Prokurorluq deyəndə İlyas İsmayılov yada düşür

Bu gün – 1 oktyabr Azərbaycan Prokurorluğu İşçilərinin Peşə Bayramı Günündə yaddaşımda xüsusi yeri olan böyük şəxsiyyəti – İlyas İsmayılovu ehtiramla yad edirəm.

İlyas müəllim haqqında danışmaq, əslində, bütöv bir nəslin yaddaşından danışmaqdır. Çünki bizim nəslin yaddaşında “prokurorluq” anlayışı ilə yanaşı İlyas müəllimin adı, siması, şux yerişi, iti zəkası, zəngin dünyagörüşü və möhkəm əqidəsi dayanır.

İlyas müəllim qeyri-adi şəxsiyyət idi. Millətinə vurğun, xalqını sevən, Azərbaycanın adını və şöhrətini dünyada layiqincə tanıtmağı özünə mənəvi borc bilən insan idi. Mən həmişə düşünmüşəm ki, dünyanın hansı nöqtəsində Azərbaycanı təmsil etmək üçün bir nəfər seçilməli olsaydı, İlyas müəllim bu missiyaya layiq ən parlaq insanlardan biri olardı.

Onu fərqləndirən yalnız tutduğu vəzifə deyildi. Xasiyyəti, xarakteri, savadı, intellekti, dünyagörüşü və insanpərvərliyi ilə seçilirdi. İlyas müəllimdə dövlət adamına xas ciddiliklə ziyalıya xas dərin düşüncə, sadəlik və səmimiyyət bir arada idi.

İlyas müəllimin bir fikri xüsusilə yaddaşımda qalıb. Deyirdi: “Mənim fəlsəfəmi məndən başqa heç kim bilə bilməz.”

Bu cümlə onun düşüncə dünyasının özünəməxsusluğunu ifadə edirdi. İlyas müəllim hazır qəliblərlə düşünən insan deyildi. Onun öz baxışı, öz fəlsəfəsi, öz həyat mövqeyi vardı.

Sovet dövründə SSRİ Prokurorluğundan Azərbaycana nümayəndələr gələrdi. İlyas müəllimin çıxışlarına böyük diqqətlə qulaq asardılar. Hətta onların hər birinin əlindəki kitabçaya onun çıxışından qeydlər etdiyini görmək mümkün idi. Bu mənzərə İlyas müəllimin bilik və dünyagörüşünün, fikir və düşüncələrinin necə maraq doğurduğunu göstərən yadda qalan epizodlardan biridir.

İllər keçir, zaman dəyişir. Lakin bəzi insanlar yaddaşdan silinmir. Onların danışığı, davranışı, baxışı, hətta yerişi belə insanın yaddaşında qalır.

İlyas İsmayılov Azərbaycanın dövlətçilik və hüquq tarixində özünəməxsus iz qoymuş şəxsiyyətlərdəndir. Onun kimi insanlar Azərbaycanın qızıl fondunun qızıl səhifələrini təşkil edirlər. Belə şəxsiyyətlərin həyat yolu və irsi gələcək nəsillər üçün də yaddaş və örnək olaraq qalır.

Allah İlyas müəllimin ruhunu şad etsin.

Adil Əsgərov,

Sabiq prokuror, Baş ədliyyə müşaviri 

 

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.