Məni toya çağırmışdılar. Mən bu toya mütləq getməliydim.
Toya getməliydim. Ancaq…. ailəmin büdcəsində nəinki ehtiyat pul vardı, hətta gündəlik ərzaqımız belə güclə tapılırdı. Mərkəzi bazarın girəcəyində tələbə yoldaşımla təsadüfən görüşdüyüm o anı xatırlayanda kövrəlirəm. Xəyalə elə bil çoxdan axtardığı qiymətli itiyini tapmışdı – məni qucaqlayıb sevincindən doluxsunmuşdu:
– Arzu, əzizim, bilirsən səndən ötrü necə darıxmışam, səni nə çox arzulamışam? Necəsən, qadan alım, ailən, balaların?
Xəyalə ilə cəmi iki il tələbə yoldaşı olmuşuq. Bir-birimizi çox istəyirdik. Biz üçüncü kursa keçəndə Xəyalə nişanlandı və Bakıya gəlin köçdü.
Xəyalənin əri Türkiyədə işlədiyinə görə onlar Bakıda yaşamırdılar. İlk vaxtlar zəngləşsək də, sonralar əlaqə saxlaya bilməmişdik.
Uzun illərdən sonra onu yenidən görməyimə məmnun idim. Xəyalənin şən, parlaq çöhrəsindən xoşbəxtlik yağırdı. İşsizliyimi, ağır, ağrı dolu güzəranımı ondan gizlətməyə çalışdım və buna nail oldum;
– Sağ ol, yaxşıyam, lap yaxşıyam. Xəyalə, sən necəsən? Uşaqların necədir, yəqin xeyli böyüyüblər hə?..
Xəyalə məni yenə qucaqladı:
– Ay Allah, gör bayaqdan yadıma düşürmü? – dedi, bizdən azca aralı dayanmış hündürboylu, gənc oğlanı çağırdı;
– Sadiq, bura gəl, gəl Arzu xalanla görüş!
Oğlan bizə yaxınlaşdı. İrəli keçib Sadiqlə görüşdüm. Xəyalənin gözləri sevinclə alışıb-yandı;
– Sadiq, yadındadır, sənə Arzu adlı rəfiqəmdən danışırdım. Bax, bu odur…
Sadiq anasına çox oxşayırdı. O da eynilə anası kimi-səmimiyyət, məhəbbət dolu baxışlarıyla mənə baxırdı. Rəfiqəmin isti, mehriban səsinin sehrinə düşmüşdüm. Onunla danışdığım az vaxt ərzində elə bil bütün dərdlərimdən sıyrılıb çıxmışdım, şirin duyğulara qərq olmuşdum. Evdə bazardan qayıdacağımı səbirsizliklə gözləyən balalarımın aclığını, sağ əlimdə saxladığım kiçik zənbildəki ərzaqa sonuncu manatımı verdiyimi xatırlamaq istəmirdim. Bu qızmar iyul günlərində ən ucuz sərinkeşi belə olmayan, istidən buğ verən otaqlarımızı, sınıq-salxaq oturacaq stullarımızı, bomboş soyuducumuzu ani olaraq unutdum. Böyük istəklə, şövqlə onları evimə dəvət elədim;
– Gedəyin bizə, yol gəlmisiniz, dincələrsiz…
Sonuncu kəlməmdən, səsimdəki arxayınlıqdan diksindim, elə bil yuxudan ayıldım. Xəyalədən çox onun oğlundan utanacaqdım. Anası məni ona “xala” deyib tanıtmışdı. İndi Sadiqin ilk dəfə gördüyü xalası olan mən, ona necə qulluq göstərim? Mənim yoxsul evimdə necə dincələcəklər? Ucuz başa gələn, dadsız-tamsız yeməklərimi onların qabağına necə qoyacam?
Yaşadığım evi, güzəranımı görüb yəqin ki pərtləşəcəkdilər, mənə acıyacaqdılar, yazıqları gələcəkdi. Hər şey bir yana, Xəyalənin şən, qayğısız çöhrəsinin necə tutulacağını görmək istəməzdim. Ay Allah, onları evimə necə aparım?
Xəyalənin sözləri məni burulğandan çəkib çıxartdı;
– Yo-o-x, Arzu, qurban olum, vaxtımız yoxdur, qalsın sonraya. Bir saatdan sonra Bakıya qayıdırıq. Bilirsən, avqustun 10-u Sadiqin toyu olacaq.
Nə yaxşı görüşdük, səni toya çağırsam, gələrsən?
Xəyalənin səsindəki doğmalıq, ərkyanalıq məni riqqətləndirdi. Bütün qəlbimlə duydum ki, rəfiqəm ilk övladının toyunda məni görməyi çox arzulayır. Onun mənə dikilmiş şəfqətli baxışları altında nə deyə bilərdim ki? Ürəyimin dərinliyindən qaça-qaça gələn ən xoş sözlərlə onu təbrik elədim:
– Allah mübarək eləsin! Xoşbəxt olsunlar, mütləq gələrik…
Bir azdan ayrıldıq. Xəyalə oğlu ilə Bakıya yola düşdü.
Xəyalə ilə görüşdüyüm üçün mən də sevinirdim. Rəfiqəmin şirin, mehriban səsi qulaqlarımdan getmirdi. Xəyalə bu illər ərzində daha da gözəlləşmişdi. Əllərindəki, boyun-boğazındakı qiymətli zinət əşyaları onun çöhrəsinə qeyri-adi işıq verirdi. Ancaq Xəyalənin gözləri elə səmimiyyətlə alışıb-yanırdı, elə bərq vururdu ki, üstünə taxdığı daş-qaşların parıltısını kölgədə qoyurdu.
Xəyalənin səsini, çiyninə tökülmüş xurmayı, ipək saçlarını gözlərimin önündə canlandırdıqca üz-gözümdə təbəssüm oynayır, öz-özümə gülümsəyirəm. Dodaqlarımdan qopub özünü getdiyim yollara atmaq istəyən pıçıltılarımı birtəhər saxlayıram: – “Mən onun oğlunun toyuna mütləq getməliyəm!”.
Evimə çatmağa lap az, beş-altı addım qalıb. Əlimdəki kiçik zənbilə baxıram. Hər dəfə əlimdə zənbil qapıdan girəndə oğlumla qızım əllərimə baxır:
– Ana, yenə qarpız almadın?..
Bunu oğlum deyir. Qızım lap hövsələdən çıxır:
– Biz nə vaxt qarpız yeyəcik?
– Eh… ana.. az qalır yay çıxsın…
Ağzımı açıb nəsə demək istəyəndə oğlum dözmür, məni danışmağa qoymur;
– Of, ay ana, bircə demə qarpız dərmanlıdır, yeyib zəhərlənərsiz, nə bilim nə… Bax, Akifgil, Rəşadgil, Orxangil də qarpız yeyirlər. Hələ Kənangil də dünən qarpız almışdı…
Danışmağa söz tapmıram. Uşaqlara hər dəfə bir bəhanə tapmaqdan yorulmuşam, çox yorulmuşam.
Bu ilki yayımız çox ağır keçir. Bir ildir ki, Aqil də, mən də işsiz qalmışıq. Gil-torpaq zavodunda Aqil mühəndis, mən mühasib işləyirdim. Zavod bağlanandan sonra nə qədər axtardıqsa, ixtisasımıza uyğun iş tapa bilmədik. Zavodların, fabriklərin əksəriyyəti indi işləmir. Güzəranımız getdikcə ağırlaşır. Evimizdə yaxşı, gözədəyən nə varsa, satmışıq.
Oğlum 15, qızım 13 yaşındadır. Yay tətilini elə evdə keçirirlər. Uşaqlarım da bu narahat, sıxıntılı günlərimizin nə vaxt bitəcəyini səbirsizliklə gözləyirlər.
Ailəmizin ağır vəziyyəti oğluma daha çox təsir eləyir. Nə vaxt baxsam, onu fıkirli görürəm. Hələ keçən ay, bir dəfə mənə bir az qürurla, bir az da fərəhlə demişdi:
– Ana, ay ana, mən özümə iş tapmışam, işləyəcəm…
Qulaqlarıma inanmadım. Bir andaca qeyri-ixtiyari sevindim – oğlum böyümüşdü. Sonra da sevincqarışıq bir kədər şığıdı üstümə. Axı, oğlum məktəblidir, yay tətilində gəzməlidir, istirahət eləməlidir…
Doğrudur, oğlum hələ iki il bundan əvvəl, 6-cı sinifdə oxuyanda danışırdı ki, onun sinif yoldaşlarının çoxu məktəbə gəlmir, ata-analarının onlara məktəb paltarı, kitab-dəftər almağa gücü çatmadığına görə işə gedirlər, kimisi bazarda çay paylayır, kimisi tum satır, kimisi benzindoldurma məntəqələrində maşın yuyur.
Oğlum sevincək, birnəfəsə danışırdı:
– Ana, atama da de. Mən Kənanla gedib işləyəcəm. Kənan iki aydır ki,
“Bənövşə” Şadlıq sarayında işləyir. Yalnız toy olan günlərdə işə gedir. Toy olan günü səhərdən axşama kimi işləyir, 5 manat pul alır. Həm də ki… həm də Kənan deyir ki, ordakı bütün dadlı yeməklərdən yeməyə icazə verirlər…
İçimdə nəsə qırılıb düşdü, çilik-çilik oldu. Oğlum “dadlı yeməklərdən” danışanda onun yavaşca udqunduğu gözümdən qaçmamışdı. Oğlumun məsum baxışlarına, yaşıyla heç uyuşmayan dərdli görkəminə, arıq, zəif qollarına, solğun bənizinə baxıb göz yaşlarımı boğmağa çalışdım:
– Yo-o-x, olmaz, olmaz, dərdin ürəyimə. Sən hələ balacasan, çox balacasan, bacarmazsan…
– Bacararam, ana, görərsən necə bacararam. Nə olsun, Kənan məndən iki yaş balacadır, hələ məndən də arıqdır. Bəs o niyə işləyir? Ana, Kənanın da nə atası, nə də anası iş tapa bilmirlər, Kənanın gətirdiyi pulla dolanırlar.
Oğlum bu sözləriylə elə bil özünə də, mənə də mənə təsəlli verirdi. Fikrə getdiyimi görüb onunla razılaşdığımı güman etdi;
– Ana, qoy işləyim, sənə, atama çoxlu paltar, ayaqqabı alarıq. Bacıma Aygün xalanın qızı Zərgülün donundan, bir də çox sevdiyi şirniyyatlardan alarıq.
Oğlumun fədakarlığı məni gülümsəməyə məcbur elədi:
– Bəs özünə, özünə nə alarıq?
– Özümə ayaqqabı…. bir də, bir də məktəbə götürməyə təzə çanta. Çantam neçə yerindən cırılıb axı, hə, alarıq…
Oğlum “işə” iki gündən sonra gedəcəkdi. Hələ vaxta vardı. İşləməyini istəməyə-istəməyə – “yaxşı, o vaxtadək fikirləşərəm” – dedim.
Demək… sabah yox, o biri gün… ürəyimə daş bağlayıb oğlumu “işə” göndərməliydim. Özüm-özümü nə qədər sakitləşdirib təsəlli versəm də, xeyri olmurdu. Narahatlığım birə yüz artmışdı. Xəyalımda canlandırdığım cürbəcür səhnələr ürəyimi piltik-piltik edirdi, elə bil damarlarımda qanım donurdu, ağrılarıma bükülüb ayaqyalın, başıaçıq hara gəldi qaçmaq istəyirdim…
…Oğlum əlində məcməyi qulluq elədiyi masaya yemək paylayırdı. Aqilin köhnə ayaqqabıları barmaqlarını incitsə də, canını dişinə sıxıb dözürdü. Bircə işləyəydi, kaş evlərinə pul aparaydı.
…Olum bərk acmışdı. Toy başlamazdan əvvəl aşpaz qadının verdiyi yeməkdən yesə də, indi ac idi. Udquna-udquna məcməyidə daşıdığı kababın iyindən ağzı sulanır, mədəsi sıyrılırdı. Nə qədər ac olsa da, toy qurtarana kimi yemək yeməyə icazə vermirdilər. O, 15 yaşına təzəcə qədəm basmış oğlum dözürdü, təkcə evlərinə pul aparaydı.
…Oğlum əyninə böyük gələn ofisiant paltarında qulluq elədiyi 12 №-li masanın yanında, ayaq üstə – müntəzir dayanmışdı. Təxminən onunla yaşıd olan, ata-anasının yanında oturan şişman oğlan tez-tez sifariş verir, onu bir yerdə dayanmağa qoymurdu:
– Mənə mineral su süz!
– Mənə toyuq əti gətir!
– Limon şirəsi istəyirəm!
– Kababdan yenə gətir!
– Boşqabdakı zibilləri təmizlə!
Oğlum şişman uşağın dediklərini eləsə də, onun əlindən bərk hirslənib, az qalır ağlasın. Ancaq…. ağlamır, susur, dözür. Axı, bacısına söz verib ki, ona çoxlu şirniyyatlar alacaq, Zərgülün geyindiyi dondan alacaq…
…Oğlum mətbəxlə salonun arasında çox yorulub, başı bərk ağrıyır.
Yox, toy qurtarana qədər nəsə yeməyə, haradasa, heç olmasa yanındakı boş stulların birində oturmağa icazə verilmir.
…Oğlumun qulaqları durmadan güyüldəyir. Toydakı səs-küy onu yaman yorub. Qulluq elədiyi masadakı şişman oğlanın dediklərini güclə eşidir, bəzən az qala ikiqat əyilib qulağını onun ağzına tutmalı olur.
…Toyun qurtarmağına az qalmışdı. Bulaşıq boşqablarla dolu ağır məcməyini ayaqları bir-birinə dolaşa-dolaşa mətbəxə daşıyırdı. Axırıncı masanın yanından burulub mətbəxə dönmək istəyəndə, kimsə onu çağırır. Oğlum burada öz adı ilə çağırıldığına çox təəccüblənir, heyrətlə çiyninin üstündən geriyə boylanır. Qonşu masaların birindən məktəbdə ona dərs deyən coğrafıya müəlliminin əl elədiyini görür. Utandığından, xəcalətindən bir andaca oğlumun solğun bənizi pörtüb qıpqırmızı olur. Oğlum nə edəcəyini bilmir, çaşqınlıq içində mətbəxə tərəf gedir. Müəllimindən utanan oğlumun gözləri dolur. Gözlərinin içiylə bir dolub qalmış göz yaşları ləngərləyir, ona qarşısını – ayağının altını görməyə imkan vermir. Oğlum mətbəxdən çıxan başqa bir ofisiantla toqquşub yıxılır. Qırılmış qab-qacağın səsinə ofisiantlara nəzarət edən işçi də, aşpazlar da onun yanına gəlir. Boşqabların qırığı oğlumun ovcunu, barmaqlarını kəsib. Əllərindən axan qan ağ rəngli ofisiant köynəyinə elə yapışıb ki, onun yaxasında elə bil qızıl güllər açılıb. Onu ayağa qaldırırlar. Barmaqlarından axan qan damcıları indi də ayağını döyən ayaqqabısının üstünə düşür. Dizlərində bərk ağrı duysa da ufuldamır, zarımır, susur. Axı, özünə məktəb paltarı, çanta alacaqdı…
…Gecədir, saat birin yarısıdır. Oğlum Kənanla birlikdə, piyada evə gəlir.
Onun əlləri yaralanıb, dizləri möhkəm əzilib, ayaqqabıları barmaqlarını elə əzib ki, güclə yeriyir. Şadlıq sarayından evimizə xeyli yol var. Nə yorğunluğunu, nə yuxusuzluğunu, nə də ayaqlarındakı sızıltını duyur, elə bil hər şeyi unudub.
…Oğlum evə həm yorğun, həm də pərt-peşiman qayıdır. Ofısiantlara nəzarət edən işçi ona 5 manat yox, 2 manat verib. Yerdə qalan 3 manatı yıxılıb sındırdığı boşqabların əvəzinə çıxıb.
…Oğlum çox kədərlidir. Bacısına verdiyi sözdən utanır. Hər şey bir yana, coğrafiya müəlliminin baxışlarını unuda bilmir. Müəlliminin onu görməyini özünə dərd eləyir. Oğlumun balaca ürəyi yaman sıxılır…
Oğlumun işə gedəcəyi gün sabahdır. Ona hələ də nə deyəcəyimi bilmirdim.
Mətbəxdə işləyirdim. Oğlumun həyəcanlı səsi məni işdən ayırdı: – Ana, mən… işləməyə getməyəcəm…
Elə bil çiynimdən ağır yük götürüldü:
– Niyə, qadan alım?
– Ana, Kənan dünən gecə, saat 12-dən sonra həmişəki kimi təkcə gəlirmiş evə. Şənlik evinin aşbazı toydan artıq qalan yeməklərdən torbaya doldurub Kənana verib ki, apar evinizə, yeyərsiz…
– Hə,.. sonra…
– Kənan küçəmizin başına çatanda beş-altı it birdən ona hücum çəkib, onlardan hansısa Kənanın ayağını dişləyib. Onun əlindəki torba yerə düşüb, itlər yeməyin üstünə cumanda, Kənan birtəhər itlərin yanından qaça bilib…
Oğlum bərk qorxmuşdu, həm də Kənana yazığı gəlirdi:
– … Kənanı xəstəxanaya apardılar. Yazıq Kənanın gözləri yumulu idi, danışmırdı. Ata-anası elə ağlayırdılar ki…
Oğlum hıçqıra-hıçqıra ağlayırdı. Onu qucaqlayıb bağrıma basdım. İndi ikimiz də ağlayırdıq.
Oğlum kirimək bilmirdi, xeyli ağladı. Mən onu çox gözəl başa düşürdüm. O, həm Kənana acıyır, həm də “işə” gedəcəyi, pul qazanacağı, hamımıza hədiyyələr alacağı haqqında qurduğu xəyallarının puç olduğu üçün, kim bilir, daha nələrçün ağlayırdı…
O gündən bir ay keçsə də, oğluma yay ayaqqabısı ala bilməmişəm. O, hələ də Aqilin köhnə ayaqqabısını geyinir. Ayaqqabılar onun ayaqlarını döyüb tez-tez suluqladır. Ürəyim göynəyə-göynəyə onun dərisi sıyrılmış barmaqlarına hər gün dərman sürtürəm.
Qızımın da üst-başı çox köhnəlib, təzələnməlidir. Qızım çox xəyalpərvərdir. Nə vaxtsa gözəl-gözəl paltarlar geyinəcəyinə, yaxşı şəraitli evimiz olacağına çox inanır və xəyallarının gerçəkləşdiyini yuxularında görür.
– Ana, yuxudakı evimiz çox qəşəng idi. Evimizdə təzə stol-stullar, yaraşıqlı çarpayılar, iri, bəzəkli güzgülər vardı. Eh… hələ uşaq otağımız lap qəşəng idi! Qaqaşımın təzə ayaqqabıları vardı. Sən də bizə çox dadlı, ətirli şirniyyatlar bişirirdin. Mətbəximizdən elə qəşəng iy gəlirdi ki…
Soyuducumuz ağzınacan dolmuşdu, meyvələr, şirələr nə qədər istəsən…
Birdən qızım dodaqlarını büzüb kövrəldi:
– Eh, məni niyə yuxudan oyatdın, axı sənin bişirdiyin şirniyyatları hələ yeməmişdim…
Bu dəfə özümü saxlaya bilmədim. Səssizcə yox – bərkdən, doya-doya hönkürüb ağladım. Bir də onu gördüm ki, qızım mənə qısılıb, səssiz, həm də için-için ağlayır.
Qızım o gündən yuxularını mənə danışmır. Onun gözlərindəki iztirabı heç nə ilə qova bilmirəm.
… Xəyalə yolumu gözləyəcək yəqin. Biz o toya mütləq getməliyik.
Tələbəlik illərində ədəbiyyata həvəs göstərirdim, şeirlər yazırdım. Üzvü olduğum ədəbi dərnəkdə bəyənilib çapa hazırlanan hekayələri, şeirləri redaktə eləməyi dərnək rəhbəri mənə həvalə edərdi. O zamankı qabiliyyətim indi də köməyimə çatır.
Xeyli vaxtdır ki, bir nəşriyyatla əlaqə saxlayıram. Belə ki, çapa hazırlanan kitabları çox cüzi pula redaktə edirəm. Ancaq bu da hər gün olmur.
Aqil günəmuzd iş tapıb, neçə gündür günü 5 manata fəhləlik edir. Onsuz da bu 5 manatla ehtiyaclarımızı heç cür ödəyə bilmirik.
Həyatımız təsadüflərdən asılı qalıb. Yəni, nə çapa gedən kitablar, nə usta yanında işləmək hər gün olur. Aldığımız zəhməthaqqı çox az olsa da, iş olanda sevinirəm. Hələ bu harasıdır, vay o günə ki, nə Aqil üçün, nə mənimçün iş olmaya. Həmin günlərdə ağrılı-acılı anlarımız bitib-tükənmir… Son on gündə Aqillə elə hey toya necə gedəcəyimizdən danışırıq.
– Aqil, necə olacaq, Xəyaləgilin toyuna necə gedək? – ürəyim çəkilə-çəkilə soruşuram.
Aqil siqaretini külqabıda söndürüb deyir:
– Dayan görək, bir az səbirli ol, ürəyini üzmə. Mən ustadan xahiş edərəm, on günlük əmək haqqımı qabaqcadan versin. Ancaq…
– Hə?..
– Ancaq… 50 manat elə dördümüzün yol pulunu görər, elə deyil?
– Uşaqları aparmayaq…
– Yaxşı, nə deyirəm. Amma heç o da çıxış yolu deyil. Toya nəmər yazılmağa ən azı 100 manat lazımdır. Özün bilirsən də, Bakıdakı şənlik evlərində stul hesabıdır, stulun biri ən azı 50 manat olur.
– Aqil, axı mən söz vermişəm ki, gələcəm. Getməsək, çox ayıb olar. Biz o toya getməliyik axı…
Toyun vaxtı daraldıqca səbrim tükənir, ümidim azalırdı. Nəşriyyata gedirdim ki, bəlkə işləməyə kitab ola. Yay fəsli olduğundan çox adam istirahətdə idi. Ona görə də hələ bu tezliklə iş olacağından əlimi üzmüşdüm.
Bir dəfə Aqillə belə qərara gəldik ki, ustadan 50 manat ala bilsə, toya təkcə mən gedim. Günlər sürətlə keçirdi. Bütün dərdlərimi bir qırağa qoymuşdum. Gecə də, gündüz də ancaq toy haqqında fikirləşirdim. “Yox, mən o toya mütləq getməliyəm” – öz-özümə pıçıldayırdım, özüm-özümə xatırladırdım sanki. Lakin ürəyimin ən ucqar guşəsindən iztirabla xəyallarıma boylanan mən – Arzu “ah, kaş Xəyalənin yadından çıxaydım, unudaydı məni, toya çağırmayaydı, getməsəm çox ayıb olacaq” – deyirdi.
Bir neçə gündən sonra içimdəki Arzunun, mənim iztirablarımı məndən çox anlayan Arzunun yox – Xəyaləni çox istəyən, onun da, oğlunun da doğma baxışlarını bir an da unuda bilməyən, rəfiqəsinin xoşbəxt gününün şahidi olmağa can atan Arzunun gözlədiyi kimi oldu.
Toya bir həftə qalmış Xəyalənin bizə göndərdiyi dəvətnamə parlaq, ağ kəpənək kimi gəlmişdi evimizə.
Dəvətnamə çox gözəl idi. Parıltılı, ağ rəngli kağızdan hazırlanmış dəvətnamə, mirvari ilə bəzədilmiş ağ lentlə gəlinlik paltarına oxşayırdı.
Bəyazlığından gözlərim qamaşdı.
İç-içə qoyulmuş kağızı çəkdim. Qızılı rənglə yazılmışdı:
” – Hörmətli Aqil bəy!
Sizi ailənizlə oğlum Sadiqin
Toy məclisinə dəvət edirəm.
Toy məclisi 10 avqust… 2001-ci ildə
Saat 18°°-da “Quş südü” restoranında keçiriləcək.
Masa-12″.
Hər şeyi unudaraq dəvətnaməni sevinclə götürüb evimizin pəncərəsinə söykənən, hər an bizi özümüzlə görüşdürən yarımbədən güzgünün qabağına qoydum.
Dəvətnamə ilə üzbəüz dayanmışdım. Ağ libaslı, bərli-bəzəkli dəvətnamə məsumluqla, bəxtəvərliklə alışıb-yanan gəlinə bənzəyirdi.
Dəvətnamə elə bil bu an güzgünün qabağından düşəcək, qollarını qaldırıb sındıra-sındıra oynayacaqdı. Sonra da ağ göyərçin kimi qanadlanıb uçacaqdı.
Neçə gündür ki, dəvətnamə mənə, mən də ona baxıram. Hərdən mənə elə gəlir ki, dəvətnamənin yerində Xəyalənin gəlini dayanıb, məni gözləyir. Son günlərdə dəvətnaməyə o qədər baxırıq ki, elə bil dəvətnamə dil açıb danışacaq, deyəcək ki, mənim qolumdan tutun, məni Bakıya – toya aparın.
Dəvətnaməni tez-tez əlimə alıb dərddən, iztirabdan üzülən ürəyimə sıxıb pıçıldayıram: – “Necə olur-olsun, mən bu toya getməliyəm, eşidirsən, getməliyəm…”
Toya bir gün qalmışdı. Neçə yaxın tanışıma, qonşularıma üz tutsam da, pul tapa bilmədim. Yalnız bu gün, nəşriyyatdan qayıdanda keçmiş iş yoldaşım Afətlə görüşdüm. Söhbət əsnasında toya çağırıldığımı desəm də, ondan pul istəməyə utandım. Onsuz da Afət son bir ildə mənə çox kömək eləmişdi. Onun da imkanı yaxşı deyildi. Birdən o, çantasından çıxartdığı pulu ovcuma basdı:
– Götür, maaşımı elə indicə almışam. Arzu, bilirsən də, mənim maaşım o qədər də çox deyil. İş yerimiz bağlanandan sonra güc-bəla ilə xarici şirkətlərin birində mühasib işinə düzəlmişəm. İşim çox, maaşım azdır, 150 manatdır.
Afətin mənə verdiyi 50 manat onun növbəti fədakarlığı idi. O, çox yaxşı bilirdi ki, mən o pulu ona uzun müddət qaytara bilməyəcəm. Bunu bilə-bilə maaşının bir hissəsini mənə verdi. Aqil yanında fəhləlik elədiyi ustadan 20 manat almışdı. Cəmi 70 manatımız vardı.
Dha nəsə düşünməyin, nəyisə planlaşdırmağın mənası yox idi. Vaxt öz işini görmüşdü. Sabah toy idi. Aqil mənə belə dedi:
– Arzu, heç getməməkdənsə, gəlsənə elə səni yola salım, axı 70 manatla dördümüz heç cür gedə bilmərik. Əvvəla, yol xərcimiz, sonra da… Toya ən azı 100 manat yazılmaq lazımdır. Stulun birinin hesabı elə 50 manatdır. Lap elə birtəhər yol pulu düzəltsək də, dörd nəfərə 50 manat yazdırmaq çox ayıb olar.
– Hə… düz deyirsən…
– Onsuz da nə mənim, nə uşaqların toya geyiləsi paltarı yoxdur. Mənim şalvarım da, ayaqqabılarım da lap əldən düşüb, bircə fəhləliyə getməyə yarayır. Yenə sənin paltarın yaxşı qalıb, rəngi də çox solmayıb…. Elə təkcə səni göndərək, başqa yolumuz yoxdur…
Deməli… son qərarı mən verməliydim. Afətin verdiyi 50 manatlığı o üz bu üzə çevirir, toya necə gedəcəyimi düşünürdüm. Toya ya təkcə getməliydim, ya da ki… getməməliydim…
50 manatlığın bir ucunda elə bil Xəyalə nigaran baxışlarıyla mənə baxır, “yolunu gözləyirəm, tez gəl” deyirdi. Pulun o biri başında Aqilin bozarmış şalvarı, əldən düşmüş ayaqqabıları, ağır hörgü daşlarını qaldırmaqdan yorğun düşmüş qabarlı əlləri, kədərli baxışları, oğlumun bu yay uzunu ayaqqabı dərdindən tez-tez suluqlayan ayaqları, qızımın mənə tuşlanmış, ürəyimə sancılıb qalmış – “Eh… yenə qarpız almadın?..” – deyən sual dolu baxışları həkk olmuşdu.
Xəyalənin, Aqilin, oğlumun, qızımın şəkilləri pulun üstündəki yerlərini sürətlə dəyişib o baş bu başa qaçır, gizlənir, yenə qaçırdılar. Elə bil “gizlənqaç” oynayırdılar…
…Hamımız başdan-ayağa təzə paltarda idik. Yenicə geyindiyi ayaqqabılarında Aqil elə şəstlə yeriyirdi ki…
Balalarımın üz-gözündən xöşbəxtlik daşıb-tökülürdü. Mən çoxdandır ki, arzuladığım, həsrətində olduğum gözəl bir yay kostyumu geyinmişdim. Paltarıma münasib tufli və bütün geyimimi tamamlayan balaca, yaraşıqlı əl çantası götürmüşdüm. Zərif, incə işləməli boyunbağım paltarımla elə uyğunlaşırdı ki…
Çoxdandır ki, dırnaqlarım belə səliqəli boyanmamışdı. Qadın salonunda saçlarımı yana burub daramışdılar, üzümü yüngülcə makiaj elətdirmişdim.
Saç düzümüm, geyimim məni çox dəyişdirmişdi deyəsən. Aqil mənə məftunluqla, məhəbbətlə baxırdı, elə bil məni ilk dəfəydi görürdü. Aqilin mənə axırıncı dəfə, nə vaxt bu cür baxdığını xatırlaya bilmirəm.
Aqilin baxışları məni keçmişə – onun mənə yaxınlaşıb çəkinə-çəkinə məni sevdiyini dediyi günə qaytardı. Bu baxışlar həmin baxışlar idi, 17 il əvvəlki, mənə məhəbbətlə, həsrətlə baxan baxışlar idi.
Aqil hərdən qulağıma “sən gözəlsən, çox gözəlsən”, – deyə pıçıldayırdı. Nədənsə, uşaqlarımız, Aqil və mən mahiyyətinə vara bilmədiyimiz sevincə qərq olmuşduq.
Restoranda yolumuzu nigarançılıqla gözləyən Xəyalə özünü üstümə atdı, məni şəfqətlə qucaqlayıb: – “Bilirdim, bilirdim ki, gələcəksən”, – dedi.
Toy başlamışdı. Xəyalə tez-tez bizim masaya – 12№-li masaya yaxınlaşır, gəlişimizdən məmnunluğunu gizlədə bilmirdi.
Bu arada masabəyi təbrik üçün Aqili çağırdı. Aqil mikrofonu götürüb ailəmiz adından toy sahiblərinə gözaydınlığı verdi. Sonra da əlini cibinə atıb musiqiçilərin masasına 10 manat qoydu.
Xəyalənin ailəsi, yaxın qohumları, bəy və gəlinlə rəqs elədik. Sonra hamımız birlikdə şəkil çəkdirdik.
Toy salonu çox gözəl idi. Tavandan asılmış büllur çilçıraqların parıltısı masaların üstündəki qızılı rəngli şamdanların parıltısı ilə cütləşir, stulları, yeməkləri, qab-qacaqları – toyda nə varsa hər şeyi, hamını nura qərq edirdi.
Saysız-hesabsız, müxtəlif çeşidlərdə olan ləziz yeməklər, meyvələr, şirələr masaların üstündə qalmışdı. Bu bolluq nağıllardakı padşahların ziyafətlərini xatırladırdı. Zəngin süfrənin arxasında əyləşən balalarıma baxıram. Onlar da əllərini yeməkdən çəkiblər, rəqs edənlərə tamaşa edirlər.
Dəvətnaməni özümlə gətirmişdim. Kiçik əl çantamdan toy salonuna boylanan dəvətnamə elə bil sevinir, fərəhlənirdi. Bərq vuran çilçıraqların işığında dəvətnamə də qızılı rəngə çalırdı.
Toydan sonra Xəyalə ilə əri nə qədər təkid edib bizi evlərinə dəvət etsələr də, getmədik. Biz evimizə qayıdırdıq.
…Bu gün avqustun 10-dur. Saata baxıram, saat 6-dır. Baxışlarımı saatın əqrəblərindən çəkə bilmirəm. Ürəyim saatın əqrəblərinə yapışıb, elə bil əqrəblər dayanıb.
“Axı… mən o toya getməliydim, mütləq getməliydim…” – öz-özümə pıçıldayıram. Deyəsən, səsim donub. Pıçıltımı özüm də eşidə bilmirəm.
Ovcumda tərləyən 50 manatlığa baxıram, sonra da güzgüyə. Dəvətnamə mənim kimi pərt-peşman dayanıb. Dəvətnamənin parıltısı da, üstündə mirvari ilə işlənmiş atlas lentlərin gözqamaşdırıcı şəfəqləri də yoxa çıxıb. Dəvətnamə çox solğun görünür – elə bil mənim əvəzimə xəcalət çəkir.
Mən toya gedə bilmədim. 12 №-li masanın dörd stulu boş qaldı.
15 sentyabr, 2010-cu il.
Yazıya 1370 dəfə baxılıb