Dəyanət Osmanlı — “Günə Ön söz” silsiləsindən…

10565947_767952336620795_1088272011_n

Sonuncu radio xəbəri ictimai nüfuz sahibi olan bir professorun ölümü barədə idi…
Bir an öncə Türk dünyasının böyük ozanı – Borçalı əsilli Şərəf Taşlıova ilə bağlı qeydlərimə düşüncəmdə belə bir əlavə elədim: O qədər zirək və səbirli (UNESKO-un Canlı İnsan Xəzinəsi ünvanını qazanmışdı) olan bir adamın ölümü sanki fələyin həyatla çilik-ağac oyunu kimi bir cəhdə bənzəyirdi. Belə bir xəzinə gömülə bilməzdi…
Elə bu vaxt təcrübəsiz diktor radioda üc paradoksal xəbəri nəfəs dərmədən eyni tonla (bəlkə də məzmunun fərqinə varmadan) oxudu. Birnci xəbər hansısa bir jurnalistin imtina elədiyi vəzifəyə qayıtmasından (sanki böyük bir minnətlə) bəhs edirdi. Digər xəbər bir gənc insanın ömrü qədər vəzifə daşımış bir məmurun təltifi barədə ikrah doğurucu ovqat yaratmışdı. Və son xəbərə görə professor Zahid Qaralov dünyasını dəyişmişdi. Bu xəbər heç bir səbəb olmadan mənim qeydlərimin də səmtini dəyişdi. Bildiyim qədər o cox səbirli, gələnəyə bağlı, əqidəsində dəyişməz (və həssas) bir kişi idi. Uzun illər müəllim, sonralar iki çağırış deputat seçilmişdi. Dövlət qəzetində parlament müxbiri işlədiyim zamanlarda görüşlərimiz çox olmuşdu… Onun səbri də öyrədirdi, ümid vermirdi, ümidi doğruldurdu: Cavan (və imkansız) bir yazarın qanuni sahib olduğu torpaq sahəsində bir daxma qaraltmağa süni maneələr vardı. Pul-para yığıb ala-yarımçıq tikmişdi, indi də başına uçurmaq istəyirdilər. Bu barədə Zahid müəllimə deyəndə, qəribə bir cavab verdi: -Get, qoy uçursunlar, sonra gələrsən. Bu sözün qarşısında heç bir sual ağlıma gəlmədi. Ancaq o sözləri “evyıxanlar”a olduğu kimi çatdırdım. Bununla da məsələ həll oundu…
O, gələnəyə dərindən bağlı, ağırtaxtalı adamdı: Mən jurnalist kimi yeni fəaliyyətə başladığım zamanlarda qardaşımın evində qalırdım. Gecənin bir vaxtı qapı döyüldü. Uzun müddət görmədiyimiz bir tanışımız idi. Çox sınıxmış və bu sıxıntı xarakterinə də təsir göstərmiş, tanınmaz hala salmışdı. Sabahadək gedən söhbətlərdən anladım ki, onun orda yaşaması hər an təhlükədir. Ali məktəbi bitirdikdən sonra təyinatla 3 illiyə rayonlardan birinə müəllim göndərilmişdi. Orda evlənmişdi, bir uşağı vardı. Amma qızın ailəsinin günbəgün ağırlaşan şərtləri ona potensial dilənçilik vəd edirdi. Ailəsindən ayrılmışdı deyə hər an təqib olunurdu. Belə bir vaxtda o, Zahid müəllimə pənah gətirmişdi. Zahid müəllim onu cox sərt danlamışdı: -Sənə hələ bu da azdı. Kim demişdi, tanımadığın, huyunu-xasiyyətini bilmədiyin birisiylə evlənib özünü bu günlərə salasan… Yenə də təhlükənin ciddiliyini görən Ağsaqqal ona kömək eləmiş, təyinatını başqa yerə dəyişdirmişdi. Ağzı daşa dəymiş gənc insana yaşam üçün bir şans və ünvan göstərmişdi. O, əqidəsində, qırılmaz və dəyişməz bir kişi idi. Bunu heç kim təkzib edə bilməz. İctimai-siyasi mövqeyindəki sabitli onun böyüyüb tərbiyə aldığı Borçalı mühitindən, milliliyindən irəli gəlirdi. Bütün fəaliyyəti boyu millətinə də, siyasi mənsubiyyətinə sadiq qaldı. İnsanlığa, gələnəyə və həyata bağlı olduğu kimi!..

Yazıya 808 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.