Bir axşam, günün sonuna yaxın Əliməmməd Şəfini kabinetinə çağırdı. Adəti üzrə əhvalı kök olan rəisin geniş masasının üstünü Quran kitabından başqa (o, bütün əməllərini Quranın “şahidliyi” ilə edirdi) büllur qablarda cürbəcür desert təamlar: ləbləbi, meyvələr, şirniyyatlar bəzəyirdi.
-Səndən qulağıma xoşagəlməz söhbətlər gəlir.
-Nə barədə, cənab polkovnik?
-Zabitə yaraşmayan sözlər danışıbsan. Guya, burada işçini paqonlu məhkum hesab edirlər. Şənbə günləri qeyri-qanuni işlədirlər. Bayram günləri ikiqat zəhməthaqqı ödənilməlidir…
Şəfi ötən dəfəki məsul növbətçılık zamanı əməliyyatçı Gərayla etmişdi bu söhbəti. Şübhəsiz, rəisə də, o, çatdırmışdı.
-Cənab polkovnik, mən qanunda yazılanlardan danışmışam…
-Elə bilirsən o qanunu bircə sən bilirsən, bizim xəbərimiz yoxdur? Yoxsa demək istəyirsən ki, biz qanunsuz işləyirik? Hələ bu azmış Baş idarənin işlərinə qarışırsan. Yenə guya, məhkumların cəzasının yüngülləşdirilməsi zamanı, məhkəməyə təqdim olunmadan əvvəl razılıq alınması üçün siyahıların Baş idarəyə göndərilməsi qanuna müvafiq deyil. Sən nə etmək istəyirsən? Məhkumları üstümüzə qaldırmaqmı istəyirsən? Çox bilirsən, az danış. Bunları Baş idarədə bilsələr sənin də başın ağrıyar, mənim də. Bildin? Biz dövlətin kəbin- li arvadıyıq. Öl desələr ölməliyik, qal desələr qalmalıyıq. Yox, əgər elə olmayacaqsan, atacaqlar işdən kənara… Başa düşdün? Bilirəm, cavan oğlansan, görüşə getməyə vaxt tapmırsan. Vacib olanda gəl mənə de, ayda bir, ya iki şənbə mən sənə icazə verərəm. Daha demaqoqluq etmək lazım deyil. Oldu? Gedə bilərsən.
Əliməmməd onu eşitmək istəməyib əli ilə də getmək işarəsi verdi. Nəsə deməyin, mübahisə etməyin mənasız olduğunu düşünən Şəfi durduğu yerdən dönüb, bir söz demədən kabinetdən çıxdı.
* * *
Növbəti həftənin birinci iş günü kədərli hadisə ilə başlamışdı. Hava işıqlaşana yaxın sançastda yatan vərəmli xəstələrdən biri keçinmişdi. Səhər iclasında rəis həkimə qəzəblənmişdi:
– Sən necə həkim, necə insansan? Görürsən ki, bu adam öləsidir, niyə saxlayırsan, xəstəxanaya göndərmirsən? Ölür, qoy gedib xəstəxanada ölsün, gərək burada ölüb işimizi, xərcimizi artırsın? Hər həftə on adamdan haqq alıb göndərirsən, bir yiyəsiz yetimi də öz hesabına göndər də. Dünya dağılmaz ki. İclasdan sonra gedib zonda nə qədər xəstə var, siyahısını tutub yanıma gəlirsən. Qarnını kəsən gədə vardı ha, öz zibilinin üstünü ört-basdır etmək üçün qardaşının xəstəliyini bəhanə etmişdi, onu da yaz. Çıxdaş edək, ağırlarını göndərək xəstəxanaya, eybi yox, xərcini özüm çəkərəm. Qalan əməkdaşlar bir nəfər də olsun istisna olmamaqla, – ani baxışla kabinetdəki bütün əməkdaşlara nəzər yetirdi, – buradan çıxan kimi Rasimin böldüyü qruplar üzrə eyni vaxtda yataqxanalarda axtarış aparırsınız. Yalnız qadağan olunmuş əşyaları – kəsici, deşici alətləri, şüşə qabları, yaşayış sahəsinə aid olmayan əşyaları yığışdırırsınız. Sonda hər qrup akt tərtib edərək aşkar olunan əşyaları təhvil verir. Daha gedib qaşınmayan yerdən qan çıxarıb camaatın qab-qacağına, paltarına zərər vurub, narazılıq yaratmayın. Qərəzkarlıq edən əməkdaş sonra məndən inciməsin. Bu bizim plan üzrə keçirilməli tədbir olmaqla yanaşı, həm də nazirlik tərəfindən müəssisədə keçiriləcək yoxlamaya hazırlıqdır.
– Rəis, sex rəisləri də iştirak edəcək? Bəs sex necə olsun, nəzarətsiz qalsın? – yoldaşları tərəfindən “Bozdar” ayaması ilə tanınan sex rəisi Aqil oturduğu yerdən soruşduğu yersiz sualı ilə ətrafdakıların istehzalı gülüşünə səbəb oldu. Onun “Bozdar” çağırılmasına səbəb özü cavabdeh olan sexə aid söhbətlərdə kiməsə güzəştə getməməsinə və sexdən qeyri, zonun hər yerinə laqeyd qalması ilə bağlı idi.
– Sex rəisləri göydən zənbillə düşməyiblər ki, – rəis gülmək istədisə də özünü saxladı, – mənim göstərişim hamıya aiddir. Sən sexin dərdini çəkmə. Yataqxanalardan sonra sexlər yoxlanılacaq. Nəhayət, bu gün sizə hörmətli nazirimizin əmri ilə müəssisəmizdə əməliyyat-rejim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş mayor Nüsrət müəllimi təqdim edəcəyəm, – səhərdən hamının nazirlikdən gələn nümayəndə olduğunu güman etdiyi kök, tosqun, sınayıcı baxışlarla hər şeyə göz qoyan, sıranın başlanğıcında oturmuş mayor ayağa durdu, – tanış olun, hörmət edin, əməliyyat baxımından kömək edin və göstərişlərini yerinə yetirin. Əyləşin, Nüsrət müəllim! Nüsrət müəllim uzun illər əməliyyat işində çalışıb, təcrübəli işçidir. Yaxın günlərdə onun qabiliyyətini özünüz görəcəksiniz. Qaldı Əhməd müəllimə, məzuniyyətdən vəzifəyə – qonşu rayondakı islah əmək müəssisəsində əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə yüksəlmişdir. Fəxrimizdir, gün o gün olsun ki, rəis təyin edilsin. Rasim, ləngimədən Nüsrətlə bir yerdə qrupları müəyyənləşdirib axtarış tədbirini iki saat ərzində həyata keçirib mənə məruzə edərsiz. Başlayın!
Hər dəstəyə dörd zabit və üç nəzarətçidən ibarət bir qrup ayrıldı. Dəstə rəisləri hərə öz dəstəsinə cavab verməli idi. Şəfinin dəstəsini yoxlayacaq qrupa əməliyyatçılardan Fazili qoşmuşdular.
Əvvəlcə elan olunmadan bütün yataqxanalardan məhkumlar həyətə çıxarıldı. Axtarış qurtaranadək məhkumları içəri buraxmamaq üçün hər korpusun giriş qapısında nəzarətçi saxladılar. Korpusun başından başlayıb, o biri başınadək çarpayıların altını, yorğan-döşəyin içərisini, dolabları, içəridə qalan paltarları, gözlərinə dəyən hər şeyi diqqətlə yoxladılar. Qadağan olunmuş və kəsici, deşici əşyalar yox dərəcəsində olsa da, rəhbərlik tərəfindən icazə verilməyənləri tapıldı. Xeyli olmasa da şüşə qablar, qış geyimləri, bir qol saatı, iki kiçik ölçülü radio aparatı, müəssisənin sexlərində hazırlanmış çoxlu sayda təsbehlər, artist qadın şəkilləri, cib kitabçaları, kitab şəkilli dəftərlər, cürbəcür qutular, mücrülər aşkarlandı. Saat və radiolar tapılanda Fazilin çiçəyi çırtladı, sevincək yanındakı rejim Zakirin başı qatışıqlığından istifadə edib onları özünə götürdü. Yəqin ki, o, həmin əşyaları yiyələrinə qaytaracaqdı, əlbəttə elə belə yox. Saat və radioların Fazilin götürdüyünü görən kimi, axtarış qurtaranadək kortəbii bölgü getdi. Nəzarətçilər təsbehləri, rejim Zakir şəkilləri, cib kitabçalarını, sex rəisi qutu və mücrüləri götürdü. Yerdə dörd-beş kitab şəkilli dəftər qalmışdı. Nəzarətçi İlham Şəfiyə yaxınlaşıb dəftərləri götürməyi təkid edirdi:
– Sən niyə götürmürsən?
– Yaxşı, götürərəm, onda zəhmət olmasa apar otağıma, – Şəfi razılaşmalı oldu.
Şüşə qablar, qış geyimləri, bir neçə qayçı, cib bıçağı, dırnaqtutan akta yazıldı. Fazil xasiyyətinə uyğun halda Şəfini məzəmmətlədi:
– Korpus pis gündədir. Bütün tapılanları akta yazsaq, rəis səni töhmətləndirəcək. Ona görə çox şeyin üstündən keçirik. Daha nələr yoxdu burda? Barakda da bu qədər əşya olar? Yataqxanadı bura, yoxsa anbardı? Sən buranın dəstə rəisisən, hara baxırsan? Niyə arada tumbaları, çarpayıların altını axtarış edib yoxlamırsan? Tez-tez yoxlasan, nəzarət etsən, saat, radio, bu qədər artıq əşya yığılmaz. İşləmirsən, ya da lazımı qaydada işləməyi bacarmırsan!
Əslində Şəfinin qol saatı və radio cihazlarından xəbəri vardı. Bilirdi ki, bu əşyalar göydən düşməyib. Görüşdən keçəndə haqqını alıblar. Üstəlik Fazilin həmkarları, rejim və əməliyyatçılar iki-üç dəfə tutub, cərimələyib, qaytarıblar. İndi onları açıb-ağartmağın xeyrindən çox ziyanı olardı. Odur ki, Fazilin sözünü mənalı tərzdə təsdiq etdi:
– Düz deyirsən. Mən sizin kimi işləməyi bacarmıram.
Barakı silib-süpürən üzdəniraq Hüseyn, atılmalı əşyaları zibilxanaya atdı, aktla təhvil verilənləri isə belinə şələləyib idarənin həyətinə apardı. Korpusda yarım saat çəkən yoxlamadan sonra baraklar yenidən məhkumların ixtiyarına verildi.
Rəhbərliyə aid əməkdaşların əhval-ruhiyyəsindən tədbirin qaneedici formada başa çatdığı hiss edilirdi. Şəfi otağına qayıdıb, öz işləri ilə məşğul olmaq istəyirdi ki, qapının ağzını iki məhkumun kəsdiyini gördü. Şikayətə gəlmişdilər. Axtarış vaxtı birinin balışında gizlətdiyi az miqdarda pulunu, digərinin isə dolabda saxladığı bir blok siqaretini götürmüşdülər.
– Əvvəla, başınız sağ olsun. Axtarmağına dəyməz, – Şəfi güldü, – yox inad edirsinizsə, burada olan nəzarətçilərdən soruşun, bilsələr onlar bilər. Mən görməmişəm.
– Bilməsələr, biz rəisə şikayət edəcəyik.
– Öz işinizdir. İstəyirsiniz gedin şikayət edin.
Şəfi onları yola salmışdı ki, daha bir məhkum gəldi.
– Şəfi müəllim, eşitdim mənim dəftərlərimi siz götürmüsünüz. Yaxınlarda görüşə çıxacağam, ailə üzvlərimə hədiyyə hazırlamışdım. Nə olar, qaytarın, mən sizin üçün təzələrini hazırlaram. Şəxsən hədiyyə edərəm.
– Heç baxmamışam, görüm? – Şəfi kənarda qoyulmuş dolabın üstündəki dörd kitab formalı dəftəri vərəqlədi. Üçünə hədiyyə olunmalı adamın adı yazılmışdı, biri təmiz idi.
– Ad yazılanları götür, o birisi mənim.
– Çox sağ ol. Heyf, bilsəydim ona da ad yazardım.
– Get Allahına şükr elə, naşükür olma. Mənə hədiyyə edənə bax, neçə vaxtdır yadına düşmürdüm, indi dil-dil ötürsən. Pisliyə o qədər vərdiş etmisiz ki, onu görməmiş yaxşılıq əlinizdən gəlmir. Xoş getdin…
Şəfi qapını örtüb dincini almaq üçün çarpayıya uzandı. Nə qədər əhəmiyyət vermək istəməsə də, Fazilin kinayəli sözləri fikrindən çıxmırdı: “…işləməyi bacarmırsan!..”
Yazıya 762 dəfə baxılıb