament qeyri obşestvolardan çağırmaq məcburiyyətində qaldı. Nakazımız yoxdur ki, hər bir uyezdən bir nəfər gəlsin. O uyezdən hər kəs gələcək gəlsin, hər kəs olacaqsa olsun, bir nəfəri biz qəbul etməliyik. Burada milliyyət gözləyibdə rus, müsəlman, ya erməni olması nahaqdır. Bir yerdə hər kəs seçilirsə, gələr. Mənim xatirimə gəldi ki, Şamaxıda ermənilər də Naçarov nam mühəndisin Şamaxıdan göndərilməsini istəyirdilər, fəqət biz onları otkaz eylədik. Zira qərar böylədir ki, nə millət olursa-olsun, ancaq bir nəfər gəlsin” (yenə orada, s.338).
Əhməd Cövdət: “Bu üzvlərdən etimadnamələrinə baxanda mərkəzi milli şura zamanında qanuna riayət edirdik. Milli şura bir sənə əqdəm Parlament və hökumət təşkili üçün bir qanunu qəbul etdi. Bu xəyalla ki, məclis müəssisan bir azdan sonra əmələ gələr, məəttəssüf tabehal yaman yaxşı işləyibki də, məclis müəssisanımız əmələ gəlməmişdir” (yenə orada, s.341).
Mustafa Mahmudov: “Mən bir şey anlaya bilmirəm, büdcə komisyonunun vəzifəsi nədir? Parlamentin vəzifəsi nədir? Büdcə komisyonunun vəzifəsi odur ki, hökumət tərəfindən gəlmə layihələrə baxır, düzəldir, Parlamentə göndərir. O da bir kiçik Parlamentdir ki, hər firqədən orada nümayəndə var. Əgər bir şey lazım olsa idi, o kiçik Parlament təqyir və təbdil edər idi. Madam ki, o qəbul edib göndərib, bir böyük Parlamentdə aradan bir şey çıxarmağınız, bu məbləğ yetər-yetməz bu bizim işimiz deyil (yenə orada, s.356).
Muxtar Əfəndizadə: “Möhtərəm məbuslar! Biz yəqin ki, əmir vaqiə qarşısındayıq. Bu saat dokladdan məlum oldu ki, pullar kəsilib qurtarıb, biz ancaq təsdiq etməliyik. Gərək təsdiq edək. Qarayevin dediyi sözlərin bəzisi bir onun deyil, bunlar cəmaətin fikridir. Bu sözlər yalan deyil. Pulumuzun qiyməti düşmüş. Buna çarə lazımdır. Əhalinin halı təmin edilməlidir (yenə orada, s.377).
Mehdi bəy Hacınski: “Burada xalq məktəbləri müəllimlərindən bəhs edilir. Və müəllimlər ikiyə ayrılırlar. Bu fəsildə senzavik, yəni darülmüəllimin və rüşdiyyə məzunları qeyd edilmişlərdir. Aşağıda bir maddə dəxi vardır ki, orada senzavik olmayan müəllimlərdən bəhs olunur. …Ona görə mən təklif edirəm 5 il müəllimlik etmiş xalq müəllimləri də 13-cüyə daxil edilsinlər. Çünki doğrudur, onların məzuniyyət şəhadətnaməsi yoxdur; amma haman 5 il müəllimlik etməklə onlar öylə təcrübə hasil edirlər ki, senzaviklər dərəcəsinə gələ bilərlər”.
Baş nazir Fətəli Xan Xoyski: “Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkaləti ilə özümüzü də sizinlə bərabər təbrik edirəm (alqışlar). Hökumətin borcudur, hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər nəzarət haqqında sizə məlumat verə bilərəm. Mən bu gün hökumətin tarixini və nə kimi övza altında təşkil etdiyini sizə ərz edəcəyəm”.
Aslan bəy Səfikürdski: “Gözəl təklif edildi. Şükürlər olsun ki, şimdi biz burada yığılıb danışa biliriz. O qanlar ki, tökülməliydi, bizi bu günə çıxarmışdır və bayrağımızı qaldırmışdır – onları unutmayalım. Hürriyyət və inqilab şühədasının istirahət ruhları üçün təvəqqe edirəm ayağa durasınız (hamı qalxır)” (A.Axundov. Parlamentin dili / Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəni quruculuq) – Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. Bakı, “Qoliot Qkup” QSC, 2009, s.151-152).
Diqqət etsək, çıxışçıların nitqi ümumi bilik və mədəni, dil və üslub səviyyələri, eləcə də subyektiv amillərlə bağlıdır. Bəzilərinin nitqi dilimizə yad görünən alınma sözlər, izafət tərkibləri ilə zəngindir, bəzilərində Azərbaycan dilinin morfoloji normaları türk dili normaları ilə əvəz edilir. “Sosialistlər”in, “Əhrar” və “İttihad” fraksiyasından olan parlament üzvlərinin nitqi Abdulla Şaiq, Seyid Hüseyn, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminlinin dililə, eləcə də sadəliyi və milliliyi ilə müasir dilimizlə səsləşir, lakin qrammatik cəhətdən çox vaxt onlar da osmanlı dili quruluşundan istifadə edirlər. Parlament iclaslarında müraciət formaları, nitq etiketləri mənsub olduqları fraksiyaların məramına uyğundur: “Həzərat” (Q.Qarabəyov), “Möhtərəm parlament əzası” (A.Əfəndizadə), “Əfəndilər” (M.Ə.Rəsulzadə, H.Sultanov, B.Kiçikxanov), “Möhtərəm məbuslar”, “Möhtərəm əzalar”, “Möhtərəm məclis əzaları”, “Möhtərəm Azərbaycan parlamenti əzası!” (Ə.Şeyxülislamov, F.Xoyski, M.Əfəndizadə, Q.Qarabəyov), “Möhtərəm parlament üzvləri” (H.Ağayev) və s.
(Davamı olacaq)
“Ədəbiyyat qəzeti”
Yazıya 3 dəfə baxılıb