BİZİM MAYAMIZ SAZ ÜSTÜNDƏ KÖKLƏNİB

“Bəzən qulağımı saza yaxınlaşdırıram ki, onun ürək döyüntülərini, ürək sözlərini eşidim”.

Cəmaləddin Ürfan Əli oğlu

Müsahibim saz ifaçısı, Aşıq Əli Ürfanın oğlu, Ürfan ocağının yetirməsi Cəmaləddin Quliyevdir.

– Sazsevərlər, ictimai aləm sizi Əli Ürfan Quliyevin 75 illik yubileyində gördü, tanıdı. Ola bilər ki, müəyyən çevrələrdə tanınırdınız, ifanız sevilirdi, amma böyük ortam sizi məhz “Orta sarıtel”lə qarşıladı. Həm də çox gözəl qarşılama oldu, insanları ifanızla ovsunlamağı bacardınız. Oxuculara sizi necə təqdim edim? Aşıq Cəmaləddin, saz ifaçısı Cəmaləddin, Cəmaləddin Ürfan, Ustad Əli Ürfanın oğlu, yetirməsi…

– Aşıq adını qazanmaq üçün uzun bir yol qət edərək zirvəyə çatmaq lazımdır, mən özümü o zirvədə hiss etmirəm. Saz ifaçısı da Əli Ürfan kimi Ustadın həm bioloji, həm də mənəvi yetirməsi üçün doğru olarmı, bilmirəm… Cəmaləddin Ürfan imzası mənə görə çox uzaqda və yüksəkdədir. Ürfan adını qazanmaq üçün heç nə etməmişəm. Əli Ürfan o ad, o yüksəklik üçün uzun illərini sərf edib. Mənəvi, ruhsal cəhətən paklığa, saflığa qovuşandan sonra Ürfan adını qazanıb. Məni sadəcə Cəmaləddin Ürfan Əli oğlu kimi təqdim edin.

– Cəmaləddin bəy, Əli Ürfanın oğlu olmasaydınız bu sənətə gələrdinizmi?

Sazı, əlbəttə, sevərdim. Saz sevgisi, saza bağlılıq bizim qanımızda, ruhumuzda var. Sənətə isə yəqin ki, gəlməzdim…

 – Demək ki, bu sənətdə olmağınızda Əli Ürfanın rolu böyükdür.

– Böyük yox, başdan-başa onun rolu var. Mən gözümü Əli Ürfan ocağında açmışam, Əli Ürfan sazının, sözünün ruhunda böyümüşəm, Əli Ürfan yaradıcılığı, Əli Ürfan dünyası mənim dünyamı yaradıb, işıqlandırıb.

 – Bəs niyə meydana belə gec atıldınız? Özünüz barədə qısa məlumat verərsinizmi?

– 1982-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində dünyaya gəlmişəm, orta məktəbi bitirdikdən sonra Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində ali təhsil almışam. Yeniyetmə yaşlarımdan başlamışam sazda ifa etməyə. O zamanlar sazdan söz düşəndə böyük sənətkarların – Aşıq Əkbərin, Dədə Ədalətin, Aşıq Xanların, Aşıq İmranın adı çəkilirdi. Mən gözümü açandan, sazı-sözü qavrayandan, başda Əli Ürfan olmaqla, o sənətkarları, o saz hegemonlarını gördüm…

 – Yəni sənətin dərinliyi sizi qorxudurdu deyə yox idiniz?

– Bəli, onlar hərtərəfli idilər, onlarda Allahın verdiyi fitri-istedad, elm, mərifət, ifaçılıq məharəti… hər şey, ümumiyyətlə, aşıq sənətini bütövləşdirən bütün xüsusiyyətlər var idi. Onların yanında əlimə saz alıb, mən də bu sənətdəyəm deməyim doğru olmazdı…

– Belə çıxır ki, indi Azərbaycan Aşıq sənətində hansısa boşluq var və siz o boşluqdan istifadə elədiniz…

– Qətiyyən elə deməzdim, boşluqdan istifadə eləmədim, sadəcə əhatəsində özümü çox zəif görəcəyim, sıxılacağım sənətkarlar daha yoxdu, onlar əbədiyyətə qovuşdular… İndi həqiqi saz sənətini yaşadanlar çox azdı, qalanı sadəcə ifaçıdır…

– Aşıq sənəti çox çətin, ağır sənətdir. Aşıq həm aktyor olmalıdır, həm qiraətçi, həm şair, həm ifaçı… Aşıq çaldığı havadakı hadisələri, o ruhu həm də jesti və mimikaları ilə tamaşaçıya ötürməlidir. Etiraf edim ki, bu bacarıq, yox, əslində istedad sizdə var. Siz saz çalanda sanki bu dünyadan qopursunuz, başqa bir dünyada olursunuz və həmin dünyaya – öz dünyanıza tamaşaçını aparmağı bacarırsınız. Sizin ifa zamanı biz hadisələrə həm də vizual olaraq varırıq, əslində, hadisələrin iştirakçısı oluruq. Bunlar ifaçı məharətidir. Bir də var Ustad aşıq. Ustad bütün bu keyfiyyətlərdən başqa özəlliklərə də malik olmalıdır. Lirik qəhrəmanının sözlərini yaratmalı, yəni şairlik bacarığı, epik qəhrəmanının jestlərini göstərməlidir, dastanlar divanilər söyləməli, «Əsli-Kərəm»i, «Aşıq Qərib»i, «Qurbani»i, «Abbas və Gülgəz»i əzbərdən söyləməli, hətta Aşıq Ələsgər kimi «Ələsgər və Həcər xanım»ı, Şəmkirli Hüseyn kimi «Hüseyn və Reyhan»ı, Aşıq Valeh kimi «Valeh və Zərnigar»ı, Əli Ürfan kimi “Xan Əmrah”ı və s. kimi öz dastanını da yaratmalı, özünün aşıq məktəbində şagirdlər yetişdirməlidir.  Bəs müasir dövrümüzdə Əli Ürfandan başqa ustad aşıqlar varmı?

– Əlbəttə var. Şirvan aşıqları arasında, Kəlbəcər aşıq məktəbində, Gədəbəydə Aşıq Nazim, Borçalıda ustad aşıqlar az sayda olsa da var…

– Azərbaycan aşıq məktəbini bölgələrə bölürük. Siz də dediniz, Şirvan aşıq məktəbi, Göyçə aşıq məktəbi, Borçalı, Gəncəbasar… sizcə bunların hansı klassik aşıq sənətinə daha yaxındır?

– Mən ilk olaraq Göyçə aşıq məktəbinin adını çəkirəm. Azərbaycan folkloruna, Azərbaycan aşıq ədəbiyyatına, mədəniyyətinə, davranışına ən yaxın olanı Ələsgərdən rişələnən Göyçə aşıq məktəbidir. Bundan sonra Dədə Şəmşir, Dədə Ədalət yetirmələri – Kəlbəcər-Gəncə-Qazax aşıq məktəbi gəlir. Gəncəbasar bölgəsinin aşıqlıq sənəti demək olar ki, eynidir. Eyni tərz, eyni ruh, eyni ifa, eyni kök… Borçalı məktəbində özünəməxsus fərqlilik var, doğrudur, onlar da klassikadan kənara çıxmırlar, amma yenə də öz yolları var və o yoldan çıxmağa, aşıq sənətinə gərəksiz yeniliklər gətirməyə, uydurmaçılığa yol vermirlər.

– Uydurmaçılıq demiş, bəzi saz ifaçılarının əndrabazi hərəkətləri, məsələn sazı başına qaldırır, ora-bura hərləyir, əcaib jestlər, mimikalar edir, buna necə baxırsınız?

– Gəlin belə edək, aşıq sənətindən, böyük, dərin sənətdən danışırıqsa, elələrini yada salmayaq, yox söhbət sadəcə saz ifaçılarından, sazmenlərdən gedirsə, mən o barədə danışa bilmərəm. Mənim orada işim yoxdur…

– Bildiyimiz kimi 72 saz havası var. Bəzən aşıqlar bu havaları yanlış adlarla ifa edirlər…

– İfa zamanı səhvə yol vermək olar, yanlış xal vurmaq da olar, amma havanın adını yanlış söyləmək qətiyyən olmaz. Hər bir aşıq havasının öz tarixi, öz hadisəsi, həyata gəlişi, bir sözlə ruhu, canı var. Onu başqa adla söyləmək doğru olmazdı…

– Mən bu günlərdə sizin bir ifanızı “Aran gözəlləməsi”ni sosial şəbəkədə paylaşdım və başlıqda havanın adını qeyd etdim. Mənə çox sayda iradlar gəldi ki, havanın adını doğru yazmamısınız.

– “Aran gözəlləməsi” ilə “Yüngül Şərili”ni daim qarışdırırlar. Sosial şəbəkədə də belə yanlış paylaşımlar çoxdur, baxırsan ki, aşıq “Aran gözəlləməsi”ni ifa edir, altına yazırlar “Şərili”, yaxud da “Ağır Şərili” və yaxud tərsinə…

– Bu məsələ o qədər böyüdü ki, mən Əli Ürfanla əlaqə saxladım və sizin ifa etdiyiniz havanın adını dəqiqləşdirməyə çalışdım. Ustadın dediklərini olduğu kimi təkrarlayıram: “Aran gözəlləməsi”nə başqa ad deyənlər ustad görməyiblər. “Ağır Şərili”, “Yüngül Şərili” ayrı havadır, hamısının öz adı-sanı var. Mən o havanı Aşıq Əkbərin yubileyində canla-başla, ürəklə ifa eləmişəm. Adını da demişəm – “Aran Gözəlləməsi”. Yutubda o tədbir var, diqqətlə qulaq asın ifama və dediklərimə. Mənim o ifam bütün suallara cavabdır. Cəmaləddinin ifasına gəldikdə isə, gözəldir, onun ifasına söz ola bilməz”.  Bu arada, Əli Ürfandan “Əhsən!” sözünü eşitmişdinizmi? Burada eyhamla sizin ifanı bəyəndiyini söylədi.-

– Əli Ürfandan “Əhsən!” sözünü hələ heç kim eşitməyib…

– Onun çox istedadlı, bacarıqlı, sevilən yetirmələri – şagirdləri var – Şəhriyar Qaraxanlı, Ramin Qaraxanlı, Aşıq Elməddin…

– Bəli var. Amma hələ onların heç birisinə “Əhsən!” deməyib. Böyük sənətkarlar elədir, heç vaxt öz yaratdığından tam olaraq razı qalmır… Əli Ürfan hansımızın ifasını bəyənəndə belə deyir: “Yaxşıdır!”, yaxud da “Bərəkallah!” vəssalam… Bəlkə nə zamansa “Əhsən!” kəlməsini Əli Ürfanın dilindən eşitmək qismətimiz olar…

– İnşallah! Cəmaləddin bəy, hər bir aşığın möhürünü vurduğu bir hava var, məsələn “Dilqəmi” deyəndə Əli Ürfan yada düşür, bu arada, Əli Ürfanın 70 illik yubileyi ərəfəsində yazdığım təbrik məqaləsində yazımın adı “Dilqəminin heykəli – Əli Ürfan” idi. “Baş Sarıtel” deyəndə Xanlar Məhərrəmovu, “Yanıq Kərəm”i deyəndə Ədalət Nəsibovu, “Aran gözəlləməsi” deyəndə Aşıq Dəmir Gədəbəylini xatırlayırıq. Bəs siz özünüzü hansı havada görürsünüz, hansı havanın möhürü sizdədir sanırsınız?

– Əstəğfürüllah, mən özümü o ucalıqda görmürəm ki, hansısa havanın möhürünü özümdə hiss edim. Bunu zaman göstərəcək, dinləyicilər deyəcək ki, hansı havada özümü daha yaxşı tapıram…

– Mən sizin ifanızda sevdim “Orta Sarıtel”i. O havada siz, sözün yaxşı mənasında, havalanırsınız. İrfan dünyasına varid olursunuz sanki…

– “Orta sarıtel” mənə də çox doğmadır. Mən özüm o havanı Dədə Ədalətin ifasında dərk eləmişəm…

– Belə çıxır ki, Əli Ürfanı deyil, Dədə Ədaləti özünüzə ustad bilirsiniz…

– Yox, elə deməzdim, hər iki sənətkar ruhuma doğma, yaxındır, hər iki sənətkar böyük sənətkardır. Amma mən həmişə, hər yerdə Əli Ürfandan bəhrələnmişəm.

– Məncə bəhrələnmək hər bir sənətin ilk aşamalarında olur və sonralar insan özünü tapır, hətta özünün saldığı yol da olur…

– Doğrudur, sevdiyim sənətkarların – xüsusən də, atamın ifasına oxşarlığım çox olsa da, istəmərəm kimisə kopyalayım, kimisə təqlid edim. Saz havasının müəyyən, təsdiq olunmuş bir kökü var. O kökü itirməmək şərtilə, özünə aid nəsə edə bilərsən, amma ən yaxşısı, o kökə sadiq qalmaqdır.

– Bir məsələ də mənim üçün çox maraqlıdır, əvvəllər aşıqların xüsusi geyimləri – uniformaları olurdu. Məsələn, xrom çəkmə, meşin papaq, qəlfeyi şalvar və s. Sovet dönəmində bu formanı bir az da dəyişərək aşıqları sanki çinovniklərə bənzətdilər. Bu gün aşıq geyimini, aşıq mədəniyyətini, aşıq uniformasını Şirvan aşıqları davam etdirir. Sizcə aşıq uniformada olmalıdırmı?

 – Mənim fikrimcə ən gözəl uniforma klassik pencək-şalvardı. Baxır məclisə, ortama. Əgər Azərbaycanın tarixini, folklorumuzu işıqlandıracaq bir tədbirdisə ora uyğun geyilməlidir. Düşünürəm ki, məktəbli forması kimi xüsusiləşmiş geyim elə də vacib deyil…

– Bu gün gənc aşıqların arasında işıqlı gördüyünüz kimlər var?

– Mən bu sənətə qısqanclıqla yanaşıram, yəni mənə görə əsil sənətkar, əsil aşıq mükəmməl olmalıdır. Sənətin tələb etdiyi bütün nüansları özündə cəmləməlidir. Ədalət Nəsibov, Aşıq Əkbər, Aşıq İmran, Əli Ürfan və s. kimi aşıqlardakı keyfiyyətlərə malik gənc isə hələ ki, görmürəm. Amma çox işıqlı, ümidverici gənclərimiz var. Məsələn, Şəhriyar Qaraxanlı, Aşıq Ramin, Aşıq Elməddin, Şəhriyar Kəlbəcərli, Aşıq Afil, Aşıq Nəbi və s.

– Cəmaləddin bəy, Əli Ürfanın davamçısısınız, bu barədə danışdıq. Əli Ürfan həm də rəvan dili, folklora bağlılığı ilə seçilən şairdir. Aşıq ədəbiyyatını yaşatmaqdan başqa, həm də yaradır. Bəs siz necə? Şeir yazırsınızmı heç?

– Yox, yazmıram.

– Əli Ürfanın poetik yaradıcılığını sevirsinizmi? Ən çox sevdiyiniz şeiri hansıdır?

– Əlbəttə sevirəm, mən o şeirlərlə böyümüşəm. Bütün şeirlərini sevirəm, amma həmişə özüm-özümə pıçıldadığım “Ay lələ”, “Sazdan ötrü ölmürəmmi” şeirləridir.

– Bəlkə səsləndirəsiniz...

 – Etiraf edim ki, şeir səsləndirməkdə bacarıqlı deyiləm, bir bənd deyirəm:

Aşıq Əli deməz yalan,

Eşqə düşüb, oldum talan,

Malım-mülküm, varım olan,

Sazdan ötrü ölmürəmmi?

 

–  Çox təşəkkür. Son zamanlar aşıqlar arasında qadın ifaçılar çoxalıbdır. Doğrusunu deyim, mən sazı kişi qoynunda sevirəm. Mənə elə gəlir ki, saz gözəl bir qadındır və o qadın onu sevən, dəyərləndirən, qoruyan bir kişinin qoynunda xoşbəxt olar. Doğrudur, sazla bizim qəhrəmanlar döyüşə gedib, o qəhrəmanların adına yaranıb. Bütün bunlara rəğmən, mənə görə saz kişiyə yaraşır. Buna siz necə baxırsınız?

– Mən elə düşünmürəm. Sənətin cinsiyyəti olmaz. Sənətkar hansı cinsdəndi deyə, nə zaman sorğu aparılıb? Əsas odur ki, bu yolu layiqincə, bacarıqla gedəsən, sənəti ucaltmağı bacarasan.

– Bəs saz əlində o restoran, bu restoran, o yeməkxana, bu yeməkxana dolaşanlara necə baxırsınız?

– Aşıq təkcə hadisəni nağıl etmək, divani söyləmək, qəmə köklənmək üçün deyil, axı, aşıq həm də könülləri xoş etmək, insanlara sevinc, nəşə bəxş etmək üçündür. Məclisin boyük-kiçik olması vacib deyil, əsas odur məclisdəkilərin sənə münasibəti, sənə hörməti, sevgisi olsun. O sevgi varsa bütün məclislər gözəldir.

 – Əli Ürfan demiş: “Beş yüz qanmazdansa beşcə qanana, Əli bircə hava çalsa bəs eylər”…

– Bəli. Amma qaldı beş manata görə saz əlində kafe-kafe, məclis-məclis dolaşanları mən də qəbul etmirəm. Söhbət aşıq sənətindən gedirsə, gəlin o sazmenlərdən də danışmayaq…

– Oldu, danışmayaq. Mövzunu dəyişirəm, atanızın yubileyində, yəni sizi böyük səhnədə ilk dəfə görəndə siz saza səsgücləndirici əlavə etmişdiniz. Məncə səsgücləndirici sazın səsini dəyişir…

– Səsi zala çatdırmaq üçün buna məcbur idim. Onu deyim ki, səsgücləndirici sazın səsini dəyişmir, əslində olan səsi bizə eşitdirir. Bir haşiyə çıxım, Ədalət Nəsibov saz çalanda sazı qulağına tutub çalırdı. Bu həmişə məni düşündürürdü ki, aşıq niyə elə edir. Sonra özüm də sazı qulağıma tutub çalmağa başladım. Onda anladım ki, ustad niyə elə edirmiş. Ustad sazın iç səsini, sazın ürək döyüntülərini dinləyirmiş. Onda sazı daha yaxşı duyursan, sazın nə istədiyini bilirsən. Mən də bəzən elə edirəm, qulağımı sazın ürəyinə yaxınlaşdırıram ki, onun ürək döyüntülərini eşidim. Səsgücləndirici də sazın ürək döyüntülərini çölə çıxarır, sazın səsini dəyişmir…

– Bu günə qədər meydanda yox idiniz. Meydana gəldiniz, həm də işıqlı gəldiniz, inam doğurdunuz. Son zamanlar sanki aşıqlıq sənətində bir çiləkənlənmə, durğunluq yaranıb. Sənəti bu çiləkənlərdən təmizləməyə ehtiyac duyulur. Gənclər də bundan istifadə edərək “Aşıq havaları ruhumuzu oxşamır”, “Əsrimiz sürət əsridir, aşıq havaları yerində sayır”… bu kimi fikirlər səsləndirirlər. Sizcə bu doğrudurmu? Biz sazı unutmalıylıqmı? İrəlidə saza ehtiyac olmayacaqmı?

– Qətiyyən elə deyil! Saza olan ehtiyac heç vaxt azalmayacaq. Biz saz havası ilə doğulmuşuq, mayamız, kökümüz, torpağımız saz havası üstündə yoğrulub. Necə ola bilər ki, sazı unudaq, ondan uzaq duraq. Bu, mümkün deyil! Mən əminəm ki, saz bizim millətlə birgə doğulduğu kimi birgə də yaşayacaq!

 

İradə Aytel

Söhbətləşdi: İradə Aytel

Yazıya 91 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.