Sevimli bəstəkarımız Qəmbər Hüseynli bəşəriyyətə Nizami Gəncəvi kimi böyük düha bəxş etmiş, zəngin tarixə malik, füsunkar təbiətli Gəncə şəhərində doğulub boya-başa çatıb.
Könülləri oxşayan, qəlbləri riqqətə gətirən “Tellər oynadı”, “İlk məhəbbət, “Çeşmə başında”, “Ceyran”, “Nədən oldu”, “Gülə-gülə”, “Tel nazik”, “ Dağlar” və s. onlarla ecəzkar mahnının müəllifi məhz Qəmbər Hüseyinli olub. İstedadlı sənətkarın melodiyaları bu gün də sevilə-sevilə dinlənilir, aktuallığını itirmir.
1947-ci ildə Tofiq Mətləbovun sözlərinə bəstələdiyi “Cücələrim” mahnısı bəstəkara dünya şöhrəti qazandırıb. Uşaqların himninə çevrilmiş bu mahnının sədası xarici ölkələrdən gəlir. Bu bir həqiqətdir. Onu səciyyələndirən iki epizodu diqqətə çatdırmaq kifayətdir:
Respublikanın bir qurup kino işçisi Parisdə olarkən tanınmış kino ulduzu Çarli Çaplin biləndə ki, bu heyət Azərbaycandandır, dərhal royal arxasına keçib “Cücələrim” mahnısını ifa edir və deyir: – “deməli siz bu melodiyanın vətənindənsiniz, məndən onun bəstəkarına salam deyin”.
Xalq artisti, gözəl müğənnimiz Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu “Cücələrim “ mahnısı sürəkli alqışlarla qarşılanır. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyur və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş edirlər.
Bəstəkarın ömür yolu çox qısa olub. Yaradıcılığının çiçəklənən dövründə – 1961-ci ildə 45 yaşında dünyasını dəyişmişdir. Vəsiyyətinə əməl olunaraq Qəmbər Hüseynli doğma vətəni Gəncədə uşaq parkında dəfn edilib. Məzar üstünə qoyulmuş qara mərmərdə Qəmbər Hüseynlinin portreti və melodiyalarından nümunələr həkk olunub. O vaxtdan sənətkarın məzarı sənətsevərlərin və xarici qonaqların ziyarətgahına çevirilib.
Sevindirici haldır ki, şəhər rəhbərliyi milli-mənəvi dəyərlərə böyük önəm verir. İnanıram ki, dünya şöhrətli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsi də bu qayğı və diqqətdən kənar qalmayacaq və məzar üstündə bəstəkarın büstü ucaldılacaq.
Tofiq AZƏRİ
Yazıya 635 dəfə baxılıb