(İsa Muğanna qnostikasına giriş)
İsa Muğanna kimdir? Əski əsərlərdən imtina edib,ənənəvi epik süjetqurma modelini dağıdan modernist yazıçı, millətin təhrif olunmuş tarixini ezoterik yolla bərpa edən mütəfəkkir filosof, yoxsa bədii formada, obrazların dili ilə bizə yeni inanc sistemi təklif edən təriqət piri-mürşidimi ? Son əsərlərilə (“İdeal”,”Gur Ün”, “Qəbiristan”, “İsahəq-Musahəq”) nə demək istəyir ?
Mütəfəkkir yazıçı oxuculara altılığa daxil olmuş bu əsərləri yalnız onun göstərdiyi ardıcıllıqda oxumasını tövsiyə edir : “İdeal”, “Məşhər”, “Qəbiristan”, “Gur Ün”, “İsahəq-Musahəq”, “Cəhənnəm”.
Axı, hansı yazıçı oxucusuna deyər ki,bu povestimi öncə, o biri romanımı sonda oxu? Bu artıq təriqət insanının tövsiyyəsidir, müəllim-mürşid mövqeyidir. Bu artıq yazıçı məfkurəsindən gəlmir, planetar düşüncə refleksiyasıdır. Roman təhkiyəsinin içində keçən “xatırla”, “bil”, “yada sal” imperativləri sadəcə yazıçı ritorikası deyil, üst dünyalardan gələn hökmlərdir.
Onun sakral, ezoterik nitqə girməsi üçün sənətkar-yazıçı statusundan uzaqlaşması gərək idi. Kosmoqonik gerçəkliyi yeni statusda görməsi üçün ona şöhrət gətirmiş əvvəlki əsərlərdən imtina etməli idi.
Zatən “ Seçilmiş əsərləri “nin I cildində oxuculara müraciətində bu məqsədini gizlətmir :” Əksəriyyəti tamam yeni əsərlər kimi yazılmış bu povestləri və hekayələri altmış – yetmiş yaşlarında müəllifin bir növ ikinci həyatının məhsulu sayın. Üçüncü – altıncı cildlərə daxil edilən əsərləri üçüncü həyatını yaşayan tamam yeni müəllifin əsərləri sayın”.
Bəzilərinə İsa Muğannanın bu yaradıcılıq təkamülü sirli göründü, müəyyən sorumlar yaratdı. Buna bənzər hadisə rus klassiklərində də (Qoqol, Tolstoy,Soljenitsin) baş vermişdi. Onlar müəyyən yaradıcılıq zirvəsinə çatdıqdan sonra özlərini yazıçı kimi görməkdən imtina etdilər, “həyat müəllimi” kimi bəyan etdilər. Xüsusən Qoqolu həmişə bu suallar düşündürüb: yazdıqları nəyə lazımdır ? Bu povestləri nə üçün yazır? “Ölü canlar”dan sonra bu sual onu rahat buraxmır, daim çıxış yolu arayır. Nəhayət, “Dostlarla yazışmalardan seçmələr” yazır və özünü yeni statusa hazırlamaq üçün ölümə də gedir ki, möcüzə baş versin. Amma bu təkamül ətrafdakılara (“rus cəmiyyətinə”) təbii gəlmədi. Rus cəmiyyəti onların bu təlimlərini, moizələrini dinləmək arzusunda olmadı və insafən bu mövqe anlaşılandı da; hansı toplum özünü peyğəmbər seçmiş insanı sevər? Rus cəmiyyəti “Ölü canlar “, “Müfəttiş” müəllifini “ Yazışmalardan seçmələr…” müəllifindən, “ Hərb və sülh” müəllifini “ Etiraf “ müəllifindən üstün tutdu.
Canlı klassikimiz İsa Muğanna da Azərbaycan cəmiyyətində eyni mövqe ilə qarşılaşdı. Bunu vaxtilə Anar da yazıçıya məktubunda ifadə etmişdi : “Çox xahiş edirəm ki, cildlərini nəşrə hazırlayarkən əvvəlki əsərlərinə SafAğ elmi baxımından ODƏR dilində əl gəzdirməsin. Ona görə ki, bu əsərlər bizim gəncliyimizdir. Yeni nəsillərə də yazıldığı şəkildə milli ədəbiyyatımızın əbədi, dəyişməz sərvəti kimi çatdırılmalıdır.”
Bu romanlarla SafAğ elmini ODƏR dilində dərk etməyə çağırır. Onun inamına görə təhrif olunmuş adların bərpası millətin qurtuluş simvoludur. Təhrif olunmuş tarix bizim gələcəyimizin təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlir ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Fal kitabında olduğu kimi, keçmiş gələcək zamanı proqramlaşdırır. Yazıçı fantastik, yarımfantastik başlıqlar versə də, əslində həqiqətin carçısı və müjdəçisi kimi çıxış edir. Ona görə də İsa Muğanna tarixi mövzularda tarixi əsərlər deyil, tale əsərləri yazır. Bu romanlar yazılan sözdən nazil olunan sözə keçidin ifadəsidir.
İsa Muğanna və onun qəhrəmanları danışılan sözü deyil, vəhy olunan sözü eşidir. Xalq şairi Z.Yaqub bunu “pıçıltı məqamı” adlandırır və İsa Muğanna ilə bir telefon söhbətini xatırlayır: “Ayə, yaman dolmuşam,sən haqda yazmaq istəyirəm. Mənə pıçıltı göndər”.
Qeybdən gələn bu pıçıltılar, ünlər, səslər onda güclü fiziki, ruhsal sarsıntılar da yaradır. Bunu müəllifin özü də etiraf edir : “Əlbəttə, hər adamın hünəri deyil belə şeyə dözmək. Pünhanlar var ki, hətta huşlarını itirirlər, ayılanda, adam içinə çıxanda uzun müddət özlərinə gələ bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən. Yoxsa göndərməzdilər məni “.(“Qəbiristan”)
Ona görə də bu mətnləri bilmək üçün onu həm də eşitmək, dinləmək lazımdır.İsa Muğannanın əvvəlki əsərləri “göz”ün yaddaş təzahürüdürsə, sonrakı əsərlər səslərdən, ünlərdən, kainatdan gələn səslərdən “toxunubdur”.Romanların məkanında daim iki səsi – müəllifin və personajların səsini eşidirsən.
“Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə dəyişir, ağırlaşır. İnsan vəhşiləşib. Rəhm qalmır, böhtan, şər, şantaj yeyir SafAğları! “
“Qəbiristan” romanında “dinlə” deyə başlaması könlü ilə sirləri anlamaq üçündür, hardasa Quran imperativlərini (“oxu”, “dinlə”) xatırladır . Qutsal kitabı anlamaq ancaq dinləməklə mümkün olur. Necə ki, Allah – Təala buyurur : “ Quran oxunduğu zaman onu dinləyin və susun ki, sizə mərhəmət edilsin “ (Əraf surəsi. 7/204)
Əlbəttə, yazıçının əvvəlki əsərlərdən imtina etməsi ədəbi davranış aktından çox, bir inam məsələsidir. İsa Muğanna qəti inanır ki, dünya (Azərbaycan) tarixi təhriflər tarixidir. Dünya təhriflər dünyasıdır. Təhriflər dünyasında əvvəlki adla ( İsa Hüseynov) yaşayıb-yaratmaq olmazdı…
(Burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm : Bakıda Ustadla tarixlə bağlı söhbətlərimizin birində (Firuzə xanım, qızı Sevinc xanım şahiddilər) görkəmli yazıçımız Kamal Abdullanın “ Yarımçıq əlyazma” romanını xahiş etdi. 2-3 həftə sonra Ağstafadan zəng edib romanı yavaş-yavaş oxuduğunu (ustadın gözləri çox zəif görür), yazıçı ideyasının çox maraqlı olduğunu və bu barədə yazı yazacağınıda söylədi)
İsa Muğannaya görə, dünyanı dəyişdirən təhriflərdir, adlardır. Qoca Şərqin böyük müdriki Konfutsi deyirdi ki, sözlər (adlar) mənasını dəyişəndə insan azadlığını itirir.
Onun qəhrəmanları funksional baxımdan ideoloqlardır (yəni ideya daşıyıcısıdırlar ). İsa Məsih, Seyid Nəsimi, Şeyx Nizami… SafAğ elminə bağlıdırlar. “Nizami SafAğa bağlı idi. Budur Nizaminin böyüklüyü : sözə – ƏsÜzə,Od-Əsə-Dilə-İdeala bağlılıqdadır.”(“GürÜn”).
Onun cismanilikdən azad təxəyyülü fərqli zamanların və obrazların əlaqəsini yaratmağa qadirdir. Sakral obrazları ( Süleyman peyğəmbər, İsa peyğəmbər, Şeyx Nizami, Seyid Nəsimi, Ağ Seyid, Aşıq Alı…) ünsiyyət məkanına bilir. İsa Muğanna “Dilican dərəsində eşitdiyi hadisələrin” kosmik miqyasını verə bilir.
İsa Məsih İsa Muğannanın ən çox sevdiyi obrazdır – ən qutsal addır. Bu sevgi “Məşhər”dən, Nəsimidən başlayır. “Məşhər”i yazanda Nəsimi sirrinə o qədər vaqif olub ki, artıq Nəsimi ilə “vəhdəti-vücud”dur. “Məşhər”dəki Nəsimi İsa Muğannanın özüdür. Nəsimi hürufiliyindən başlayır İsa Muğannanın neohürufiliyi!
Onun uca könlünə EySar işığı Nəsimidən keçibdir. Məhz EySar ona diqtə edir, yazmağa izn verir.
İsa Muğanna qəti inanır ki, “Xəmsə”də Nizami Süleymanı (Əs Əlməni) və İsanı (EySarı) vəsf edir.”(“GürÜn”). Qəribədir : mən də nədənsə həmişə İsa Məsih ilə İsa Muğanna arasında assosiativ əlaqə görmüşəm və buna inanmışam…
Bu romanların strukturu başdan-başa sorğu-sual üstündə qurulur. Bu, ənənəvi roman personajlarının dialoqu deyil, mətnlərdəki dialoqları xatırladır. Sanki Tanrı divanında, Tanrı dərgahında ruhların məhkəməsidir, sorğu-suala tutulmasıdır.
Kosmoqonik mətnlərdə bu tipli dialoqlar kosmik rəqiblərin söhbətində keçir.Skandinav saqalarında – “Böyük Edda”, “Kiçik Edda”nın dialoq strukturu da belədir.
Personajların dialoqu “daxili nitqin dual – şəxsləndirilmiş modelini xatırladır. M.Baxtin deyirdi ki, “ iki səs tonunda sözə ikili vücud uyğun gəlir”. Daxili nitqin şəxsləndirilmiş modelinə “Fomanın kitabı”nın proloqunda rast gəlirik.
Təhkiyə məsamələrində kommunikativ münasibətlərdə qutsal kitablara xas olan “sürreal – irfani hava” dolaşır. İsa Muğanna qəhrəmanları, təsadüfi deyil ki, ruhlar aləmi ilə, mistik səslər ilə (saz, tütək, tar, ud, zurna, balaban, sükutun səsi) simvolik əlaqə saxlayır. “Göydən Ün gəlir, mən də təkrar edirəm”- deyir İsa Muğanna. İsfəndiyar kişi Axsaq Hacıya sazla könül toxtaqlığı verir. (“Saz”), Naxırçı Məsini Cümrünün tütəyi həyata qaytarır (“Tütək səsi”). İki yaddaşın məcrası – İsa Hüseynov yaddaşı ilə İsa Muğannanın yaddaşı birləşir.
Bu əsərlər kahin mətnləri kimidir: magik səslərin birləşdiyi formullar- adlar Bağlar ilə, ruhlar səltənəti ilə əlaqə saxlamaq üçündür. Orta əsr qnostikləri kimi, İsa Muğanna bu sirli mənaları təkrarlayır, onları tələffüz etməkdən, səsləndirməkdən xoşu gəlir.
Ravvinlər iudaizmin mistik mətni Tövratın İlahi qüdrətdən nazil olmasına, tetraqramdan – Allahın dörd adından (YHVH) ibarət olmasına inanan kimi, İsa Muğanna da İsanın “EySar” olmasına inanır.
İsa Muğanna qutsal şəxsdir, artıq müqəddəsləşmiş, mifləşmiş obrazdır. İsa Muğanna müqəddəs adamdır, yüksək, sakral fikrin əzəlkeşidir, yeni inanc dünyasının yaradıcısıdır. “Muğanna” yazıçı təxəllüsü deyil, maq-kahin adıdır.
Bu romanların planetar fəlsəfəsini, kosmik stixiyasını göstərən bir detal – motiv də var : işıq gəmiləri ilə başqa planetə uçub getmək. Bu səslər təhtəlşüur axınlarıdır.
“Azərbaycan” jurnalında (№6, 2013) çap olunmuş (“İlan dərəsi və peyğəmbərin taleyi”) povestinin sonunu yazıçı belə tamamlayır : “Padşahlıqnan İncə dərəsinin arasındakı çökəyə göydən günəş parıltılı bir şey gəldi. Musa ağaynan Ağ gəlin mindilər göyə getdilər “. Musa ağaynan Ağ gəlinin göydən gələn “günəş parıltılı gəmilər”lə görüşü Musa peyğəmbərin Tur dağındakı görüşünü xatırladır.
“İdeal” romanının 2005-ci il nəşrində son cümləni xatırlayın : “Əlavə xəbər : İşıq gəmilərinin yerə enməsinə lap az qalıb.”
“Qəbiristan” romanının sonu isə belədir : “ Bu vaxt heç kəs görmürdü ki, qəbiristanın səmasında Səmi ilə, Midi ilə birgə bir dəstə “ruh” hamısı ƏrAğ yavaş – yavaş buludların arasına doğru uzaqlaşırdı. Və əlbəttə, onların – “ruh”ların hamısı bir neçə saatdan sonra yenidən yaranıb yeni, doğma planetdə, doğma insanlar arasında sevincdən hönkürə-hönkürə qucaqlaşacaqlarını da hələ heç kəs bilmirdi.”
İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərir. Göylərin mübarək, Böyük Ustad
Yazıya 1585 dəfə baxılıb