Nərmin Kamal — BBC Azərbaycancanın 20 yaşı münasibətilə

 

Nərmin Kamal

   Nərmin Kamal

Hər bir uşağın onu sevən valideynlərə və alternativ informasiya mənbəyinə ehtiyacı var. Bakıda bir parkda camaatın içində oturmuşdum, ətrafa tamaşa edirdim.

Tezliklə yanımda bir nənəylə 2-3 yaşlarında uşaq oturdu. Nənə yaxın skamyada oturanlara üz tutub dedi: “Kaş siz biləydiniz mənim nəvəm necə ağıllı, zəkalı, yaddaşlı uşaqdır. Nənə qurban, Qulhuvallahu duasını de.” Uşaq mənasını bilmədiyi ərəb sözlərilə yeddi-səkkiz çox uzun mətni əzbər dedi.

Eşidənlər maşallah dedilər, biri əlavə elədi ki, uşaq sözləri düpbədüz deyir. Qızcığazı möhkəm əzizlədirlər, o da, nənə də ürəkdən sevindi.

Bəs alternativ informasiya mənbəyi nədir? Alternativ informasiya odur ki, bu uşaq bu minvalla böyüyür, ancaq onun qulağına kimsə tapılıb Mirzə Şəfi Vazehin Axundovun qulağına pıçıldadığı o məşhur cümlə kimi bir cümlə pıçıldayır.

Məsələ onda deyil ki, uşaq onu əhatələyən əsas informasiya axınına üz çevirib alternativi seçsin. Yox, mən bunu demirəm. Dünyəvi mühitdə böyüyən uşaq üçün din, dini mühitdə böyüyən uşaq üçün fəlsəfə, həddən ziyadə sərt tərbiyə üsullarıyla böyüyən uşaq üçün küçə uşaqlarıyla bircə dəfə görüşmək də alternativ informasiya mənbəyi ola bilər.

Hər bir həqiqətin alternativi var. Vacib olan odur ki, uşaq alternativ yolun mövcudluğundan sadəcə xəbərdar olsun. Ona da dünyagörüşünün bir küncündə yer versin. Bu, təkdüşüncəli insan olmağın, fanatiklikliyin, faşistliyin, radikallığın qarşısını almaq üçün bəşəriyyətin kəşf etdiyi hələlik yeganə üsuldur.

Famil İsmayılov

Şəxsən mən 16 yaşıma qədər bir neçə alternativ informasiya mənbəyi ilə rastlaşmışam. Bu alternativ informasiya mənbələrinə özümü həmişə borclu hiss edirəm.

Mühacir Azərbaycan yazıçısı Ümmülbanunun (Banin) “Qafqaz günləri” kitabı belə bir mənbə idi. Başqa bir alternativ informasiya mənbəyim bu gün FM dalğasında yayımı çoxdan kəsilmiş xarici radiolar, BBC-nin Azərbaycan xidmətinin radio verilişləri idi.

Azərbaycanda bizim sözün əsl mənasında böyük jurnalistlərimiz olub və var. Onlar bizim xalqa təkcə jurnalist olmayıblar, ictimai xadim, filosof, ziyalı olublar. 1994-cü ildən BBC-nin Azərbaycan dilində radio verilişlərini hazırlayan komanda da belə jurnalistlərin birgə əsəri idi.

Çox mürəkkəb dövr idi. Azərbaycanda türk, rus, ərəb və fars dilləri, mədəniyyətləri bir-birilə nüfuz savaşı aparırdı. Bakı, qaçqınları özündə əritməyə çalışırdı.

Səhər dərsdə Azərbaycan dili müəllimim “Uruşkoyu maa ver” dediyinə görə kefim pozulurdu. Axı mən hər axşam səlis Azərbaycan dilində yüksək səviyyəli, maraqlı, həm 13 yaşlı uşağın, həm də böyüyün eyni vaxtda maraqla qulaq asa bildiyi BBC Azərbaycan xidmətinin radiosuna qulaq asırdım.

Onlar radioda cəmiyyətdən, siyasətdən danışırdılar, ancaq lap Eyntşteynin dediyi kimi; o ixtira əsl ixtiradır ki, onu balaca uşağa izah edə biləsən.

Zülfüqar Rüfətoğlunun müəllif verilişlərini, o əvəzolunmaz səsi necə unutmaq olar?! O, jurnalistika və ədəbiyyatı ən gözəl şəkildə bir-birinə hörürdü.

Zülfüqar Rüfətoğlu
Zülfüqar Rüfətoğlu

Unudulmaz “Atəşkəs kölgəsində” radio-oçerkini indi, burada necə yada salmamaq olar?! Aleksey Manvelyanın Azərbaycan dilində yarı bədii, yarı sənədli reportajları mənim ölkədəki, məktəblərdəki əsas informasiya axınında yuyulmaqda olan beynim üçün alternativ informasiya mənbəyi idi.

İbrahim Nəbioğlunun Türkiyədən reportajlarını, Sevinc Osmanqızının, Sədaqət İsmayılovanın, ayrı-ayrı ekspertlərin səslərini və proqram bitəndən sonra BBC-nin üç dəqiqəlik ingilis dili dərsi başlayanda anamın “Tez dəftəri götür, yaz” deyən, dil öyrənməyin bu qədər asan olacağını sanan anamın səsini aydın xatırlayıram.

Əgər bugünkü standartlarla düşünsək, onların əmək haqqını Azərbaycan vermirdi, – amma onlar bizim beyinlərimiz və ürəklərimiz idi. Keçmiş zamanda danışmaq mənim pis bir vərdişimdir, onlar bu gün də işləyirlər, yazırlar.

İndi deyirlər ki, xarici radiolar təhlükəlidir. Bəziləri hətta deyirlər: BBC, buranı Suriyaya döndərə bilməyəcəksən.

Ancaq mənəm BBC Azərbaycan radiosunu dinləyə-dinləyə böyümüş uşaq, ən səliqəli dinləyicilərdən biri, – mən təhlükəli deyiləm.

Sadəcə olaraq, hər bir uşağın onu sevən valideynlərə və alternativ informasiya mənbəyinə ehtiyacı var. Hər bir Axundovun Mirzə Şəfi Vazehə ehtiyacı olduğu kimi.

Yazıya 936 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.