Tərcümə: Novruz Bəylərzadə
Bəziləri insanların quzu, bəziləri isə qurd xislətli olduğuna inanır. Hər iki tərəfin də öz tutarlı əsasları var, insanların quzu olduğu fikrini irəli sürənlər bunu belə əsaslandırırlar: bu onların zərərinə olsa da insanlar onlara söylənilənlərdən tez təsirə düşür, ancaq və ancaq fəlakətlərə səbəb olan müharibələrdə kor-koranə rəhbərlərinin arxasınca irəliləyirlər, müəyyən bir inanca söykənən və zor gücüylə dəstəklənən hər şeyə – din xadimlərinin və kralların sərt hədə-qorxularından tutmuş gizli və ya aşkar fırıldaqçıların aldadıcı çağırışlarına qədər bütün axmaqlıqlara inanırlar. Bu vəziyyətdəki insanların çoxu, onları aldatmaq üçün hədələyici ya da şirin dildə danışanların qarşısında öz istəklərindən imtina etməyə hazır, asanlıqla təsir altına düşən, dəcəl uşaqlara bənzəyirlər.Həqiqətən də kütləyə müqavimət göstərə biləcək qədər güclü inamı olan insan “mütləq” deyil, istisnadır; ətrafındakıların lağ etdiyi, lakin illər sonra heyran olacaqları bir istisna.
Böyük enkvizitorlar və diktatorlar öz idarə sistemlərini yaradarkən insanların quzu olduğu fikrinə söykənirlər. Əlavə olaraq, insanların quzu ya da qoyun olduğu və bu səbəbdən onların əvəzinə qərar verəcək başçılara ehtiyac duyduqlarına inanan rəhbərlərdə də belə bir səmimi inam yaranmışdır: “Özləri, insanlara istədiklərini verdikdə-acı olsa da-əxlaqi bir vəzifəni yerinə yetirməkdə, insanların çiyinlərindən məsuliyyət və azadlıq yükünü almaqda onlara kömək etmiş olurlar”.
İnsanların çoxu qoyundursa, bəs necə olur ki, həyatları bir qoyunun həyatından fərqli olur? Bəşər tarixi qanla yazılmışdır; insanların istəklərini qırmaq üçün zorakılığın açıq şəkildə tətbiq olunduğu bir tarixdir bu. İnsanın insana qarşı qəddarlığına hər yerdə – qanlı müharibələrdə, cinayət və təcavüzlərdə, güclünün gücsüzü istismar etməsini, işgəncəylə qarşılaşan, əziyyət çəkən insanların ah-nalələrinə heç kimin qulaq asmamasına, belə hallara qarşı hər kəsin ürəyini soyuq saxlamasıyla azmı rastlaşmışıq? Bütün bunlar Hobbs kimi fikir sahiblərinin “homo homini lupus” (insan insanın qurdudur) inancına yönəltdi. Bu reallıqlar bu gün də çoxumuzu, insanın anadangəlmə qəddar və dağıdıcı olduğunu, ən çox sevdiyi əyləncədən, daha qəddar qatillərdən qorxduğu üçün imtina edən bir qatil olduğu barədə düşündürür.
Halbuki hər iki tərəf də bizi qarışıqlığa salır. Keçmişdə aşkar ya da gizli bir çox qatili ya da sadisti şəxsən tanımış ola bilərik, amma bunlar “mütləq” deyil, istisnadır. Sizin, mənim ya da bir çox normal insanın quzu cildinə girmiş qurdlar olduğuna, “əsl şəxsiyyətimiz”in bu vaxta qədər bizim heyvan kimi davranmağımızın qarşısını alan qadağalardan xilas olduğumuz zaman ortaya çıxacağınamı inanmalıyıq? Doğru olmadığını sübut etmək asan olmasa da bu fikir çox da inandırıcı deyil. Gündəlik həyatımızda insanların qorxu hissi keçirmədən edə biləcəkləri xeyli zülm və sadizm imkanları var, amma bir çox insanlar bu imkanlardan istifadə etmir. Əslində insanların çoxu zülm və sadizmlə qarşılaşarkən buna neqativ reaksiya göstərirlər.
Elə isə bu məqamda üzərində dayandığımız ziddiyyətdən başqa və ondan daha yaxşı bir şərh tapıla bilərmi? Bu problemin ən sadə cavabı kimi, az sayda qurdla bir çox qoyunun bir yerdə yaşadığını qəbul edəkmi? Qurdlar öldürmək, qoyunlar isə birinin arxasınca düşüb getmək istəyirlər. Buna görə qurdlar qoyunlara adam öldürtdürür, cinayət işlətdirir; qoyunlar da xoşladıqlarına görə deyil, sadəcə kiminsə arxasınca düşmək istədikləri üçün buna boyun əyirlər. Yenə də qatillər, onların etdiklərində haqqlı olduqlarını sübut etmək üçün nağıllar uydurmaq məcburiyyətində qalırlar. Qoyunların çoxunun özləri kimi davranmalarını təmin etmək üçün qurdlar, azadlıqlarının təhdid edildiyini, süngülənən körpələrin, namusları tapdalanılan qadınların əzilmiş ləyaqətlərinin qisasını aldıqlarını söyləyirlər. Cavab ağlabatan görünür, amma yenə də bəzi şübhələr qalmaqdadır.Bu cavabla iki eyni insan irqinin-qurdların və qoyunların olduğunumu demək istəyirlər? Bundan əlavə, elə yaranmadıqları halda, necə olur ki, qoyunlar, zorakılıq onlara müqəddəs bir vəzifə kimi bəxş edilsə də, qurd kimi davranmağa razı salınırlar? Qurdlar və qoyunlarla əlaqədar mülahizələrimiz ağlabatan deyil, belə olan halda qurdların, insan yaradılışının əsas xüsusiyyətlərini özündə əks etdirməsi, digərlərinə nisbətən özünü daha açıq bir şəkildə göstərməsimi doğru hesab olunmalıdır? Bütün bunlardan sonra, bu iki tərəfli ehtimalın tamamilə yanlış olduğunu da düşünə bilərik. Bəlkə insan həm qurddur həm də qoyun – ya da nə qurddur nə də qoyun.
Xalqların düşmənlərini yox etmək yolunda ən dağıdıcı vasitələrdən istifadə etməyi nəzərdə tutduqları, özlərinin də bu fəlakətdən özlərinin də məhv olacaqlarını bildikləri halda məqsədlərindən əl çəkmədikləri bir vaxtda, bu sualların cavablandırılması böyük əhəmiyyət daşıyır. İnsanın anadangəlmə məhv etməyə meylli olduğuna, şiddət və zorakılıq tətbiq etməyin insanın təbiətindən irəli gəldiyinə özümüzü inandırsaq, dünya miqyasında artan vəhşiliyə qarşı müqavimətimiz azalacaqdır. Bəzilərimiz daha qabarıq olmaq şərtilə, hamımız qurduqsa, onda qurdlara müqavimət göstərməyimizin nə mənası var ki?
İnsanın qurd yoxsa, quzu olması sualı, daha geniş və daha ümumi bir mənada, Qərbdəki elmi və fikri düşüncənin ən əsas problemlərindən birinin başqa şəkildə təzahürüdür: insan əslində pis və yararsızdırmı, yoxsa yaxşı və qüsursuz hesab edilə biləcək bir varlıqdırmı? Tövratda insan fundamental olaraq yararsız qəbul edilmir.Adəmlə Həvvanın Tanrının buyruğunu dinləməməsi günah hesab edilmir; kitabın heç bir yerində bu qarşıçıxmanın insanı qəddarlaşdırması barədə bir şey yoxdur. Tam əksinə bu qarşıçıxma insanın özünü tanımasını, seçim imkanından istifadə etməyini təmin edir. Beləcə son aydınlaşdırmaya əsasən bu ilk qarşıçıxma hərəkəti, insanın azadlığa doğru atdığı ilk addımdır. Elə aydın olur ki, Adəmlə Həvvanın bu “qayda pozuntusu” Tanrının planlaşdırdığı bir şeydir, çünki peyğəmbərlərin gətirdiyi görüşə görə insan, cənnətdən qovulmasaydı, öz tarixini yarada bilməyəcək, insani güclərini inkişaf etdirə bilməyəcək, hələ tam fərd olmadığı köhnə yaşayışının yerinə tam inkişaf etmiş bir fərd olaraq təbiətlə yeni bir uyğunlaşma qura bilməyəcəkdi. Bundan başqa peyğəmbərlərin “Xilaskar”ın gələcəyi barədə söylədikləri fikirlərində də insanın qətiyyən təməldən pis olmadığı və Tanrının xüsusi bir lütfü olmasa xilas ola bilməyəcəkləri ideyası özünü göstərir. Ancaq bu fikirlərdə insanın yaxşılıq bacarığının hər zaman üstünlük təşkil edəcəyi kimi bir məna da yoxdur. İnsan pislik etdikcə daha da zalımlaşır. Buna görə zülm etdikcə Fironun ürəyi “daşlaşır”, elə daşlaşır ki artıq dəyişmək ya da tövbə etmək imkanı qalmır. Tövratda yaxşılıq etməklə yanaşı pis əməllərlə məşqul olanlardan da nümunələr verilir; Kral Davud kimi böyük şəxslər belə pislik edənlərin sırasında sadalanır. Tövratdakı fikir, insanın iki seçim haqqının-yaxşılıq və pislik etmək seçiminin-olduğu, insanın yaxşı ilə pis, alqışla lənət, həyatla ölüm arasında seçim edə biləcəyi əsasında durur. Tanrı belə insanın bu seçiminə müdaxilə etmir; yaxşılıq etməyin yollarını öyrətmək, pisliyi insanlara tanıtmaq, insanları xəbərdar etmək və müqavimət göstərmələrini təmin etmək məqsədi ilə elçilərini, peyğəmbərlərini göndərərək onlara kömək edir.Bunlar yerinə yetirildikdən sonra insan “iki istiqamətli cəhdi” ylə (yaxşılığa və pisliyə yönəlmiş səyiylə) başbaşa buraxılır və qərar vermək onun öz öhdəsinə düşür.
Bunun Xıristiyanlıqdakı inkişaf yolu biraz fərqlidir. Xristian Kilsəsinin inkişafı mərhələsində Adəmin qarşıçıxması günah hesab olundu. Bu, elə böyük bir günah idi ki, təkcə Adəmin şəxsiyyətini pozmaqla kifayətlənmədi onun bütün övladlarını da ləkələdi; belə ki, insan artıq öz təşəbbüsü ilə belə bu pislikdən xilas ola bilmirdi. Ancaq Tanrının lütfü, ölən İsanın insanlar üçün zühur etməsi, insanlığın çirkinliklərinə son qoya bilər, İsanı qəbul edənlərə xilas yolunu aça bilərdi.
Bu ilk günah törədilişinə kilsədə də qarşı çıxdılar. Pelaqin buna qarşı çıxsa da müvəffəqiyyət qazana bilmədi. Kilsə daxilindəki “yenidəndoğuluş” inananlar buna birbaşa qarşı çıxmasalar da bu fikri çürütməyə çalışdılar; halbuki eyni zamanda kilsə daxilində bəzi kəslər buna daha qabarıq şəkildə qarşı idilər.Lüterə gəlincə o, insanın doğuşdan yaramaz olduğu barəsində daha əsaslı bir inanca sahib idi; halbuki “intibah” və “maarifçilik” dövrünün ziyalıları buna əks istiqamətdə böyük bir addım atdılar. Bu mütəfəkkirlər, insanda pisliyin tamamilə dövrün şərtlərinin nəticəsində yarandığını, buna görə insanın seçim şansının olmadığı fikrini müdafiə edirdilər. “Pislikləri əmələ gətirən şərtləri dəyişdirin, onda insanın anadangəlmə yaxşılığı dərhal ortaya çıxacaq” deyirdilər. Bu fikir Marksla onun davamçılarının da düşüncələrinə təsir etmişdir. İnsan təbiətinin yaxşı olduğuna olan inanc “intibah”la başlayan böyük iqtisadi və siyasi inkişafın bir nəticəsi olaraq insanın özünə inamının artmasından irəli gəlirdi. Bunun əksinə, Birinci Dünya Müharibəsiylə başlayıb Hitlerlə Stalindən sonra da universal məhv hərəkatı üçün edilən bu günki hazırlıqlara qədər uzanan Qərbdəki əxlaqi çöküş, insan təbiətində pisliyin hökm etməsinə olan ənənəvi inancı geri qaytardı. Ənənəvi inancın geri qayıtması, insanın anadangəlmə daşıdığı pislik bacarığının təhlükəsiz hesab olunmamasına qarşı əslində şəfalı bir məlhəmdir – amma bu mövqe, insanlığa olan inamını itirməyən şəxslərin, bəzən səhv başa düşülərək, bəzən də fikirləri qəsdən dolaşdırılaraq lağ edilmələrinə gətirib çıxardı.
İnsanın pislik bacarığını görməməzlikdən gəlməklə günahlandırılan, fikirləri səhv qiymətləndirilən biri olaraq mən, düşüncələrimdə bu tip romantik bir optimizm olmadığını bildirmək istəyirəm. Uzunmüddətli tibbi təcrübələrdən keçən, insan düşüncələrinə yaxşı bələd olan bir şəxs kimi mənim insanın içindəki dağıdıcı gücləri zərərsiz hesab etməyim həqiqətən də çox çətin olardı. Bir psixiatr ağır xəstələrdə bu dağıdıcı qüvvələrin təsirini görür, bu güclərin qarşısının alınmasının və ya enerjini başqa bir yaradıcı istiqamətə yönəltməsinin nə qədər çətin olduğunu öz təcrubələriylə təyin edir. Birinci Dünya Müharibəsinin başlanğıcından indiyə kimi pisliyin sel kimi ətrafa yayılmasına və məhvlərə şahid olmuş biri üçün insan dağıdıcılığının şiddətini və intensivliyini görməmək qeyri-mümkündür. Bununla birlikdə indiki vaxtda insanları-ziyalıları olduğu kimi adi insanları da-getdikcə artan bir sürətlə qucaqlayan çarəsizlik duyğusu onları yenidən çürümə və ilkin günah fikrini mənimsəməyə apara bilər. Bu tərz baxış, insanın anadangəlmə daşıdığı dağıdıcılığın nəticəsi olaraq, müharibələrin dayandırılmayacağı fikrini müdafiə edən məğlub kütlənin şüuruna yerimiş tabudan başqa bir şey deyil. Qüsursuz reallığa əsaslanaraq öz-özünü yüksəldən bu fikir iki səbəbə görə düz deyil. İlk əvvəl, dağıdıcılıq cəhdlərinin intensiv olması heç də bunların məğlubiyyətsiz və ya təsir edəcək cəhdlər olması demək deyil. Bu fikirdəki ikinci səhv isə müharibələrin hər şeydən çox emosional qüvvələr səbəbiylə baş verməsi fikrinin üzərində durmaqdır. İctimai və siyasi faktların təzahüründə bu “emosionallıq” səhvinin üzərində çox dayanmaq gərəksizdir. Müharibələr siyasət, hərb və biznes sahəsindəki liderlərin torpaq qazanmaq, təbii qaynaqları ələ keçirmək, ticari mənfəətlərini təmin etmək məqsədi ilə verilən qərarlarının nəticəsində baş verir. Müharibələr başqa bir xarici qüvvədən qorunmaq, gerçək ya da fərz edilən təhdidlərə qarşı müdafiə məqsədi ilə, ya da liderlərin şəxsi şöhrət və nüfuzlarını artırmaq məqsədilə edilir. Bu rəhbərlər adi bir insandan çox da fərqli olmayan, başqalarının rifahına görə öz məqsədlərindən güzəştə getməyən eqoist adamlardır, amma zalım və pis adamlar da deyillər.
Bu cür adi bir həyat içərisində zərər verməkdən çox yaxşılıq edən insanlar milyonları idarə edəcək, ən dağıdıcı silahların nəzarətini ələ keçirəcək vəziyyətə qalxdıqda, çoxsaylı zərərlərə səbəb ola bilərlər. Mülki həyatda onlar, ən yaxşı halda öz rəqiblərini məhv edə bilərlər, halbuki güclü və suveren dövlətlərdən ibarət olan dünyamızda (“suveren” sözü burada, dövlətin hərəkətlərini məhdudlaşdıran, hər hansı bir əxlaq normasına tabe olmayan deməkdir) bütün insan irqini məhv edə bilərlər. Bəşəriyyət üçün əsl təhlükə, idarəetmənin hansısa fövqəladə qüvvələrin, -Şeytan və ya sadist birinin deyil-adi bir insanın əlinə keçməsidir.Müharibə etmək üçün silahların lazım olduğu kimi, milyonlarla insanın həyatını təhlükə qarşısına atmağa və qatil olmağa sövq etmək üçün də nifrət, hirs, dağıdıcılıq və qorxu kimi təhlükləli hisslər lazımdır. Bu ehtiraslar müharibəni başlatmaq üçün lazımi şərtlərdir; müharibənin səbəbləri deyildir; silahların və bombaların ayrılıqda müharibə səbəbi olmadığı kimi. Analitiklər nüvə müharibəsinin bu səbəbdən ənənəvi müharibələrdən fərqləndiyini bildirirlər. Hər biri yüz minlərlə insanı öldürə biləcək gücdə olan nüvə başlıqlı mərmiləri bir düyməyə basaraq göndərən adamın bir əsgərin süngü və ya avtomatla insan öldürməsi kimi bir təcrübədən keçməsi elə də vacib deyil. Nüvə raketləri atmaq əməliyyatı insan şüurunun üzərində bir buyruğu yerinə yetirməkdən başqa bir şey olmasa da, belə bir şeyi edə bilmək üçün şəxsiyyətin daha dərin qatlarında, həyata qarşı dərin bir laqeydlik duyğusunun olub-olmaması düşünülməlidir.
Buna görə insan meyllərini ən pis və ən təhlükəli edən üç faktı nəzərinizə çatdıracağam; bunlar, ölüm sevgisi, xəstəlik halını almış nasizm və birlikdə yaşayan insanlar arasındakı (ailə üzvləri) cinsi əlaqədir. Bu üç meyl birləşərək insanı yıxmaq üçün yıxmağa, nifrət etmək üçün nifrət etməyə aparan “çürümə əlaməti” ni yaradır. ”Çürümə əlamətləri” nin qarşısına “inkişaf əlamətləri” dediyim şeylə alacağam; bu ölüm sevgisinə qarşı həyat sevgisini, nasizmə qarşı insan sevgisini, qandaşla cinsi əlaqə anormallığına qarşı müstəqilliyi əhatə edir. Bu iki istiqamətdən biri çox az adamda axıra qədər inkişaf etmişdir. Amma hər insanın öz seçdiyi yolda, həyat ya da ölüm, yaxşılıq və ya pislik yolunda irəliləməsi öz seçimidir.
Yazıya 740 dəfə baxılıb