“Şair dünyada ən qeyri-poetik varlıqdır, çünki onun bənzəri yoxdur. O, daim hər hansı varlığı – Günəşi, Ayı, Dənizi, Kişini, Qadını – yaradır və ona can verir; cəhdlərdən doğulan həmin poetik məxluqlar dəyişməz əlamətlərilə fərqlənirlər. Şairin özündə isə belə əlamət yoxdur. O, heç nəyə bənzəmir. Şair, təbii ki, dünyada bütün yaranmışlar arasında ən qeyri-poetik varlıqdır”.
İnanmıram ki, Con Kitsin haqqında danışdığı şair “varlığ”ın canına işləyən, ona qətiyyən toxunmadan götürüb uzaqlara aparan küləyə oxşasın. Məncə, o, rastına çıxan hər şeyin yanında ayaq saxlayır və onu zamana qərq edib aparır. Şair hər hansı təbiət hadisəsini öz əsərinin mövcud olduğu zamana və məkana qarışdırır; onu yuyub təmizləyir, yazır, indiyə qədər dünyada misli görünməmiş tərzdə təqdim eləyir, onu özünün bioloji və morfoloji soyuqluğundan çıxarır.
Reallığın ötüb-keçəriyə həmləsi öz-özünə dolub-daşır, lərzəyə gəlib parçalanır, bu zaman qabığı düşür və forması üzə çıxır. Onda o, sonsuzluq faniliyə bürünüb yaşayır. Bu zaman sonu olmayan şey onu sonluqla bürüyən nəsnədə yaşayır. Elə həmin yayğın enerji o məqamın adama cəhddən və ötüb-keçərilikdən uzaq görünən əsl stixiyasını aşkara çıxarır: şeir yazılandan sonra hadisə ilə onun ilkin səbəbi arasındakı ziddiyyət itir, yalnız parlaq işıq və aydınlıq qalır.
Tərcümə ötəriliyin daimiliyə keçdiyi bu çağırışdan fərqlənmir, ondan asılı da deyil. Başlanğıcda tərcümə şairin lal dili ilə – onun yazmadığı, hətta qətiyyən bilmədiyi dillə – qarşılıqlı əlaqədə olur. Tərcümə etmək – obrazların heykəllərini zülmətə gömmək, onu özünə məlum olmayan dolğunluqda batırmaq və həmin naməlumluqda onun təşəkkül tapma gücünü, daimi hərəkətini, qaranlıqda formaların özü-özünü doldurmasını görmək deməkdir.
Başqa dildəki sözü yenidən demək – təkrarlamaq və ya nəsə axtarıb tapmaq deyil. Bu, şairin, bilginin xəbərdar olmadığı qatlarına baş vurmaqdır. Burada tərcümə şairin lal sifətinə baxır, onun şeir formalarını dağıdır və onu yeni, yeni olduğu qədər də bütöv forma yaradan energetik toza çevirir. Onların əvvəlki molekulyar əlaqəsi – doluluq və boşluq, söz və susqunluq, səs və qaranlıq arasındakı əlaqə qalır. Tərcümə etmək artıq görülmüş işə nüfuz etmək, zülmətdə, amma yaradıldığı işıq naminə, əvvəldən axıracan təkrar etmək deməkdir. Bu mənada tərcümə işi yazının özündən keyfiyyətli sayılmır: hər ikisi artıq baş verənləri üzə çıxarır, hər ikisi onun müxtəlif formalarındakı ölçüsünü göstərir. Lakin həmin energetik toz laxtasının, qarşılıqlı mübadilə gedən qanunların heç birində yaltaqcasına yamsılamaya və hədsiz özbaşınalığa yer yoxdur. Tərcümə sərbəstliyi yalnız hər cür özbaşınalığı aradan qaldırmaq, qeyd ediləni və onun hərəkətlərini eyni zamanda oxumaq, eşitmək və görmək naminə yolveriləndir. Beləliklə, tərcümə gücün davamına çevrilir ki, bu da indiki dövrdə bizim dünyagörüşümüzə artıq gördüklərimizin miqyasında, zülmət içindən potensial görmə səviyyəsində təsir edir. Artıq yazılmış şeirin dayandırılmış zamanı ilə tərcümənin hərəkətdə olan zamanı arasında hərəkətin başlanğıcını, obrazın qamarlanmış rüşeymlərini və onun yeniliyə doğru fasiləsiz cəhdlərini dəyişən fasilə müddəti aşkara çıxır və doğulur.
1982
Tərcümə: Narıngül ƏLİYEVA
Yazıya 609 dəfə baxılıb