ƏDƏBİYYATIMIZIN PAVEL KORÇAGİNİ – Həmid HERİSÇİ

90-cı illərin o vaxtı idi ki, zaman sovet ədəbiyyatına, o cümlədən, ən vacibi sovet ədəbiyyatşünaslığına nöqtə qoyurdu. Biz bunu bir az fərqli dərk etdik. Elə bildik ki, ədəbiyyatşünaslıq bitdi. Belə bir fikir yarandı ki, ədəbiyyatşünaslıq lazım deyil. Sözsüz ki, ideoloji imperiyanın çökməsi ilə onun ədəbiyyat nəzəriyyəsi də çökməliydi. Elə anda yerə düşən ədəbiyyatşünaslıq bayrağını yerə dəymədən götürən, qaldıran bir adama ehtiyac var idi. “Polad necə bərkidi” filmində birdən-birə mərmi partlayır, bayraq yerə düşməyə başlayır, amma Pavel Korçagin qoymur yerə dəysin, onu göydəcə  tutur. Ədəbiyyatşünaslığın bayrağı bizdə də yerə düşəcəkdi. O bayrağı yerdən qaldıran Pavel Korçaginimiz Əsəd Cahangir oldu!

Əsəd Cahangir, doğrudan, çox böyük bir iş gördü. Ədəbiyyatşünaslığın bayrağının yerə düşməyinə mane oldu, icazə vermədi, götürdü, qaldırdı! O dövrdə diskussiyalar başlamışdı ki, ədəbiyyatşünaslıq lazım deyil. Və birdən-birə, ən yeni məzmun, hə, postmodern gəlməyə başladı Azərbaycana. Posmodernin nəzəri əsasları, dünyada olan təcrübəsi, bu bizə lazımdır, lazım deyil, bu labüddür, yoxsa bir oyunbazlıqdır, bu nədir? Bunların hamısının cəmini yazan, üzə çıxaran məhz Əsəd Cahangir oldu! Yəni Əsəd Cahangir yeni ədəbiyyatşünaslığın əzəl mübtədası oldu! Bu ona böyük təzyiq, məhrumiyyət, cəng-cidal, əsəb bahasına başa gəldi! Əsəd Cahangir yeni əsəbiyyətşünaslığın əzəl mübtədası oldu!

Mənim yadıma gəlir Əsəd Cahangir Andrey Belıyın iyirminci yüzilin başlanğıcında “Naçalo novoqo veka” əsərini yada salan “Yeni əsrin ibtidası” adlı silsilə məqalələr yazdı. Bu məqalələr “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Yeni Azərbaycan” qəzetlərində dərc olundu. O dövrdə hətta rəsmi ədəbiyyat orqanları belə bu mövzuya yaxın durmaq istəmirdilər. Ədəbiyyatşünaslığa heç kim yaxın durmaq istəmirdi. Və Əsəd məcbur idi ki, onu harda imkan varsa, orda, iqtidarlı, müxalifətli müxtəlif siyasi düşərgələrin  qəzetlərində çap elətdirsin. Nəyə görə? Postmoderndən, nəzəri əsaslardan danışmaq bir az qanundan kənara sıçramaq sayılırdı. Bu mövzuda yazmaq elə də asan məsələ deyildi. Bunların hamısını Əsəd qoydu qırağa, bütün çətinliklərə dözərək, öz üzərinə düşən işi yerinə yetirdi. Zaman da göstərdi ki, biz postmoderni  çox yaxşı mənimsədik.

Mən bir AYB-çi kimi, Azad Yazarlar Ocağının nümayəndəsi kimi, onu yaradanlardan biri kimi gördüm ki, bizim azad yazarlar istedadlıların sonuncu hücumu idi ədəbiyyat üzərinə. Bizdən sonra istedadsızların hücumu başladı ədəbiyyat üzərinə. Bizdən sonra qorxulu bir məsələ baş verdi. Azərbaycan Yazarlar Birliyi, ümumən bütün peşəkar qurumlara qarşı kələ-kötür daşlar atılmağa başlandı! Axın başlandı və əgər Azad Yazarlar Ocağı köhnəliyi ləğv etmək istəyirdisə, bizdən sonrakılar köhnə qurumları və nəşrləri ləğv etmək istəmir, ələ keçirib saxtalaşdırmaq istəyirdilər. Və bunların qabağını alan, kələ-kötür daşları yontalayan və istedadsız axına qarşı duran tək bir adam var idi Azərbaycanda – Əsəd Cahangir! Və Azərbaycan nə üçün həmişə bir nəfərin qələminə, yaxud dirijor çubuğuna möhtac olur. Çünki bizim mədəniyyət belədir, bizdə kollektiv olmur, bizdə fərdlər olur. Və nə üçün doğrudan da, 90-cı, 2000-ci illərdə, buna deyirlər sıfırlı illər, bax bu sıfırlı illərində Əsəd Cahangir, bax, bu misiyanı götürdü boynuna. Çünki bizim mədəniyyətimizin modeli belədir. Problemi bir adam həll eləyir, kollektiv eləmir. Özü də bir adam hamının düşməninə çevrilir, xalq düşməninə, vətən düşməninə çevrilir. Yəni bu cür işlərə girmək çox ciddi ittihamlara məruz qalmaq deməkdir.

İndi dediyim kimi ən çətin bir dövr başlayıb – istedadsızların ədəbiyyata kütləvi hücumu!  Saxtalaşdırmaq istəyirlər ədəbi prosesi. Möhtəkirlikdir bu! Bunlar, məsələn, bütün ödülləri almaq istəyirlər, bütün vəzifələri qoparmaq istəyirlər. Bunları yalnız ədəbiyyatdakı, mədəniyyətdəki vəzifələr maraqlandırır.  Bunları ədəbiyyatın zahiri cilvələri maraqlandırır və bu daha təhlükəlidir. Buna kütləvi mədəniyyət deyirlər. Bu proses bütün dünyada baş verir, tək bizdə belə deyil. Kütləvi mədəniyyətdə hamı bloggerdir, hamı jurnalistdir, hamı fotoqrafdır, hamı şairdir, hamı yazıçıdır. Özü də ki, bu qadjetlər-filanlar bunlar üçün texniki imkanlar yaradır, yəni telefonlar, bilgisayarlar, sosial şəbəkələr. Yəni meydança açıqdır, demokratizmdir və hamı deyir ki, mən şairəm! Mənə nə olub ki, kimdən kəməm, mən elə, mən belə və sair… Və burda sözsüz ki, ən böyük düşmən kimdir? Peşəkar ədəbiyyatşünas! Peşəkarlar! Və bunların qarşısını almaq, bunları yox eləmək düşür Əsəd Cahangir kimi professionalların üzərinə! Bu istedadsızlar Əsəd Cahangirdən ya istifadə etmək, yaxud da onu silmək istəyəcəklər! Bizdə kütləvi mədəniyyətə başqa böyük bir maneə görmürəm! Qəzetlər, sosial şəbəkələr onlar üçündür, televizyonlar onlara böyük şərait yaradır. Mənə elə gəlir ki, ədəbiyyatımızın ən ağır sınaq dövrü indidir. Kütləvi mədəniyyət seçilmiş istedad sahiblərini,  ədəbi-mədəni elitanı məhv eləməyə çalışır. Hamı yazır, peşəkarlıq sıfırlanır. Halbuki, vaxtilə ədəbi elita var idi ki, biz onun üzvlərini oxuyur, sevirdik də. Səməd Vurğun, Yusif Səmədoğlu… Keçmişdə ədəbiyyatı atalar və oğullar yaradırdı. Bu, klassik modeldir. İndi postmodernistik dövrdə bu klassik model dağılır! Yəni ədəbiyyat artıq irsən keçmir. Bizdə mədəniyyətdə həmişə bir irsi, bir fizioloji tumdan söhbət gedib. Bu sakral bir məsələdir. İstedadsız kütləvi axın onu ləğv eləyir. İndi nə istəyirlər eləyirlər, nə istəyirlər yazırlar. Əsəd Cahangir, onun imzası, onun rəyi, çox çətin bir əl-kimya prosesindədir və çox vacibdir!  Bəli, mən ona əl-kimya deyərdim! Əsəd Cahangir ya burda həqiqətən öz sözünü deyəcək, yaxud deməyəcək. Onu zaman göstərəcək! Mən Əsəd Cahangirə bu çətin işdə uğurlar arzu eləyirəm.

Hesab edirəm ki, biz Əsəd Cahangirlə çox yaxşı əməkdaşlıq eləmişik. Mən indiyəcən yaddan çıxarmıram ki, biz onunla Orxan Pamukun “Qar” romanı  haqqında necə gözəl bir diskussiya apardıq, necə maraqlı ədəbi bir dialoq qurduq. Bəli, o dövrdə bu var idi! Əsər çıxır, biz oturub düşünür, onu çözürük.  İndi artıq elə deyil. İndi bütün əsərlər ancaq möhtəkirlik nəticəsində yazılır, tirajlanır, müzakirə olunur, ödüllər alır. Bu gün ədəbiyyat kütləvi mədəniyyətdə əriyir.

Azərbaycanda, gəlin boynumuza alaq ki, şairlər, ədəbiyyatşünaslar ordusu var, filoloqlar ordusu var. Bizdə pedaqoji qurumlar var, təhsil mərkəzləri var, bizdə Azərbaycan Yazarlar Birliyi var, bizdə universitet var, filologiya var, Nizami adına Ədəbiyyat İnstitutu var, yəni çoxdur, saymaqla qurtaran deyil.  Bir ordu var, minlərlə filoloq var bizdə. Ancaq gəlin etiraf edək ki, peşəkarlıq çox aşağıdadır, çox! Və yavaş-yavaş Azərbaycan ədəbiyyatı məişət məzmunu almağa başlayır. Yubiley tədbirlərinə, ailə albomuna çevrilir. Bax, bu  səpkidə məişət ədəbiyyatını və onun  təmsilçilərini, bütün rəsmi ədəbiyyat sxolastikasını,  bunların hamısını tərəzinin bir gözünə qoyardım – utanmadan, qorxmadan, hətta akademikləri belə – Əsəd Cahangiri o biri gözünə və Əsəd Cahangir ağır gələrdi!

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.