ÖZÜNÜ ÖLDÜRƏN, ASAN ADAMLAR

heybət hörmət
Gənc şair Bahadur Qobustanın “Ay qız” və
“Özünü öldürən, asan adamlar” şeirləri haq-
qında poetik düşüncələr.

Poeziya da qanadlı quş kimidir, quş qəfəsə sığmayan kimi, poeziya da ürəkdə qala bilmir, azadlığa can atır. İlham kəhər at kimi şahə qalxır. Qartal kimi zirvələrə uçur, dərələrə endiyi vaxtlar da ola bilir…
Gənclik də buna bənzərdi. Gənclik yerində saymağı sevmir, həmişə qar-qar qaynayır. Gəncliklə poeziya birləşəndə, üstəlik məhəbbət də onlara qoşulanda Leyli və Məcnun taleləri ürəyə hakim kəsilə bilir. Axı gözəllik, eşq özü poeziyanın qanadlarıdır, ilham qanadları. Şairin idealı isə mənəvi gözəllikdir.
Poeziya dünyası haqqında söhbət açacağım gənc şair Bahadur Qobustandır. Onun yaradıcılığı metaforik bir duyumla yanaşı, həm də rəmzi mənalarla təqdim olunur.
Bəzən sentimental sevgi müstəvisində yazıb yaratdığı poeziya nümunələri də bizi sevindirir.
Həmişə pərvanələr işığa gəlir, çırağın başına dolanırlar. İşıqdan nur alır, işığa aşiq olurlar, işığa tapınırlar. Elə işığa olan məhəbbəti yolunda da özlərini qurban verirlər..
Bülbüllər bağsız, budaqsız yaşaya bilmədiyi kimi, qartallar da zirvəsiz yaşaya bilmirlər. Bu mənada şair də şeirsiz, poetik aləmsiz yaşaya bilməz. Burada söhbət Bahadurun xalq şairi Zəlimxan Yaqubdan təsirlənərək yazdığı “Ay qız” şeirindən gedir. Qıza xitabən deyir ki, buludlar göyləri, yağış torpağı sevdiyi kimi səni sevirəm…
Bağa baxmayanda, ona bağban əli dəyməyəndə ondan bağ olmur. Yarpaqlar saralır, budaqlar quruyur. İnsanı saxlayan nəfsidir, nəfəs olmadıqda insan yaşaya bilməz. Mən də səni bax belə sevirəm.
Sənin eşqin heç zaman Bahadura yük ola bilməz, çünki, o səni Məcnun məhəbbəti ilə sevir. Qədərini isə soruşma. Sən üzüdönüklük göstərmişəm, mənim saf məhəbbətimə qarşı. Mən səni Allahdan bir az az, amma dünyadan böyük bir sevgi ilə sevirəm…

Allahdan bir az az, dünyadan böyük,
Mən səni bax belə sevirəm, ay qız.

Yeni fikir, yeni tapıntıdır.
Bahadur lap kiçik yaşlarından poeziya aləmindədir. 1984-cü ildə Qobustan rayonunun Bəklə kəndində dünyaya göz açıb. Bəlkə kəndi əvvəllər Şamaxı rayonunun tərkibində olduğundan Bahadur ağlı kəsəndən Şamaxı şeir mühütündən bəhrələnib. Orta məktəbi bitirib Gəncə şəhərindəki Universitetə daxil olanda artıq bilirdi ki, poeziya nədir. Poeziyaya həvəsi onu Gəncədə çıxan “Töhfə” qəzetində müxbir kimi çalışmağa həvəsləndirdi. Bundan sonra hərbi xidmətə çağrılan Bahadur qələmini yerə qoymadı. Bir-birindən maraqlı şeirlər yazdı. Əsgəri xidmətdən gələndən sonra 5 il doğma kəndlərində, Bəklədə müəllimlik etdi. Sonra Bakıya köçdü. Bakı poeziya mühiti gənc şair kimi yetişməkdə ona qol-qanad verdi. İnformasiya saitlərində müxbir kimi çalışmağa başlayan Bahadur hazırda ATV (Azad Azərbaycan) telekanalında redaktor kimi fəaliyyət göstərir. Hazırda ATV kanalında OTK şöbəsində və Atvxəbər. az saytında redaktor vəzifəsini icra edir.
Şeirləri ayrı-ayrı almanaxlarda, qəzet və jurnallarda, internet saytlarında dərc olunur. Dokkuziklim.net ədəbiyyat saytının baş redaktorudur, eləcə də kultut.az ədəbiyyat saytının texniki redaktoru kimi də öz fəaliyyətini davam etdirir. Ailəlidir, maşallah iki övladı var…
Dini nöqteyi-nəzərdən yeri-göyü yaradan Allahdır. Yer üzündə canlı-cansız nə varsa hamsının yaradıcısi Allahdır. Allah bizi yaradarkən bizi əql, şüur verib. Həmin ağıl vasitəsi ilə Allah bizi idarə edir. Allahdan əl üzmək, asilik etmək dindarların deyil, dinsizlərin peşəsidir.

Gör neçə adamın yolunu kəsir,
Əlini Allahdan kəsən adamlar.
Birinci atadan-anadan küsür,
Yazılan qismətdən küsən adamlar.

Yolunu düz gedən Allah adamlarının yolunu Allahdan əlini kəsən adamlardır. Yazılan qismətdən küsən adamlar əvvəla ata-anadan üz döndərirlər, küsürlər.

Çiynində yük varsa ya tulla, ya çək,
Qərarsız qalmaqdır ən acı gerçək.
Nə etsə ümiddən sonra öləcək,
Özünü öldürən, asan adamlar.

Fəlsəfi-psixolojiu, dasxili bədii süjetə malik poeziya həmişə diqqəti cəlb edir. Çiyinlərdə qərar tutan yükü ya tulla, ya çək. Bu barədə qərar qəbul edilə bilmirsə bu ən acı gerçəklikdir. İnsan özünü o zaman öldürməyə və ya asmağa qərar verir ki, onun ümidləri tamamilə puça çıxır, o zaman yaşamağa güman qalmır…

Kim ki, dərdsiz gəzir, kədərsiz gəzir,
Demək bu dünyaya nəzərsiz gəzir,
İllərlə özündən xəbərsiz gəzir,
Başqa adamları pusan adamlar.

Dünyanın üzü dönəndə insanlara da sirayət edir. Amma burası da var ki, dünyanın üzü hamı üçün dönə bilməz. Hər kəsin özündən aslıdır onun dünyasının üzünün dönməsi. İndinin özündə də dərdsiz-kədərsiz gəzən adamlar var. Deməli onların nəzərləri bu dünyalıq deyil. O qədər özündən xəbərsiz başqa adamları pusan adamlar var ki, bu dünyada. Elə buna görə də dünyanın üzü dönür, çarxı çevrilir. Dünya ilə belə adamlar arasında bağ qırılır…

Ən aciz heyvan da canına qıymır,
Ölsə də başını ölümə əymir,
Kiçik bir cığır da yadigar qoymur,
Özü öz əliylə susan adamlar.

Ölüm, bir gün olmamaq insanın vücuduna vəlvələ salır. Hətta ən aciz heyvanlar belə öz canına qıymır, ölmək istəmir. Ölsə də başını ölümə əymir, ona tabe olmur. Özünü öz əliylə susduran adamlar özlərindən sonra kiçik bir cığır da qoymurlar.
Deməli, şairin fikrincə dəngələr dönəndə, baş çevriləndə, ağıl azalır, insanlar cızığından çıxır və elə buna görə də ayrı-ayrı insanların faciəsi başlanır.
Gənc şair bütün fikirlərində səmimi olduğu qədər də, geniş poetik dünya görüşünə malikdir. Şeirin bütün misraları dərhal yadda qalır, oxucuda sağlam fikir yaradır, dünya haqqında, insanlar haqqında daha ətraflı və dolğun düşünməyə sövq etdirir.
Bahadur potensial imkana, lakonik və obrazlı fikirlərə, özünəməxsus poetik ovqata malik gənc şairlərimizdəndir. Onun şeirlərini oxuduqca inanırsan ki, o yaxın gələcəkdə daha samballı şeirlər yazacaq, özünəməxsus zirvələrə çatacaqdır. O öz oxunaqlı şeirləri ilə misra-misra qarşıma elə yerli-yerində çıxdı ki, mən sətirlərin, misraların arxasınca düşüb getdim və bu kiçik yazım meydana gəldi.
Məmməd Aslanın təbirincə desək; bahadur yaza-yaza şairlik öyrənənlərdən deyil, sadəcə olaraq şair kimi könlündə göyərənləri yazı yaddaşına köçürənlərdəndir. Bu da bir həqiqətdir ki, təb öz yherində, lakin şeirdən şeirə püxtələşmək, ustalaşmaq və qüsursuz yazmaq da var axı.
Son söz olaraq demək istəyirəm ki, Bahadur Qobustan sözün əsl mənasında gənc və istedadlı şairdir, ona yeni-yeni uğurlar arzulayıram.

Heybət Hörmət
Şair-tənqidçi, “Qızıl qələm”
mükafatı laureatı

Bakı-2015
11 fevral.

Yazıya 764 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.