NİSƏBƏYİM — GÖY, DƏNİZ, GÖY QURŞAĞI (poema)

nisəbəyim

Yuxuma düşdü gecə

Dünyanın göy qurşağı.

Arzu tək keçilməyən,

Ümid tək kiçilməyən,

Ömür tək biçilməyən

Yerin – göyün işığı.

Ürəyim dalğalandı

Sevinc parıltısından,

Aydınlığın içində

Naz ilə güzgülənən,

Oymaq-oymaq güllənən,

Çağlayanda lillənən,

Durulanda göllənən,

Suyun şırıltısından.

Anladım ki,bu anda,

Duyğularım, hisslərim

Xəbərsizdir nə qədər,

Dünyanın möcüzəsindən

Xəbərsizdir nə qədər,

Açılan qapılardan,

Örtülən qapılardan,

Qeybdən səda kimi,

Fələkdən nida kimi,

Ölümdən vida kimi

Gələn tale səsindən.

Deyirlər ki,arzudur

Rənglərin nur çələngi,

İnsanin könlündədir,

Torpaq rəngi,göy rəngi,

Yarpaq rəngi,gül rəngi,

İnsanın könlündədir

Təbiətin ahəngi.

Deyirlər ki,arzudur,

Nə pozular,nə dönər,

Nə yazılar,nə dinər,

Nə bir qulağa çatar,

Nə bir gözə görünər,

Kainatın nəbzində,

Ürəyində döyünər,

O dünyadan uzaqda,

Əlçatmaz röya kimi,

Ünyetməz xülya kimi,

Adidən də adidir,

Sadədən də sadədir,

İlahi bir işıqdan,

Nurdan yarandığından,

Dünyanın fövqündədir.

                 ***

Göy,dəniz,göy qurşağı,

Ruhumun vaxtdan çıxıb,

Qurtulan azadlığı.

Kim məni əsir edib,

Bu yuxudan qaytarar?

Gücsüzdür bütün dünya,

İlahi azadlığın

Sonsuzluğu önündə.

Nə bir qanun hökm edər,

Nə bir ehkam oxunar,

Nə bir əfsun,nə tilsim,

Nə bir güllə toxunar.

Tiranlar da,qullar da,

Acizdir qarşısında,

Böcəklər də,fillər də

Gücsüzdür qarşısında.

O ilahi bir nurdur

Fikrin azadlığında,

O ilahi işıqdır

Qəlbin azadlığında

              ***

Xəyalım uzaqlarda

İşıq kimi dolaşır,

Ruhum günün odundan,

Ay nurundan alışır.

Göy,dəniz,göy qurşağı,

Bir-birinə qovuşur.

Ləpələrin işığı

Sevgiylə pıçıldaşır.

               ***

Mən çiçəklər çəkərdim,

Rəngləri əlvan-əlvan,

Yaddaşımda dünyanın

Uşaqlığı firavan.

Nağılımda gecələr

Ulduz-ulduz yanardı,

Başım üstə göy üzü

Buludsuz dayanardı.

Çöl uzunu uşaqlar

Ayaqyalın qaçardı,

Küləklər sinəsini

Üzümüzə açardı.

Hər gün bir şey düşünüb,

Nəsə tapardı Əli,

Oyuna döndərərdi,

Nəyə dəysəydi əli.

Gah sanka düzəldərdı,

Gah kağızdan-qarğıdan

Uzunquyruq bədəvan.

Uçurardıq göylərə

Rəngbərəng arzumuzu,

Nişan vurardıq ona,

Yaşıl,sarı,qırmızı.

Dəyərdi buludlara

Əlinin bədəvanı,

Sevinc səsi, fit səsi

Bürüyərdi dünyanı.

Uşaqlara qoşulub

Yüyürərdi Qarabaş,

Bədəvanın dalınca

Götürülərdi birbaş.

           ***

Göy üzündə buludlar

Sanki dəvə karvanı,

Bir andaca kölgəsi

Alır, tutur hər yanı.

Toqquşur ağ dəvələr,

Buludlar guruldayır,

Gözündən şimşək çaxır,

Ağ nərlər nərildəyir.

Göy üzündən ağ yağış,

Ağ arzu,ağ nur yağır,

Anam qaçıb tələsik,

Sərgidən paltar yığır.

Toyuq-cücə qaçışır

Həyətin ortasında,

Döyüş qəfil səngiyir

Dəvələr ordusunda.

Fatma nənə öz köhnə

Cəhrəsini yağlayır,

Uzadıb hanasını

Göy üzünə bağlayır.

İslanmış gül-çiçəkdən

İpinə boyaq vurur,

Hər naxışı,ilməsi

Ulduz kimi bərq vurur.

Bax, bu narın çiçəyi,

Bu bənövşə ləçəyi,

Bu itburnu,bu zanbaq,

Bu nərgizin göyçəyi.

Bu şahzadə qızılgül,

Bu nadir xarıbülbül,

Bu xallı çöl laləsi,

Bu dağların nanəsi,

Bu mənim sona gülüm,

Ağ gülüm,durna gülüm.

Bu göy qızı sarmaşıq,

Bu göllərə yaraşıq.

Hər çiçək bir bəxt daşı,

Hər çiçək bəxt yaddaşı.

Bəxt daşı kimə düşə,

Atıla,kimə düşə,

Bənövşə,ay bənövşə,

Bizdən sizə kim düşə?

           ***

Doxsanıncı illərin

Bəxti yaman kəm gəldi,

İllərin qanadında

Ölüm gəldi,qəm gəldi.

Günlərimiz üzüldü

Vaxtın həyəcanından,

Hər kəs dava dərdini

Keçirtdi öz canından.

Əli cəbhədə idi,

Səngərdə döyüşürdü,

Cəbhə xətti anbaan

Yerini dəyişirdi.

Televizor verirdi

Qan-qadalı xəbərlər,

Bir-bir əldən gedirdi

Doğma kəndlər,şəhərlər.

Əllərimiz asılı

Qalmışdı göy üzündən,

Vətənimiz silinib

Gedirdi yer üzündən.

Bir ovuc qan hərisi,

Var-dövlət,mal hərisi,

Kürsü,stol hərisi

Qırırdı bu milləti,

Bu gün bəllidir artıq

Onların xəyanəti.

Bir-birinin bəhsinə

Torpaqlar verilirdi,

Düşmənin ayağına

Qurbanlıq quzu kimi

Bu Vətən sərilirdi.

Xəbər tuta bilmirdik

O günlər biz Əlidən,

Nə gəliş-gediş vardı,

Nə də bir iz Əlidən.

O intizar günlərdə

Doğdu təzə bir hilal,

Bir payız gecəsində

Anadan oldu Nihal.

O gecə göy üzündə

Doğmuşdu bəxt ulduzu,

Oğlu Araz var idi,

Oldu Əlinin qızı.

Bir körpə sevincindən

Ürəyimiz pay aldı,

Bu sevinc neçə günü

Gecəni yola saldı.

Əli bir axşam gəlib,

Qızı görüb sevindi,

Ləngiməyib o, səhər

Yenə cəbhəyə döndü.

Bir qış günü döyüşdə

Mərmidən yaralandı,

Bu xəbəri alanda

Dünyamız paralandı.

O yaz üzə gülmədi,

Məğlub oldu ordumuz,

Düşmən əlinə keçdi

İtirilmiş yurdumuz.

Əli qəlbində nisgil,

Döndü cəbhədən geri,

Çörək oldu indi də

Onun döyüş səngəri.

Hərdən xəyala gedir,

Keçəni xatırlayır,

Döyüş çantasındakı

Sənədləri yoxlayır.

Bu sənədlər kimindir,

Hardadır bu oğullar?

Harda şəhid olublar,

Harda uyuyur onlar?

Eləsi var on səkkiz,

Eləsi qırx yaşında,

Eləsinin  sığal yox

Qara,qıvrım başında.

Eləsi Lənkərandan,

Eləsi Şəkidəndir,

Eləsi Şamaxıdan,

Eləsi Bakıdandır.

Onlar bir yurd övladı,

Çoxu da gənc yaşında,

Bu torpağa qıymayıb,

Öldü yurd savaşında.

Əli bir-bir götürür,

Sənədləri yoxlayır,

Yenə çantaya yığıb,

Əmanət tək saxlayır.

           ***

Doxsanıncı illərin

Uşaqlığı ağrılı,

Çoxunun çalın-çarpaz,

Qəlbi sınıq, yanğılı.

Qançqınlıq yarası var,

Köçkünlük yarası var,

Əsirlik damğası var,

Yetimlik damğası var,

Əsrin onilliyində.

Çoxları görmədiyi

Yurd-yuva həsrətini

Yaşadır iliyində,

Bu uşaqlar baxmadı

Yurdunda göy üzünə,

Uşaqlığın itkisi

Kölgə çəkdi gözünə.

Keçmədi yuxusundan

Onların göy qurşağı,

Oxumadı nəğmələr

Gecələr ay işığı.

Nə Ayaz,nə də Araz

Bədəvan uçurtmadı,

Nə də Ariz yüyürüb

Quşlara daş atmadı.

Nə Toğrul,nə də Emil

Yıxılmadı çəməndə,

Körpəcə ömürləri

Keçdi qıtlıq qəmində.

Kövrək ürəklərindən

Keçdi xəzan küləyi,

Bəxtlərinə yazıldı

Müharibə taleyi.

           ***

Ah,hələ Mərmər qızım,

Nəğməkar dan ulduzum!

Ay üzü şirin Mərmər,

Gözləri dərin Mərmər!

Təzə sözü məzəli,

Mərmər dünya gözəli!

Mələk kimi doğuldun,

Mələk kimi yox oldun.

Ömrü ah kimi qısa,

Gözmü dəydi bu qıza?

O bir çiçək,bir güldü,

Vurğunu güclü gəldi.

Anasından ayrılıb

Ürəyi uçdu aya,

Onun zərif qolları

Dözmədi bu dünyaya.

Tanrım, bu necə ömür,

Bu necə doğuluşdu?

Onun varlığı nəydi,

Yoxluğu nə dəyişdi?

Bu gəlişin-gedişin

Bir hikməti vardımı?

Onun ruhu önündə

Zaman günahkardımı?

“Məriş,Məriş” deyəndə

Quştək qanadlanırdı,

Əsl adı anamın

Adıyla adlanırdı.

Bircə günün içində

Gül kimi soldu Mərmər,

Dərdi nəydi bilmədik,

Qəfildən öldü Mərmər.

Əli əlimdə qaldı,

Gözü gözümdə qaldı

Mənim gücüm çatmadı,

Ruhunu göylər aldı.

Dondu göyərçin əli,

Heykələ döndü Mərmər,

Mələk idi,mələk tək

Mərmərə döndü Mərmər!

Ah,əzizim,nə qədər

Ağırdır səni anmaq,

Adını yada salıb,

Həsrətinə dayanmaq.

Sağalmaz yara olub,

Ürəyimə vuruldun,

Sən xoşbəxt bir kəpənək,

Qanadından qırıldın.

O indi uzaqlarda

Olsa da məni duyur,

Babasının yanında

Mışıl-mışıl uyuyur.

Baxıram beşik kimi

Bapbalaca qəbrinə,

İlahi,tapşırıram

Onu böyük səbrinə.

Onun adı qəlbimdə,

Ruhu uca göylərdə,

O,günahsız mələkdi,

Qoru onu göylərdə.

            ***

Bəlkə də göz yaşından

Yaranıb şor dənizlər,

Cilalayıb yaşadır

Bətnində dürr dənizlər.

Hərənin damla dərdi

Bir dənizdir özünə,

Hərənin damla qəmi

Bir kölgədir gözünə.

Hər gələnə-gedənə

Olur həmdərd dənizlər,

Görüb-eşitdiyini

Saxlayır sirr dənizlər.

            ***

Bir-birinə zidd olan

Bir-birinə əks olan

Dəniz məcrasındayam,

Külü göyə sovuran,

Qumdan sütun yaradan,

Dərə yıxan,dağ yapan,

Baş tutub,daş yağdıran

Külək səhrasındayam.

Atılıb duyğularım

Fırtınalar qoynuna,

Kim vaxtla çarpışıbsa,

Bu hal tanışdır ona.

Dəniz ömrü yaşayan

Gah sakit,aram olur,

Gah könül duyğuları

Uçulur,viran olur.

Talanır an içində

Möhtəşəm sarayları,

Başqa qütbdən gəlir

Yol azmış harayları.

Məhv edir özü-özünü

Yaşatdığı dünyada,

Məhv edir öz-özünü

Yaratdığı dünyada.

Dənizi sevmək çətin,

Dəniz bir duyğu deyil,

Hər an dəyişir üzü,

Dəniz xoş röya deyil.

Onu tutmaq çətindir,

Onu saxlamaq çətin.

Bir duyğuya,bir hissə

Onu bağlamaq çətin.

Dənizi sevmək çətin,

O, sakit, aram deyil,

Dəniz nə özgəsinə,

Nə özünə ram deyil.

           ***

Göy, dəniz, göy qurşağı,

Zamanın kəsiyində

Ömürdən gizli qalan,

Alt qatında saxlanan,

Xəyalın reallığa,

Yuxuların gerçəyə

Düşən an qovuşağı.

İnsanın öz-özüylə,

Kölgəsiylə,əksiylə,

Qohumlaşan,yadlaşan

Cəsədiylə,canıyla,

Vücuduyla,ruhuyla

Tamamlanan qovuşağı.

İnsanın dünya ilə,

Torpağı ilə,göy ilə,

Külək ilə, su ilə,

Odla qan qovuşağı.

Göy, dəniz, göy qurşağı,

İlhamımın rəngbərəng

Çiçəkləyən yaddaşı.

Qəlbimdə min bir hissin,

Duygunun oyanışı.

İlahi bir vaxtdadır

Dünyanın təzəliyi,

İlahı bir vaxtdadır

Dünyanın gözəlliyi.

Bu gözəllik bir anmı,

Anın bir zərrəsimi?

Bircə anda duyulan

Bütöv yer kürrəsimi?

Sevdinmi onu sən də

Mənim kimi ürəkdən,

Aldınmı qoxusunu

Tənha,zərif çiçəkdən?

Ruhunu apardımı

Əsən səhra küləyi?

Yuxunu qaçırtdımı

Dərdli qecə mələyi?

Yorulan gözlərinin

Ağrısını kim aldı?

Ürəyinin yanında

Kimin ürəyi qaldı?

Anandan özgə bir kəs

Dərdinə dayandımı?

Ömrünü öz ömründən

Əziz bilib yandımı?

Ah,əziz anacığım,

Qarıcıq yavrucuğum,

Uşaqlığın,gəncliyin

Qanımda axır mənim,

Taleyinin gözləri

Gözümə baxır mənim.

Sənin arzularında

Mən hamıdan gözələm,

Xəyalında hələ də

Ərköyün bir dəcələm.

Qanım qədər doğmadır

Mənə hər arzun,duyğun,

Bu ruh doğmalığından

Yuxuma düşür yuxun.

Sənin qəlbində düşür

Qəlbimə göy qurşağı,

Ruhuma yol göstərir

Ürəyinin işığı.

Mən sənin bir damlanam,

Düşən kölgənəm, ana,

Mən səndə yaşayıram,

Mən elə sənəm,ana!

                 ***

Mənigöy qurşağının

Rənginəqatan sevgim,

Dünyanın hər sehrinə,

Sirrinə batan sevgim,

İlahi bir məqamın

Qatına çatan sevgim!

Sən susma,oxu,susma,

Sən oxusan,səsinə

Bu dünya səs verəcək,

Sular pıçıltısıyla,

Küləklər laylasıyla,

Çiçəklər qoxusuyla,

İnsanlar duyğusuyla,

Ulduzlar öz səsiylə,

Canlılar nəfəsiylə

Səsinə səs verəcək.

Sən susma,oxu,sevgim,

Keçsin arzularından

Yerin-göyün işığı,

Çiçəkləsin ömrünə

İlahi göy qurşağı.

                     7-10iyun 2000.

Yazıya 757 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.