Seyran Səxavətin “80+20=?” kitabının təqdimatı keçirilib

Ədalət Partiyasının qərargahında Azərbaycanın görkəmli yazıçısı, dramaturq, tərcüməçi, şair, Seyran Səxavətin 80 illik yubileyinə həsr olunan “80+20=?” kitabının təqdimat mərasimi keçirilib.

kultur.az xəbər verir ki, 224 səhifədən ibarət kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub. Kitabın redaktor-tərtibçisi İradə Aytel, nəşrin təşəbbüskarı isə Tovuz Xeyriyyə Cəmiyyətidir. Kitab Seyran Səxavətin 80 illik yubileyi münasibətilə hazırlanıb.

Mərasimdə ədəbiyyat və mədəniyyət nümayəndələri, ziyalılar, yazıçılar, şairlər, Ədalət Partiyasının və Tovuz Xeyriyyə Cəmiyyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində 27 Sentyabr – Anım Günü münasibətilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli tərəfindən Ədalət Partiyasının qurucusu İlyas İsmayılovun və Vətən uğrunda şəhid olanların ruhuna bir dəqiqəlik sükut elan olunub.

Daha sonra Mütəllim Rəhimli çıxış edərək Seyran Səxavətin Azərbaycan ədəbiyyatındakı yaradıcılıq yolundan, onun poeziyasının və publisistikasının ədəbi prosesdəki yerindən danışıb.

Tədbirin aparıcısı İradə Aytel yubilyarın yaradıcılıq fəaliyyətinə nəzər salıb, “80+20=?” kitabının ərsəyə gəlməsi haqqında məlumat verib.

Tədbirdə Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, yazıçı Arzu Nehrəmli, Baş Ədliyyə müşaviri Ələmdar Məmmədov, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi, şair Rəfail Həbiboğlu, Avdı Qoşqar, Gəray Göyyurd və digər çıxışçılar Seyran Səxavətin yaradıcılığı, şəxsiyyəti və Azərbaycan ədəbiyyatındakı xidmətləri barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Seyran Səxavətin özünəməxsus poetik üslubu, həyata və insan münasibətlərinə fərqli baxışı, sözə münasibəti və çoxşaxəli yaradıcılığı haqqında geniş söz açılıb.

Tədbirdə Ədalət Partiyasının gənc üzvləri Nərmin, Aytac və Pınar Seyran Səxavətin şeirlərini səsləndirib.  Gənclərin şairin poeziyasından nümunələr təqdim etməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Təqdimatda iştirak edə bilməyən 60-cılar ədəbi nəslinin nümayəndəsi, şair Məzahir Hüseynzadə də yubilyara öz təbriklərini çatdırıb. Onun Seyran Səxavətə həsr etdiyi “Sanatoriya” şeirini İ.Aytel səsləndirib.

Qarşılıqlı fikir mübadiləsi və səmimi söhbət şəraitində, “müəlliflə canlı dialoq” formatında davam edən görüşdə Seyran Səxavət  yaradıcılıq yolu, ədəbiyyata münasibəti və kitabın hazırlanması ilə bağlı fikirlərini bölüşüb. Daha sonra o, tədbir iştirakçılarının suallarını cavablandırıb, gənclik illərində yazdığı “Sevirəm” şeirini səsləndirib. Sonda müəllif iştirakçılar üçün kitablarını imzalayıb və xatirə fotoları çəkdirilib.

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.