Azərbaycan ədəbiyyatının yaddaşında elə mövzular var ki, zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, hər yeni nəsildə daha dərindən dərk olunur. Repressiya, sürgün, ailə faciəsi, itirilmiş uşaqlıq, doğma yurddan ayrılıq və insanın mənəvi dözümü belə mövzulardandır. Bu baxımdan Cavad Cavadlının “Sürgün” kitabı yalnız bir sənət əsəri kimi deyil, bütöv bir nəslin yaşadığı ağrıların, itkilərin və yaddaşın poetik ifadəsi kimi diqqəti cəlb edir.İradə Aytelin “Azərbaycan dissident ədəbiyyatı – Cavad Cavadlının “Sürgün” kitabı barədə…” adlı geniş araşdırma yazısı da məhz bu cəhətdən əhəmiyyətlidir. Müəllif Cavad Cavadlının yaradıcılığına yalnız bioqrafik məlumatlar və əsərin məzmunu çərçivəsində yanaşmır, “Sürgün” kitabının bədii-estetik, tarixi və mənəvi mahiyyətini müxtəlif istiqamətlərdən açmağa çalışır.
Cavad Cavadlının “Sürgün” əsərinin əsas gücü onun şəxsi yaddaşla ümummilli yaddaşın qovuşduğu nöqtədə dayanmasıdır. Müəllifin ailəsinin başına gətirilmiş faciə onun yaradıcılığında fərdi ağrıdan daha geniş məna qazanır. Atası Ələsgər kişinin 1937-ci ildə həbs olunaraq sürgünə göndərilməsi, ailəsinin onun ardınca sürgün edilməsi, ağır şəraitdə körpə itkisi və nəhayət, Ələsgər kişinin sürgündə həyatını itirməsi bir ailənin faciəsi olmaqla yanaşı, həmin dövrün minlərlə insan taleyinin simvoluna çevrilir.
İradə Aytelin yazısında bu bioqrafik başlanğıcın xüsusi vurğulanması təsadüfi deyil. Çünki “Sürgün” kitabının poetik qaynağı məhz yaşanmış həqiqətdir. Müəllif gördüklərini, eşitdiklərini və ailəsindən eşitdiyi ağrılı xatirələri bədii sözə çevirərək yaddaşın itirilməsinin qarşısını almağa çalışır. Kitabın əvvəlində verilən “Yazdıqlarımız gördüklərimizin hamısı deyil…” fikri də bu baxımdan əsərin əsas açarlarından biri kimi görünür.
Bu ifadədə böyük bir faciənin sözlə tam ifadə olunmasının mümkünsüzlüyü hiss olunur. Çünki insan həyatında elə ağrılar var ki, onları yalnız danışmaqla və yazmaqla tam çatdırmaq mümkün deyil. Cavad Cavadlı isə həmin ağrının heç olmasa bir hissəsini şeir, poema, bayatı və mənzum roman vasitəsilə gələcək nəsillərə çatdırmağa çalışır.“Sürgün” kitabının janr müxtəlifliyi də onun mühüm xüsusiyyətlərindəndir. Şeirlər, bayatılar, poemalar və mənzum roman bir kitab daxilində vahid ideya ətrafında birləşir. Bu mətnlər ayrı-ayrı əsərlər təsiri bağışlasa da, hamısının arxasında eyni yaddaş dayanır. Sürgün yaddaşı.
Şeirlərdə şəxsi ağrı və həsrət daha qabarıqdır. “Ayrıldım”, “Daha əlvida”, “Ağlama, nənəm, ağlama” kimi nümunələrdə doğma yurddan qoparılmış uşağın, ailəsindən və əvvəlki həyatından ayrılmış insanın daxili dünyası canlandırılır. Bu əsərlərdə yurd itkisi sadəcə məkan itkisi deyil, uşaqlığın, ailə bütövlüyünün və mənəvi rahatlığın itirilməsidir.
“Qızıl qum”da isə sürgün yolunun ağır mənzərələri ön plana çıxır. Susuzluq, aclıq, körpə ölümü və səhralıq insanın qarşılaşdığı fiziki sınaqlar kimi təqdim olunur. Doğma evin yerini yad məkan, rahatlığın yerini məhrumiyyət tutur. Beləliklə, məkan dəyişdikcə insanın taleyi də dəyişir.
Cavad Cavadlının yaradıcılığında Azərbaycan obrazının xüsusi yeri vardır. Vətənin ana ilə eyniləşdirilməsi milli ədəbiyyatımızda qədim və güclü poetik ənənəyə söykənsə də, burada həmin obraz sürgün həyatı yaşayan insanın həsrəti ilə yeni emosional məna qazanır. Uzaqda qalan Azərbaycan sürgündə olan insan üçün yalnız doğma torpaq deyil, itirilmiş uşaqlıq, ailə, ev və mənəvi sığınacaqdır.
“Kəndimlə söhbət” əsərində “Turan” məfhumunun işlədilməsi də müəllifin dünyagörüşünün başqa bir istiqamətini göstərir. Burada Turan anlayışı yalnız coğrafi məna daşımır, parçalanmış türk dünyasının poetik simvolu kimi səslənir. Bu məqam əsərin milli-mədəni yaddaşla əlaqəsini daha da gücləndirir.
Kitabdakı bayatılar isə sürgün ağrısının xalq yaradıcılığına yaxın, yığcam və təsirli ifadəsidir. Bayatı formasının seçilməsi də diqqətəlayiqdir. Çünki bayatı Azərbaycan xalqının sevincini, kədərini, ayrılığını və nisgilini ən yığcam şəkildə ifadə edən folklor janrlarından biridir. Cavad Cavadlı şəxsi və ailə yaddaşını bu forma ilə birləşdirərək fərdi faciəni xalqın ümumi duyğularına yaxınlaşdırır.Kitabın poema bölümü isə həmin ağrını daha geniş süjet və obrazlar sistemi daxilində təqdim edir. “Ata yurdu”, “Canlı şəhidlər”, “Sürgündə gördüyüm analar”, “Qeyrət”, “İtkin bacılar”, “Ana ölümü”, “Düşmən iti”, “Məsmə xala” və “Zindandan məktublar” kimi əsərlərdə ayrı-ayrı insan taleləri vasitəsilə bütöv bir dövrün mənzərəsi yaradılır.
Xüsusilə “Sürgündə gördüyüm analar” poemasında qadın və ana taleyi diqqət mərkəzinə gətirilir. Sona xala, Qönçə, Nigar və başqa obrazlar sürgünün yalnız bir insanın deyil, ailələrin və xüsusilə anaların həyatını necə dəyişdirdiyini göstərir.
“Qeyrət” poemasında on iki yaşlı Cavadın anasına don almaq üçün ilk qazancını əldə etməsi isə sosial faciənin uşağın baxışından göstərilməsi baxımından təsirlidir. Uşağın kiçik bir sevincinin arxasında böyük yoxsulluq və məhrumiyyət dayanır. Bu səhnə müəllifin uşaqlıq yaddaşının nə qədər dərin izlər daşıdığını göstərir.
“Zindandan məktublar” poemasında ata-oğul münasibəti xüsusi mənəvi məna qazanır. Ata artıq yalnız ailə başçısı deyil, oğulun yaddaşında ədalətsizliyin qurbanına çevrilmiş, lakin mənəvi gücünü itirməmiş bir şəxsiyyətdir. Oğulun ataya müraciəti illər sonra belə davam edir. Bu, yaddaşın zaman qarşısında məğlub olmadığını göstərən mühüm poetik xəttdir.
“Sürgün” kitabının ikinci böyük hissəsini təşkil edən “Cəhənnəmdən qaçmış uşaq” mənzum romanı isə əsərin miqyasını daha da genişləndirir. Burada şəxsi ailə tarixinin çərçivəsindən çıxaraq sürgün dövrünün sosial mənzərəsi yaradılır. On iki yaşlı Cavadın sürgündən qaçması və Vətənə qayıtmağa çalışması əsərin əsas dramatik xəttini təşkil edir.Mənzum romanda diqqət çəkən mühüm cəhətlərdən biri insan münasibətlərinin ziddiyyətli şəkildə təqdim edilməsidir. Bir tərəfdə qəddarlıq, qorxu, təzyiq və ayrı-seçkilik, digər tərəfdə isə mərhəmət, yardım və insanlıq dayanır. Paşa, Seyidrəsili, Gülsüm Çiçək, Lal Vəli, Salatın, Oruc, Cabbar, Əli əmi, Gülzar xala və digər obrazlar bu baxımdan əsərin mənəvi xəritəsini yaradırlar.
Romandakı “Ən bəxtiyar bir uşaqdır sovet uşağı” yazısının günlərlə ac-susuz qalmış Cavadın qarşısına çıxması isə güclü bədii qarşılaşdırmadır. Burada şüar ilə həyat həqiqəti üz-üzə qoyulur. Bir tərəfdə rəsmi təbliğatın yaratdığı xoşbəxtlik təsviri, digər tərəfdə isə həmin şüarın qarşısında dayanan ac və qaçqın uşaq vardır. Bu epizod əsərin ən yaddaqalan bədii qarşılaşdırmalarından biri kimi qiymətləndirilə bilər.
İradə Aytelin araşdırmasının mühüm cəhətlərindən biri də müəllifin yaradıcılığını yalnız faciələr silsiləsi kimi təqdim etməməsidir. “Sürgün”də ağrı ilə yanaşı, insanın yaşamaq iradəsi, doğma yurda bağlılığı, ailə sevgisi, mərhəmət və mənəvi müqavimət də vardır. Bu səbəbdən kitab yalnız kədər haqqında deyil, insanın ən ağır şəraitdə belə insan olaraq qalmaq cəhdi haqqında da əsərdir.
Cavad Cavadlının “Sürgün” kitabında yaddaş əsas poetik dayaqlardan biridir. Müəllif keçmişi sadəcə xatırlamır, onu bədii söz vasitəsilə yenidən qurur. Bu mənada əsər bir ailənin tarixindən başlayaraq dövrün sosial və mənəvi mənzərəsinə qədər genişlənir.
İradə Aytelin yazısı isə bu çoxqatlı əsərin ayrı-ayrı istiqamətlərini sistemli şəkildə üzə çıxarır. Müəllifin diqqəti həm bioqrafik faktlara, həm poetik obrazlara, həm janr xüsusiyyətlərinə, həm də əsərlərdəki milli-mənəvi məna qatlarına yönəlir. Bu baxımdan məqalə “Sürgün” kitabının daha dərindən oxunmasına və Cavad Cavadlı yaradıcılığının ədəbiyyat tariximizdəki yerinin düşünülməsinə imkan yaradır.
Cavad Cavadlının 100 illik yubileyi ərəfəsində “Sürgün” kitabına yenidən qayıdılması xüsusi əhəmiyyət daşıyır. Çünki belə əsərlər yalnız yazıldığı dövr üçün deyil, sonrakı nəsillər üçün də yaddaş mənbəyidir. Tarixin rəqəmlər və hadisələr şəklində yadda qalması ilə insan taleləri vasitəsilə yadda qalması arasında böyük fərq vardır. “Sürgün” həmin tarixi insan taleləri, uşaqlıq xatirələri, ailə faciələri və poetik obrazlar vasitəsilə yaşadır.
Nəticə etibarilə, Cavad Cavadlının “Sürgün” kitabı repressiya və sürgün mövzusunda yazılmış əsərlər sırasında şəxsi yaddaşın, ailə tarixinin və milli yaddaşın bir-birinə qovuşduğu mühüm ədəbi nümunə kimi dəyərləndirilə bilər. İradə Aytelin araşdırması da bu kitabın yalnız poetik mətnlər toplusu olmadığını, bir dövrün insan talelərini özündə yaşadan lirik-epik yaddaş salnaməsi olduğunu göstərir.
“Sürgün”də yazılan hər taleyin arxasında bir insan, hər insanın arxasında bir ailə, hər ailənin arxasında isə bütöv bir tarixi dövr dayanır. Cavad Cavadlının sənətkar kimi ən mühüm xidmətlərindən biri də məhz həmin unudulmaq təhlükəsi qarşısında olan yaddaşı sözə çevirməsidir. İradə Aytelin qələmə aldığı araşdırma isə bu yaddaşın poetik mahiyyətini oxucuya çatdıran dəyərli bir ədəbi-tənqidi yazı təsiri bağışlayır.
Cavad Cavadlının 100 illik yubileyi onun yaradıcılığına yenidən nəzər salmaq, “Sürgün”ün ağrı və həqiqət üzərində qurulmuş poetik dünyasını daha dərindən öyrənmək üçün mühüm bir vəsilədir. Bu əsərlər yaşanmış faciələrin unudulmaması, insan talelərinin yaddaşdan silinməməsi və ədəbiyyatın tarixi yaddaşdakı missiyasının dərk olunması baxımından öz əhəmiyyətini qoruyur.
Allahverən Qənbərli, filoloq
Yazıya 8 dəfə baxılıb









