BAKIYA GEDƏCƏM ŞAİR OLMAĞA

10965515_1547485538869216_1026193018_nŞairə Bəsti Bərdəlinin “Bakıya gedəcəm şair olmağa” şeiri haqqında poetik düşüncələr

Şair hərdəmxəyal olur! — Bu fikir dünyəvi şairimiz İmadəddin Nəsiminindir. Şair xəyalı aranı dağa dartır, dağı arana. Coşur, daşır, qəzəblənir, kövrəlir, ağlayır, ağladır, gülür, güldürür, bir sözlə, təfəkkürün, şair ilhamının diqtəsi ilə, xəyallarının qanadlarında, arzularının coşqunluğu ilə yaşayır və ətrafını
da özü ilə çəkib aparır rəngarəng aləmə, şair aləminə, şeir dünyasına…
Axı şair də insandır; o da küsə bilir, inciyə bilir, kövrəlir, uşaq kimi aldana bilir, lakin aldada bilmir, düzü-düz, əyrini-əyri deyir. (M.Ə.Sabir demiş — H.H.) Həm də şair qəlbi saf olur, incə və həssas olur, sına bilir…
Şairə Bəsti Bərdəli yazır:
“Bir gün bir tədbirdə bizə (yəni yerli şairlərə — H.H.) söz vermədilər. Dedilər bu şairlər Bakıdan gəlib. Fikirləşdim ki, mən də gedim Bakıdan gəlim də. Bakıdan gedib gəlmədim, lakin əvəzində “Bakiya gedəcəm şair olmağa” şeirim yarandı…”
Nadan adamların nəzərində əyalət adlanan bir məkanda sənətkar olmaq olmaz, bunun üçün gərək paytaxtda yaşayasan və əyalətə paytaxt gözü ilə baxasan…
Belə deyirlər ki, “İmam üçün ağlayanda gərək yezid üçün də heç olmasa bir damcı yaş gətirəsən”. Bütün sənətkarlar Bakıda cəmləşib; orada görüb-götürmək, müxtəlif ədəbi görüşlər, ədəbi dərnəklər, böyük tədbirlərdə çıxış etmək şairi tez bir zamanda tanıda bilir, populyarlaşdırır. Lakin bu heç də əsas vermir ki, sənətkarları da məkan kimi əyalətlərə bölək, katiqoriyalara ayıraq…
Buna görə də şairə elə düşünən insanlara qeyzlənir və gülür, rişxənd edir — lakin qanını qaraltmır, əyalətdən canını qurtarmaq üçün paytaxta üz tutur ki, addımbaşı ona da “Xanım” desinlər. (Əbəttə bu şeirdə baş verir — H.H.) və o da paytaxt şairi olsun Söz yox ki, bu əslində belə deyilş.
Bəsti xanım şeirdə gözəl ifadələr, gizlin və aşikar mənalarla misraları sanki sapa düzür:

aaaaaaaKülün arasından alıb közümü,
Reklam eləməyə xalqa özümü,
Şampan şüşəsinə yığıb sözümü,
Bakıya gedəcəm şair olmağa.

Bəli,bu bir acı həqiqətdir ki, bəzən rüşvətlə də, şampanlar, konyaklar hesabına da reklam olunub, gündəmə gəlmək ola bilir. Şairə şeirin dili ilə deyir ki, bu fürsəti əldən qaçırmadan gedib Bakıdan gəlmək lazımdır ki, “əyalətçilər” desinlər ki, “Şairə xanım Bakıdan gəlib”. Əyalətçilərin bu əyalət düşüncələri adamda ikrah hissi oyadır. Və yaxud:

Düzə əyri deyib əyri əyməsin,
Xətrimə Kür dəydi, Xəzər dəyməsin,
Allah, qoru məni nəzər dəyməsin,
Bakıya gedəcəm şair olmağa.

Nə qədər sərrast, nə qədər axıcı, yerli-yerində işlənmiş misralardır. Və şairə Bəsti xanım sanki Bakıdan üzünü əyalət deyilən o məkana və əyalət düşüncəli o insanlara tutub deyir:

Eşitsin əyalət, deyirəm indi,
Gözləri ovulan xeyirəm indi,
Təpədən-dırnağa şeirəm indi,
Bakıya gedəcəm şair olmağa.

Lakin şairə Bakıya getmir, əyalətdə keçirdiyi günləri közərdir, Allahtaladan rica edir ki, göydən od ələməsin, bir az dözsün, səbr eləsin. Kürsüyə sinə gərib həmən əyalət fikirli insanları söz atəşinə tutmasına fürsət versin…
Poeziya mürəkkəb janrdır, bu janra girişmək hər adama nəsib olmur. Hər kəsin düşünə bilmədiyini poeziya dili ilə düşünmək, onu təşbehlərlə ziynətləndirib oxucuya çatdırmaq hər bir insan oğlunun-qızının işi deyil. Bu vəzifənin öhdəsindən yalnız əsl şair, əsl şair-vətəndaş gələ bilər. Özü də qoşma janrında, xalqın başa düşəcəyi bir ovqatla onlarla təmasa girmək məhz, istedadlı şairə Bəsti Bərdəli kimi vətyəndaş şairəmizin qismətinə düşüb… Hörmətli oxucu, mənim bu yazım şairə Bəsti Bərdəlinin “Bakıya gedəcəm şair olmağa” şeri haqqında düşüncələrim idi… Fikrimi tamamlamaq , həm də hörmətli oxucunun ovqatını qaldırmaq üçün keçmiş Yazıçılar İttifaqının iclaslarının birində baş vermiş bir əhvalatı diqqətinizə çatdırmaq istəyirəm:
Ciddi iclas gedir, iclasda Kommunist Partiyası aşiqləri Kommunizmdən, onun əhəmiyyətindən, Kommunizmə getməkdən o qədər danışırlar ki, mərhum şair Tofiq Bayram qovluğunu qoltuğuna vurub iclas salonunu tərk edir. Qapıdan çıxmaq istəyəndə iclasa sədirlik edən Mirzə İbrahimov şairdən soruşur: –Yoldaş Tofiq Bayram, hara belə? Tofiq Bayram halını da pozmadan əsəbi halda cavab verir: –Kommunizmə! — deyib qapını çırparaq gedir. Salonda gülüşmə qopur. Mirzə müəllim salona müracətlə deyir: –Qoy getsin, onu bu yoldan saxlamaq olmaz!… Əyalətçilik prinsipini, əyalət düşüncəli çinovniklərin təfəkküründən silmək o qədər də asan məsələ deyil. .

Heybət HÖRMƏT,
Şair-tənqidçi, “Qızıl qələm” mükafatı
laureatı

Bakı-2014

Yazıya 784 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.