QARABAĞ UNİVERSİTETİNDƏ YAZIÇILARLA GÖRÜŞ KEÇİRİLİB

26 sentyabr 2026-cı il tarixində Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzi ilə Pedaqoji fakültəsinin birgə təşkil etdiyi 27 Sentyabr Anım Gününə həsr olunmuş “Tələbə taqımı”nın izi ilə” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir və yazıçı Etibar Muradxanlı tələbələrə öz yaradıcılıq yolu haqqında məlumat vermiş, Etibar Muradxanlının Vətən Müharibəsinə həsr olunan “Bayatı Araz” romanı təqdim olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olan həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifasındandan sonra Universitetin kitabxanaçısı Könül Hətəmova mötəbər qonaqları salamlamış, tədbiri aparmaq üçün sözü Pedaqoji fakültəsinin proqram rəhbəri filologiya elmləri doktoru Əzizağa Nəcəfzadəyə vermişdir. O, Əsəd Cahangir və Etibar Muradxanlını tədbir iştirakçılarına təqdim etmişdir. Hər iki qonağın fəaliyyət istiqaməti barədə ümumi məlumat vermiş və daha çox Etibar Muradxanlının sənədli roman yaradıcılığı üzərində dayanmışdır.
Daha sonra Əsəd Cahangir Etibar Muradxanlının roman yaradıcılığı barədə məlumat vermiş, onun müharibə mövzusunda, xüsusilə də həm Birinci Qarabağ, həm də Vətən Müharibəsinə həsr olunmuş əsərlərini təhlil etmişdir.
Etibar Muradxanlı da söz alaraq qeyd olunan əsərlərin üzərində çalışarkən müharibə iştirakçıları ilə keçirdiyi görüşlərdən, arxiv materialları üzərində apardığı araşdırmalardan, topladığı materialları dəqiqləşdirmək üçün döyüşlərin baş verdiyi məkanlara etdiyi səfərlərindən danışmışdır.
Sonra Etibar Muradxanlının müəllifi olduğu “Bayatı Araz” romanının tanıtım videoçarxı nümayiş olunmuş və həmin kitabın bəzi hissələri tələbələr tərəfindən səsləndirilmişdir.
Tədbirdə iştirak edən Mühəndislik fakültəsinin proqram rəhbəri Hüseyn Mirzəyev çıxış edərək müharibə həqiqətlərinin oxuculara çatdırılmasının vacibliyindən söhbət açmış, gənclərin vətənpərvərlik tərbiyəsində təqdim olunan kitabların böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Daha sonra görüşdə iştirak edən tələbələr – Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi, Rİyazziyyat müəllimliyi, Biologiya müəllimliyi və digər ixtisaslar üzrə təhsil alan gələcəyin mütəxəssisləri yazıçılara bir-birindən maraqlı suallar ünvanlamışlar. Yazıçıların sualları cavablandırması tələbələrin marağına səbəb olmuşdur.
Yazıçılar sonda müəllifi olduğu kitabları tədbir iştirakçıları olan tələbələrə hədiyyə etmiş, imza mərasimindən sonra qonaqlarla xatirə fotoları çəkilmişdir

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.