Saday Şəkərlinin 2026-cı ildə Avropada nəşr olunan beşinci kitabı işıq üzü görüb. Şair yeni kitabını “Üç poema” (trilogiya) adlandırıb.
Kitaba müəllifin “Lənətlənmiş cənnət və ya Azadlıq şərqisi”, “Sürgün” və “Tənha keçən” poemaları daxil edilib.
Kitabın tərcüməçisi Almaniyanın Köln şəhərində yaşayan Vika Krutu, redaktoru ABŞ-ın Sietl şəhərindən Tariyel Azərtürk, tərtibatçısı isə ukraynalı tənqidçi İrina Savitskayadır.
Saday Şəkərli tərcüməçilərlə işləməyin kifayət qədər mürəkkəb və uzunmüddətli proses olduğunu bildirib:
“Tərcüməçilərlə işləməyin nə qədər məşəqqətli olduğunu təsəvvür edə bilməzsiniz. Ağır prosesdir. Üç ildir dizimi yerə qoyub əziyyət çəkdim. İndilərdə zəhmətimin bəhrəsindən xeyli şadam.”
Şairin sözlərinə görə, “Üç poema” kitabına qədər iyun və iyul aylarında onun “Mən səndən ayrılmazdım” kitabı Azərbaycan dilində nəşr olunub. Müəllif həmvətənlərinin kitab almaq imkanlarını nəzərə alaraq bu kitabı müxtəlif saytlarda pulsuz yayımlatdığını qeyd edib.
Bunun ardınca Saday Şəkərlinin “Vuruş, sözüm” və “Ümid işığı” kitabları fransız dilində, “Ümiddən uzun” kitabı isə ingilis dilində nəşr olunub.
Şair bildirib ki, xarici nəşriyyatlar onun başqa dillərdə çap olunan kitablarının qiymətini nisbətən baha müəyyənləşdiriblər. Buna baxmayaraq, əsas məqsədinin kitabların daha geniş oxucu auditoriyasına çatması olduğunu vurğulayıb.
Beləliklə, Saday Şəkərlinin 2026-cı ilin son iki ayında Avropada nəşr olunan kitablarının sayı beşə çatıb. “Üç poema” isə şairin yaradıcılığının müxtəlif istiqamətlərini bir araya gətirən yeni trilogiya kimi təqdim olunur.
Yazıya 8 dəfə baxılıb








