I
Qapqara qaralanacan qətranlanmış köhnə balıqçı şxunu Vogen buxtasına daxil olur. Şxunun adı– “Cənub ulduzu”, şkiperin familyası- Reyersendir. Gəmini də, şkiperi də Vogendə yaxşı tanıyırlar, gör, neçə ildir ki, kapitan Reyersen hər mövsüm Vogenə, həndəvərdə yaşayan ispanlara balıq qurutmaq üçün təşrif gətirir.
Yaxınlıqdakı təpələrdə ins-cins gözə dəymir, yalnız buxtanın dərinliyində, qayıqların saxlandığı tikililərin yanında bir dəstə uşaq oynayır. Reyersen kədərlə düşünür ki, qabaqlar başqa cür idi. Təxminən 20 il əvvəl “Cənub ulduzu” birinci dəfə balıq qurudulan talvarların qarşısında lövbər salanda, ətraf təpələrə adam toplaşmışdı – Vogenin sakinləri – əsasən, arvad və uşaqlar böyük maraqla gəmiyə tamaşa edirdilər, yerli kişilər – balıqçılar isə bir-birinin arxasınca qayıqlara minir və “Cənub ulduzu”na tərəf üzürdülər ki, şkiperlə görüşüb, hal – əhval tutsunlar. İndi isə…
Gəminin heyəti dörd nəfərdən ibarət idi, lakin sükanın arxasında Reyersenin özü dayanmışdı; qayda beləydi, mühüm hadisələr zamanı gəmini şkiperin özü idarə edirdi. Həm də o, belə hallarda gəmini elə təntənəylə sürürdü ki, sanki bu, balıqçı şxunu deyil, nəhəng bir paraxoddu. Reyersenin ağappaq saçları, ağ saqqalı var; o, ilk dəfə bura gələndə hələ saçlarına, saqqalına dən düşməmişdi, şəvə kimi qapqaraydı. İndi nəinki özü, elə dəri gödəkçəsi də köhnəlib, yamaq-yamaqdır. Bununla belə, şxun körfəzə daxil olarkən Reyersen donanma admiralı kimi, gur səslə komanda verir:
Lövbər salınsın! – Onun səsi ətraf təpələrdə guppuldayaraq, əks-səda verir.
Lövbər şappıltıyla suya düşür.
Zəncirin qulaqbatıran cingilitisi və şkiperin pəhləvan nərəsi bir-biriylə bəhsə girir. Ancaq dəxli yoxdu, vaxt-zaman ötüb, indi hər şey başqa cürdür. İndi buralara nəhəng-nəhəng ticarət və sərnişin gəmiləri gəlir, köhnə balıqçı şxunları daha heç kəsdə maraq oyatmır, ona milçək qədər də məhəl qoymurlar. Lövbər zəncirinin cingilitisini eşidən uşaqlar dənizə tərəf ani nəzər salır və heç nə olmayıbmış kimi, yenə oynamaqda davam edirlər, elə bil, bir-birilərinə deyirlər ki, əşi, boş şeydir, baxmağa dəyməz, qoca Reyersen öz köhnə “ləyənində” təşrif gətirib, ancaq elə böyüyür ki, guya azman bir gəminin kapitanıdır.
Bütün işlər görüldükdən, şxun lövbər saldıqdan və matroslar öz kayutlarına yatmağa getdikən sonra şkiper göyərtədə tək qaldı. O, oturmuşdu və dənizə tamaşa edirdi. İsti və sakit bir gecəydi, dəniz ay işığında qızılı rəngə çalırdı. Reyersen burada hər bir adanı beş barmağı kimi tanıyırdı və bunların hər biriylə bağlı xatirələri vardı; əslinə qalsa, onun dəliqanlı cavanlığının ən gözəl günləri Vogendə keçmişdi; o, hər il üç ay burada balıq qurutmaq və duzlamaqla məşğul olurdu. Bu yerlərdə ən gözəgəlimli oğlan sayılırdı, onun sözünün qabağında söz deyən yox idi, adam bir yana, lap öküzü də bir yumruqla yıxa bilirdi, nə istəsəydi, ona asanlıqla nail olurdu. Heç nədə yerli sakinlərdən geri qalmırdı. Bazar günləri hamı kimi o da kilsəyə gedirdi və qayıdanda yan-yörəsində bir sürü qız olurdu. Balıqçı qəsəbəsinin cavanları bəyaz gecələrdə rəqs təşkil edəndə o, dərhal xəbər tutur və qəsəbəyə tələsirdi. Rəqsin başlanmasına az qalmış, yerli sakinlər dənizə baxıb görürdülər ki, budur, Reyersenin qayığı sahilə tərəf üzür, özü isə qayığın burun hissəsində dikəlib durub, çəkmələri par-par parıldayır, avar arxasında isə ya gəminin aşpazı, ya da hansısa matros oturub: rəqs eləməkdə heç kəs onunla bəhsə girə bilmirdi, vikinqlər kimi dəli-dolu, şıdırğı, hayqıra-hayqıra oynayırdı, ondan gələn dəniz və sağlam kişi iyi qızların başını gicəlləndirir, abır yerlərini odlayıb gicişdirirdi. Hə, Reyersen, doğrudan da, canlara dəyən oğlan idi və yerli cavanlar onun hörmətini saxlayır, bir sözünü iki eləmir, üstünlüyünə qaralanmırdılar. Qaralananlar da xəlvətdə dərd çəkir, paxıllıqlarını içlərinə salır, açıb-ağartmırdılar. Bir sözlə, Reyersenin dəmir yumruğuna tuş gəlməyə heç kəs həvəs göstərmirdi.
İndi isə Reyersenin Ofotendə arvadı və beş uşağı var.
II
Dəniz parıldayır, gecə düşür, şkiper Reyersen isə hələ də ötən günləri xatırlayır. Cavan vaxtı o, Vogenin ən gözəl qızları ilə gəzirdi. Birinci il qaragöz, qarasaç bir qız onun xüsusilə xoşuna gəlirdi. Yerli sakinlər günün hətta ən namünasib saatlarında da onları bir yerdə görürdülər. Hamıda elə təəssürat yaranmışdı ki, onlar heç vaxt ayrılmırlar. Mövsümün axırında, şxunun geri dönmək dəminə az qalanda isə hər şey birdən-birə dəyişdi. Reyersen daha qaragözlü qızla rəqs eləmirdi. İttervogenli balıqçı qızla gəzirdi. Bu sarısaç, kök qızın kişilərdə iştaha oyadan yanbızları və sədəf kimi ağ dişləri vardı. Adı isə Ellen Helen idi.
Ah, Ellen Helen! O, bu qızdan heç cür doya bilmirdi. Reyersen bir ildən də çox Ellenlə gəzdi, halbuki, indiyəcən heç biz qızla 3-4 aydan çox dostluq eləmirdi. Ellen isə onun ağlını əlindən almışdı və qəsəbədə söz gəzirdi ki, Reyersen, nəhayət, ilişib evlənəcək, çünki həyatını Ellensiz təsəvvür eləmir. Gözlə ha, evləndi! Onlar bu ayğırı yaxşı tanımırdılar. Aydın məsələdir ki, Reyersen evlənmədi, hələ üstəlik, Ellenlə yerli dəmirçinin izdivacını pozdu. Hamı gözləyirdi ki, dəmirçi dözməyəcək, bu rüsvayçılığı da özünün, ya da buğa şkiperin qanıyla yuyacaq. Ancaq ondan səs çıxmadı.
Altdakı il isə Reyersen balıq qurutmağa gələndə, özü ilə kayut dolu mal gətirdi satmağa; un, qəhvə, yun baş yaylığı, kətan, cürbəcür bəzək əşyaları və sair və ilaxır. Qəsəbəyə bir küy düşmüşdü ki, gəl görəsən, hamı “Cənub ulduzu”nun göyərtəsinə dırmaşmağa can atırdı. Orada əsl yarmarka açılmışdı. Bundan sonra Reyersenin qüdrəti birə-on artdı. O daha hər şeyin haqqını natura ilə ödəyir, xoşu gəldiyi qızlara isə ucuz üzük və broşkaları müftəcə paylayırdı. Ellen Helen qısqanclıq və hikkədən çatlasa da, səsini çıxarmırdı, Reyerseni itirməkdən qorxurdu. Lakin özünü nə qədər müti aparsa da, taledən yaxa qurtara bilmədi. Reyerseni onun əlindən Yakobina aldı. Dayça kimi qızğın və oynaq bu qız Reyersenin yanında quruducu işləyirdi, özü də yorulmaq bilmədən, gülə-gülə, zarafat edə-edə işləyir, qalanlarını da həvəsləndirirdi. Bu cür zirək və şən qız Reyersenin gözündən yayına bilməzdi. Heç kəs də onu qınamırdı. Axı, onun kimi cəngavər oğlan – gəmi şkiperi bu gonbul Ellenlə haçanacan vaxt öldürəcək, bəyəm qız qəhətdi? Payızda balığı şxuna yükləmək vaxtı çatanda, gəmidə Yakobina qalmışdı və şkiperin hədiyyələri yalnız ona qismət olurdu. Ayrılıq dəmi yetişəndə isə Reyersen öz sevgilisini iki matrosun müşayiəti ilə sahilə göndərdi. Ellen Helen isə rüsvay olmuşdu, utandığından qəsəbə içinə çıxa bilmirdi. Onun atası Yels Ulsen məşhur şkiperə hədə-qorxu gəlmək istədi, yumruqlarını onun burnu qabağında oynatmağa başladı, kobud suallarına cavab tələb elədi. Lakin Reyersen yumruq zərbəsinə dillə deyil, yumruqla cavab verməyə alışmışdı və aydın məsələdir ki, yaşı qırxı ötmüş Ulsen bu gənc kəlpeysərin qabağında dayana bilməzdi.
Lakin Yakobinanın da xoşbəxtliyi uzun sürmədi. İndiki kimi sakit və aydın gecəydi, şkiper Reyersen göyərtədə oturmuşdu. Qəfildən uzaqdan avar şappıltısı eşidildi. Qayıqda da bir qız oturmuşdu. O, quş yumurtası yığımından qayıdırdı.
– Ey, qayıqsürən qız! – Reyersen onu hayladı.
– Qız avarları sudan çıxarıb, dinmədi.
– Gözəlim, yan al gəmiyə,- Reyersen onu bir də çağırdı.
– Siz səhv salmısınız, – deyə qayıqdan səs gəldi, – mən sizin sevgililərinizdən deyiləm.
– Mən səni tanıyıram, – Reyersen dedi. – Qayığa nə yükləmisən? Yəqin yumurtadır, hə?
Qayıq yaxınlaşdı.
– Düz tapmısız, – qız dedi, – yumurtadı. Sizə yumurta lazımdısa, verə bilərəm.
Reyersen cavab vermədi, ləngimədən, gəminin dal tərəfindəki şlyupkaya , oradan isə düz qayığın içinə tullandı.
– Mən Reyersenəm, – dedi, – məni tanımamış olmazsan. Və cavab gözləmədən qızın əlindən avarları aldı və sahilə, anbara tərəf sürdü. Sahildə ins-cins gözə dəymirdi, isti və xəfif bir gecəydi.
– Gəl, biryolluq qayığı anbara qoyaq, sonra tək öhdəsindən gələ bilməyəcəksən, – Reyersen təklif elədi.
Qız güldü:
– Görürəm, çox qayğıkeşsiniz, – dedi.
Reyersen qayığı çiyninə alıb, anbara tərəf yönəldi. Qız da qorxusuz-hürküsüz onun ardınca getdi. Hava isti, anbar zil qaranlıq idi, orada yan-yana düzülmüş qayıqlar rahat yataq yerinə oxşayırdı.
Onlar ayrılanda qız yalnız bunu soruşdu:
– İndi gəmiyə nədə gedəcəksiniz?
– Narahat olma, üzə-üzə gedəcəyəm, – Reyersen cavab verdi.
Qızın adı Paulina idi.
Eh, indi çərxi-fələk onun sevgililərini dörd bir tərəfə səpələyib: biri dünyasını dəyişib, o biri Amerikaya köçüb, üçüncüsü ərə gedib. Reyersenin özündən isə, demək olar ki, bircə xatirələr qalıb. Paulina indi də Vogendə yaşayır. Lakin bir neçə il əvvəl bir gözünü itirdikdən sonra dinə tapınıb, bütün gün Allaha dua edir, və hazırda qəsəbədə ondan pak adam yoxdur. Dünyanın işini bilmək olmur: dünən elə, bu gün belə. Reyersenin isə Ofotonda halalca arvadı və beş uşağı var.
Artıq gecə saat bir idi. Bir azdan dəniz quşları oyanacaq, qıy səsindən yatmaq olmayacaq. Reyersen ucadan əsnədi və başını qaldırıb göy üzünə baxdı.
Hə, uzanıb yatsa, yaxşıdır, bütün gün ayaq üstə olub, daha cavan deyil ki, gecəni qəsəbədə sülənsin, kürlük eləsin, yatmağı məsləhətdir. Sabah sübh tezdən bir neçə ton balıq təmizləmək lazım gələcək, brezent bürünəcək, dənizçi uzunboğazı geyinmiş kişilər, qadınlar gəmiyə yığışacaq, onların arasında qırmızıyanaq, çil-çil və şən qızlar da olacaq – Yevanın qızlarıdır, qəsəbədə söz gəzir ki, guya bu qızların dünyaya gəlməsində onun böyük əməyi olub, kim bilir, Allahın işidir, oxşamağa oxşayırlar, ancaq nə dəxli, bu, hələ heç nəyi sübut eləmir…
Ağsaç şkiper və ailə başçısı Reyersen kompasa qıyğaçı nəzər salır ki, öz əksinə baxsın, görsün, nə dərəcədə qocalıb, sonra kayuta – bu darısqal, iylənmiş it damına yatmağa gedir.
Səhər tezdən qayıqlar bir-birinin ardınca şxuna yan alırlar. Ən yaxşı kostyumunu geymiş, boynundan uzun saat zənciri asmış (bu zənciri ona sevgililərindən biri öz saçından hörüb) Reyersen admiral ədasıyla göyərtədə gəzişir. Balıq təmizləmək üçün lazmdır? Bəs necə, əlbəttə lazımdır. Başladılar əmək haqqından danışmağa – neçə verəcək, nə vaxt verəcək. Son zamanlar balıqçılarda pis bir vərdiş peyda olub: qiymət danışmaq, mübahisə eləmək!
Özü də kiminlə? Kapitan Reyersenlə! Camaatda abır-həya qalmayıb- Reyersenin qoyduğu qiymətdən altı şillinq artıq tələb edirlər, özü də bazar alverçisi kimi zilə qalxırlar. Yox, “Cənub ulduzu”nun igid şkiperi Reyersenə əvvəlki hörmətdən əsər-əlamət qalmayıb. Vaxt-zaman ötür, hər şey dəyişilir. Gör, bir nə zəmanədir ki, dılğır poçt gəmilərinin dılğır kapitanları öz qızıl düymələriylə Reyerseni kölgədə qoyublar!
O, gələnləri araq və pryannikə qonaq elədi, onlar ağızucu “sağol” deyib içdilər. Reyersen fürsət tapan kimi, qızların maraqlı yerlərindən çimdik alırdı, onlar da qəşş edib gülür, əlini itələyir, kayutun pəncərəsindən boylanır, itələşir, özlərini çox sərbəst, hətta həyazıscasına aparır, qoca şkiperə sürtüşdürürdülər ki, bəlkə vəcdə gəlib, məzənnəni altı şillinq artıra!
Axırda Reyersen hirsləndi, qərara aldı ki, onlara üz verməsin, yoxsa hörmət elədikcə adamın boynuna minirlər. Və hər şey onun dediyi kimi olacaq, heç kəsə güzəştə getməyəcək. Reyersen gəminin burun hissəsinə yönəldi, sükan arxasında dayandı – onun yeri buradır, burada külli-ixtiyar sahibidir, burada sözü daha kəsərli olar. O, kapitan körpücüyündən balıqçılara müraciət elədi ki, bəs balıq təmizləmək işində işləmək istəyirsiniz, ya yox? Balıqçılar təəccüblə cavab verdilər ki, əlbəttə, istəyirik, bayaq demişdik axı, “Çox gözəl, – Reyersen dedi. – Mən hər yüz balığa əvvəlki qaydada filan qədər verəcəyəm. Başlayın balığı boşaltmağa, sonra da təmizləyin, boş-boş danışmaqdan bir şey çıxmaz”.
Ancaq Reyersenin fəndi baş tutmadı. Balıqçılar dinməzcə öz qayıqlarına oturub, gəmidən aralandılar. Məsələni belə görən qoca şkiper onların dediyi qiymətə razılaşmalı oldu.
Yaxşı, mən sizə altı şillinq verərəm, görüm sizi lənətə gələsiz!
Qayıqlar yenidən “Cənub ulduzu”na yan aldılar, gəminin anbarını açdılar və yaş balıqları qayıqlara atmağa başladılar. Yalnız yemək və yatmaq üçün verilən kiçik fasilələrlə iki gün aramsız iş getdi. Balıq qurutma yerində adamlar qarışqa kimi qaynaşırdı, bir hissəsi balığı təmizləyir, bir hissəsi balığı daşıyıb gətirir, bir hissəsi də qurutmaq üçün balığı təpənin yamacına sərirdi. Saatlar ötür, anbar tədricən boşalır, şxunun gövdəsi daha çox suyun üzünə çıxırdı, yalnız gəminin gili suyun altında qalmışdı. Budur, nəhayət, “Cənub ulduzu” dalğaların qoynunda yırğalandı, gəmi boşalmışdı.
Şkiper Reyersen üçün dinc günlər başlandı. Matroslara gəmini başdan-ayağa qaşıyıb təmizləmək və rəngləməyi tapşırıb, özü bütün vaxtını sahildə keçirir, əllərini cibinə soxaraq, işçilərin arasında veyillənir, qızlarla mazaqlaşırdı. Yalnız Paulinaya dəyib toxunmurdu: indi onun təxminən 40 yaşı var, elə dindar olub ki, adam söz deməyə utanır, özü də dinib-danışmır, diliylə dodağı arasında vird eləyir, yalnız Reyersen ağını çıxaranda, salamat qalmış tək gözüylə məzəmmət və ağrıyla ona baxır, şkiper istər-istəməz özünü yığışdırır. Beləcə, həftələr ötüb keçir, Reyersen heç kəsi ələ keçirə bilmirdi. Doğru deyiblər ki, qocalıqda yorğalıqdan fayda olmaz, yerli oğlanlar ona göz verib, işıq vermirdilər, hansı qıza-arvada əlini uzadırdı, məlum olurdu ki, “malın sahibi” var. Hansı qıza yan alırdı, eşidirdi: “Mən siz deyən qızlardan deyiləm!”
Ancaq Reyersen ümidini itirmirdi. O, beynində plan qururdu və inanırdı ki, əvvəlki kimi şux və qoçaqdır, “Cənub ulduzu”nun məşhur şkiperi zərrəcə də qocalmayıb. Axı o, “Cənub ulduzu”nu limandan-limana sürür və indiyəcən bircə dəfə qəzaya uğramayıb, gəmisi bircə dəfə də zədə almayıb, hər il neçə ton balıq qurudur, dar ağacı uzunluğunda haqq-hesab siyahısı tutur və hesabda bircə dəfə də olsun yanılmır, gəmi jurnalını səliqəylə, qanun-qaydaya tam uyğun doldurur, amma nə fayda, adamlar ona əvvəlki hörməti qoymurlar. Reyersen köks ötürüb, gəmi aşpazına buyurdu: “ Kayutu yu!” Çünki beynində qurduğu plan artıq hazır idi və indi onu həyata keçirmək qalırdı. Reyersen aşpaza göstəriş verdikdən sonra sahilə yollandı və orada elan etdi ki, bəs, ona iki işlək qız lazımdır – gəmidə yamanmalı nə qədər pal-paltar yığılıb, yeri gəlmişkən, “Cənub ulduzu”nun bayrağının da təmirə ehtiyacı var.
Ancaq qızlardan heç kəs şxuna getmək istəmədi. Reyersen ha əlləşdi, ha çalışdı, heç kəsi dilə gətirə bilmədi. Axırda bir qadın səsi eşidildi:
– Əgər mən işinizə yarıyıramsa, kömək etməyə hazıram.
Bu, Paulinaydı, ona yazığı gəlmişdi.
Reyersen tərəddüd edir, Paulinanın tək gözü mərhəmətlə ona baxır. Axı, bu kaftar onun nəyinə gərəkdir, – Reyersen fikirləşir. Lakin axırda ona təşəkkür edib razılaşır. Paulina ədəb-ərkanla şlyupkaya oturur. Sahildə qızlar hırıldaşır.
Doğrusu, Reyersenin planı başqaydı. O, ötən çağlardakı kimi, kayutda şən və sütül qızlarla şərab içib, əylənmək fikrindəydi. Ancaq əlac nəydi, taledən qaçmaq olmaz.
O, dəlmə-deşik ədyalları, paltarları, cındıra dönmüş bayrağı yığıb gətirir və Paulina işə başlayır. O, dinməzcə, bir kəlmə də kəsmədən işləyir. Reyersen onun üçün bir badə çaxır süzür, qadın içir və yenə dinməzcə, səylə işə girişir.
– Bura bax, Paulina, – şkiper yaltaq səslə deyir, – xoşbəxtsən ki, Allaha tapınmısan.
– Siz düz buyurursunuz, – Paulina cavab verir, – siz də Allaha üz tutsaydınız, pis olmazdı.
Reyersen deyir:
– Ola bilsin ki, qabaqlara nisbətən mən indi Allaha daha yaxınam.
– Siz elə düşünürsünüz? – Paulina soruşur.
– Mənə belə gəlir ki, son vaxtlar günaha az batıram.
– Allaha şükür, Allaha şükür, – Paulina inamsız halda deyir.
Yavaş-yavaş onun dili açılır və o, həvəslə Allahdan, etiqaddan, təmizlikdən danışır. Reyersen bu mövzudan söz saldığına görə ürəyində özünü söyür və nəsə demək xatirinə bildirir ki, bəs son zamanlar o, Allahın varlığını daha aydın hiss edir, tez-tez ona pənah aparır. Bu “pənah aparmaq” məsələsi onun özünə də gülməli gəlir, çünki bunun nə olduğunu heç özü də bilmir.
– Sən ürəyini ondan gizləmə, – deyə Paulina ona öyüd-nəsihət verir.
Reyersen yenə onun qədəhinə şərab süzür, pryanikə qonaq eləyir.
– Biz gedəndə qızlar gülürdülər. Onlara deyərsən ki, şkiper Reyersen özünü ədəbli apardı, sənə girişmədi.
Paulina başını tərpədir və onlar yenə içirlər. Reyersen öz sevimli mövzusundan söhbət salmaq, Paulinanın ağzını aramaq istədikdə, qarımış qız qaşqabağını tökür, işləməyə başlayır, daha Reyersenə məhəl qoymur. Qoca şkiper birgə keçirdikləri ötən şən günlərdən söhbət salmaq istəsə də, özünü birtəhər saxlayır, qorxur ki, mömin təkgöz onun ağzından vurar və hələ üstəlik, gedib camaata da danışar.
Reyersen darıxır, səbri daralırdı; aradan bir neçə saat keçmişdi, bayraq artıq hazır idi, bu təkgöz isə bir kəlmə də maraqlı söz deməmişdi, bircə dəfə də gülümsəməmişdi.
– Hə, bu günlük bəsdir, – şkiper əsnəyə-əsnəyə bildirdi, çünki bir az da keçsəydi, qüssədən qurd kimi ulayacaqdı. O, cırıq-yırtıq əsgilərini yığıb sandığa basdı və Paulinanı sahilə göndərdi.
Günü hədər keçmiş, niyyəti baş tutmamışdı.
Bir də axı o, nəyə ümid edirdi? Bu yerlərdə fironluğu qurtarıb. Daha yetər, bir də bu xarabaya ayaq basmayacaq, başına yer qəhətdir bəyəm? İndidən belə o, “Cənub ulduzu”nu başqa sahillərə, qədirbilən yerlərə yönəldəcək. Burada ona qoca kimi baxırlar. Görərik hələ, kimdir qoca! Sizin sağlığınıza!
O, qədəhi başına çəkdi. Təklikdə içdikcə hikkəsi artır, inadı ayaq açıb yeriyirdi. Yarımca saatdan sonra hər cür şücaətə hazır idi. Bu vaxt göyərtədə addım səsləri eşidildi. O, bir qədəh də çaxır içib, kayutu tərk elədi.
Olmaya, balıq yükləməyə gəliblər? O, gəminin anbarına yönəldi. Orada dörd qız balıqları səliqəylə yeşiklərə yığırdı. Onları Endre Polden qabağına salıb gətirib. Əhsən Endreyə, balıqçıların rəisi inadını yeridən adamdı, bu barədə Reyersenə oxşayır. Şkiperin kefi kökəlir. Boş anbarda qızların gülüş səsi gumbuldayır, əks-səda verir, Reyersenin yarasının közünü qopardır. Təkcə Paulinanın səsi eşidilmir, həmişəki kimi, dinməzcə işləyir.
“Cənub ulduzu”ndakı yazılmamış ənənəyə görə, balığı yükləyən qızları çaxır və pryanikə qonaq edirlər. Ancaq bu dəfə Reyersenin fikri başqadır. Onun kişiliyinə xor baxan bu meymunlara pryanik nədir, heç quru çörək də qıymaz, itə atar, onlara verməz.
– Paulina, – deyə o, köhnə sevgilisini çağırır. Səninlə söhbətim var, gəl kayuta.
Paulina anbardan çıxır və şkiperin dalınca kayuta gedir.
– Təkcə sən gəmiyə gəlməkdən boyun qaçırmadın, – şkiper deyir, – bu yaxşılığın əvəzini çıxmaq istəyirəm.
– Heç nə lazım deyil, özünüzü xərcə salmayın.
Reyersen onun etirazına məhəl qoymur. O, özünü xərcə salacaq, lap o yana da keçəcək, yaxşı adama malı da, canı da qurbandır. Reyersen aşpaza buyurur ki, plitəni yandırsın, qəhvə dəmləsin, özü isə matros sandığından çaxır şüşəsini və bir neçə taqqanaq pryaniki stolun üstünə qoyur.
– Anbara qayıdanda qızlara deyərsən ki, şkiper Reyersen özünü ədəbli apardı, sənə girişmədi.
Onlar doyunca yeyib-içdilər. Reyersen cuşa gəlib, qarımış qızın kürəyini şappıldatdı. Paulina ayağa qalxdı, qızların yanına qayıtmaq istədi.
– Otur, – Reyersen dedi: – Hara tələsirsən? Otur, bir az söhbət eləyək. Mən bir də buralara gəlməyəcəyəm.
– Nə danışırsınız? – Paulina təəccübləndi.
Reyersen qətiyyətlə:
– Bu, mənim axırıncı gəlişimdi, – dedi.
Qarımış qızın tək gözündə ağrıyamı, nisgiləmi bənzər ifadə görünüb yox oldu, o, başını aşağı salıb astadan:
– Nə vaxt yola düşürsünüz? – soruşdu.
– Balığı yükləyən kimi. Sabah, ya da birisi gün gecə.
Paulina təzədən stula çökdü. Sanki öz-özünə:
– Allah sizi hifz eləsin, – dedi.
Qoca şkiper ilahiyyat barədə söhbətə yol verməmək üçün tələsik dedi:
– Gəl bu badəni də bizim sağlığımıza içək.
İçdilər. Şkiper soruşdu:
– Paulina, Allah qoysa, haçan ərə gedəcəksən?
Paulina ona vüqarla nəzər salıb dedi:
– Siz məni ələ salırsınız?
– Ələ salıram? – deyə şkiper təəccübləndi. – Niyə elə fikirləşirsən?
Reyersen əllərini yellədi:
– Boş-boş danışma, – dedi. – Qüsursuz adam yoxdu. Minnətləri olsun! Bütün qəsəbəni gəzsən, sənin kimi işlək, ismətli qız tapa bilməzsən.
Bu sözlər Paulinanın canına yağ kimi yayılır. O, şkiperin fkrinə tam şərikdir, bir gözlə nə üçün bədbəxt olmalıdır? Düzdür, bu gözün zülmünü çox çəkib, gecələr ağlayıb, özünə dərd eləyib, ancaq neyləsin ki, adamlar bu qüsura belə əhəmiyyət verirlər, halbuki, bütün qəsəbədə onun kimi sağlam, işlək qız yoxdur, amma nə fayda, heç kəs bunu qiymətləndirmir.
Reyersen yenə qədəhləri doldurur. O, Paulinaya tərəf əyilir, onun etirazlarına məhəl qoymadan, təkidlə tələb edir ki, içsin: axırıncı dəfədir ki, bura gəlib, Paulina isə ona təsəlli vermiş yeganə adamdır, bu yaxşılığı heç vaxt unutmayacaq. Paulina kövrəlir, Reyersen də özünü kövrəlmiş kimi göstərir, qarımış qızın əlini əlinə alır və fikirləşir ki, bu yumru-yumaq, ağ-maya Paulina min qıza dəyər, gözünü nəzərə almasan, o vaxtdan zərrəcə də dəyişməyib, bir də ki, balıq olmayan çayda xərçəng də balıqdır. Bu cür düşünə-düşünə birdən qızın boynunu qucaqlayıb, ehtirasla deyir:
– Yadındadır, qayıq anbarı? On iki il bundan əvvəl? Gecə?
– Hə, – deyə Paulina pıçıldayır. O, müqavimət göstərmir, şkiper bir əlini onun kürəyilə aşağı sürüşdürür.
– Mən sizi həmişə xatırlayıram, keçsin Allah günahımdan, – Paulina utana-utana deyir.
Bu yerdə şkiper istəyir yoxlasın ki, kişi kimi nəyəsə qabildir, ya doğrudan da, bu barədə heç nəyə yaramır – o, Paulinanı qucaqlayıb, arxası üstə yıxmağa çalışır. Bir əliylə stola dirənən qarımış qız təəccüblə:
– Nə eləyirsiniz, – deyir, – dəli olmusunuz? Evli adamsınız, ayıb deyil?!
Ancaq bu sözlərin şkiperə təsir etmədiyini görüb, ağır əliylə onun boynundan elə ilişdirir ki, biçarə şkiper uçub divara dəyir və yıxılır.
– Bilsəydim ki, fikrinizdə başqa şey tutmusunuz, bura ayaq basmazdım, – Paulina hirslə deyir. – Harda görünüb ki, evli adam bu cür şey eləsin?!
O, kayutdan çıxıb, qapını arxasınca çırpır, anbara işləməyə gedir. Onun Reyersen haqda xəyalları yerlə-yeksan olur. Bir daha onunla keçirdiyi günləri xatırlamayacaq, çünki bu cür abırsız adam haqqında düşünmək küfr iş tutmaq, günaha batmaq deməkdir. Bu adam nə özünə hörmət eləyir, nə də Allahın qanunlarına məhəl qoyur. Qayıq anbarında, 20 il əvvəl! Axı, tamam başqa şeydi… o vaxt onların hər ikisi cavan və subay idi…
Hə, işlər şuluqdur. Reyersen də öz növbəsində düşündü, görünür, doğrudan da, kitabım bağlanıb. Gör, bir nə günə qalmışam ki, bu qırx yaşlı təkgöz ifritə də məni bəyənmir. Məni – vaxtilə Vogenin ən gözəl qızlarının sitayiş etdiyi cəsur şkiper Reyerseni!
Hə, indidən belə onun ağıllanıb ciddiləşmək, düzlük və təmizlik yolunu tutmaqdan başqa əlacı yoxdu, bir halda ki, bu qədər öyündüyü kişi gücünü itirib, deməli, möminliklə təsəlli tapmaq qalır. Görünür, Paulina haqlıdır, nə qədər gülməli olsa da, Allaha tapınmaq lazım gələcək. Reyersen bu cür düşündükcə, nədənsə sakitləşmir, əksinə, qüssədən ulamağı gəlirdi, bununla belə, öz qərarında möhkəm olmağı qət etdi.
Axşam Endre Polden gəmiyə gəlib bildirdi ki, sabah qaş qaralanacan balığın hamısı gəmiyə yüklənmiş olacaq. Şkiper ciddi tövrlə:
– Allaha şükür, – dedi – Allah qoysa, yüklənər.
Endre birinci dəfəydi ki, şkiperin dilindən “Allah” sözünü eşidirdi, buna görə təəccüblə ona baxdı, sonra soruşdu:
– Nə vaxt yola düşürsünüz?
-Allah qoysa, sabah gecə.
Reyersen dediyi vaxt “Cənub ulduzu”nun lövbərlərini qaldırıb, açıq dənizə çıxdı, Reyersenin beynində cürbəcür fikirlər qaynaşırdı. Burada hər bir adacıq ona yaxşı tanış idi, hər birində neçə-neçə macərası olmuşdu, neçə-neçə qızla kef çəkmişdi. İndi bunlar uzaq keçmişdə qalmışdı…
Reyersen sükan arxasında durmuşdu, kompasın şüşəsində öz əksinə tamaşa edirdi. Qəfildən admiralsayağı dikəlib, öz-özünə dedi:
“Gələn il gərək bir də cəhd edim. Lənət şeytana, ola bilməz ki, kişi kimi heç nəyə yaramayım. Yoxlamaq lazımdır…”
Tərcümə: Natiq Səfərov
Yazıya 700 dəfə baxılıb