Vəfa Zahid qızı –“Bəyaz qala”nın üz qarası

orxan-pamuk-beyaz-qala-kitabi-220411

Hər bir xalqın ədəbiyyatının, mədəniyyətinin inkişafına digər xalqların ədəbiyyatı, milli-mənəvi dəyərləri ilə təmas və mübadilə əlaqələri müsbət təsir edir. Ədəbiyyatşünas G.Lomidzenin fikri də bunu təsdiq edir: “Hər hansı bir xalqın mədəniyyətinin başqa xalqların milli mədəniyyəti ilə təması, onların təcrübəsini mənimsəməsi, bu təcrübəni müvafiq şəkildə dəyişdirib öz milli ənənəsi ilə əlaqələndirməsi onun inkişafına yalnız yeni canlanma gətirə bilər.”

Hələ XIV-XV əsrdən başlayaraq müxtəlif xalqların ədəbiyyatından nümunələr tərcümə olunmağa başlamışdır. Sözügedən sahədə A.Səhhət, M.Arif, A.Şaiq, M.Seyidzadə, R.Rza, S.Vurğun və başqalarından tutmuş onlarla peşəkar yazar – tərcüməçilərin imzası ilə saysız-hesabsız əsərlər meydana çıxmışdır. Bu gün də bu işi davam etdirən Ç.Qurbanlı, V.Hacıyev, N.Əbdülrəhmanlı, S.Mustafa, H.Arzulu, Z.Səttarlı və adlarını çəkmədiyim bir sıra peşəkarlar var. Məsələn, Qurban Səidin, Stefan Sveyqin, Herman Hessenin, Orxan Pamukun, Əlif Şəfəqin, Xalid Hüseynin, Patrik Züskindin, Paulo Kuelionun, Corc Oruelin və digər yazarların əsərlərinin səviyyəli tərcümələrdən mütaliə etmişəm və zövq almışam.

Ancaq təəssüflər olsun ki, son dövrlərdə tərcüməçiliklə təsadüfi insanlar da məşğul olmağa başlayıblar. Mən başa düşürəm, tərcümə bir neçə mərhəldən keçən çox çətin prosesdir. Ancaq oxucunu bu maraqlandırmır. O, əlinə hər cəhətdən mükəmməl olan kitab almaq istəyir.

Bu gün azad bazar iqtisadiyyatı ilə əlaqədar olaraq Azərbaycanda müxtəlif özəl nəşr ocaqları fəaliyyət göstərir. Bu nəşriyyatlarda istənilən şəxs öz hesabına istədiyi kitabı müqavilə əsasında tərcümə edib yayımlaya bilir. Beynəlxalq ədəbiyyat müstəvisində tanınmış ədiblərin əsərlərinin tərcümələri günbəgün yayımlanmaqdadır. Ancaq hər əlinə qələm alan tərcüməçi ola bilməz. Tərcüməçinin işi ədibin işindən çətindir. Bu zaman o, həm tərcümə etdiyi yazarın dilini və üslubunu nəzərə almalı, həm də ruhunu, nəbzini tutmalıdır. Eyni zamanda hər iki dildə o qədər təcrübə toplamalıdır ki, bu sevdaya düşsün.

Tərcüməçi ilk növbədə öz dilini, onun norma və qanunlarını, sonra isə tərcümə etdiyi dilin qrammatikasını mükəmməl bilməlidir. Bundan əlavə tərcüməçinin özünün yaradıcılıq qabiliyyəti yüksək səviyyədə olmalıdır. H.Hayne demişkən, əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil. Əgər tərcüməçi özü kiçik bir hekayə belə yazmayıbsa, o başqa yazarın əsərini necə tərcümə edə bilər?
Əslində bu yazını yaxınlarda nobelli türk yazarı Orxan Pamukun “Bəyaz qala” əsərinin tərcüməsini oxuduqdan sonra yazmağa vadar oldum. Ortaq keçmişə malik olsa da, Türkiyə türkçəsinin və Azərbaycan türkçəsinin sintaksisi çox fərqlidir. Düzdür, tərcüməçi Fərid Hüseyn şeir və esselərin müəllifidir, zəngin mütaliəsi var, ancaq sözügedən əsəri çox aşağı səviyyədə tərcümə etmişdir.. Öncə qeyd edim ki, kitabda olduqca çoxlu sayda orfoqrafik səhvlər oxucunun diqqətini cəlb edir. Həmçinin cümlələrin sintaktik quruluşuna xeyli sayda zərər vurulması müşahidə olunur.

Bəzi şəxs adları və əşya adlarının tərcüməsində də yanlışlıqlara yol verilib. Xüsusi isimlər kiçik, ümumi isimlər böyük hərflərlə yazılıb. Bir cümlədə bir sözün bir neçə dəfə təkrar olunması oxucunun diqqətindən yayınmaya bilmir. Bir cümlədə müxtəlif zaman formaları müşahidə olunur. Hətta fikri belə anlamaq olmur. Bir sözlə, kitabda çoxlu sayda qüsurlar mövcuddur. Məsələn, “Xocanın silahı sınaqdan`keçirmək üçün o dəhşətli polad yığnağının içinə girib, boğaz yandıran pas və dəmir qoxusunun içində çarxları çevirə bilən cəsur adamlar axrardığı günlərdə, mən dediklərindən gileylənəndə, Sultan mənə qulaq asmadı” (s. 110) və yaxud: “Xocanın silahı hazırladığını, amma işə salmaq üçün adamları toplaya bilmədiyinə görə istifadə edə bilmədiyi bu günlərdə artıq bahar gəlmişdi” (s.111). Bu yəqin ki, müəllifin yaşı və kifayət qədər təcrübəsinin olmamasından irəli gəlir. Ümumiyyətlə, məndə belə bir təəssürat oyanır ki, sanki müəllif tərcüməyə çox barmaqarası yanaşıb. Əgər bu tələsik bir iş olmuşdursa, hər halda nəşriyyatın redaktoru bütün bunları nəzərə almalı idi.

Tərcüməçi və tərcümə nəzəriyyəçisi Y.Ryaşentsev deyib: “Ən yaxşı tərcümə nədir? Əgər ikinci dildə yaradılan əsər orijinalın oyatdığı təəssürata maksimum dərəcədə yaxın təsir oyada bilirsə, onu ideal tərcümə hesab etmək olar.” Bu mənada “Bəyaz qala” əsərinin Azərbaycan dilində tərcüməsini ideal tərcümə hesab etmək mümkün deyil.

 


 Müxtəlif təbəqələrdən, yaş səviyyələrindən ibarət olan Azərbaycan oxucusu çox savadlı və tələbkar oxucudur. Oxucular kitab alarkən onun üz qabığına və tərtibatına da çox diqqət yetirilər. Bu mənada kitabın tərtibatı və texniki tərəfləri də qənaətbəxş deyil. Ən azından dünyada məşhur olan belə bir müəllifin əsərinə bu cür yanaşmaq çox mənfi haldır.
Ümid edirəm ki, kitab mağazalarında bir daha belə əsərlərə rast gəlməyəcəyik.

Yazıya 678 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.