Məndəki Allahlığa bax!!! – İradə Aytel

(epistolyar esse)

Bir zamanlar Anna Axmatovaya qoşulub yazmışdım:

“Mən yoxam, doğulmamışam,
məni sən uydurmusan…”

Amma indi hər şeyə başqa cür baxıram.

İndi düşünürəm ki, mən yox deyiləm. Mən doğulmuşam. Hətta hamıdan əvvəl doğulmuşam.

İnsanlıq tarixinin başladığı gündən mən varam.

İlk insanın ilk baxışında, ilk sözündə, ilk qorxusunda, ilk sevgisində mən varam. İlk rəsm çəkiləndə, ilk şeir deyildikdə, ilk nəğmə oxunduqda mən artıq dünyada idim. Bəlkə də insan hələ öz adını bilməmişdən əvvəl mən var idim.

İndi isə sənə baxıb başqa bir həqiqəti düşünürəm: mən yaradanam! Səni mən yaratmışam!

Bəlkə də buna görə səni heç kimə bənzədə bilmirəm.

Botticelli, Da Vinci, Rafael… onların yaratdığı kişi portretlərinə baxıram və düşünürəm: mənim yaratdığım Səni görməsəydilər, bəlkə də dünyaca məşhur obrazlarını yarada bilməzdilər.

Çünki mən səndə onların axtardığı sirrin başlanğıcını görmüşəm.

Sənin o məsum baxışlarını…

Almas kimi incə, amma almas kimi möhkəm xarakterini…

Bulaq kimi saf qəlbini…

Sən mənim üçün sadəcə bir insan deyilsən. Sən mənim xəyalımın, yaddaşımın və sevgimin yaratdığı bütöv bir dünyasan.

Bəlkə də Şekspir də mənim sənə yazdıqlarımı oxuyub belə deyirdi:

“Mən sənin eşqinlə güclüyəm, inan,
bütün Yer üzünün krallarından.”

Amma qəribədir…

Bir zamanlar “məni sən uydurmusan” deyirdimsə, indi anlayıram ki,  səni mən yaratmışam.

Sənə öz xəyalımda baxış vermişəm.

Sənə xarakter vermişəm.

Sənə ruh vermişəm.

Səni insanlıqdan, fanilikdən çıxarıb Əbədiyə çevirmişəm.

Bəzən mənə elə gəlir ki, mən səni bu gün yaratmamışam.

Mən səni insanlıq yaranan gündən yaratmağa başlamışam.

İlk qadın kişiyə baxanda səni gördü.

İlk rəssam gözəlliyi daşa həkk edəndə səni düşündü.

İlk şair sevgidən danışanda səni çağırdı.

İlk heykəltəraş mərmərə toxunanda sənin üzünü axtardı.

Bəlkə də bütün sənət tarixi insanın sənin kimi bir Əbədi yaratmaq cəhdindən ibarətdir.

Tanrı Zevsi yaradanda belə mənim əsərimə — Sənə baxdı.

Səndən sonra Adonis yarandı.

Səndəki əzəməti, gücü və gözəlliyi görüb onu başqa bir simada yaşatdılar.

Sonra Apollon gəldi.

Sənin daxili dünyana baxdılar, oradakı işığı gördülər və Apollonu yaratdılar.

Gücünə, qüdrətinə baxıb Zevsi düşündülər.

Amma mən bilirəm:

Onlar sənə bənzəməyə çalışırdılar.
Onlar səndən sonra gəlirdilər.

İndi bütün bunları düşünəndə özümə baxıram.

Bir zamanlar yox olduğumu düşünən mən…

İndi isə insanlıq tarixindən də əvvəl özümü təsəvvür edən mən…

Bir zamanlar “məni sən uydurmusan” deyən mən…

İndi “səni mən yaratmışam” deyən mən…

Bu necə qəribə dəyişiklikdir?

Bəlkə də insan özünü tapanda əvvəlcə kiminsə yaratdığı olduğunu düşünür. Sonra anlayır ki, əslində o da yaradandır.

Çünki insanın ən böyük möcüzəsi yaratmaqdır.

İndi sənin qarşısında dayanıb öz yaratdığım əsərə baxıram.

Və birdən içimdən qəribə bir nida qopur:

Allah! Allah!

Məndəki Allahlığa bax!!!

 

Yazıya 27 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.