(səhnəcik)
İŞTİRAK EDƏNLƏR:
USTA
MÜŞTƏRİ
Vağzalyanı bərbərxana. Gül-çiçək. Səliqə-sahman. Usta ağappaq xalat geyinib. Müştəri əlində portfel, qutu və tor zənbil daxil olur.
MÜŞTƏRİ. Salam. Üzümü qırxdıra bilərəm?
USTA. Buyurun. Keçin, əyləşin.
Müştəri oturur.
(usta ağappaq dəsmalı onun boynuna dolayıb işə başlayır). Əziyyət vermir ki?
MÜŞTƏRİ. Nə danışırsınız? Heç hiss etmirəm (səmimiyyətlə). Mümkünsə bir az əlli tərpənin. Tələsirəm, qatarın gələn vaxtıdır.
USTA. Bizim müştərilər həmişə tələsirlər. Nə etmək olar: vağzaldır. Gur yerdir. Hara gedirsiniz?
MÜŞTƏRİ. Tiflisə. Müşavirəyə.
USTA. Ağrıtsa, deyin. Müştərilərə tez və yaxşı xidmət etmək biz ustalar üçün böyük fərəhdir.
MÜŞTƏRİ. Sağ ol. Kaş hamı öz sənətinə sizin kimi yanaşaydı. Əgər adam öz işini sevirsə, demək o, insanları da sevir. Xidmət mədəniyyəti isə…
Telefon səslənir.
USTA. Bu saat (dəstəyi götürür). Bəli. Bəli… Nə vaxt? Beşdə? Başa düşdüm (iş yerinə qayıdır). Bağışlayın, xahiş edirəm. Xalq nəzarəti qrupundan zəng vurmuşdular. Mən onların fəalıyam… Dediniz adam öz işini sevməlidir. Sizinlə şərikəm. Bu xüsusda mənim bir məsələm də var: «Kiçik vəzifə yoxdur, pis icraçı var». Pul xatirinə işləyənlər…
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Nə vaxt? Altıda? Başa düşdüm… Başa düşdüm, deyirəm (iş yerinə qayıdır). Bağışlayın, xahiş edirəm (başını aşağı salır). Mən yerli komitənin üzvüyəm. Bu gün putyovkaları bölüşdürürlər (qırxır). Harada qaldım? Hə. Əgər adam öz işini sevirsə, bu öz arvadını sevməyən, lakin onunla yaşamağı davam etdirən ərə bənzəyir.
MÜŞTƏRİ. Bir çox ustalar isə yalnız ciblərini doldururlar.
USTA. Day deməyin. Bizdə də beləsinin biri vardı…
Telefon səslənir.
Bu saat (dəstəyi qalırır). Eşidirəm. Nə vaxt? Yeddidə? Başa düşdüm. Başa düşdüm, deyirəm (iş yerinə qayıdır). Üzr istyirəm, partiya bürosu katibinin müavini idi. Axı, mən həm də partiya bürosunun üzvüyəm. Bu gün bir ustanın məsələsinə baxılacaq: o, müştəri ilə kobud rəftar edib, müştəri də eləməyib tənbəllik…
MÜŞTƏRİ. Bağışlayın, sözünüzü kəsirəm. Düz saat beşdə mənim qatarım gəlir. Elə olsun ki, gecikməyim.
USTA (saatına baxaraq). Əşi, hələ çox var. O vaxta qədər hələ üç nəfəri yola sala bilərəm.
MÜŞTƏRİ (sakitləşir). Bir bərbər tanıyıram. Üzü qırxandan sonra odekolon üçün dolabçanın küncünü axtarır. İşarə vurur ki, bu, xüsusi, əlavə xidmətdir.
USTA (mövzunu göydə qaparaq). Elə həmin odekolondan biri bu dəqiqə dolabçamın üstündədir.
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Bəli…
MÜŞTƏRİ (öz-özünü sakitləşdirərək). Bir gör ona nə qədər zəng vururlar. Görünür o, yaxşı ustadır, həm də etimad qazanmış insandır.
USTA (iş yerinə qayıdır). Bağışlayın, drujina qərargahından idi. Sən demə, bu gün mənim nöbəçiliyimdir.
MÜŞTƏRİ (səbr kasası daşaraq). Əzizim, bütün bunlar çox yaxşı, axı man Tiflisə gedirəm, mənim qatarım…
USTA. Sizə noldu? Hər şey qaydasında olacaq. Lap az qalıb.
Telefon səslənir.
Bu saat (dəstəyi qaldırır). Eşidirəm. Kimdir? Haradan? «Osvod» dan? Hansı «osvod»dan? Sizin də üzvəm? Xeyr, imkanım yoxdur. Necə yəni nə üçün? Ona görə ki, məşğulam. İşləyirəm. Bir yerdə müşavirədir, o biri yerdə iclasdır, sonra bölgü olacaq, növbətçiyəm, sizdə rəyasət heyətinin iclasıdır? Axı mən kiməm: bərbər, yoxsa… Xahiş edirəm icazə verəsiniz müştərinin üzünü qırxım. Yox, yox, bir də yox…
MÜŞTƏRİ. Afərin. Belə cavab vermək lazımdır. Yoxsa elə ki, birisinin yaxşı işlədiyini görürlər, başlayırlar tədbirlərlə onu yükləməyə. İşdən ayırırlar. Pis işləyənlərə isə toxunmurlar. Onlar istirahət də edə bilərlər.
USTA (telefonun yanında). Bir başa düşün, imkanım yoxdur, yoxdur, yoxdur.
Yaxınlaşan qatarın səsi.
MÜŞTƏRİ (saatına baxaraq, ayağa sıçrayır). Gecikdim (boynuna sarınmış dəsmalla qapıya sarı qaçır, portfeli, qutunu və tor zənbili qamarlayır, gözdən itir).
USTA (iş yerinə qayıdır). Bir dəsmal da yoxa çıxdı. bir gündə bu, beşincidir.
Tərcümə edən:
Akif ABBASOV
Yazıya 816 dəfə baxılıb