QƏM PASLI QIFILI AÇAN ŞAİR

02

Bizdə ürəyə bax, baba yurdunu

                                                                      Bir paslı qıfıla tapşırıb gəldik.

 

Qıfılı dəmirdən döyərlər, açarın da daha sərt metaldan- deyib atalar. Qədim dəmirçilər də poladı kürədən çıxardanda suyunu sərt verərdilər ki, ondan düzəldilən qılınc daha kəsərli olsun.

Gənc şair Elşən Əzimin yaradıcılığı ilə tanış olub, onun şeirlərini oxuduqca bu fikirlər məndə yarandı. Hələ məktəb illərindən şeir yazmağa başlayan bu gənc, polad iradəli şairdir. Qələmi xarrat isgənəsi kimi iti, loğman neştəri kimi qızmar və şəfavericidir. Amma təbiəti ipək kələfi kimi yumşaq, məlhəm kimi həlimdir. O, yazdığı şeirlərin misralarını çox sərt sulayır. Qələmin sovunda qlov qoymur, ülgüc itiliyi verir.

  1. Ta qədimdən dəlləklər ülgücü bülövlə (itiləyici daş) itiləyər, qayışa çəkib sovluyar, qlovunu – nazik qatını götürərdilər. Bundan sonra ülgüc daha iti olar, tükü asan, ağrısız kəsərdi.

Şairin itilənmiş misraları da, qılınc kimi oxucunun o tayından bu tayına keçir.

Ata yurdunda “gözətçi” qoyub gəldiyi qıfılı şair sözlə elə kilidləyib ki, o, illərlə açılmaz qalacaq. Fələk də gəlsə, o qıfıla açar sala bilməyəcəkdir. Şairin “Qıfıl” adlı şeirindəki bəndlərə nəzər salaq:

Bu boyda həsrətin, bu boyda dərdin,

                                      Açarı bizdədir, kilidi orda.

Və yaxud;

İndi mən neyləyim, ayrı qapıya

                                      Bizim qapımızın açarı düşmür.

Elşən Əzim düşünür ki, qapıdan asılmış o qıfıl böyrü üstə qalsa da, yalnız öz açarını gözləyir, ona başqa açar düşməz. Çünki o, halal bir ata ocağının qapısından asılıb.

Bizimlə bir dəstə açar gəlibdi,

                                      Məhlənin açarı, evin açarı.

                                      Kefim qıfıllanıb üzümə mənim,

                                      Qalıb evimizdə kefin açarı.

Heyf ki, qapıdan asılan qıfıl özünü nə qədər dəyanətli və şax tutsa da, onun bağladığı qapı mənfur ermənilər tərəfindən yandırılıb külə döndərilmişdi.

Bilirəm, qapımız o vaxtdan yanıb,

                                      Qıfıl bir kalafa kül altındadır. – deyir.

Lakin qıfıl kül altında qalsa da, zərrə qədər işıq düşən yerindən bizə boylanır.

Şair də qıfıla dərd şəriki olur. Yandırılmış ata yurdunun külü içərisində öz qələmi ilə qıfılın açar yerində gül bitirir:

O qıfıl dil açar günün birində,

                                      Sükutun içində çürüyür, itir.

                                      Onun torpaq dolmuş açar yerində

                                      Hər bahar bir həsrət çiçəyi bitir.

Bilirik ki, gül çəməndə, dağ döşündə, bağ-bağçada bitir. İndi görürük ki, qələmi daşdan keçən şairlər daş üstündə, dəmir arasında da gül bitirirmiş. Bu həsrət gülü də yurdumuza qayıdanbaşı yollara səpilib, dərilmək üçün sahiblərini gözləyir.

Elşən Əzim bizi inandırır və özü də əmindir ki, yağı gülləsi də, düşmən top-tüfəngi də, hətta təbiətin tufanı, fırtınası da o gülün bircə ləçəyini belə qopara bilməyəcəkdir.

Bax, Elşən Əzimin qələmindən çıxan bu ifadələr şair-oxucu inamının bariz nümunəsidir. Şairin hər misrası oxucunu özünə cəlb edir, oxucuda gələcəyə inam yaradır, onu vətən uğrunda mübarizəyə hazırlayır.

Onun şeirlərindəki tapıntı ifadələr bizi dərin düşündürür. Bu gənc qələm sahibi gələcəyə qovuşmaq üçün arxaya çəkilir, keçmişdən güc alıb qabağa sıçrayır. Dilimizdəki daşlaşmış ifadələri cilalayıb üzə çıxarır, şeirə qatır. Görün, yiyəsiz qalan kənd-kəsəklərimizi dilimizdən uzaqlaşan sadə sözlərlə necə təsvir edir. Sözləri hövsüyə-hövsüyə seçir, mərcan dənələrini götürür:

Elləri qoynundan köçən binədi,

                                      Təkdi, kimsəsizdi, ağzıgünədi.

Doğma diyarı oxucusuna belə təqdim edir:

– Sal qayalar dillənməzdi

                                      Şimşəklərin silləsinə.

Və yaxud;

Söhbət açdım qız baxışlı,

                                      Ləl yağışlı bulaqlardan.

Dağların yağış dənəsini ləl-cəvahirə bənzədir. Arxasınca deyir:

Bir taleyin bazarında

                                      Kədər ucuz, sevinc baha.

                                      Təzada bax,

                                      Qəlbimizdə acı göynəm,

                                      Dilimizdə noğul olub

                                      Doğma diyar.

Dilimizdən düşməyən, gözümüzdən əksi silinməyən doğma diyar qəlbimizdə acı göynəm kimi göynəyir. Elə bil köksümüzə dördkünc neştər sancılıb.

Şairin hər bir beytində, qoşa misrasında təbiət mənzərəsi elə canlı təsvir edilir ki, bu tabloya baxmaqdan doymursan, özünü orda hiss edirsən.

Kipriyimlə yanağımın üstünə –

                                      Nəm çəkirəm, yatmıram ki, gecələr.

Və yaxud;

Ağı üstə qəm sazımın telini

                                      Bəm çəkirəm, yatmıram ki, gecələr.

Oğul deyərəm o oxucuya ki, mərhum şair Sücaətin “Gecələr” şeirinə nəzirə yazılmış bu misralar arasında çalxalanmasın, itirilmiş torpaqlarımız haqqında fikirləşməsin. Xəyal quşunun qanadlarında olsa da belə, ay qaranlıq gecələrdə yurd yerlərinə dəyib qayıtmasın.

Elşən Əzim də yuxudan diksinib qalxır.

Daha bir taleyin çiynində yükəm,

                                      Nə naşı bənnaymış bu ömrü tikən.

                                      Qərib məhləmdəki bir qom gicitkən

                                      Yatan yaddaşımı dalayır indi. – deyir.

Nə gözəl deyimdi! – Yaddaşım dalanır, əlimiz, üzümüz kimi – bax, bu, gənc şairin söz tapımıdı.

Şairin dalanıb, sızlıdayan yaddaşına gör nələr gəlir:

Nisgilim könlümdə sazağa dönüb,

                                      Yaxınlar yadlanıb uzağa dönüb.

                                      Evimiz bir yetim uşağa dönüb,

                                      Ahıl qayalara qısılı qaldı.

Qoşmadakı ifadəyə baxın: “Ahıl qaya”. Deməli, dağın, qayanın da ahılı, cavanı varmış. Şair ümidlidir ki, min bir zəhmət bahasına, alın təriylə ərsəyə gələn evləri yetim uşağa dönsə də, arxasını mehdən əsən cavan pöhrəyə yox, əsirlərin yadigarı – ahıl sal qayaya söykəyib. O, qədim abidəyə çevrilər, uçulmaz, dağılmaz.

Şair həm də uşaqlığında gölməçələrində çimib, sərt qıjovlarında qızıl balıq tutduğu, mənbəyi Dəlidağın göz yaşı kimi damcı-damcı axan bulaqlarından başlanan Tutqu çayının da halına yanır, onun büdrəyib, mənsəbindən çıxmasına qıymır.

Ay Elşən, yadıma düşəndi Tutqu,

                                      Üstünə çən çökdü, üşəndi Tutqu.

                                      Hönkürüb arxamca döşəndi Tutqu,

                                      Büdrəyib, daşlardan asılı qaldı.

Dərdə bax ki, çaylarımız qayalardan, xəyallarımız göylərdən asılı qalıb. Amma ümidimiz itməyib hələ. Baxmayaraq ki, şair dediyi kimi;

Ömür bir nisgilin tutub əlindən,

                                      Pir kimi başıma dolayır indi.

Vaxt gələr, bu nağıllar həqiqətə çevrilər. Biz qürbətdə qalan ocaqlarımızın başına pir kimi dolanarıq. Bunun üçün özümüzdə güc, canımızda təpər saxlamalıyıq.

Şair bəzən də özünü danlayır, gücsüz vaxtıma güc saxlamamışam…

Özümə gün ağlamağa

                                      Gözümün yaşı qalmadı… – deyir.

Elşən Əzimin gənc qələmdaşlarından fərqli bir cəhəti var. Onda mövzu qıtlığı yoxdur. Nəzər saldığı, gözə görünən və görünməyən nə varsa hamısı ilə dil tapır. Onun hər biriylə şair dilində danışır. Hətta həmişə nənəsinin çiynində gördüyü mis səhənglə də…

Çiynində günəşi aparırdı nənəm,

                                      Gün düşəndə qalaylı sənəyinə.

                                      ……………………………………………

                                      İndi o sənəyin üzündə

                                      nənəmin çiyninin izi göynəyir.

                                      ………………………………………….

İndi o səhəng də viranə yurd yerində qalayı soyunub, paxır geyib əyninə. Çiyində gəzməyə öyrənmişdi,

Bu boyda tənhalığı

                                      O necə alıb çiyninə?

Və yaxud;

Bilirəm nə çəkir

                                      O sənək bulaqdan,

                                      O bulaq dodaqdan

                                      Bu insan torpaqdan aralı.

Göründüyü kimi, şair nəyə baxırsa ordan bir mövzu seçir. Ayaq basdığı torpaqla yanaşı, baş qaldırıb göyə baxanda da şeir yaranır.

Məndən əvvəl gedənin

                                      İzini göstər mənə.

                                      ………………………………

                                      Üzü pərdəlilərin

                                      Üzünü göstər mənə.

                                      Hardasan, ay işığı?

                                      Torpağın bələyini,

                                      Kürkünü göstər mənə.

                                      Hardasan,ay işığı?

Biz ucu-bucağı görünməz bir kainatda yaşayırıq. Buna kürreyi-aləm də deyirlər, dünya da deyirlər. Hamımız bu dünyada göz açmışıq və hamımız da onu qınayır, onu danlayır, ondan da umuruq.

Haqmı gəzim bu dünyada?

                                      İtməz izim bu dünyadan.

                                      Niyə küsüm bu dünyadan?

                                      Dünya mənim nəyimdir ki?

Və yaxud;

Zəhər süzüb fələk, dünya,

                                      Gəl, birlikdə içək, dünya.

                                      Dərdinəm, məni çək, dünya,

                                      Sənin dərdin mənə qalıb?

Amma onu da bilirik ki, bu dünyanın çapar atı da var. O atın üstündə mərd də gedir, namərddə.

Elşən Əzim yaman tez seçir namərdin atını;

Diqqətim bu çapıb gedən atdadır,

                                      Kimin köhlənidir, kimin altdadır?

                                      Dırnağı qayanı, daşı çatdadır,

                                      Namərdin atına nal gərək deyil.

Qədim bir el misalı var, deyərlər: “Allah namərdə qotur versin, dırnaq verməsin”. Bu el misalını şair çox gözəl, poetik dildə şeirə daxil edib. Burada yadıma şair İdris Verdiyevin bir qoşması düşdü:

İdris, dost-aşnadan qalma sən geri,

                                      Gərək bəhrə versin hər alın təri.

                                      Xalq dilindən çıxan mirvariləri

                                      Şair qələminə taxmısanmı heç?

Elşən Əzimin şair qələmi xalq deyimlərini mirvari muncuq kimi yaman düzüb hamar sapa, asıb oxucunun boynundan.

Dünyadan ürəyi soyumayan şair gör necə deyir:

İki yerə bölə bu çay dünyanı,

                                      Dəliləri o tayına keçirə.

                                      Bəlkə onda o tay-bu tay dünyanın

                                      Dəlisiylə ağıllısı seçilə.

Şair hər bir ağıllı insanı dünya bilir. Çünki dünyanı ağıllılar idarə edir. İnsan ağıllı əməlləriylə ölümsüzlük yaradır, yaşamaq üçün mübarizə aparır.

Kül olub ölümün gözünə doldum,

                                      Hələ nə yaxşı ki, salamatam mən. – deyir Elşən Əzim. O, həm də əməlisaleh adamların məzarını dünyadan böyük bilir.

Böyü, ağrın alım, böyü, a dünya,

                                      Məzarım köksünə sığışa bilsin.

Elşən Əzim həyatın başdan ayağa yaşamaq uğrunda bir mübarizə meydanı olduğunu deyir:

Həvəslənib pöhrələyir dibindən

                                      Bu dünyanın göbələkli kötüyü.

Lakin bu göbələkli kötükdə göyərən şivlərin də bir taleyi var, onların da qəm dünyası var. Şair “Rəngi solğun ilməsi var bəxtin də” deyərək o aləmə girə bilir.

Tir-tir əsən saplaq yazıq deyilmi,

                                      Tale ondan bir soluxmuş qəm asıb.

                                      ………………………………………………..

Və yaxud;

Sarı yarpaq yaşıl ömrün pərsəngi,

                                      O payızı o budaqdan kim asıb?

Şairin tapıntı mövzularından minlərlə misal gətirmək olar. Demək olar ki, o, şairlik dünyasının içində bir dünyadır. Onun çox parlaq gələcəyinə mən əminəm. Allah qorusun, qanadında saxlasın, necə ki, özü deyir:

 

Elə xoşun gəlir, yanında saxla,

                                      Allah, bu dünyaya şair göndərmə.

Çünki bu dünya etibarsızdır:

Çox inadlar sınasıdı,

                                      Çox Elşənlər yanasıdı.

                                      Şəri-şeytan anasıdı

                                      İblisdən döl tutan dünya.

Son misra şeir dünyamıza yeni bir bioloji fikir gətirir.

Elşən Əzim içində bir xatirə dünyası, bir eşq dünyası yaşadır.

Yaddaşımda xatirəsi bir kitab,

                                      Yarpaqların arasında çiçəklər.

                                      Toxunmayın, ovxalanıb tökülər

                                      Axı, çoxdan quruyubdu ləçəklər.

Və yaxud;

Ağlımı duyğumun ipindən asdım,

                                      Apardı, gətirdi yelləncək kimi.

On yeddi yaşı təzəcə tamam olanda gəncliyinə min xatirələr büküb ayrıldığı Kəlbəcər dağlarına indi həsədlə baxır.

Çiçək-çiçək xatirələr qurutdum,

                                      Bircəsini tər saxlaya bilmədim.

Kəlbəcərdən ayrılanda onun yeniyetmə dövrüydü. Dan köynəyini təzəcə geyinmişdi. İşıqlı sabahın nurlu günəşini gözləyirdi. Ürəyindəki kövrək hisslərin toxumunu mindiyi yelləncəkdən havaya səpirdi ki, özünə yer tapsın, həqiqətə çevrilsin, göyərsin. İndi o anlar üçün kövrəlir, ərəmik qalan arzulara çarə axtarır:

Susuz qalıb cücərmədi bir istək,

                                      Kaş üstünə gözlərimi sıxaydım.

                                      İndi daşdı, axı, onda bu ürək

                                      Kəpənəyin qanadından yuxaydı.

Şairin ümmansayağı eşq-məhəbbət dünyası var. O, eşqin heç vaxt sönməyəcəyini, bütün cisminin eşq olduğunu, insanın öldüyünü, eşqin yaşadığını deyir:

Baş daşı qoymayın mənə, siz Allah,

                                      Onda deyəcəklər bu ölən kəsin –

                                       Bir zaman gözündən eşq oxunurdu.

                                               Bilin ki, ay ellər, mənim cəsədim,

                                      Daş toxumu deyil, eşq toxumudu.

Elşən Əzimin hər bir misrası üzərində dayanıb düşünməyə bilmirsən. Hər bir kəlməsi oxucunu silkələyir. Onun söz çəmənzarı o qədər əsrarəngizdir ki, əl atdığın hər beyti müşk-ənbər qoxuyur. Çəməndə çiçəyi tapdalayıb keçmədiyin kimi, onun da hər bir şeirini oxumamış səhifəni dəyişə bilmirsən.

O, məhəbbət dünyasına çox həyalı bir don geyindirir. Umacağı da həyalıdır, istəyi də. Şair məhəbbət donunun yaxasını kip bağlayıb, düyməsinə utana-utana əl uzadır. Söz və istək çılpaqlığı yoxdur.

Baxışından il adlayıb, ay keçib,

                                      Bir baxmısan, ağrın alım, bir də bax.

                                      Nə müddətdir asıldığım kipriyi –

                                      Qaldır ölüm, qoyma qalım darda, bax.

Və yaxud;

Gözüm kimi gözləyərəm

                                      Ayağından düşən izi.

                                      Gözlərimə göz deyərəm,

                                      Qıra bilsə şüşənizi.

Elşən Əzimin cavanlığına baxmayaraq, özü ağırtəbiətli, sanballı olduğu kimi, sevgi çağırışları da ağıryanadır, ehkamla deyilir.

Telefon divardan asır özünü,

                                      Zəng elə, köməyə çağırsın məni.

Bax, buna məhəbbətin qılıq çağırışı deyirlər. Çağırış əmiranə deyil, şair sevgilisinin qədəmlərini sığallayır, onu həlim səslə, oxşaya-oxşaya buyurur. O, sevgisiz ürəyi bir xaraba, quru divar adlandırır.

Görən indi kimin şəklini asım

                                      Bu uçuq ürəyimin boş divarından?!

Sevirəm kəlməsi deyən dili şair ürəyin düyməsi adlandırır. Bu düyməni açan əl isə gəncliyin əlidir. Gərək gəncliyin yaxasını buraxmayasan, əlindən çıxsa, arxasınca baxıb heyfslənərsən.

Gənclik yel qanadlı, Elşən söz atlı,

                                      Mən qovdum, o qaçdı, eh, sona çatdı.

                                      Yüz köynək düyməsi başımı qatdı,

                                      Bir ürək düyməsi aça bilmədim.

Heyfslənmə, şair, əluzanıqlı qalma. Sən fəth etdiyin ürəyin sahibi ömür-gün yoldaşın Samirə xanım sənin məhəbbət sarayının şölə saçan çırağıdır. O çırağın nurundan yaranan cüt övladların – Tuncay və Fateh isə sənin gəncliyinin şirin barıdır. Barının bəhrəsini görəsən, atan Baxşeyiş müəllim nəvə toyuna xeyir-dua versin. Övladlarınla çiyin-çiyinə torpaqlarımıza qayıdasan. Zülfüqarlının “Yelli yurdu”nda alaçıq qurasan, “Altı kövşən”də bayram tonqalı qalayasan, “Eşgə suyun dərəsi”ndə lülə buz yeyəsən, “Keçili qaya”nın Turş suyundan doyunca içib oxqay deyəsən.

Bu yerlərin hər birinə bir əsər yazasan. Qələminin hökmü, misralarının seyri bütün tilsimləri qırsın, bağlı qalan qapılarımızın qəmdən pas kəsən qıfılları açılsın. Axı, sən o açarları özünlə gətirmisən.

 

Vəliyəddin MİSİROĞLU (İsmayılov)

Yazıçı-publisist,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl Qələm” mükafatı laureatı.

Yazıya 1046 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.