Afayət Afiq – Qiyafət

afayet afiq


              Səhərin buz kimi soyuq, ürək kimi bulanıq havası onu gecəki kabusun təsirindən yavaş- yavaş uzaqlaşdırırdı. Uşaq vaxtından da səhərlər əl üzünü soyuq su ilə yumağa alışmışdı. Qışın şaxtasında da, anasının əllərin cırıq-cırıq olacaq sözünü vecinə almadan dağların qarı suyla günə başlardı. Evdə bu hərəkəti dəstəkləyən bir tək atası var idi. Havada qəribə bir təmizlik qoxusu var deyə içəri daxil oldu. Süfrə açılmış, qızardılmış çörəyin üzərində yarı ərimiş pendirin ətri evi ən dərin, toxunulmaz künclərinə qədər sarıb sarmalamışdı.

 – Ata,  dağ kəndlərinin birində bir ev tikib hazırlasaq necə də gözəl olar. Düşün, ata bir düşün bütün bu ləzzətləri orada təbii əldə edərik. Anamın müxtəlif vasitələrdən istifadə edib saxlamasına da gərək qalmaz. Adil atasının üzündəki qarışıq ifadədən heç bir şey anlamadan, daha doğrusu, anlamağa cəhd etmədən masa arxasında onun üçün nəzərdə tutulmuş yerdə əyləşdi.  – Anam, bunu yene çox qurutmusan, ehh…

– Yaxşı- yaxşı uzunçuluq elemə,gecikirsən tərpən, – deyərək, ana oğlunu tələsdirdi.

Ütələklik için dilini də qızarmış çörəyə qatıb dişlədi. Ünü göyə çıxsa da dillənmədi. Atası bu yaşda hələ də cavan oğlan kimi səliqəli, geyimində-keçimində, yeməsində-içməsində qüsursuz davranırdı.  Adil nazlanmağı özünə ayıb bilirdi. Birtəhər səhər yeməyini bitirib, hazırlandı, ailəsinə “Allah amanında”, deyərək  evdən çıxdı. Fizika dərsinə bu il düz yeddi dəfə gecikmişdi, bu gün də geciksə, yaşlı Giorgi Odikadzenin dilindən qurtula bilməyəcəkdi. Tənbəl və ya yuxu hərisi olsa məsələ aydın olardı. Ancaq hər səhər yeddidə durmağa alışmış, nizam intizamlı bir tələbə olaraq  bu gecikmələri özünə bağışlaya bilmirdi.  Sayqısızlıq hər kəsə edilə bilərdi, lakin cənab Giorqi kimi qızıl dəyərində bir insana yox… Bəli Adil, onu özünün də anlamadığı bir diqqətlə müəllimini izləyir, pərəstiş edirdi. Tənginəfəs halda özünü seminar keçirilən auditoriyaya saldı.  Hər kəsin başqa dünyadan adam görmüş kimi baxmasına öncə təəccübləndi. Lakin, yaşıl gözləri ilə, insana ən sevmədiyi dərsi belə hazırlamağa vadar edə biləcək gənc müəllimə ona yanlış otağa girdiyini xatırlatdı. Bacardığı qədər incə tərzdə üzr istəyərək, geri çıxdı. Yarım dəqiqə içində yenə üzr istəməli, cənab Giorgiyə vəziyyəti izah etmədən ya qovulmalı ya da pərt olub oturmalı idi. İçəri daxil oldu. Mümkün qədər səlist tonda “bağışlayın, olarmı?” – dedi.

– Dur, dur… Adil Cəlilov, sən bir orda dayan. Ra eşmaqi xar (Nə dələduz adamsan? gürcü dilində) Cənab Giorgi maksimum dərəcədə ciddi mimika ilə tələbəsini qarşılamaq istəyirdi. Görəsən indi niyə gecikdiniz, Adil bəy? Bu ironiyanın içərisində sözün təsvir edə bilməyəcəyi bir müəllim tələbə sevgisi gizlənmişdi. Cənab Giorgi heç vaxt bəhanə dinləməzdi, nə olur olsun vecinə almazdı. Bu dəfə, nə oldusa Adili dinləməyə qərar verdi.

–          Bağışlayın, cənab Ggg…  

–Yaxşı buraları keç Adil, mənim Allah olmağıma var hələ… Hardaydın?

 – Cənab Giorgi yolda, hər səhər rastlaşdığım bir dilənçi var. Yenə diqqətim ona qapıldı.

–          Hər səhər sən onun üçünmü gecikirsən?

–          Demək olar ki əksər vaxtlarda.

–          Otur, Adil. Bir də olmasın deyə bilmərəm, çünki gecikəcəksən. Daha buraxmayacam deyə bilmərəm, qrupun tək ümid verən tələbəsisən. Otur.

Əslində Adil, hər gün gördüyü dilənçi haqqında uzun- uzun danışmaq istəyərdi. Oturdu.  Dərs yarıya yaxınlaşmışdı. Cənab Giorgi lövhədə hansısa düsturu yazıb, üzərində nəsə izah etməyə başladı. Bütün danışığı həqiqətən də qəhrəmanıma yönəlmişdi. Onun fikri isə düsturdan başqa hər yerə gedib-gəlirdi. Gözləri lövhədə, fikirləri başqa dünyalarda dolaşırdı. Başqa dünya dediyimin qapısı, lövhədə ömrünün, sənətinin axır nəfəslərini tükətməkdə olan müəllimin ayaqqabısının dəlik ucundan açılır, rəngi qaçıq qara dəri gödəkcəsinin ( Yəqin ki bir zamanların ən dəbli, ən bahalı paltarı olmuşdu ) rəngi getmiş, didik -didik olmuş, ara-ara təbaşirə bulaşmış dirsəyində qapanırdı. Adil, çox sevdiyi müəlliminin gün keçdikcə əridiyindən xəbərdar idi. Yox, yox bunu ona kimsə söyləməmişdi. O, sadəcə hiss edirdi. Açıq aşkar bəlli olurdu ki, cənab Giorginin maddi vəziyyəti heç yaxşı deyil. Həyat yoldaşı yataq xəstəsidir, iki oğlu Fransada yaşayır, iki oğlundan üç nəvəsi var, yaxşı piano çalırlar, qızı  İtalyan rəssamla evlidir Batumidə yaşayır, bu qol budağın, meyvənin heç biri ağacın kökünə bir ovuc da suda tökmür, ayda ildə bir bir zəngi də xətir üçün edirlər. Onlar da Ataları üçün yox, Allah üçün edirdilər. Nəql etdiklərimin yaxşı hissələrini Adil cənab Girorginin dilindən, pisini isə gözlərindən duymuşdu.  Qürurlu insan idi, dost münasibətində olduğu tələbələrinə həyat xatirələrindən, sevinclərindən, üzüntülərindən hər zaman danışardı, ancaq övladlarının naqisliyindən və düşdüyü pis vəziyyətlərdən, çətinliklərin əlsa söz salmazdı. Adil isə duyurdu, tək o deyil, bir neçə gənc duymuşdu bunu. Çılğın müəllimləri son zamanlar olduqca durğun idi. Fizik olmasına baxmayaraq, dərs aralarında uşaqların yorğunluğunu Qalaktiondan, Tereneti Granelidən atəşli şerlər deyərək çıxardı. O qədər ki, tənəffüs zamanı otağı heç kim tərk etməz, bu qeyri adi istirahətdən yararlanardılar.  Tibb tələbələrinə ədəbiyyatı sevdirmiş insan idi, Cənab Giorgi. İndi bu ətalət kimsənin diqqətindən yayına bilməzdi. Adil sevimli müəliminin ürəyinin ən dərinindəki dərdini duyur, nə olduğunu tam bilməsə də onu fikirləşməkdən özünü yayındıra bilmirdi. Digər tərəfdən də hər səhər rastlaşdığı qara qiyafətli dilənçi, gözünün önündən getmirdi.  Həyətə düşüb əl üzünü yudu. Özü-özündən şübhə etməyə başladı. Bu nə iş idi. Sevgiyə belə vaxt ayırmaq istəməyən Adil, niyə bu qədər sentimentallaşmışdı. Bu nədir az qala şair olacam deyib, özünü danladı. Mənə nə var, hərə öz həyatını yaşayır. Bütün bunların ucbatından  dərslərimi boşlayıram. İmtahanlar yaxınlaşır, mən nələrlə məşğulam. Dostlardan kimsə halımı görsə tam məsxərəlik olaram. Özünə gəl Adil, sən insanların fiziki durumu ilə maraqlanıb, təmir etməlisən, maddi- mənəvi vəziyyətləri səni əlaqədar etməməlidir. Sən həkimsən. Mühəndis atanın həkim oğlusan. Sənin atan duyğusal deyil, sən də olmamalısan. O, özünə toxtaqlıq verib, yenidən yuxarı qalxdı. Dəhlizdə sigaret çəkən cənab Giorgi ilə rastlaşdı. Bu dəfə də gözünü, siqaretin dəyişmiş olması aldı. Universitet müəlliminin əlində süpürgəçilərin çəkdiyi siqaret var idi. Bu məsələ qəhrəmanıma bərk toxundu. İmkanım olsa, qəhramanıma yaxınlaşıb fikir vermə olur arada deyərdim. Dünya halıdır. Hər kəsin başına hər şey gələ bilər, hər şeyi faciyəyə çevirmə deyərdim. Ancaq mümkün deyildi. Adil müəllimindən bunun səbəbini soruşmamaq üçün özünü güclə saxladı. Ona siqaret təklif etməyi düşündü. Dərhal da bunu düşündüyü üçün utandı. Bu nə ədəbsizlikdir edirəm dedi.

              … Anasının qızartdığı təzə lobyanın ətri məhəlləyə yayılmışdı. Hər kəs masa ətrafındaykən, atası Adildən dalğınlığının səbəbini soruşdu. – Xeyir ola, oğlun qızınmı ac qalıb? Bu nə qaş qabaqdır tökmüsən önümüzə?                                                                                                – Ata, cənab Giorginin durumu məni çox düşündürür, maddi vəziyyəti heç yaxşı deyil. Üstəlik nəsə bir dərdi var. Təkdi ata, sirrini bölüşəcəyi heç kimi yoxdur. Arvadı yataq xəstəsidir. Sən də bilirsən, cənab Giorgi çox fədakar insandır. Övladları isə vecsizdir. Kişinin nə düşündüyünü, daxili tənhalığını heç anlamırlar. O isə övladlarının adını qorumaq üçün əlindən gələni edir. Onlar cənab Giorgi haqqında heç nə düşünmürlər, öz ataları qalıb qıraqda, Fransada yaşlılar evinə köməklik edirlər. O isə bir quru zəngə də qane olub sevinə bilər. Düz demirəmmi!?

Atası gülümsədi:

– Heç nə və heç kim qıraqdan göründüyü kimi deyil, oğul.                                            

  – Hələ hər səhər, rastlaşdığım bizim küçədən o tərəfdə metronun qabağında dayanan qara paltarlı dilənçi də mənə ayrı dərddi. Təsəvvür elə üzünü gözünü bağlayır, səsini belə çıxartmır. Tanınmaq istəmir.  Yəqin bir zamanlar işi gücü, normal həyatı olan insanmış, indi büründüyü qara qiyafətlə o həyatını bu həyatından qorumağa çalışır.

Atasını çeçək tutdu. Arvadından su istədi. Kürəyinə vurub halal-halal dedilər.

– A bala, maaşallah hamının dərdini çəkirsən ki?- deyib oğluna çəmkirdi.  

Adil atasının bu reaksiyasına anlam verə bilmədi, lakin yeməyini də yarımçıq qoymadı. Gün boyu xeyli acmışdı. Oxunası xeyli dərs var idi. Anası:

– Bu aralar özündə deyilsən dərslərinə fikir ver, yeməyini rahat ye, gecə bir yana çıxsan əynini qalın geyin,- deyə, birnəfəsə üç –beş məsləhət verib mətbəxə keçdi. Evdəkilərin halında da bir qəribəlik var idi. Yenə beyni qarışan qəhrəmanım dərs oxumağa qərar verdi. Səhər anasının, səsinə üstündə yatdığı kitabdan başını qaldırdı. Qolları uyuşmuş, boynu ağrıyırdı.

… Nəql etdiyim gün demək olar ki, bir ay təkrarlandı. Adil hər gün bir az daha emosianallaşır, hər gün bir az daha artıq üzülürdü. Çünki, vəziyyət ipdən asılı qalmışdı. Hər an qopa bilər, hər an Adilin həyatında köklü dəyişiklik ola bilərdi. Atası aqresivləşmişdi. O, bundan heç nə anlaya bilmirdi niyə axı, buna səbəb nə ola bilərdi. Atası kimi işi-gücü olan, hər şeyi yolunda olan biri bu qədər qəddar olanda, cənab Giorgi nə etməliydi? Bəs qara qiyafətli dilənçi? Onu heç danışmayaq, o neynəsin? Hirsini, əsəbini kimdən çıxsın? Dünən cənab Giorgi Adili tənəfüsə çıxmağa qoymadı.

– Adil, sən dayan, işim var, – deyib, hamı çıxdıqdan sonra onu yanında oturtdu.  -Adil oğlum sənə nə olub, hər şey qaydasındadırmı? Atanla, ananla heç bir problemin yoxdur ki? Elə bilmə ki, fərq etmirəm sən həmişəki Adil deyilsən. Çox dalğınsan.

Əlləri ilə Adilin əlini tutdu, bu zaman diqqətli müəllimin diqqətli tələbəsi müəlliminin əlində cadarları, cadarlar arasında palçıq izlərini gördü.                                                                                                                                              

-Yox, elə bir şey yoxdur, cənab Giorgi siz necəsiniz? Nəvələriniz piano işini irəlilədirmi, bəlkə onlardan danışaq?                                          Müəllimin üzündə acıya çoxdan təslim olmuş gülüş doğdu, saniyələr içərisində gözlərinin ən dərinində yox olub getdi. Dodağı gülməyə çalışsa da gözləri buna icazə vermədi.                                                                                 

-Müəllimin qocalır, Adil, bax bu göbək qocaldır məni.                                                                                                                    

O söhbətə zarafat qatmağa çalışsa da bacarmadı. Adil bir dəfə, başqa bir müəllimindən eşitdiyi əhvalatı xatırladı  – “ Zənginlər belə bizlər kimi qarın buraxmır. Onlar hər şeyin sağlıqlısını, keyfiyyətlisini yeyirlər. Onlar uzun yaşamaq üçün əllərindən gələni edirlər. Kasıbların isə uzun yaşamaq haqqında düşünməyə zamanı yoxdur. Onların (müəllim  özünü nəzərdə tutmuşdu)  yaşamaqdan anladığı  bu günlə sabah arasındakı körpüdür sadəcə. “- Necə də haqlı imiş, bu qarın zənginliyin yox elə kasıblığın əlaməti idi. Cənab Giorgi gənc dostunun fikrini dağıtmaq, topu öz meydançasından uzaqlaşdırmaq istəyirdi.                               

– Sevdiklərinin gözlərinə baxmağı unutma bala, hər şey gözlərdə gizlidir.                                                                                  

 Adil, son illərdə cənab Giorginin gözlərinə baxan yeganə insan idi, hətta o özü də başqa birinin gözlərinə baxmamışdı uzun zamandır. Atasının belə…                                                                                                                         

-Adil, atan çalışırmı, işləri necədir?                                                                                                                                   

 – Bəli çalışır, hər şey yaxşıdır.                                                                                                                           

 Qəhrəmanım bu cavabı verməyə xəcalət çəkdi. Atasının normal işi olmasından, cənab Giorgi kimi çətinlik çəkməməsindən, utandı. Gözünün önündə müəllimi, fikrində qara libaslı adam, başını qaldırmadan evə addımlayırdı.  Qəhrəmanıma həm heyrət edirəm həm yazığım gəlir. Beynində dünyanın yüz dərdini dolaşdırır. Metronun yanından keçəndə, qara qiyafətli adamın yerini boş gördü, bu ilk deyildi hər axşam burda olmurdu. Adil ilan sancmış kimi getdiyi yerdə çırpınıb geri çevrildi. İki əlli başını tutdu. Bəli bu dəqiq beləydi. Səhərlər burada dayanan qara qiyafətin altında cənab Giorqi dururdu. “ Bu, odur, odur. Ayrı cür ola bilməz, başqa birisi heç ola bilməz. Siqaret alarkən ovuc –ovuc xırda pul çıxartmasından anlamalı idim, əllərinin palçığından, gözlərinin qırıqlığından anlamalı idim. Aman, Allahım bu nə dəhşətdir, o mənim müəllimim…”  O cəld evə çatıb yaşadıqlarını atasına danışmaq, cənab Giorgiyə, qürurunu incitmədən kömək etmək üçün atasıyla birlikdə bir yol düşünmək istəyirdi. Evə gəlib, oturar-oturmaz sözə başladı ata, o dilənçi əslində cənab Gggg..                                                                                                        

– Rədd olsun sənin dilənçin də müəllimin də, o dilənçi belə məndən daha dəyərli çıxdı?                                         

– Ata, niyə belə danışırsan?                                                                                                                                           

Atası cavab vermədən otaqdan çıxdı. O, çaş-baş qalmışdı. Ürəyində atasına qəzəbləndi. Lakin indi əsas iş başqa idi.

Yorğun idi. Ayıq başla düşünmək istədi. Duş qəbul etmək üçün hamama keçdi. Yarım saata qədər su altında müəllimini düşündü. Çıxarkən kirli camaşır səbətində gözü qara torbaya sataşdı. Anası belə etməzdi heç zaman. Suçlu kimi əli əsə-əsə torbanı açdı. Bir dəst, bəxt kimi qapqara paltar çıxdı.  Çamur qoxan, metronun yanı qoxan, qara qiyafətli adam qoxan, atasının kükgün sifəti qoxan bir dəst qapqara paltar… Arasından Adilin, cərrah olmuş, atasının ürəyini əməliyyat etdiyi karikaturası düşdü…

… Oğullarına bir şey olduğundan qorxub, dəliyə dönən ata – ana səhər tezdən hamamın qapısını qırıb, qara qiyafəti qucaqlayıb kafelin üstündə, buz kimi suyun altında yatmış oğullarını, ağ ümidlərlə qucaqladılar… Qəhrəmanımın bədəni isə çoxdan dağların qarı dərəcəsində soyumuşdu… 

Yazıya 896 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.