Qazamatdan yenicə qayıdan Bəxtiyar müəllim bir taksi tutub sürdürdü düz Ağköynək qəbristanlığına- nənəsinin görüşünə. Türmədə aclıq edəndə xata yoldaşlarına tapşırmışdı, ölüb- eləsəm deyin nənəmin ayağı altına basdırsınlar. Amma ölüb- eləməmişdi- budur qəbristanlıqda idi. Taksı sürücüsü də qəbirə baş çəkdi. Fatma nənənin şəklini qəbir daşına həkk edən rəssam sanki onun həyatını oxumuşdu- bütün ömrü boyu əzab çəkdiyi soyuq daşdan da sezilirdi. Qəbiri kol- kos basmışdı və sanki o əzabı qəbristanlığa ölü gələndən- gələnə bu qəbirə baş çəkən ziyarətçilərdən gizləmək istəyirdi. Bəxtiyar müəllim kol- kosu təmizlədi- taksi sürücüsü də kömək etdi ona. Və birdən taksi sürücüsünün gözü diqqətlə baş daşına dikildi:
– Qardaş, bəs nənənin familiyası niyə yoxmuş? Burda baxıram familiyasız adam yoxdu, bircə bu rəhmətlikdi familiyasız.
– Vardı qardaş, familiyası vardı yaşayanda, amma öləndə o dünyaya familiyasız getdi. Atam qoymadı o dünyaya familiya ilə getsin.
– Bir şey başa düşmədim.
– Vaxtın olsa izah edərəm.
– Çox maraqlıdı.
– –
Fatma nənə belə əzabla öləsi deyildi- nə nəslində, nə kökündə belə ölümə urcah olan olmamışdı. Onların ölümünə nə vardı- 100-ə qədər yaşayıb birdən də ölərdilər. Çoxu da ayaqüstə- kənddə bu cür ölümə xoşbəxt ölüm deyirdilər. Xoşbəxt ölümlə bu dünyadan gedənlər isə kənddə iki kök- nəsil idi- Çaşılar və Qaragözlər. Nənəmin də ana tərəfi Çaşılar, ata tərəfi Qaragözlər. Anası 106 yaşında xəmir qatan yerdə ölmüşdü. Bir xalası 100 yaşında pilləkənda oturan yerdə ölmüşdü, o birisi 100 yaşında yun darayan yerdə. Atası 90 yaşında meşədən odun gətirib uzanmışdı və elə yuxudaca ölmüşdü. Indi bu nədi, 95 yaşında bu cür ölüm. Özü də Fatnma nənəm adını saydığımız şəxslərin hamısından qıvraq-qıpçaq, hamısından qoçaq olmuşdu.
Elə bir günah iş də tutmamışdı deyəsən kiminsə qarşığı tutub, Allahın qəzəbinə gəlib. Adətən naqis adamlar belə ölümə urcah olanda camaat Allahın qəzəbindən filandan danışır.
Altı ay idi dar-dübbək qaçqın otağında can verirdi. Otağın qapısı o qədər dar idi, nənəm arıqlayıb çöpə dönməsə meyidini çıxarmaq mümkün olmazdı. Döşəmə yox idi- yerə xeyli yardım odeyalları düzülmüşdü. Pəncərəyə də yardım konservlərinin kağız qutularını düzəldib vurmuşduq. Artıq mumiyalanmış adamlar kimi qalmışdı- bir-sümük, bir dəri. Dili söz tutmur, yalnız göm- göy damarları şişmiş əllərində hərəkət vardı. İri bir hörümçəyi xatırladırdı əlləri- sanki altı ay idi ölümə tor qururdu, ölüm yaxınlaşa bilmirdi nənəmə. Amma gözləri dip- diri idi, hələ ki ölüm mələyi o gözlərə düz baxa bilməmişdi. Hətta deyərdim daha da canlı olmuşdu gözləri. Son günlər yalnız dilinə bir kəlmə söz gəlmişdi ki, bunu da mən eşitmişdim- gəlif çıxmadı uşaxları tapşırım gedim.
Kim gəlib çıxmadı, axı bütün əzizləri baş çəkmişdilər ona. Hətta Bakıdan nəvələri də gəlmişdi. Indiyə qədər sağ-salamat qalmış bacı- qardaşları hamısı gəlib baş çəkirdilər. Bəs nə idi bu zülm? Azmı zülmü çəkmişdi yaşayanda ki, indi də öləndə zülm çəkirdi?
Və bir gün qaçqın kimi indi başqa bir kənddə məskunlaşmış Ema xala da baş çəkməyə gəldi nənəmə.. Nənəm tanımadı onu- otaqdan Ema xalanın səsi gəldi bir- iki dəfə. Tanımadınmı ay büvü, Meytinin nəvəsiyəm, Hasanın böyük qızıyam.
Sonra da ağladı və bayıra çıxanda gözünün yaşını silə- silə:
– Niyə qoymursunuz bədbəxt qızı rahat ölə?
Hamının əvəzindən cavab verdim:
-Nağayraq bə, bədbaxt qızı ölmür canı qurtara.
-Gözlədiyi var, gözlədiyi.
-Nəə, yox bir sevgilisi var. Qohumlardan sən qalmışdın, sən də gəldin. Özgə kimi var ki..
-A bala, mən də sən də, əmoğlum da indi onun heç nəyiyik. Bədbəxt qızı ərini gözləyir, siz də qanmırsınız.
-Ərmi görüb bu baxtıqaranın qızı?
-Valalh onu gözləyir- yoxsa ölərdi indiyə qədər.
-37- də gedəni mən 64 ildən sonra hardan tapım.
-Görün bir şəkli zad varmı- baxsın canını tapşırsın. Yazıqdı, adamın ürəyi ağrıyır. Sizdə varıydı axı İrvahamxallı babamın türmə şəkillərindən. Hələ bir böyüdülmüş şəkli də vardı ölmüşün- cavan vaxtının şəkli. Bığıburma cavan oğlan- dünyanın yaraşığı.
– –
Həmin o şəkil isə… O şəkil kənddə, nənəmin sandığında qaldı. Sanki bütün dünyaya qısqanırdı o şəkli nənəm. Mən 17 yaşımda görmüşdüm o şəkili. Onda da müharibə dövrü idi- kəndimiz dörd tərəfdən mühasirədə olan vaxtdı. Mən də tələbə- gəlmişdim döyüşə. Və necə olur- olsun nənəmin, anamın, uşaqların kənddən kənddən çıxmasına yardım etməli idim. Bax onda görmüşdüm o şəkili. Nənəm sandıqdan çıxarıb üz- gözünü sildi və qoydu sandığa. Nəsə inanmamışdı kənddən əbədi olaraq ayrılacağına- bu nənəmin kənddən cıxmasının cəmi ikinci dəfəsi idi. Birinci dəfə isə hələ altı yaşında öz dili ilə desək “ikinci hay”da kənddən çıxmışdı- 1918-ci ildə. Yenə özünün dediyinə görə- onda az qalıb ki, erməni persoylarının ( persoy 1918-ci ildəki erməni quldurlarına verilən admış- nənəm sonralar könlünü qıranların hamısına persoy kopayoğlu deyirdi) əlinə keçsinlər. Müharibələr olmasa elə öz kiçik dünyasına sığışacaq adam idi nənəm. Onun dünyası elə dağlı-dərəli, aranlı-binəli Əskipara idi. Ümumiyyətə bu sandıqda nə vardı- xəbərimiz olmamışdı uzun illər- mən onda bir xəncər də gördüm sandıqda. Babamın xəncəri imiş. Bir də bir cuxa var idi. Sən demə bu da babamın imiş.
1937-ci ildə həbs olunmuş babam geri qayıtmamışdı- 1947-ci ildə qara kağızı da gəlibmiş. Kənddə pal- paltarlarını qabaqlarına töküb ağlaşma da qurublarmış. Sandıqdakı cuxa da o zaman ağlanıbmış. O zamandan göz yaşı qalmışdı nənəmin o çuxada. Və sandıqda bir də “Qaçaq Kərəm” kitabı vardı. Bəs bu kitab niyə? Həə, demək orda bir səhnə var, ona görə. O da Kərəmin sağ əli İsmayılın Metex qalasından qaçma səhnəsidi. Kəndiri sallayıb qaladan Kürə atlanmaq. Nənəm deyirdi- babam Metex qalasından beləcə qaçıb. O səhnəni dəfələrlə oxudardı mənə. Hətta yayda Noyun Qılıcı deyilən yerə binə düşəndə də o kitab bar- barxananın arasında olardı.
Heç atam da inanmırdı Əskiparadan əbədi olaraq ayrılacağımıza. Kənddə buna az- az adam iannırdı. Bir əlimizlə döyüşür, bir əlimizlə yer belləyir, əkin əkib səpin edirdik. Kənddən çıxacağımıza inansa atam arılara baxmazdı, qapı- baca o yana durdun, meşədə Quladivi Arxının altındakı yerimizdə kortof səpməzdi.
Və bir gün Əskiparadan əbədi olaraq ayrıldıq. Nənəmin sandığı da qaldı evimizdə ağzıbağlı. “Qaçaq Kərəm” də şəkil də, çuxa da qaldı sandıqda. Babama aid yalnız bir bir məktub gəlmişdi bizimlə qaçqınlığa. O da necolubsa başqa bir çəmədanda qalmışdı illər uzunu. Babama göndəriləcək məktubmuş- necə olubsa qalıb evdə.
Babamın üzünə duran, onu gedər gəlməzə göndərən adam- Cilingəroğlu yazmışdı məktubu. O illərdə kənddə yeganə rus dilini bilən o imiş- məktub da rusca yazılmalıymiş. Cilingəroğlu da üzünə durub gedərgəlməzə göndərdiyi adamın gələn məktubunu da, gedən məktubunu da öz nəzarətindən keçirirmiş. Və o məktubda dəhşət şeylər yazılmışdı- guya nənəm ərə gedib, uşaqlar da babamın böyük qardaşına nökərçilik edir. Tarix 1946- babamın gəlişinə bir il qalıb. Amma bir il sonra qara kağız gəlir. Bəlkə də Cilingəroğlu babamın qisas alacağından qorxub belə bir məktub yazıbmış- kim bilir illər uzunu məktubları necə yazmışdı, necə oxumuşdu.
– –
Nənəmin binə yoldaşı Minavar qarı idi- yəqin adına toz qondurmadığına görə onu seçmişdi nənəm. Minavar ana (hamı onu belə çağırırdı) təkbaşına dörd uşaq böyüdüb evli- eşikli etmişdi. Amma onların da arasında rəqabət vardı- məsələn, nənəm inəyin birini sağıb südü dəyəyə gətirəndəbir əli ilə də önlüyünü qabağa tuturdu ki, Minavar ana görməsin. Guya inəyə gözü dəyəcəkmiş. Elə Minavar ana da südü dəyəyə bu cür gətirirdi. Bir- birinə də öz inəklərinin damazlığını verməzdilər.
Bir axşam inəklərin ən gözəgəlimlisi olan buynuzu pölükdən çıxmış inəyimiz sağmağa qoymadı. Nənəmin oxşamaları, bayatıları da kara gəlmədi- adətən sağım vaxtı nənəm oxşama deyər, inəklər onun səsindən xoşallanardılar. O oxşamalardan, bayatılardan yadımda bircəsi qalıb:
Qaranqucam qaranquc
Qanadım ayrıc- ayrıc
Məni vuran kimiydisə
Qan qussun oyuc- oyuc.
Nənəmin qaçqınlıqdan əvvəlki dünyası iki yerə bölünürdü- aran və binə, yaylaq. Binədə olanda kəndə aran deyirdi, kənddə olanda dağlara binə yerləri. Arandakı mal tövləmizdə daim bir qaranquş yuva qurardı- ona rahat olsun deyə pəncərənin bir gözü daim açıq qalardı. Mal damının üstünə döşənmiş kərəndə qurulurdu yuva. Nənəm mal damına daxil olanda da, orda iş görəndə də, mal damından çıxanda da yuvadakıları narahat etmək istəmirdi. Hərdən də o bayatını deyərdi.
Və sonrakı gün yenə elə oldu, o biri gün də. Inəyin yelini dağılırdı- amma balasını da əmməyə qoymurdu. Dal ayaqlarını kəndirlə bağlayıb 5-6 uşaq möhkəm çəkə tuturduq, nənəm də südü yerə sağırdı. Bir ağzı da- gözü dəyənin gözü çıxsın deyirdi. Deyəsən dəqiqləşdirmişdi də gözü dəyənin kimliyini. O biri binələrin birində düşəlgə salan Səməd Qiymatı (biz tərəfdə qadınlar belə tanınırdı- Əlinin arvadı Məsmə Əli Məsməsi, Vəlinin arvadı Suqra- Vəli Suqrası, Həmidin arvadı Güllər- Həmid Gülləri və s) gəlib damazlıq istəyibmiş- demək onun gözü dəymişdi inəyə. Nənəm mənə gizli bir görəv də verdi- get Qiymat gözü çıxmışın pal- paltarından nəsə oğurlayıb gətir, yandırıb inəyin burnuna iylədək, yazıqdı, canı qurtarsın. Mən də belə şeylərə inanan uşaq deyildim. Amma nənəmin xətrini qırmadım- gedib başqa bir binədən – hansı ki daha yaxın idi- bir önlük oğurladım. Bunun da Səməd Qiymatına dəxli yox. Nənəm önlüyü yandırıb iylətdi inəyə. Amma inək bundan sonra lap dəli kimi oldu- daha binəmizə də gəlmədi- axtarıb tapdıq, yelini iylənib tökülmüşdü. Çox ucuz qiymətə ət kombinatına sata bildik.
Çox- çox sonralar nənəmə dedim önlüyün Qiymat arvadın olmadığını- o da xeyli danladı məni. O şikildə bir inəyi hayıf elədin dedi.
Ümumiyyətlə damazlıq məsələsi çox önəmli məsələ idi. Kənddə hər ailənin, nəsilin öz damazlıq mal- qara “ailəsi” vardı. Bizim inəklərin adları Sona idi. Minavar ananın inəkləri Qaragöz çağrılırdı. Əmliyalların inəkləri Ərik, Xaşalalrın inəkləri Xangül, Car-carların inəkləri Sürməli, Ədyözəllinin inəkləri Sarğız, Qəndillərin inəkləri Durna, Nurularınkı Ceyran, Cilingirlilərinki Cüyür , Törələrinki Döylət, Xələflərin malları Xınal (Xınalı) adlanırdı. Bəlkə də yüz ilin damazlığı idi bu damazlıqlar.
Bizim Sona inəklər isə adla idi- nənəm o qədər yaxşı baxırdı inəklərə. Dediyinə görə bu inəklərin damazlığını babam Qulp adlı erməni kəndindən alıb gətiribmiş. Illər ərzində damazlıq dəyişməmişdi.
Ərindən az- az danışardı- adətən bu mövzuda ondan sözü kəlbətinlə çıxarmaq olardı. Cəmi bir- iki dəfə danışdığının şahidi olmuşam. Bir dəfə – üz qırxanda ülyücündən gələn səsi dünyaya verməzdim- demişdi. Anlamamışdım nə demək istədiyini. Bir dəfə də babamın axşam qoyunu örüşdən kəndə gətirəndə qadınların ona heyran- heyran baxdığını demişdi. Özü də elə demişdi ki, hiss olunurdu özü də bununla fəxr edirmiş. Bir dəfə də- yaşadığına inandığını demişdi- guya orda da bir prəqrul (prakror) rus qadınla evlənibmiş. Onu da elə dedi- sanki belə şeylər kişiyə olar.
Nənəmə görə dünyaya hələ belə iyid, belə qoçaq insan gəlməmişdi və gəlməyəcəkdi də. Buna görə də biz üç qardaşın heç birinə İbrahimxəlil adının verilməsinə arzı olmamışdı. Elə bələkdəcə bizə baxıb- bunnan İrvahamxallımı olacaq demişdi. Babamın itlərinin də adını kənddə kimsə öz itinə qoya bilməzdi- bunun davasını apardığını görmüşdüm. O biri məhlədə Məmməd Şahnisəsi öz itlərinə Qanıq adı qoymuşdu- bu da babamın itinin adı imiş. Söyüş- qırğına çıxdılar. O it də salaxananın biri- hər biz tərəfdən keçəndə nənəm daşa basardı.
Eləcə də Yanıx, Duman adlı itləri varmış babamın. Sonda qapıya gətirdiyim bir küçüyə xeyli baxıb adını verdi- Duman. Duman dörd yaşında idi biz kənddən çıxanda. O kənddən çıxmadı. Nənəmin dünyasından çox şeylər qaldı kənddə. Və bir də o qaranquş yuvası qaldı kənddə- içində də balalar. Yəqin nə qədər ki mal damı sökülməmişdi, o qaranquşlar yenə gəlib orda yuva qururdular. Bəlkə də yox- nənəmin bayatısına gəlirmiş o qaranquşlar. Bəlkə də qaranquşalra bu qədər bağlılığı bir gün ərinin köçəri qaranquş kimi qayıdacağı imiş.
Yalnız Sona inəkləri kənddən çıxartdıq ki, yerləşdirməyə yer tapa bilməyib tökdük bazara, verdik su qiymətinə. Və Sona inəklərin damazlığından yalnız bir düyə saxlamışdı atam- onu da hanısa dostuna vermişdi saxlamağa. O dostu da düyəyə yaxşı baxmamışdı- atam sonda dördqılça qalmış o düyəni də bazara çəkmişdi. Beləcə də Sona inəklərin damazlığı kəsilmişdi. Nənəmə çox ağır oldu onda. Ayaqları şişdi- hansıkı kənddə nənəmlə mal ötürməyə gedəndə özü düşərdi Sona inəklərin qabağına, çığırdan, yoldan daş- kəsəyi yığardı ki, Sona inəklərin ayağına dəyməsin. Həkimə apardıq- məlum oldu ki, hərəkətsizlikdənmiş. Inəyin ayağına daş dəyməsinə qıymayan nənəmin ürəyini beləcə qırırdı zəmanə.
Daim pensiyasını da yığb saxlayardı az-maz evə xərclik verərdi. Bir də biz uşaqlara arada pul- para verərdi. Nəyə saxlayırdı pulu- paranı, kimə saxlayırdı, biləmmirdik, inciyirdik buna görə də. Pul dəyişəndə kiçik qardaşım aldatmışdı nənəmi- demişdi bu “şəkilli pullar”(Nizaminin və Rəsulzadənin şəkli olan pullar) indi xırda pullardı, “Qız qalaları” da iri pullar. Beləcə də xeyli pulunu çırpışdırmışdı nənəmin. Hardan biləydik pulu nə məqsədlə yığıb saxlayır.
Sən demə babamın qayıdacağına dəli bir inamı varmış. Elə bilirmiş günün birində gələcək və hər şeyə göz qoyacaq. Bunun arvadlığını, evə yanımçıllığını yoxlayacaq,mala- heyvana necə baxdığını, evdə təmizliyi, hamısının haqq- hesabını aparacaq. Pul da həmin günə sərf olunacaq.
Bütün bunları nənəm öləndən sonra bildik.
– –
Ema xalanın dediyi kimi elədik- babamın bir türmə şəkli vardı. O şəkil də əvvəlcə məskunlaşdığımız şadlıq evinin binasındakı otağımızdaydı. Elə ordan indi nənəm can verdiyi yerə də həkim nənəmə hərəkətsizlik diaqnozu qoyanda köçmüşdük. Şadlıq evindəki otağımız ikinci mərtəbədə idi- torpaqla əlaqəsi yoxdu- həyətində də elə gəzib, işləməli yer yox idi. Indi burda nənəm toyuq-cücə saxlayır, hinduşkalara baxırdı. Ayağının şişi də çəkilmişdi.
Amma həmin otaqdan birdəfəlik köçməmişdik- deyirdilər orda məskunlaşanlara hökumət ev verəcək. Biz də kənddən gələndə bir ev idik- indi evdə dörd kişi vardı, hərəsinə də bir ev lazım idi.
Məni göndərdilər şəkilin dalınca. Nənəmin “qatili” ola bilmədim- yalandan dedim şəkili tapmamışam. Sonda o şəkil gətirildi. Mamam( atamın bacısı) ürəkli çıxdı- şəkli apardı nənəm can verən otağa. Ikicə dəqiqə keçməmiş mamamın ağlamağını eşitdik- dar qapıdan bir- bir keçib ağlayırdıq. Nənəm oturuqlu halda ölmüşdü. Demək şəkli görəndə ayağa qalxmaq istəmişdi. Amma… Amma sonra da hirs vurmuşdu başına- şəkil uzaq küncdə, xıncam- xıncam, əzik- əzik idi. Mamam dedi- ciyim qalxdı, şəkili sağ əlinə alıb bir qədər özünə yaxınlaşdırdı, sonra da elə bir əlindəcə əzik- əzik eləyib atdı. Şəkil sahibi gəlib çıxmamışdı. 64 il gözləmişdi onu- amma son nəfəsində küsmüşdü ondan. Yəqin o dünyada da bağışlamayacaqdı.
Bu mənzərə atama hamıdan pis təsir etdi- heç ağlaya da bilmədi, nənəmin başı üstündə sanki baş daşına dönmüşdü.
Nənəmin 40 mərasiminə bir həftə qalmış baş daşı hazır oldu- elə Ağköynək qəbristanlığının yanındakı qəbir sexində hazırlanmışdı baş daşı. Mən özüm də heyrətə gəldim- baş daşında soyad yazılmamışdı- Fatma Allahverdi qızı-1905-2001. Atamdan soruşdum- hanı nənəmin familiyası deyə. Cavabı çox ağrılı oldu:
-A bala, o familiyadan cijim bu dünyada nə xeyir gördü ki, o dünyada da xeyir görə.
_ _
Bayaqdan bəri çayxanada qızıl kimi vaxtını bu maraqlı söhbətə ayıran taksi sürücüsü xeyli kövrəlmişdi- yalnız bunu dedi:
-Sənin nənənin həsrəti peyğəmbərin yaşından çoxdu. O qəbir pir kimidi vallah. Hərdən gəlib niyyət eləmək olar.
Çayxanadan ayrılıb evə döndülər. Bəxtiyar müəllimgilin çardaqlarının altına xeyli qaranquş yığılmışdı. Taksi sürücüsü astadan o bayatını dedi:
Qaranqucam, qaranquc,
Qanadım ayrıc- ayrıc
Məni vuran kimiydisə
Qan qussun oyuc- oyuc
Yazıya 1037 dəfə baxılıb