Dəmət Çizməli — Qırmızı göyərçin (hekayə)

demetcizmeli

Sərt bir şəkildə yerə atılan toy üzüyü, parketin üstündə fırlana – fırlana özünə yer tapır. İşığını itirib… O biri barmağımdan bərk – bərk yapışıb…  Çıxarıb atmalıyam onu da… Vidalaşıb ayrılmalı ikən yenidən bir yerdəyik. Bir neçə saat bundan əvvəl həvəslə girdiyim evdən çox – çox uzaqdayam indi. Bu evdə mənim kimi ilk gecəsini keçirməkdə olan başmaqlarım da bir küncə qısılıb. Tərk edilmişliyi, həvəsin  ağrıya çevrilməsini yaşayırıq birlikdə. Dırnaqlarımın qırmızı boyasını dişimlə qaşıyıb çıxarmışam. Nə vaxt olub, xatırlamıram.  Divarlar üstümə gələndə olub yəqin ki…. Divar rəngini seçəndə necə də vasvası davranmışam. Hökmən ağ rəngdə olacaq… İşıqlıq, rahatlıq… Çox tünd alınıb deyəsən?

Yatağın kənarında necə gəldi oturmuşam. Yanpörtü, hər an durub getməyə hazıram… Mənzil başı olmayan  quraq bir səhra var qarşımda. Başımdakı ağrı daha da güclənir. Bir ölünün kəlləsinin içini gəmirən yüzlərlə ilan – çayan elə bil bu dəqiqə beynimin içindədir.

Uzun dəhlizin axırındakı otağının qapısı açılır. Yaxınlaşan addım səsini eşidib yerimdən tərpənirəm. Otağa düşən kölgəsi düz yanımdadır. Özü də məndən bir az uzaqda… Eləcə dayanıb baxır bir müddət. Gözlərinin içində qaynayan nifrəti görsə, özü özündən qorxar. Dəyirmi, hamar dərisi əsəbdən qapqara qaralıb. Alt dodağının qırağındaki laxtalanmış qanı görməmək mümkün deyil. Deyəsən dodağını dişləyib.  İkimiz də yorğunuq.

-Sizinkilərə zəng vuracağam. Tək başıma bacarmıram.

-Zəng vurma. Xahiş edirəm, oturub danışaq. İzah edəcəkdim sənə. Neçə dəfə istədim, amma alınmadı. Bacarmadım özümlə. İnan, mənim bir günahım yoxdur.

“İnan, mənim bir günahım yoxdur…” Sonuncu cümlədə dayanıram. “Günah!” Universitet tələbəsi idim. Aşiq olmuşdum… Onunla olmaq istəməyim günahdır?

-Sənə inana bilmərəm bundan sonra. Başqa nə yalanlar danışmısan Allah bilir indiyə kimi?! Nələr gizlətmisən məndən?!…

O, məni incidir, alçaldır, amma hələ də buradayam. Çıxıb getməliyəm elə bu dəqiqəi. Amma elə bil ayağa dursam yerə yıxılacağam. Bir ümid var içimdə bəlkə? Düzələr görəsən? Düzəlsə, bu gecəni yaşamamışıq kimi qəbul edə bilərəm, yoxsa?…

Telefonu götürüb zəng vurmağa hazırlaşır.

-Xahiş edirəm, zəng vurma, bu vaxtı narahat etməyək heç kimi. Oturub danışaq. İkimiz də təhsilli insanlarıq. Bu vəziyyəti öz aramızda həll edə bilərik. Sonra istəsən lap ayrılarıq da.

İstəsən… Deməli, hələ də istəmirəm getməyi. Bunun faydasızlığını, onu əldə etməyin çətinliyini görmürəm elə bil. Qapıya söykənir.

-Mən istəyirdim hər şey başqa cür olsun…

Əzab dolu gülüşünün arxasında gizlənib üzü. Həyat bütün çılpaqlığı, iki üzlülüyü ilə onun təbəssümünün   arxasında gizlənib. “Mən istəyirdim hər şey başqa cür olsun…” Gülmək istəyirəm. Gülsəm vəziyyət daha da pisləşər…

Telefonu yerinə qoyur.

-Yaxşı. Amma sabah bitəcək bu iş.  Yorulmuşam artıq…

Mənə toxunmamağa çalışaraq başını heç qoymadığı yastığını götürüb  gedir. Sağdakı yastığı seçməyindən bilirəm ki, yatağın sağ tərəfini özü üçün ayırıbmış. Qapı yenə möhkəm çırpılır. Bu gecə üzümə çarpılan beşinci qapıdır bu…

Yay küləyinin pərdələri yelləndirməyinə baxıram arada. Küləyin arxasına düşüb getmək üçün nələr verməzdim. Qanadlanıb uçmaq üçün səbirsizcə titrəyir ürəyim. Külək gah məni çağırır, gah da səssizliyə qərq olur… O isə təkcə üsyankar küləyi gözləyir.  Uzaqdan göyərçin səslərini eşidirəm. “Quq, quq, quq”… Bir az da yaxınlaşır səs.

Göyərçinlərimizi xatırlayıram…

Evimizin damında böyük qardaşımla birlikdə göyərçin saxlayırdıq. Ağ, boz, qəhvəyi… Təkcə qırmızı yox idi aralarında. Qırmızı bir göyərçin…

-Niyə qırmızı göyərçin yoxdur aralarında, qardaş?

-Dəlisən sən, qırmızı göyərçin olar heç?

-Olmaz? Sən bilmirsən yəqin. Anamdan da soruşacağam.

-İnanmırsansa inanma. Daha nə deyim sənə?!

-Yaxşı biz boya isək qırmızıya. Mən qırmızını çox sevərəm.

Hər bahar yollarını gözləyərdim göyərçinlərin. Bir gün qırmızı olanı çıxıb gələcəkdi, buna yüz faiz inanırdım. Gəlib damda yuva qurmağa başlayanda tamaşa edərdim onlara. Boyun qıraraq getməklərini, gözlərini naz – qəmzə ilə açıb yummaqlarını, ahənglə qanad çırpmaqlarını… Anam istəməzdi ki, gəlsinlər. “Evdə quş bəsləmək uğursuzluq gətirir. Qəza ilə də olsa yuvaları bir dəfə pozularsa yuvamız dağılır” – deyirdi. Onlar hər bahar anamla inadlaşırmışcasına damda yuva qurardılar ətrafdan yığdıqları kollarla. Biz qardaşımla onları gözləyəndə anam qışqırırdı “Yuvalarını pozmayın…”

Güclə özümü çarpayıya çatdırıram.  Yanılı qalan işıq gözlərəmi yandırır. Çilçıraqlardakı bütün lampaları yandırmışdım. Uşaqkən çilçıraqlarından işıqlar saçılan evlərin xoşbəxtlik yuvası olduğunu düşünürdim. Uzun qış gecələrində al – əlvan  çilçıraqların altında bir küncdə yanan sobanın çıtırtısı, közləmə kartof və loto idi xoşbəxt bir evin mənası mənim üçün. Hər şeyin yerli yerində olduğu bir yuva… Yuva!.. İndi yuva olacağı ümidi ilə həvəslə gəldiyim bu evdə ən zəhərli otlardan daha çox zəhər yayır canıma sevdiyim insanın sözləri…

Yerdə eləcə bir tərəfə düşüb qalan toy üzüyünə baxıram. Küsüb məndən. Bəlkə mənə elə gəlir? Hirsini, nifrətini toy üzüyünə əmanət edib yanımdan çıxanda. Toy üzüyünə baxanda yaşadıqlarımı unutmağa çalışıram. Səhər tezdən oyanıb yemək hazırlamağı, daha sonra bütün sevgimlə onu oyandırmağı belə düşünürəm hətta. Səhər açılandan sonra bunu etmək mümkün olacaqmı? Saçını sığallamaq, onu qucaqlamaq, bu gecədən sonra ona özümü qəbul etdirməyə çalışmaq nə dərəcədə vacib idi artıq? Boyun əyməyim bir tərəfə, üstəlik yaltaqlanacağam ona? Sevgimi də əlavə etməliyəm. Yox, deyəsən, həyatımın son nöqtəsi olacaq bu gecə. Belə görünür…

Otağının qapısı yenidən açılır. Qapı cırıltısını eşidirəm. Yağlamağı unutmuşum. Halbuki istəyirdim. Hələ yaşamağa başlamamışam, amma bu evi özümünkü hesab edirəmmiş sən demə. Hələ də eləyəm… Elə bil heç getməyəcəyəm… Ayaq səsləri get gedə yaxınlaşır. Indi qapının ağzında dayanıb gözləyir. Sakitləşib. Üzr istəyəcək yəqin…

-Yata bilmirəm heç cür. Sən…  Bəlkə də hələ neçə nəfərlə?! Kimlər var başqa?!…

Kimlərsə olub həyatımda?! Olmadı, xeyr. Indi heç nəyi xatırlamaq istəmirəm. Mənliyim paramparçadır… Yaşadığım hər an məndən kənarda baş verir indi…

Enib qalxan sinəsinin xırıltısını eşidirəm. “Atamın da sinəsi xırıldayırdı hirslənəndə. Mən də ona oxşamışam” – dediyini xatırlayıram.

-Dedim axı, sənə danışdım hər şeyi…

Səsim itib, quyunun dibindən gəlir elə bil… Danışmaq istəmirəm. Dodaqlarım mənə susmağımı əmr edir. Səhər etmək istədiklərimə görə üzr istəyirəm özümdən. Uzun dəhlizin sonundan qapı səsi gəlir axırıncı dəfə…

İşığı söndürüb yataqda özümü qucaqlayıram. Gözlərəm yavaş – yavaş yumulur.  Göyərçinlərin gözlərinin də belə yavaş – yavaş bağlandığını düşünürəm. Olduqca sakit, olduqca rahat… Bir də yorğun gözlərim… Otağının içində göyərçinlərin səsi. “Quq, quq, quq”.  Ağ bir göyərçin yatağıma yaxınlaşır. Yavaş – yavaş addımlaması bütün dişilərə xas olan nazdan xəbər verir… Dimdiyində gətirdiyi budağı çarpayının yanına qoyur. Yuva qurmaq istəyir yəqin o da. Anam bizə  səslənir:  “Evdə quş saxlamağın düşər düşməzi olur”. Ağ göyərçin indi əllərimin arasındadır. Kədərli gözlərini heç qırpmadan mənə baxır.  Gecə qaranlığında məxmər kimi yumşaq tüklərini sığallayıram.  Yumşaq… Əllərim üstündə sürüşür.  Ovuclarımdan çıxıb yanımda oturur. Anam yenə qışqırır “Yuvalarını pozmayın”. Ana sus!.. Mən heç vaxt yuva pozmamışam axı… Ağ göyərçin əllərimdən tutur. Ovuclarımın istiliyindən məst olur.  Onu sahib çıxmağım üçün yalvaran baxışlarından əsəbiləşirəm.  Çarpayının yanındaki komodun üstünə qoyulan bıçaq birdən diqqətimi çəkir. Bir bıçaq… Ucu par – par yanır… Qulpu qaynar. Məndən əvvəl kimsə istifadə edib yəqin…  Bıçağı boynuna söykəyirəm. Qaç uzaqlaş da əllərimdən, nə olar? Tərpənmir yerindən. Eləcə baxır üzümə. Bir də bıçağı boğazına dirəyirəm. Bıçağın soyuğundan diksinmir. Boğazına söykənən bıçağın soyuq dəstəsinə dinməz – söyləməz təslim olur… Bir anda hər yer qıpqırmızı olur. Göyərçinim də…. Qan, qıpqırmızı bir çay kimi axır qıçlarımın arasından. Yuxarı çəkilib içimə girir. İçim yanır, od tutur bir anda…

Çeviri: Oktay Hacımusalı

Yazıya 729 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.