Rus general keçilməz Qafqaz dağlarını aşıb Tiflisə tələsir. Dağlılardan əsir götürdüyü balaca oğlan uşağı uzun yolun çətinliklərinə tab gətirə bilməyib xəstələnir. Qoca keşiş gördüyü mənzərədən təsirlənir. Balacanı generaldan alıb himayəsinə saxlayır. Əvvəl-əvvəl körpə dörd divar arasında özünə yer tapa bilmir. Hamıdan qaçıb qizlənir. Tez-tez dağlara sarı baxır. Vətəni üçün darıxır. Zaman keçir. Fərqli dili və adətləri öyrənir. Müqəddəs ata onu xaç suyunda yuyur. Dini moizələr oxuyur. Tanrıya xidmətə dəvət edir. Bir payız gecəsi gənc oğlan yoxa çıxır. Üç gün axtarışlar nəticəsiz qalır. Nəhayət, düzənlikdə huşsuz vəziyyətdə tapılır. Aclıq və xəstəlik gənci əldən salır. Suallara cavab vermir. Hər keçən gün daha çox əriyir. Nəhayət, keşişin israrlı yalvarışlarından sonra qaçış səbəblərini izah edir:
“Ürəyimin nə yaşadığını izah etmək mümkünsüzdür. Bu günə qədər insanlara pisliyim dəyməyib. Çox az həyat sürdüm. Onu da əsirlikdə. Amma bu az müddətdə azadlıqda yaşadıqlarımı bir neçə keşiş ömrünə deyişərdim. Fikrimə yalnız və yalnız coşqulu azadlıq hakim idi. Daxilimi yırtıcı həşərat kimi gəmirirdi. Arzularımı səsləyirdi. Həyəcanlı, döyüşkən füsunkar bir dünyaya. O yerdə ki, zirvəliklər dumanın kölgəsində qalır. İnsanların qartal kimi azad yaşadıqları dünyaya. Qoca eşitmişəm məni ölümdən qurtarmısan. Yarpağı tufandan ayırmısan. Niyə? Məni qaranlıq divarların arasında böyütdün. Uşaqlıq həyatıma keşiş taleyini yazdın. Bu divarların xaricində hər şeyi gördüm, duydum. Evimi, dostlarımı, əzizlərimi. Burdaa isə yalnız dar məzarın işgəncələrini görmüşəm. Düzünü desəm, qəbir məni qorxutmur. Deyirlər orada əzablar yatır. Soyuq və əbədi sükutda. Fəqət mənim həyatla vidalaşmaq istəyim yox idi. Qoca, yoxsa unutmusan gənclik sevgini. Ürəyinin həyəcanla döyünməsini. Ucalıqdan sübh tezdən günəşin düzənlikdən ətrafa işıq saçmasını. Düzdür, indi zaman səni əldən salıb. Çox zəifləmisən. Saçların ağarıb. Belin bükükdür. Arzularından ümidini üzmüsən. Fəqət sən yaşamısan goca! Mən də yaşaya bilərdim!
Qoca, gəl sənə azadlıqda gördüklərimi danışım. Sonsuz düzəngahlar. Uca bəzəkli təpəliklər. Ətrafa səpələnmiş səs-küy salan ağaclar. Sərt qayalar. Sübh çağı mavi göy üzündəki buludlar gecələmə yerini tərk edib, şərqə sarı hərəkət edirdilər. Uzaqdan duman içində almaz kimi işıq saçan sarsılmaz Qafqaz. Bilmirəm niyə, amma ürəyimdə sakitlik hökm sürürdü. Qulağıma pıçıladayan sehirli səs mənə nə vaxtsa orada yaşadığımı deyirdi. Xatirələrim yeni doğan günəş kimi canlandı. Gözümün önündən doğma yurdumun ahıl qocalarının ciddi, zəhimli baxışları keçdi . Atamın döyüş zirehi, üstü naxışlı tüfəngi, məğrur duruşu. Cavan bacılarımın həzin, oynaq nəğmələri. Gənc oğlanları həyəcanlandıran rəqsləri. Soyuq bulaqların qayalardan gələn coşqulu səsi. Gecələr ocaq başında keçmişdə insanların başlarına gəldiyini yorulmadan dinləmək, babalarımın igidlikləri ilə qürur duymaq. Qoca sən tufanın qorxusundan kilsənin mehrabına sığınanda, mən səni gizlicə tərk etdim. Sərbəst gəzib dolandım. Gözlərimlə buludları izlədim, əllərimlə ildırımı tutmağa çalışırdım. Söylə, yaşadığım qısa fəqət coşqulu dostluğumun əvəzimdə bu uca, boz divar mənə nə təklif edərdi. Dayanmadan qaçırdım. Meşənin təmiz havasını udmaq necə də xoş idi. Otluqda uzanıb təbiətin səsini dinləyirdim. Dərənin dibində bulaq qaynayırdı. Taqətdən düşmüş cismimi canlandırmaqdan ötrü bulaq başına yollandım. Anidən ağacdan qopub torpağa sığınmış yarpaqları əzən incə addımların səsini eşitdim. Gürcü qızının mehriban nəğməsini dinləməyə başladım. Bu məsum səs müqəddəs kitabın bizə söz verdiyi cənnət qızlarının sədası idi. Çiynindəki səhəngi, sadə paltarı, kədərli qara gözlərindən nur saçan işıq ağlımı başımdan elə aldı ki, mən özümə qayıdanda onu görmədim. Hava qaralmağa başladı. Vücüdumu yorğunluq bürüdü. Gürcü qızının canlanan xoş xatirəsi və silsilə dağların par-par parlayan zirvələri yuxumu ərşə çəkmişdi. Ay işığı gecənin qaranlığını dağıtmışdı. Qayalıqların kölgəsinə sığınıb yuxulamağa çalışdım. Çox uzaqda daxma evin pıncərəsindən şam işığı titrəyirdi. Könlümdən balaca daxmadan sığınacaq istəmək keçdi. Amma tez bu fikirdən vaz keçdim. Mən doğma yurduma qayıtmalıyam! Yerimdən sıçrayıb qaranlıq meşənin dərinliklərinə daxil oldum. Sıx ağacların arxasından məni qara gözlər izləməyə başladı. Qorxu vücudumu bürüdü. Lakin inan ki, mən insan köməyini arzulamırdım. Şiddətli ağlamağa başladım. Buludların arasında işıq saçan ay və qaranlıq meşə göz yaşlarıma şahidlik edirdi. Gözlənilmədən ani bir sıçrayışla dördayaqlı yırtıcı mənim vətənimə gedən yolumu bağladı. Bu qüdrətli bir bəbir idi. İncə qara quyruğunu dolayaraq gücünü mənə nümayiş etdirirdi. Ölümcül döyüş olacağını başa düşdüm. Yırtıcı qəfil sıçrayışla mənim üzərimə atlandı. Ağacdan qopardığım budaqla bəbirin alnına güclü zərbə endirdim. Heyvanın iniltisi ətrafa yayıldı. Mən onu başından ağır yaralamışdım. Alnından açılan qan ətrafa yayıldı. Rəqibim təslim olmaq fikrində deyildi. Üzərimə şığıyıb sinəmə tullandı. Biz mehriban dostlar kimi qucaqlaşdıq. Mən dağlarda böyüyən vəhşi canlılar kimi savaşırdım. Sanki canavarların sürüsündə dünya gəlmişdim. Biz bir- birimizin gözünün içinə baxırdıq. Dəqiqələr keçdikcə rəqibim zəifləyir gözlərini yumurdu. Əsl döyüşçünün savaş meydanında arzuladığı sonluq yetişdi. Bəbir gözlərini əbədi, fəqət qürurla yumdu. Sinəmdəki caynaq yaraları düşmənimin xəsarətidir, müqəddəs ata. Onlardan ötrü narahat olma. Qara torpaq onları sağaldacaq.
Çətinliklə də olsa, qaranlıq meşədən çıxış tapdım. Ətrafım səhər günəşinin saçdığı şəfəqlərdən nura bələnmişdi. Sübh küləyinin uğultusu səhərin musiqisini bəstələyirdi. Zaman keçdikcə vətənimə qayıtmaq ümidim hər dəqiqə daha çox azalmağa başlayırdı. Müqəddəs sandığım vətən həsrətini, deyəsən qəbirə aparacaqdım. Gözlənilmədən uzaqdan atın sinəsindən asılan balaca zəngin cingiltisini eşitdim. Bu xoş səs mənə necə də tanış idi. Geniş çöllərdə at çapıb küləklərlə ötüşərdim. Qayalıqların arasında düşmənimi yaxalardım. Göy üzü aydın və sakit idi. Uzaqlardakı zirvəlikdə iki dağ görünürdü. Böyüdüyüm kilsə bu zirvələrdən birinin kölgəsində qalmışdı. Aşağıda dost kimi mehriban Araqvi və Kür çayı axırdı. Mən sürətlə qaçıb bu yerlərdən uzaqlaşmağa çalışırdım. Ucadan qışqırmaq istəyirdim. Ətrafımı sehirli duman bürümüşdü. Günəşin billur dalğaları işıq saçırdı. Ayağımın altında axan sudan üzərindən qızıl pulcuqlar olan balıq mənimlə söhbət etməyə başladı. O, məni suda yaşamağa dəvət etdi: “Oğlan coşqun çayda azadlıq, sığınacaq taparsan. Biz səni mehriban nəğmələrmizlə ruhlandırarıq.” Mən gülümsədim. Balaca dostuma minnətdar oldum. Gözlərimə qaranlıq zülmət çökdü. Bədənim halsızlığa təslim oldu. Sonrasını isə sən daha yaxşı bilirsən, müqəddəs ata. Mənim azadlıq hekayəm beləcə bitdi. Bilirəm ki, soyuq və dinməz cəsədim doğma yurdumda çürüməyəcək. Qısa, lakin coşqulu azadlıq hekayəm bu uca və boz kilsə divarlarından kənara çıxmayacaq. Əlini mənə ver, qoca. Görürsən ovcumun içi necə də atəşlidir. Bu atəş var olduğum hər gün məni müşayət edib. Fəqət, indi qoy bu atəş pak dünyada sığınacaq tapsın. Lakin bil ki, uşaqlıqda oynadığım sıldırım qayalıqları nə cənnətə, nə də əbədi dünyaya dəyişməzdim. Əfsus, qoca. Müqəddəs ata səndən son xahişim var. Cavan cəsədimi çiçəklənən baxçamıza apararsan. Geniş həyətmizin havası təmiz və çox ətirlidir. Günəşin şüaları altında oynaşan yarpaqlar olan yerə. Nur saçan göy üzünün havasını bir daha sinəmə çəkim. Baxçamızdan əzəmətli Qafqaz görünür. Bəlkə, o öz zirvələrindən mənə son salamlarını göndərər. Mənim sonsuz və şirin yuxuma şahidlik edər.”
Yazıya 990 dəfə baxılıb