Eldar İsmayıloğlu – Sonra hər şey dəyişdi…

10700317_1528406690710025_2740027507874451104_o

Sonra …hər şey dəyişdi…
Baxışlarının şüşə təmizliyi..
Qaranlıq saçlarında bükülüb yatan ovcumun üstüaçıq kürəyi,
daha başımın altında havasız ürəyim..
Nəfəsinin divar hənirtisi,
qurumuş ağac yuxularımdakı bir kəpənək xoşbəxtliyinin ,
baharı gözləmək səbirsizliyi…
Sonra …hər şey dəyişdi.
öpüşlərinin də dadı qaçdı..
gülüşlərinin də..
nimdaş pencəyimdə çimsinən baxışların ürəyimi deşdi.
Öncə…sükutların yarpaq pıçıltılarıydı..
Öncə…əllərimin qabarı gül döşənmiş ləpirlərin idi..
və sən,bu ləpirlərlə yüyürərdin hər nəfəs mənə ölməyə…
Sonra …sən getdin ,heç nə dəyişmədi..hər şey dondu sadəcə..
yalnız,yandırdığın şam hələ də közərir səhərəcən
kipriklərimin arasında….
örtə bilmirəm neynim ,sönər sənəcən..
göydən Allah baxır,
hələ də Sən yağış yağır axı…

 

***

 

Mən sənə uçulan bir daş parçası,
Elə hey ovursan ,yazırsan elə..
O qədər Mən var ki,bu boş qucaqda,
Gözümü yumanda azırsan elə..

.
Min ildi gəzirəm Sən qız çölünü,
Sənə boylanmağa bu dağ da qısa.
Yenə dartınırsan Mən ipə sarı,
Səni görmürəm ki,gözümdən asam…

.
Min ildi üstümə səpələnirsən,
Yığıram..ovduğun daşına səni…
Mən də sənin kimi şəkiləm axı,
De,necə dolanım başına sənin.

.
O qədər ovdun ki,damıram daha,
Sənin cadar-cadar qız çöllərinə…
Səni tanımaqçün payız geyindim,
Məni budaq-budaq çız əllərinə…

 

***

Qoca rəssamın
şüşəsiz eynək rəsminə bərəlib,
sonuncu eşq məcarasının dumanında sızıldamağıdı,
öz xəyanətini mənim təbəssümümdə axtarmağın….
bilirsənmi dodaqlarımı necə yandırıb..
And içdiyim ovcunda da kimsə su içib bulandırıb.
Yoxsa ,gözdən düşən kimi əllərin axsamazdı…
bilirəm,ürəyin əlçatmazdı..
ağlamağın darıxmağın deyil, gözlərinə
sığınmağındı hələ ki..
Mən namərd deyiləm,göz üstdə qoruyuram bil ki,
saçlarımın qoruyub saxladığı
ağ təbəssümlərini…
gözlərində payızdı,görürəm…yaş gəlir,
bağışla,üşüdüm..yum gözünü,sən ki ,bilirsən…
qarşıdan qara qış gəlir….

 

***

 

Gözlərim..qabığı soyulmuş ağac…
Gün də kəsdirib qapımı haçandı..
.yandırır dodaqlarımın üzünü..
əllərin də o qaçandı..
Mənim sərhədlərim səndə bitərdi,
Mən daşları elə düzmüşdün ki,göz oxşayırdı.
elə o uçandı..
Bütün quşların,ümidlərin,yağışların yuvasıydı ovcum..
…pıçıltilarında..
Sən nə söylədin axı…
Ovcum nə söz verdi…

sonra külək şəkilləri oldu 
,qulaqlarındakı qızıl darıxmaqlar…
İndi qapı gözlüyündən “Xatirə” qarının ovcu boylanır..
Bütün gecəni nə işıq verdi,nə göz verdi..
amma bir söz ağlayırdı “Xatirə”qarının da ovcunda,
gün işığında,iynə ucunda…
Mən qabığı soyulmuş ağac…dibi yanmış…
Sən dili qurddamış…
Sən nə söylədin axı..
Ovcum nə söz verdi….

***

…və sonra bilirsən ki,
dar ömrünə söykədiyin göz nərdivanla,
qaranəfəs kiminsə ürəyinə dırmaşmaqdı bu Eşq…
həm də,bir üzü üstə yüyürüb,
kor gecədə balıncın altına yığmaqdı..
içinə səpələnmiş yar yaxasının qırx sirli düyməsini….
həm də barışmağındı,
Tanrının-ehtiras körüyündə qızarmış dəmir qanunlarının
başına döyməsini..

daha dəmir qanunlar da ovulub tökülür ,
payız divardakı adam şəklindən..
…və sonra bilirsən ki,
bir üzün düşüb şəkildən..şəkilə bir üzün düşüb.
Biraz işıqlı,soyuq…
Bir az nəmli,dumanlı…
Bir az yanmış,unudulmuş..
kim bilir, o biri gül qoxulu üzün 
hansı ürəkdə qalmış….
…və sonra …

Yazıya 696 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.