Kərkük sevdalısı – Qəzənfər Paşayev

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin doğum günüdür.
Qəzənfər müəllimi ürəkdən təbrik edir, ona uzun sağlıqlı ömür, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
* “Altı il Dəclə-Fərat sahillərində”
Onu “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə tanıyıb sevdik. Əldən-ələ gəzən bu kitab hər birimizin stolüstü kitabına çevrilmişdi.
Çap olunduğu illərdə ədəbi hadisəyə çevrilmiş “Altı il Dəclə-Fərat sahillərində” kitabının milli-mənəvi mahiyyəti və Qəzənfər Paşayevin bu sahədəki xidmətləri görkəmli ədəbiyyatşünas-alimimiz, ədəbiyyat elminin, tarixçiliyinin və ədəbi, tənqidi, estetik fikrinin YAŞARIlığını təmin edən Yaşar Qarayevin fikirlərində özünün dəqiq, obrazlı-poetik ifadəsini tapmışdır:
“Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbəladan və Kərkükdən başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır… Maraqlıdır ki, məhz Qəzənfər Paşayevdən (onun altı illik Dəclə və Fərat salnaməsindən) sonra “İraq” sözü bizim üçün “uzaq” mənasını artıq birdəfəlik və əbədilik itirdi.
“Altı il Dəclə-Fərat sahillərində” – yalnız bu kitabdan sonra müəllifin dili ilə biz də ucadan və qürurla bəyan elədik: “İraq bizə iraq deyil”, hamımız İraqlı türkmanla azəri türkünü tanıdıq! Qəlbən, ruhən inandıq ki, təkcə dillər eyni deyil, yalnız hecalar, şəkilçilər, köklər eyni deyil, ruhdakı etnik yaddaş da eynidir, damardakı qan və gen kodları da eynidir, soydakı, şəcərədəki Nəsimi və Füzuli də eynidir!..
* Kərkük sevdalısı
Yaradıcılığının əsas ana xəttini Kərkük mövzusu təşkil edən Qəzənfər Paşayev Kərkük folklorunun araşdırılması və toplama-tərtibi işinə daha çox diqqət ayırmışdır. Təsadüfi deyil ki, akademik Tofiq Hacıyev, İraq-türkman tədqiqatçısı Əbdüllətif Bəndəroğlu “İraq-Türkman folkloru” əsərini Qəzənfər Paşayevin elmi fəaliyyətinin zirvəsi, şah əsəri adlandırmışlar.
Əsərləri dəfələrlə xarici ölkələrdə çap olunmuş Qəzənfər Paşayevin İraq türkmanları ilə bağlı araşdırmaları Azərbaycandan kənarda da yüksək qiymətləndirilmiş, haqqında çoxlu sayda məqalələr yazılmış, o, İraq-türkman kültürünü türk dünyasına tanıdan alim kimi dəyərləndirilmişdir.
Kərkük mövzusu Qəzənfər müəllim üçün təkcə elmi-yaradıcılıq işi deyil, həm də bir milli məslək, məfkurə məsələsi olmuşdur.
Qəzənfər Paşayev bu genetik bağlılıqdan dolayı özünü hər zaman türkman elinin yanında hiss etmiş, lazım gəldiyində öz maddi-mənəvi dəstəyini əsirgəməmişdir. Təsadüfi deyil ki, Prof. Dr. Süphi Saatçi onu İraqdakı türkmanların və Kərkükün Bakıdakı təmsilçisi və böyükelçisi adlandırmışdır. Qəzənfər müəllimin təkcə bir alim kimi deyil, bir azərbaycanlı kimi Kərkük sevgisindəndir ki, o, “Kərkük sevdalısı”, “İraq türkmanlarının can dostu”, “Bakı ilə Kərkük arasında mənəvi körpü”, “İraq-Türkman aşiqi”, “Böyük türkmanşünas”, “Folklorumuzun Müşfiqi”, “Azərbaycanda İraqın ədəbi və mədəni əlaqələr səfiri”, “İraq xalqının dostu və qardaşı”, “Azərbaycanın İraqda səfiri”, “Kərkük pərvanəsi”, sözügedən kontekstdə ortaya qoyduğu külliyyat – yazdığı əsərlər, araya-ərsəyə gətirdiyi kitablar isə bütövlükdə “Kərküknamə” adlandırılır.
* “Nostradamusun möcüzəli aləmi”
Təxminən, yeddi illik axtarışların, araşdırmaların və müəllifin özünün də qeyd etdiyi kimi, “ağır və gərgin əməyin nəticəsi olaraq araya-ərsəyə gələn” “Nostradamusun möcüzəli aləmi” kitabı isə dünyanın ən möcüzəli və əfsanəvi şəxsiyyətlərindən biri, yəhudi əsilli fransalı öncəgörücü Mişel Nostradamusun (1503-1566) həyatının ayrı-ayrı vacib və maraqlı məqamlarından, təbabət sahəsindəki fəaliyyətindən, ən əsası isə öncəgörücülük qabiliyyətindən, böyük bir zamanı əhatə edən proqnozlarından və s. bəhs edir.
Burada yazılanları həyəcansız oxumaq qeyri-mümkündür. Kitab əvvəldən-axıra qədər oxucunu sirli-sehrli möcüzələr aləminə aparır, insan ağlının dərk etmədiyi bu aləm onu riqqətə gətirir.
Xalq yazıçısı Elçin “Nostradamusun möcüzəli aləmi”ni təkcə tərcümə ədəbiyyatımızın deyil, ümumiyyətlə, ictimai fikrimizin inkişafında bir hadisə hesab edir.
Ümumilikdə, əlliyə yaxın elmi, ədəbi-publisistik, tərcümə və toplama-tərtib kitabının müəllifi olan Qəzənfər Paşayev son illərdə bir-birinin ardınca “Elçin haqqında düşüncələrim”, “Ədəbi məktublar”, “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti”, “Hüseyn Kürdoğlunun poetik dünyası” kitablarını və kifayət qədər həcmli ön sözlə “İraq-Türkman nağılları” toplama-tərtib işini çap etdirmişdir.
Qəzənfər Paşayev akademik Həmid Araslı, xalq şairi Rəsul Rza, professor Abbas Zamanov, professor Qasım Qasımzadə, xalq şairi Bəxtiyar Vahabzadə, professor Yaşar Qarayev, kərküklü alimlər Əta Tərzibaşı, Sinan Səid, Əbdüllətif Bəndəroğlu, Süphi Saatçi, Mustafa Ziya, Mövlud Taha Qayaçı, Mahir Naqib, Şəmsəddin Küzəçi və başqalarının İraq-Azərbaycan elmi-mədəni əlaqələri və kərkükşünaslıqla bağlı xidmətlərini hər zaman böyük qədirşünaslıq hissilə qeyd etmişdir.
Qeyd etdiyimiz kimi, Qəzənfər Paşayevin yaradıcıığının bir qolunu da alimin Azərbaycan ədəbiyyatına dair araşdırmaları təşkil edir. Buraya onun Nəsimi, Füzuli, Rəsul Rza, Nigar Rəfibəyli, Hüseyn Arif, Tofiq Bayram, İsi Məlikzadə, Hüseyn Kürdoğlu, Əlibala Hacızadə, Fikrət Qoca, Fərman Kərimzadə, Elçin və başqa bu kimi sənətkarlarla bağlı elmi və ədəbi-publisistik əsərləri daxildir. Bu yaxınlarda çap etdirdiyi “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabı isə sanki yubilyarın özünün özünə bir hədiyyəsi oldu. Kitabda Hüseyn Kürdoğlu poeziyasının maraqlı nümunələri müəyyən sistem əsasında təqdim edilərək təhlil-tədqiq olunmuşdur.
Dəyərlər:
Ədəbi-tənqidi fikrimizin patriarxı Yaşar Qarayev: “Uzaqları, İraqları yaxınlaşdıran səyyah, ədib və alim Qəzənfər Paşayev oldu”
Akademik İsa Həbibbəyli: “Nəinki Azərbaycanda, yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı göstərmək çətindir.” (İ.Həbibbəyli). Onun haqqında fikir söyləyən bütün elm və ədəbiyyat xadimləri alimin sözügedən istiqamətdə gördüyü işləri haqlı olaraq xüsusi vurğulamışlar. Görkəmli akademiklərimiz Tofiq Hacıyev və İsa Həbibbəyli Qəzənfər Paşayevi Azərbaycanda kərkükşünaslığın banisi, qüdrətli yaradıcısı kimi xarakterizə etmişlər.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə: “Sən İraqda 6 il rəsmi bir vəzifədə işləyərkən, bu sahədə öz vəzifə borcunu yerinə yetirməklə də kifayətlənə bilərdin. Lakin içində qımıldanan vətəndaşlıq hissi səni daha başqa bir borca səslədi. Bu səs damarlarından axan qan yaddaşının səsi idi. Sənin damarlarında dillənən səs kərküklü qardaşlarının əsrlərdən bəri qanlarında qoruyub saxladıqları əcdadın – kökün səsi ilə həmahəng səsləndi və səni mənəvi borcunu ödəməyə çağırdı. Sən bu mənəvi vəzifəni şərəflə yerinə yetirdin. Rəsmi vəzifə borcun sənin İraqda olduğun müddətin çərçivəsində qaldı. İçində qımıldanan səsin əmri ilə yerinə yetirdiyin mənəvi vəzifə isə heç bir müddətə sığmır, müddətin çərçivəsini dağıdıb tarixə qovuşur. Çünki sən bu vəzifəni yerinə yetirməklə özünə deyil, bir-birindən ayrı düşmüş böyük bir xalqa xidmət etdin.”
Qısa arayış:
Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulmuşdur.
1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib.
Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran «Altı il Dəclə və Fərat sahillərində» kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu
Qəzənfər Paşayev İraqda tərcüməçi işləmiş (1962-1966; 1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005),eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların – İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, prof. M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur.
Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbi-nəzəri məcmuə» sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub.Pedaqoji və elmi kadrların hzırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur.
Uzun müddət Azərbaycan–İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın yarandığı 1997-ci ildən üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.Azərbaycanda: akademiklər: Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, akademiyanın müxbir üzvləri: Yaşar Qarayev, Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Azad Nəbiyev, Nizami Cəfərov, Filologiya elmləri doktorları, professorlar: M.Təhmasib, Qasım Qasımzadə, Vaqif Vəliyev, Musa Adilov, Murtuz Sadıxov, Əzizə Cəfərzadə, Zeydulla Ağayev, Sədnik Paşayev, Gülrux Əlibəyli, Qəzənfər Kazımov, tibb e.d. Mehdi Sultanov və başqaları, o cümlədən də xarici ölkə alimləri Ə.Tərzibaşı, Ə.Bəndəroğlu, f.e.n. Sinan Səid, M.Xurşid, prof. Mahir Naqib, prof. Sübhi Saatçı, M.T.Qayaçı, E.Hürmüzlü (İraq), prof. Mustafa Arqunşah, prof. Cəlal Ərtuq, prof. İsa Özgan, Kamal Çapraz, İsa Qayacan, dosent dr. T.Abbasxanlı və b. (Türkiyə) Paşayevin tədqiqatlarını yüksək qiymətləndirmiş, onun yaradıcılığına sanballı məqalələr həsr etmişlər.
Q.Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.
Bütün bu xidmətlərinə görə Qəzənfər Paşayev 1976-cı ildə İraq Respublikasının “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş, 1999-cu ildə Kərkük Vaqfının, 2003-cü ildə İraq-Türkman Cəbhəsinin, 2007-ci ildə Türkman Qardaşlıq Ocağının, İraq-Türkman Ədəbiyyatçılar Birliyinin yüksək diplom və mükafatlarına layiq görülmüş, 2007-ci ildə isə İraqın Fəxri Vətəndaşı elan edilmişdir.
2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür.Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.
2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Qəzənfər Paşayev Ali və Orta İxtisas Təhsili Nazirliyinin (30 may 1980) və SSRİ-nin İraqdakı səfirliyinin (15 may 1974) Təşəkkürnaməsini almışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalına layiq görülmüşdür (1976). SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. (28 aprel 1982).
Xarici dillər kafedrasının müdiri işlədiyi M.F.Axundov adına Pedaqoji İnstitutun Fəxri diplomu ilə təltif edilmişdir (1980, 1982, 1985).
SSRİ Nazirlər Sovetinin Xarici İqtisadi Əlaqələr Komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdir (23 iyul 1994).
Respublika Həmkarlar İttifaqının Fəxri fərmanına layiq görülmüşdür (1997).
Kərkük Vəqfinin (1999), Türkman Cəbhəsinin (2003) ödüllərini alıb. Respublika Həmkarlar Təşkilatının “Qızıl qələm” mükafatına layiq görülüb (2001).Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin ödülünü almışdır. (2007).
Ədəbi fəaliyyətinə görə Beynəlxalq “Rəsul Rza” mükafatına (2008), Türk Dil Qurumunun Fəxri diplomuna layiq görülmüşdür (2008).
İraq və İraq-türkman Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif edilmişdir (2012).
O, Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Təşəkkürnamə diplomuna layiq gürülmüş (2013), Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar təşkilatının “Fədakar alim” diplomu ilə təltif edilmişdir (2012).
25dekabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiş, 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Q.Paşayev: “Deyirlər, xatirələr köhnəlir, yaddan çıxır. Bunun nə qədər doğru olduğunu söyləmək çətindir. İraq Respublikasında işlədiyim vaxtdan neçə qış, neçə bahar keçsə də, əfsanəvi Dəclə-Fərat çaylarını, qonaqpərvər ərəb xalqını, şair qəlbli Kərkük xalqını – İraq azərbaycanlılarını həmişə xoş məramla, səmimi duyğularla xatırlayıram. Qənaətim odur ki, aylar-illər keçsə də, doğma hisslər xatirat süzgəcində ilişib qalır, əsl xatirələr büllurlaşır, əbədiləşir. Əlaqələr daimi olanda isə bu xatirələr təzələnir, yeniləşir.”
Qəzənfər müəllimi bir daha təbrik edir, ona
ürəyindəkiləri, xatirəlırini ağ kağıza köçürrməsi, buğünkü nəsillərə çatdırması yolunda Tanrıdan uzun ömür, can sağlığı, bir də yeni yaradıcılıq uğurları diləyirik!

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.