Cəmiyyətdə baş verən bütün yeniliklərin xalqın dilində ratifikasiya olunması sözün şüur üçün həmişə aktuallııq kəsb etməyinin göstəricisidir. Sözün özünü təzələmək dilçilərin yox, bədii söz ustalarının görəvidir. Şair və yazıçılar tarixin bütün dövrlərində yazdıqları mətnlər vasitəsilə həm də söz və fikir yeniləşdirməklə məşğul olmuşlar. Şübhəsiz ki, tarixin hər hansı bir mərhələsində modern layihələrin təşəbbüsçüsü kimi çıxış etmək istedadlı söz-sənət adamlarının işi olubdur. Poeziyanın əsas prinsipi misranın yazılmasında, mətnin düzənlənməsində təsvir obyekti olan cisimlərin(həm də təkcə cisimlərin yox) “gözlə görünməyən” cizgilərini nəqş etməkdən ibarətdir. “…28 May metrosunun qarşısında necə, limonlar sarıdırmı? Sarıbənizli qadınlar ovuclarında tutduqları sapsarı limonları mağmın-mağmın uzadır gəlib-gedən müsafirlərə: Beşi min manata. İlk dəfə anlayıram, dilənmək olarmış dopdolu ovucla da; öncə səs dilənir, sonra ovuclar(bəlkə, iksi də bir vaxtda) O səslə birgə Sürünür arxamca Sanki Astaram: beşi min manata. Bağışla, ustad, Vərəmli qadın döşünə bənzəyir çəkdiyin rəsm…” Bizə həyatdan tanış və təsirli mənzərədir. Bu sətirlər Mehman Qaraxanoğlunun “Səttar Bəhlulzadənin “THE ASTARA ORANGES” rəsminə” adlı şeirindəndir. Həmin şeirin “əza”sına sarı rəng çiləmək üçün şair “Ordubad heyvası”nı, “Şamaxı üzümü”nü, “Astara portağalı”nı da, cənub bölgəsinin rütubətini də, S. Vurğunun məşhur “Astarada limon sarı” misrasını da mətnə əlavə edir. Şeirin bədii strukturunu tamamlayan bu cür texnoloji aksessuarların düzgün seçilməsi onun bədii dəyərinin yüksəldilməsini, ictimai mahiyyətinin qabardılmasını stimullaşdırır. Postmodernist şüurda mövcud vəziyyətdən sonra mövcud ola biləcək vəziyyətin necə ola bilməsi əhəmiyyət kəsb edir. Ən müxtəlif vəziyyətlər, hadisə və əşyalar bir-birilə əlaqələndirilə bilər. “Hər bir şəxs, hər bir şey, hər bir əlaqə mütləq şəkildə istənilən başqa şeyi mənalandıra bilər” (Valter Benyamin). Məsələn, Mehman qarı (“Qar”) “göylərin əynindən zorla çıxarılıb tikə-tikə edilən bakirəlik köynəyi” kimi mənalandırır.
Və yaxud:
“Hər şey” əvəz edə bilər məni, “hər şey”,
Xırdaca bir “nəsə”, “nə isə”…
Mənə davamlı olaraq
“Siz” deyilmədi heç zaman,
“Əvəzlik” olmadan da əvəz olunuram.
Rədd olsun əvəzlik,
Kimi əvəz edir, qoy etsin…
Qrammatik qavrayışların fonunda həyatın “leksikası”nı dilə və şüura transformasiya edərək cəmiyyətin nədən ibarət olması barədə mesajını cəmiyyətə ötürə bilir. Onun yazdıqlarında modern texnologiyadan hansı səviyyədə istifadə edilməsindən asılı olmayaraq dil incidilmir. Şair mənanın üzərinə sirli pərdə çəksə də, bu “pərdənin” materialı olan ana dilimiz onun “ifasında” şəffaflığını qoruyub saxlaya bilir. Müqayisələri ilk baxışda qeyri-adi görünsə də, yaradıcı təfəkkürdə məlumatların yerləşdirilməsi üsulu və ardıcıllığı təbii qəbul olunur .
“Ey qadın,
Ey yarpağı üstündə olan
Alma, Armud, Rəqs eylə.
Əllərin Təzə-tər şivdi,
Rəqs eylə.
Gövdən Ağac gövdəsi,
Rəqs eylə.
Donunun qırışları – Köklər,
Rəqs eylə”.
Bu misralarda söz, nitq vahidlərinin rabitə və ardıcıllığında istənilən sayda oxşarlıqlar kəşf etmək olar. Ancaq hər bir halda qadın kontekstindən çıxış etmək lazım gəlir. Çünki müəllifin niyyəti həm də yaranışın ilkin çağlarına, ya da mifoloji dərinlərə enməkdir. Həmin rəqsi Yer planetinin fiziki xassələri ilə də, insan və insanın yönləndirdiyi dünyanın nəbzi ilə də müqayisə etmək tamamilə mümkündür. Buradaca onu da demək lazımdır ki, M. Qaraxanoğlu bədii təxəyyülünü yenilişdirmək üçün, necə deyərlər, təcrübəni insanın öz üzərində, onun hiss və duyğuları, arzu və ehtirasları hüdudunda aparmağı xoşlayır. Rejissor dəqiqliyi ilə işləyən şair erotik səhnələrə “quruluş” verməyin ustasıdır.
“Ey kresloya oturan
Çılpaq qadın,
Mən sənin əzalarının yerini dəyişirəm
Döşlərini ovcuna,
Gözlərini
Onların yerinə qoyuram .
Dodaqlarını
O zərif ayaqlarınla dəyişirəm.”
Qadının kişiyə və ya əksinə, kişinin qadına məxsusluğu barədəki refleksiv şüurda “kütlə zövqü”nün daha çox işə yarayacağını təxmin etmək olar. Postmodernist üslub kütləvi mədəniyyətin və kütlə zövqünün qayıdışı kimi də səciyyələndirilir. Sevgi haqqında dastan yaradıcılığı çox-çox sonrakı dövrlərin hadisəsidir. Hökmlərin, təsvirlərin nümayişində şərtilik postmodernizmin də əsas əlamətidir. Məsələyə başqa bir prizmadan yanaşsaq, dünya ədəbiyyatında tabu mövzu, ictimailəşdirilməsi məqbul sayılmayan münasibətlərin gündəmə gətirilməsi istəyi yeni cümlə və ifadə modellərinə ehtiyac yaradıb ki, postmodernizm də, bir yandan, məhz həmin zərurətdən yaranan üslub və təsvir üsuludur. Klassik yazı nümunələrinə diqqət etsək, həyatın bu üzünün təsvirində boşluqları da, çətinlikləri də müşahidə edə bilərik. “Min bir gecə” nağıllarında, aşıq ədəbiyyatında, Nizamidə, M. P. Vaqif və başqa klassiklərimizin yaradıcılığında sevgi macəralarının açıq-saçıq təqdiminə və ya buna cəhd edilməsinə tez-tez rast gəlirik. Məsələn, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Xosrovun eşqbazlıq səhnələrinin birində belə yer var. Xosrov Şəkərə deyir:
“Təəssüf olsun, var bir nazik qının
, Hər gün bir qılıncla oynayır bu qın”.
Şəkər də öz bakirəliyini bu sözlərlə şaha isbat etməyə çalışır:
“Doğulduğum gündən öz möhrümdəyəm.
Nə biri mənimlə gecə birləşib,
Nə bir kəs dünyada dürrümü deşib”.
M. P. Vaqif də dünyəvi zövqü və insanın intim ehtiraslarını ifadə edərkən insanın üryan halını xatırladan – çılpaq, açıq-saçıq bir mənzərəni yada salan təsvirdən istifadə etməli olur.
“Bir mayabud gərək, baldırı yoğun,
Sərasər ət basa dizin-topuğun.
Əl dəyəndə dura buğumbabuğum,
Titrəyə, quyruqdan çox yumşaq ola.”
Şair məzmun baxımından düşüncələrini reallaşdırsa da, şeirin poetik biçimində qadına münasibətdə açıq-saçıqlıq əndazəsini gözləyə bilməmişdir. Bu misalda ayrı-ayrı müəllifləri müqayisə etmək fikrim yoxdur. Məqsədim hər hansı mövzu üçün modelin, formatın düzgün və dəqiq seçilməsinin vacibliyini nəzərə çatdırmaqdır. Bu, ümumən, ədəbiyyatın əsas prinsiplərindən biridir. Mehman bəy təsvirlərində kişi və qadın münasibətlərinin ilkinlikdə, başlanğıcda “müəyyən edilmiş qaydalarına” sadiqlik nümayiş etdirir. Bizim ağzımızda dilimiz ətdəndir və istədiyi səmtə dönə bilər, doğruya da, yalana da.
“Mən ölmüşəm!
Ölülər oxuya bilməz sümük dilini.”
“Sümük dili”ndə “danışmaq” üçün, görünür, sivilizasiyalar bir-birini hələ çox əvəz etməli olacaq. Şairin nəzərincə, kişi – qadın ünsiyyətində bir neçə mərhələ, daha sonra “söz mərhələsi” tarixə yoldaşlıq etmişdir. Dünya ilə dil tapmağın yollarını araşdırmaqla ən çox şairlər ilgilənirlər. “Çox sonralar anladım… Dünya sözlə eyş-işrətə, kefə baxır…” Şair elə bir dildən bəhs etmək istəyir ki, “gözəl oyunların birində” o sözün də axırına çıxmaq olsun. Bu “dil” mağara mədəniyyəti üçün uyğun sayıla biləcək ən qədim dildir. İnsan öz hiss və ehtirasları ilə ən inkişaf etmiş, ən müasir dil işarələrinin imkanları ilə də izah və aşkar edilə bilməyən mürəkkəb bir varlıqdır. Başqa sözlə, zövq, istək və ehtirasların dili ən yeni və ən azad dildir. O “azad dilin” alt qatında “məşğulluq mərkəzlərinə” ehtiyac duyulmur.
“Mən üç min beş yüzdən artıq dili necə qucaqlayım, necə?
Sən hər bir dildən bir işarə götürüb
Düzdün çılpaq bədəninə.
Oxu! – dedin”.
Çağdaş seksoloqların təyin etdiyi insan bədəninin erotik nöqtələri, zatən klassik şeirin də həmişə diqqət mərkəzində olmuşdur. Sevgi macəraları mahiyyətcə insan həyatı və əyləncəsi üçün çox göydəndüşmə olur. Bəşər yaranandan içində sevgi deyilən hissiyatın, əslində, həzzin olduğu insan övladının intim həyat və instinktilərinin bədii təcəssümünün bir hissəsi nağılların payına düşür. Şair müasir insan mifini kitabdan tanış olduğumuz nağıl həqiqətləri ilə motivasiya etməklə, hər halda intiusiyaya və “həzzə” “stavka edir”. Belə olan halda hər bir adamın nağıl qəhrəmanına çevrilə bilməsi başadüşüləndir. Mehman bəyin təbirincə, insan ömrü böyük bir qarabasmadır. Şair qarabasmaları nağıllarla da assosiasiya edə bilir. Görünən budur ki, nağıl qəhrəmanlarının arzularının, “mübarizələrinin” mahiyyətində “əbədi “yandım”lardan keçib getmək istəyi durur.
“Sən məni ona görə öldürürsən ki, nağıllar bitməsin.
Əbədi “Yandım!”larla
Kəndiri kəsilmiş quyuları kim dolduracaq, kim?!”
Qadının kişini “öldürməsi” reallığı və bu “ictimai fəlakətin” qaçılmazlığı poeziyada bir qayda olaraq sevgi, məhəbbət adı ilə icad edilmiş sosial kodekslə kompensasiya olunmaqdadır. Mövzuya bu yönlü həqiqətlərdən giriş yapmalı olsaq, sevgi deyilən həmin o məbədin girişində yer ala biləcək ikitərəfli keçid, yəqin ki, yanmaqdan və yanmamaqdan ibarət olmalıdır. Canlı və cansız aləmi inikas edən bəni-adəm başdan-başa işarələr sistemindən ibarətdir. İndi kodlaşmaya doğru sürətlə can atan ictimai mühitin başında insan durur. Deməli, hər məsələdən xəbərdar olan insan nağıl qəhrəmanı qiyafəsində arzu və istəklərini reallaşdırmaqda qərarlıdır. Yoxsa o qəhrəmanın otuzuncu, qırxıncı otaqda, o otaqdakı qızın dizinin üstündə nə başı qalıb! Bax nağılla, göydən düşən üç almayla başımızı qataraq, vətənpərvər, mübariz, igid, qəhrəman deyə-deyə öydüyümüz insanın lap son məqsədi həmişə padşahın qızına sahib olmaqdan ibarət olur. Mehman Qaraxanoğlu özü işarələr yığımından ibarət olan Adəm övladının ən müasir dildə ünsiyyətinə şərait yaradır. Onun semiotikasında “yerli ləhcə”də üç min beş yüzdən artıq işarə vardır.
“Təkcə mənim bədənimin üç min beş yüzdən artıq dili var!
Mən üç min beş yüzdən artıq dili necə qucaqlayım, necə?
Sən hər bir dildən bir işarə götürüb
Düzdün çılpaq bədəninə. Oxu! – dedin”.
Yer üzü isə bir ləhcə ilə başımızı qatmır. Ancaq bütün əlifbaları birləşdirən hər gün şifrəsi, parolu dəyişən söz-sənət ünvanlarına sahib olmaq da çağdaş postmodernçi cəmiyyətlərin ayrılmaz xarakteristikasına çevrilməkdədir. İndi dünyada bütün social sifarişlərin istehlakçısı və istehsalçısı cəmi-cümlətanı iki kəsdən – kişi və qadından ibarətdir. Eynilə atalarımızın və analarımızın əcdadı olan Adəmlə Həvva kimi. Təkcə “Facebook” social şəbəkəsinə nəzər yetirəndə bu cütlüyün ünsiyyətindəki maraq və düşüncənin necə çulğaşdığını müşahidə etmək olar. Bu kontekstdə “Ey qadın” müraciətini Qaraxanoğlunun bir çox şeirlərinin prelyüdü adlandıra bilərik. Yeri gəlmişkən, deyim ki, Mehman bəyin referent mühitdə “hal əhlinə” bu cür xitab etdiyinin çox-çox əvvəllər şahidi olmuşuq. Axı bu qadın kimdir? Şair sevgi və məhəbbətin, qadın və onun gözəlliyinin vəsfindən, ənənəvi yazı tərzindən bilərəkdən imtina edir, problemə daha kontekstual yanaşır. Məsələ burasındadır ki, həyatın yaradılışında qadın ünsürü sonrakı qərarın, hökmün icrası ilə bağlıdır. Dini biliyə görə Həvva Adəmin sol kiçik qabırğasından yaradılmış və qabırğanın yeri ət ilə əvəz edilmişdir. “Quran”da belə yazılır: “Adəm zövcəsi ilə yaxınlıq etdikdə o, Həvva yüngül bir yüklə yükləndi(hamilə oldu) və (bir müddət) həmin yükü daşıdı…” (əl-Əraf: 189)
“Qayıqda qadın
Adəmdi
Həvvadı
Nuhdu”
“Üzdüyümüz qayığın” görünən mənzərəsi təkcə bu misralarda ifadə olunan şəkildə deyildir. Ona görə də şair daha dərin mətləblərə nüfuz etməyə təşəbbüs edir. Yuxarıda yazmışam ki, M. Qaraxanoğlu yeni bir estetik dünyagörüşünün təmsilçisidir və bu yöndə daha çox uğurlar qazanacağına şübhə ola bilməz. Amma, zənnimcə, onun axtarışları hər cəhddə uğurla nəticələnmir. Belə ki, yazdığı mətni bürüdüyü sirli pərdə bəzən o qədər qalın olur ki, altında nəyin gizlədildiyini fəhm etmək çətin olur. Ümumilikdə Qaraxanoğlu – fərdi üslubu, bənzərsiz təfəkkürü ilə hər kəsdən fərqlənir. Mehman Qaraxanoglu insanın ruhunu azadlığa səsləyən şairdir. Bü dünyada yaşamağın insanın öz əlində olduğu və ya olmadığı barədə də düşünməyi adamın yadına salır. Onun postmodern düşüncə standartlarını ifadə edən qeyri-standart yazı üslubunda təfəkkürə də, dilə də yüklənmiş proqramlar ən mürəkkəb fikir axtarışlarını aparmağa imkan verir. Qaraxanoğlunu oxuyanda adam estetik bilgilər üzrə, incəsənət sahəsində analogiyalar aparmaq həvəsinə düşür. Məsələn, qədim bir tikilinin içindəki vaxtla ondan kənarda ötüşüb keçən vaxt eyni deyildir. O tikili aradan keçib gedən zamanın sayəsində əvvəlki görkəmini, gözəlliyini, üslub və məzmun keyfiyyətlərini ya qoruyub saxlayıb, ya da hər hansı təsirə məruz qalaraq bir dəyərdən digər bir dəyərə keçid edibdir. Tikili variantında fakt və ya hadisənin varlığından da nəsə söyləmək lazımdır. Bax şeirə də təxminən belə bir münasibət nümayiş etdirməliyik. Şeir hadisəsi də vaxtın dəyərləndirilməsi üçün fakt rolunu oynayır. Zəif yazılan şeir zamanın hadisəsi sayılmağa layiq deyildir. İstedadla qələmə alınan hər bir əsər vaxt və zaman üçün əhəmiyyət daşımağa başlayır, elə qiymətini də zaman özü verəsidir. Mehman Qaraxanoğlu illərdir, öz dəsti-xəttini təsdiqləməkdə, istedad və peşəkarlıqla mətnin içəri qatlarına səbr və inadkarlıqla enməkdə davam edir. Şair mətn qurmaq yaradıcılığı ilə iki istiqamətdə məşğul olur. O ya özü yeni mətn yaradır, ya da hazır mətnə öz əlavələrini edir. Hər iki halda oxucunun qabağına qələmində sözlə qayıdır.
Yazıya 1010 dəfə baxılıb