XANIM AYDIN – CƏNUBİ AZƏRBAYCANDA ANA DİLİ

gggggggggggggggggggggggggggggggg Bütün dünyada 21 fevral Beynəlxalq ana dili günü kimi qeyd olunur. Banqladeş səfirinin təşəbbüsü ilə 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı bu tarixi Beynəlxalq Ana dili günü elan edib. Azərbaycanda isə 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsaslanaraq dövlət dilimizin adı bərpa olundu. Dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində müxtəlif sənədlər imzalandı. Azərbaycan Respublikasının Konstitusiyasının 45-ci maddəsinə əsasən hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum oluna bilməz. Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tədbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi ilə formalaşdı. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə uyğun olaraq dövlər dili Azərbaycan dilidir. Burada – Şimali Azərbaycanda ana dilimizi yaşatmaq üçün, həm də bu dildə yaratmaq üçün hər bir şərait var. Məni təsirləndirən, kövrəldən tarixi torpaqlarımızda Təbrizlə, Savalanla, Ərk qalasıyla birlikdə ana dilimizin də qəribçilik yaşamasıdır. Uzun əsrlər boyu Cənubi Azərbaycanda boğulan, ədəbiyyat səhnəsindən və ziyalı mühitindən sıxışdırılan, yalnız el-oba, doğma ocaq, ailə münasibətində, şifahi xalq ədəbiyyatı nümunələrində əzizlənib, qorunub saxlanılan ana dilimiz! Səni xalq yaşatdı, xalq qorudu Arazın o tayında. Xudafərinin birləşdirə bilmədiyi, körpü ola bilmədiyi, tikanlı məftillərlə sərhədləndiyi torpağı dil birləşdirdi. Tarix boyu və bu gün də qolları qandallanan dil, edam olunan dil, çarmıxa çəkilən dil ölmədi, can vermədi, yaşayır, yaradır!

“Bunlar (Azərbaycan dilin inkar edənlər) bilmirlər ki, dilin rişəsi anaların sinəsindən, xalqın adab və rüsumu ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bu xalqın dilini, adab və rüsumunu əvəz etmək mümkün olan işlərdən deyil”. (Qızıl səhifələr. Təbriz, 1946-cı il.)

Xalq öz danışıq dilin çox həssaslıqla müəyyənlədirir. Bunu heç bir hökümət, heç bir hakimiyyət diktə edə bilməz. Öz doğma ata-baba torpağında öz doğma dilində yazıb-oxumağı qadağa qoyanlar bu xalqın nə qədər adət-ənənələrinə, torpağına, dilinə, çörəyinə bağlı olduğunu bilir. Qoyulan bütün qadağalara, yasaqlara rəğmən Azərbaycan dili yaşayır. Yaşamasında da ədəbiyyatın xüsusi yeri var.

“Dilimiz xalqın yaratdığı dastanlar, zərbüməsəllər, hekayə və nağıllar vasitəsilə dünyanın ən böyük dilləri ilə rəqabət edə bilər. Şairlərimiz, ədiblərimiz bu dil vasitəsilə öz ehsasatlarını, öz hünər və sənətlərini meydana gətirib, xəlqin nəzərini cəlb edə bilərlər”. (Qızıl səhifələr. Təbriz, 1946-cı il.)

Dil bir xalqın, millətin mənəviyyatının özülüdür, əsasıdır. Əlindən dili alınmış bir xalq məhvə məhkumdur. Var-dövlətsiz, torpaqsız da xalqı tarixdən silmək olmaz. Amma ana dilinə qəsd edilmiş xalqın gələcəyi, varlığı şübhə altındadır. Dil vacib faktordur. M.M.Nikami “Doğma dilim” şeirində belə deyir:

Bir millətin yurdun xərab eləsən,

Yenə özün birləşdirər o millət.

Dilin alsan, bağrın kabab eləsən,

O milləti məhv eyləyər fəlakət!

Bu Vətənin dağı, daşı, torpağı,

Aşinadır Azərbaycan dilinə.

Söhbət edər qızıl gülün yarpağı,

Bülbül ilə Azərbaycan dilində!

Vətən və ana dili eyni cür məhəbbətlə sevilən, əziz tutulan dəyərlərdir. Şair Müzəffər Dörəfşi “Vətən eşqi” qəzəlində Vətən və dil haqqında öz filirlərini bu cür ifadə edib:

Vətənin eşq oduna bu dili-divanə yanar,

Necə kim şöleyi-şəmə pərvanə yanar…

Saqiya, məclisi-mey içrə demə nami-Vətən,

Odlanar sinələr ondan meyi-meyxanə yanar….

Kimsənin olmasa qəlbində Vətən eşqi, yəqin

Ömrü bihudə sürüb atəşi-xüsranə yanar…

Şifahi xalq ədəbiyyatının nümunələri xalqımızın tarixinin müxtəlif dövlərində işlənə-işlənə parlaq bir inciyə dönmüş, əsrlərin sərt sınaqlarından çıxıb, öz dərin mənasını saxlamış, söz sərrafı, əql və kamal sahiblərinin dilində əsrarəngiz nəğmələrə çevrilmiş, nəsildən – nəslə keçərək, öz təravətini itirmədən bu günə çata bilmişdir. Bu dildə yaranan hər bir nümunə neçə-neçə yüzilliklər arasından bu günümüzə uzanan incə tellərdir.  O taylı bu taylı Azərbaycanı bütöv görmək həsrətilə yanan soydaşlarımız tədrisi, ünsiyyəti qadağan olunan bir ölkədə bu dili – dildən dilə bu cür yaşatmışlar! Var olsun bu dili dillərində, qəlblərində, qanlarında, ruhlarında bu günə kimi çatdıran cənubi azərbaycanlılar!

Yazıya 968 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.