«İllərin o tayı» Elşən Əzimin-heç üzünü görmədiyim bir şairin üçüncü şeirlər kitabıdır. Açığını deyim ki, onun əvvəlki kitabları ilə tanış deyiləm, amma «İllərin o tayı» Elşənin «o taydakı illəri» haqda da müəyyən təsəvvür yaradır.
Şeirləri oxuyuram və ilk növbədə, bu şeirlərdəki fikir, məna düzümünü izləyirəm. Bütünlükdə bu şeirləri Ömür və Vaxt haqqında etüdlər adlandırmaq olar. Ömür-dünənki, bugünkü və sabahkı, keçmiş-indiki-gələcəkdəki həyatdır. Yaşanılıb, yaşanılır və yaşanılacaq. Bu ömürdə etiraflar, nisgillər, qınaqlar, sevinclər və o qədər kədər var. Vaxt isə bu ömrün ölçüsüdür; yaddaşdan silinməyən xatirələrin, illərin o tayında gerçəkləşən ya da boşa gedən arzuların, xəyalların, sevginin, həsrətin özülüdür. O, hər şeyi tənzimləyir və təmizləyir. İnsan özünə xəyanət edə bilər, Vaxta yox!
Vaxtı bada verdim, havayı getdi,
Sənə veriləsi vaxtım qalmadı.
Olanda xərclədim belədən-belə,
Mən vaxtın evini yıxdım, qalmadı.
Hər ayın, hər günün durdum qəsdinə,
Toxundum könlünə, dəydim şəstinə.
Acı günlərimin tutub üstünə,
Vaxtımı nar kimi sıxdım, qalmadı.
Vaxt elə itdi ki,dumanda, sisdə,
Vaxt elə getdi ki, harayda, səsdə,
Qoydum əllərimi gözümün üstə,
Boylanıb ardınca baxtım, qalmadı,
Sənə veriləsi vaxtım qalmadı.
Səmimi etirafmı ya Vaxt qarşısında məğlubiyyətmi? Hər halda, fikir aydındır: vaxt keçir və sən onu paylaşa bilmirsən. Ömür elə buna görə verilib-vaxtı itirirsən, sonra da təəssüflər, nisgillər başlayır. Yaşanılan ömrə huşyar gözü ilə boylanırsan. Vaxt və Baxt bu şeirdə təkcə qafiyə kimi yox, həm də bədii təzad kimi maraqlıdır. Şeirdə fikrin özü də, ifadəsi də yetərlidir, sənə çatır. Amma başqa bir etüd: «İnsan ömrü Zamanın saqqızıdı. Çeynəyir, çeynəyir. Şişirdir, üfürür.Şirəsi gedəndən sonra Tüpürür». Həddən artıq prozaikdir. Fikir var, amma poeziyadan aşağıdır.
Bir dəryadan üzüb keçdim,
Batdığım günaha qədər.
Tamahın içindən keçdim,
Diş altdan iştaha qədər.
Demirəm hayıma hay ver,
Ya da qurulu saray ver.
Ay allah, eşqimə boy ver,
Məcnun çəkən aha qədər.
Bir olanı bir istərəm,
Pir olanı pir istərəm.
Elşənə ömür istərəm,
Ölümdən Allaha qədər.
Bu şeirdə isə poetik fikir var. Ömrün on iki misraya sığışan keçmişi və bu günü… «Ölümdən Allaha qədər» gedən yol isə sufiyanə düşüncə tərzinin ən sadə modelini xatırladır.
Elşən Əzimin bir qisim şeirləri Olum və Ölüm, Tənhalıq və Dolu günlərin təzadları haqqındadır. Bu tipli şeirlərdə yerinə oturuşan məqamlar olduğu kimi, hədəfdən yayınan ya da gülləsi havaya sovrulan anlar da az olmur. «Axşam peyzajı»nda Elşən Əzim doğrudan da, tənhalığın portretini yaradır.. «Yarpaqlar ölüm hökmü almış adam kimi əsir. Qonşunun pəncərəsindən mahnı səsi özünü atır küçəylə gedən maşının təkərləri altına. Cırcırama səsi qayçıya dönür kağız kimi doğranır sükut. Masamın üstündə pivə köpüklənir toy tamadasının nitqi kimi. Dünyanın tavarı çökür elə bil yaxşı ki, sərv ağacları var». Burda da bədii təzadla qarşılaşırsan. Dünyanın cırcırama səsləri və tənha ürək. Təkərlərin altına atılan mahnı səsləri və tənha ürək.
Bədii təzad şeirdə hisslərin polifoniyasını yaradan poetik fiqurlardan biridir və Elşən Əzimin şeirlərində bunun uğurlu nümunələri də var, uğurlu olmayanları da. Bədii təzad həyatın, ömrün-günün reallıqlarından, hisslərin, duyğuların özünün təzadlarından yaranır və təbii ki, şeirdə bunun ifadəsi də səni qane etiəlidir. «Qəmə cəllad olasıydım, Baltam, kötüyüm olmadı»- təzaddır, elə deyilmi? Amma elə bu şeirin sonunda «Elşən Əzim, bu nə haldı, İztirabın bolhaboldu. Gəlib otuz yaşım oldu Otuz qəpiyim olmadı»-bu da təzaddır, amma poeziyadan aşağıdır. Həllad baltası hara, otuz qəpik hara?
İndi isə başqa bir şeirdəki bədii təzadlara diqqət yetirək-«Qumbara dibçəklər, qəlpə çiçəklər».
Güllə qabağında bir qaçqın ata
Qumbara dibçəyə əl ata bilər.
Özü də bilmədən nə etdiyini,
Düşmənin üstünə gül ata bilər.
Nə vaxtdı torpağa sancılı qalıb,
Mərmi kötüklərdən şivlər göyərər.
Tumurcuq gətirər yanmış meşələr,
Şəhərlər boy atar, evlər göyərər.
Hələ də oyanır erkən ilanlar,
Oyanır günəşin doğan anından.
Sürünər, uzanar örkən ilanlar,
Keçərbir çiçəyin doğanağından.
Bax, onda davalar səngiyər bir az,
Salar silahlara kölgə çiçəklər.
Şabaştək səpilər dünyanın üstə,
Qumbara dibçəklər, qəlpə çiçəklər.
Elşən Əzimin şeirlərində Sözlə kifayət qədər sərbəst hərəkət etmək iddiası, sözü metaforik düşüncə tərzinin «oyununa» çəkmək meyli açıq-aydın duyulur və deyərdim ki, bu, çox zaman uğurlu da alınır.payız gəlir, amma lirik qəhrəmanın sevgiyi qızdan soraq yoxdur.Bu intizarı çoxlarının «sən niyə gəlmədin?» sualı şəklində deyil, tamam fərqli bir şəkildə belə söyləmək olar: «Yay uzunu «payız» deyib çağırdım, Payız səndən vəfalıymış, o gəldi». Başqa misallar: «Qapını mən döydüm, ayrısı keçdi Demə açığıymış kilid bildiyim». «Əli ətəyindən uzun gəlirəm, Hər gün boş cibimə əlim tökülür. Demirəm sinəmin cızdağı çıxır,Deyirəm od tutub dilim tökülür». «elşənin üzünə ölüm kölgəsi, O qızın zil qara saçından düşüb», «məcnun ömrü yaşadım, Ağlım başıma gəldi», «Üz-üzə gətirmir bu yollar bizi, Yolları saçınmı düyün salıbdı?», «Ahımdı yolların dumanı, çəni, Sən də yolu tutub keçdin ahımdan», «Edam kötüyüdü bu dünya sənsiz, Qətlimə verilən fərman kimisən» və s.
Elşən Əzimin şeirlər kitabında kifayət qədər poetik yükü ilə seçilən nümunələr var və eyni zamanda adına yalnız şeir deyiləsi, fikri, məzmunu ilə etiraz doğurmayan, amma poetik sanbalı olmayan şeirlər də var. «İt hürən tərəfin nağılı», «Ay arı, gör harda şirə çəkirsən», «Tamada olmayanlar üçün tost», «Bulaq mənim sazımdı», «Hanı bu atın yəhəri», «Sazını götürüb qaçır bir uşaq», «Uduzur», «Özümdən özümə», «Susmaq qızıldırsa», «Ürəyimdən asılan daş», «Sən harda ölmüsən, ölüm mələyi», «Belə çayın bəri tayı yaxşıdı»-bax, bu şeirlərin hər biri haqqında yaxşı fikir söyləmək olar. Çünki adını çəkdiyim bu şeirlərdə qətiyyən əllaməçilik, sözlə «oyun oynamaq» iddiası yoxdur. Kəlbəcər əhlinin qaçaqaç vaxtında baxıb görürlər ki, bir uşaq əlində saz vertalyota sarı qaçır. Kifayət qədər kövrək və döşündürücü səhnədir:
Yolları qoluna dolaya bilmir,
İzini götürüb qaçır bir uşaq.
Canını götürüb qaçmır, ilahi,
Özünü götürüb qaçır bir uşaq.
Dözərmi bu yükə ən şirin çağı,
Yoxdurmu sevimli bir oyuncağı?!
Sığışmır ovcuna Şəmşir ocağı,
Közünü götürüb qaçır bir uşaq.
Alıb öyüdünü hansı ustanın,
Çəkir şələsini şeirin, dastanın,
Ənvərin, Bəhmənin, Məmməd Aslanın,
Sözünü götürüb qaçır bir uşaq.
Biri daş-qaşını götürüb qaçır,
Biri üst-başını götürüb qaçır,
Böyüklər başını götürüb qaçır,
SAZını götürüb qaçır bir uşaq.
Bu gün müharibənin doğurduğu mənəvi, fiziki, maddi itkilərdən, ağrı-acılardan çox yazırlar. Elşənin bu şeirini onların əksəriyyətindən fərqləndiyini niyə deməyim?
Öncə Elşən Əzimin «Gəlib otuz yaşım oldu, Otuz qəpiyim olmadı» misralarına iradımı bildirdim. Yenə o fikirdəyəm. Lap məcazi söyləsə də. Amma «İllərin o tayı» kitabında onun yaxşı şeirlərinin sayı otuzdan yuxarıdır. Ona görə də, mərhum professor Abbas Zamanın məhşur ifadəsiylə desək: «Şikayətlənməyə əsas yoxdur». Və bu resenziyanın birinci bölməsində mən İSTEDADLI ŞAİR Elşən Əzimin şeirlərindən söz açdım.
Yazıya 832 dəfə baxılıb