Nurəngiz Gün — İslanmış Günəşdən aşağı…

Nurəngiz_Gün
Bağışla

Yalqız qumrum!

Susqun yavrum!
Arı pətəyim!
İşıldaquşum!
Bir vaxt
Ovuclarımım içində
Yanıb-sönən atəşim!
Bağışla!

Açılıb uzanan

hər sap düzümü ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq, aldatdıq,
nələrdən döndük,
nələrdə yanıban,
nələrdə söndük.
Bilməzdim bu qədər
üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib, yaxşını atdıq,
Olub ki, bəzən də  xeyrə şər qatdıq,
Beləcə  sivişib ömür uçdu ki!
Ömür quşdu ki!
Sevdalı yolları unutmuşuq ki!
Bir kövrək çiçəyi qurutmuşuq ki!
Bağışla!
Bağışla!

 

***

 

Dünya çiyinlərimdə,

çiynim dünyadan ağır,

endirdim başımı çiynimin üstə

gördüm qollarım yoxdur.

İki qolum – iki budaq

İki qolum ikisi də dirəndilər göy üzünə.

Baxdım bədən torpaq üstə,

iki qolum ikisi də

üzür keçir göy üzündən.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş,

Torpaq iki haçadır,

Körpu heyrət içində,

 

Məftillər qocalıbdır,

gör haçandır

iki yol arasında

qollar naçar qalıbdır!

Dünya, mənə həyan ol,

Göyləri səksəndirmə,

qollarım yol gedəsidir,

Onu həsrət  uçurub,

qollarıma ana ol,

qollarım yorulubdur,

qollarımı ovundur!

Dünya, mənə yiyə dur!

O sahilə… baxınca

ürəyim suya dönür,

Bədən qolsuz çırpınır,

yerə-göyə sığınmır,

Dağlar boy vermir mənə,

barı Allah göyündə

qollarıma yol eylə!

 

 

Dünya, özün cavab ver!

Mənim bədənsiz qollarım

gül-çiçək çələngini

görən necə tutacaq?

Dönüb bir cüt quş olunca

ağarıb göy üzündə

bədənsiz necə uçacaq?

 

Ömrü darda, başı qalda,

o təklənən torpağımı…

görən, havax, hansı üzlə

hansı təşviş içində…

necə, nə cür qucacaq?!…

 

Apar məni, apar

 Mən gedirəm axar çaya deyəm ki,

Mənim sadiq yarım ol,

Al məni də qoynuna,

 

apar get.

Mən gedirəm axar çaya deyəm ki,

Mən burda darıxıram, ögey kimiyəm sanki.

Apar məni uzaqdakı məcrana,

Ört üstümü çınqıl-mərcanlarınla,

 

Apar, get.

Könül yaman sıxılır…

Apar get, ən dərin dəryaçana

O sözü də… pıçılda sən ona.

De ki, asimanla aranızda qalacaq

Mənim  sənə sonuncu dediklərim.

 

Apar get..

Apar, apar,

Yadlardan yorulmuşam, aşiyan ol,

Sərinlik istəyir can…

Apar, məni də apar!

Daha könül qəhr edir.

Apar, apar!

 

Axar çay…

 

Qalx gedək evimizə…

 

Nə dalğın dalmısan,

Üzü dumanlı dənizə.

Keçib əyləşsəm yanında,

Məni sezə bilərsənmi?

 

Əmin ol, soruşmaram,

soruşmaram mən səndən

Necəsən?

Ruzigarın hansı yerdə?

 

***

 

Lakin dünən sən röyamda

Gözlərimdən öpərək

Hönkürüb soruşmuşdun:

Ne-cə-sən?.. Məni bağışlayarsanmı?

Mən cavab verməyəndə

Sən o məşum yuxuda

Yağışlı asimana qarışanda

Pıçıldamışdın deyəsən mənimçin yavaşdan:

“Pərvərdigara, Tanrım, o necə də qocalıb,

bu odurmu?” demişdın.

 

***

 

Hə, mənəm, yanında əyləşən,

Yalqızlığa təhvil verib getdiyin

“Tanrısının mərhəmət ilahəsi!”

– çağırdığın biçarə!

Hə, mənəm! Pərişanam,

Elə mən də bir səninçin dərin qüssədə!

…Ox, qalx gedək…yağışlı asimana-

o talvarın altına! – Evimizə!..

Yuyum orda gözlərinin nəmini,

Əl gəzdirim saçlarının qəminə,

bir Allah eşqi üçün!

Ancaq soruşmayacağam mən səndən:

Ne-cə-sən..?

Əmin… ol…

…Ox, qalx gedək… yağışlı asimana-

o talvarın altına! – Evimizə!..

 

 

Mənə soyuqdur, günəş

 

Günəş!.. Mənə soyuqdur,

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

 

…Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!……

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

Niyə gəldim

 

Nilufərlər solan çağı

Mən bu gölə niyə gəldim?

Niyə axı bura gəldim?

Gəlmişdimsə niyə gəlib,

Niyə getdim?

Ah, bilən yoxdur

bağrım başı nədən belə

bölük-bölük?

Nədən axı qəmgin olur

Könül belə o göl sarı?

Bəs nə üçün çıxdım getdim

Nilufərlər solan çağı?

 

Aydındır güzəran

 

…Aydındır güzəran –

Sən indi əngin döngələrdəsən.

Belə bir məngənə kəməndi

Hələ çox bürünəcək qoca düşüncələrinə.

Və taqətdən düşüncə, üşüdəcəkdir səni.

Həm də hökmən üşünəcək bədəndə

Mənə dair etdiyin nəhəng günah.

Hətta sənin ölüm yuxularından

Soyulmaq bilmədən

ən ağır cəza kimi

incidəcəkdir ruhunu sonacan.

 

İslanmış günəşdən aşağı…

Bir az da mənimlə qal,

Elə-belə, xəyalən…

Gəl sahilə, qal mənimlə.

Qal mənim

sükutda söhbət etdiyim sübh gözəlim

günəş ilə

gözlərimin gildir axan

yaşlarının yanında.

 

Bu ara sən mənə ayrılıq uzunu

həzzinə qarışdığın

bütün bayramlardan danış,

Mən sənə

islanmış günəşdən danışım.

Onda sən tumar çək qüssəmə,

Sən mənə “ağappaq qağayım”

– de, yenə də…

 

Mən isə az qala gözəllik sultanı

həmin ağ qağayının ümidsiz,

dəli qağıltıları,

Dəniz sevgilərindən nəql edim-

səninçin doyunca…

…Sonra birdən, qəflətən

önümüzdən sivişib

havada rəqs edən bir nagahan fəryada-

ağappaq qağayı qəhrinə duruxaq…

Duruxaq, məhzun baxaq bir xeyli

nəhəng sevgi quşunu

islanmış günəşdən aşağı,

anılmayan

həyat tərənnümlərinə…

 

Qürbət nağılı bildim

 

Qürbət nağılı bildim,

yaş parlayan an ilə

dan yerinə millənən

bir laməkan ah arası

sabit duran sükutu.

Həmdəm bir ağrı bildim,

ağaran toran ilə

mükəddər simlər arası

tək uçan leylək lələklərinin

fağır qağıltılarını.

 

Dünya çıxıb yadımdan

Tanrım, bağışla məni,

dünya çıxıb yadımdan.

Heç bilmirəm səma harda, yer harda?

İnsanlar hardadır, mən harda?

Təkcə İsa Məsihin

Çarmıx edamında o saralan çöhrəsi

Asılıb eyvanımdan, çökür  bəbəklərimə,

Çəkilmir xəyalımdan.

 

Bir də ki, zavallının

“canım ölümcül dərəcə kədərlidir”-naləsi!

Nisgil təbili döyür mənim

mütəəssir… qulaqlarımda…

Ox, dan yeri ağaranda

 

Onda,

Dan yeri ağaranda

Qızıl güllər mənimlə

bərabər ağladılar.

 

Onda,

Dan yeri ağaranda

Gözəl sübhün gizlindəki

zülmünü ağladıq biz.

Ağladıq. Ağladıq onları… da!-

Torpaqdan ələnən

asiman pıçıltılı

o laməkan nəfəsləri.

 

Onda

Bağbanı yoxa çıxan qızıl güllər

qollarım arasında

məndən betər titrədilər

yiyəsiz gizildəyən kolların

bu girinc əhvalına …

 

Elə bu an qucaqladı

Köksümün yarasını musiqisi qəriban,

Uzaq minor səslərinin…

Sevgisi, sitəmi, xiffəti!..

Ox, dan yeri ağaranda…

Sükunət gözəlliyi

 

Sükutda qımıltı var…

Sükutda yırğalı, məhzun söyüd

Axar çaya nəyi isə pıçıldayır,

Nəyi isə deyirdi.

…İçimdəsə bu ara

məni hey kövrəldən,

unudulan qədim ud simlərinin

yetim sədası sızlayır,

qırıq-qırıq inləyirdi, layla kimi…

 

…Anladım. Sükunət gözəlliyidir,

 

Heyran edir…

O mənə, ruhuma

İlahinin özündən sonsuz bir xatirə, –

Bir sönməz titrəmə!..

 

Ah, sükutda qımıltı var…

 

Yazıya 1171 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.