Kəndovan dünyada dağın qoynunda yerləşən 3 belə kənddən biridir. Onlardan biri Amerikada, digəri, yəni Kapadokiya isə Türkiyədə yerləşir. Təbrizdən 50 km uzaqlıqda, Səhəndin ətəklərində qərarlaşan kəndin evləri qayaların içindədir. Kənardan bu evlər daha çox arı yuvalarına bənzəyir. Kəhrəba təpələrin yamacında sıralanmış şişpapaq qayalar sıra-sıra dayanmış sufi müridlərinə bənzəyir. Əslində təxəyyülü biraz daha da fərqli olan insanlar buranı fərqli-fərqli obrazlara bənzədə bilər. Kəndin abu-havası insanı sanki əsrlərin ötəsinə aparır. İnsanda elə bir duyğu yaranır ki, sanki ayrı bir planetdəsən və yaxud zaman maşını ilə keçmişə səhayət etmisən. Kəndovanlıların qayaların arasında əks-səda verən şirin Azərbaycan türkçəsi, insanların içlərində gəzdirdikləri duyğuları və gözlərindəki ifadələr bir çox mətləblərdən xəbər verir. Çağdaş dövürdə keçmişin bir parçası olaraq ömür sürməksə, tamamilə başqa bir duyğudur.
Kənd vulkanik püskürmədən yaranıb. Kəndin ümumi quruluşu da göylərə çəkilib qəfil geri qayıdan iri dəniz dalğasına bənzəyir. Kəndovan adının mənşəyi haqda bir çox fərziyələr var: Deyilənlərə görə, kəndin adı Gündoğan, bəzi mənbələrdə isə Xandabandır. Bəzi mənbələrdə isə kəndin adının elə Kəndovan olduğu deyilir. Bura bal kovanlarına bənzədiyi üçün “Kovanlar yeri” də adlandırılıb.
Ən azı bilirik ki, 6000 il əvvəl Insanlar məhz bu cür, bu tərzdə həyat sürüblər. Kəndovan sakini Qurbanəli bəyin 7 dönəm ata-babaları da bu kənddə yaşayıb.
“Biz əcdadən buralıyıq. Mən 7-ci babama kimi tanıyıram ki, buranın əhlindəndir. Bizdə əcdadən buranın sakiniyik. Buranın havası gəşəy olar. Havası xoşdur. Qışı sərtdidaa. Yeylağdı. Qışı çətin olar birazca. Qar çox yağsa, ənib çıxmağa çətindi. Özü yaxçı kənddi”
Kəndin yaranması ilə bağlı xeyli ziddiyyətli fikirlər var. Kəndin düşməndən qorunmaq, gizlənmək üçün sığınacaq yeri seçildiyini iddia edənlər də az deyil. Evlərin içinə girəndə bu iddiaların o qədər də yanlış olmadığını düşünürsən. Çünki burada təkcə düşməndən, vəhşi heyvanlardan yox, eləcə də təbiətin şıltaqlığından rahatca yaxa qurtarmaq olar. Kənd sakinlərinin də verdiyi məlumata görə, buraya insanlar Monqol tatarlarının istilası zamanı sağ qalmaq üçün pənah gətiriblər. Sığındıqları mağaralar isti və daha təhlükəsiz olduğu üçün onlar buranı əbədi məskən seçiblər.
Bir növ açıq səma altında muzey olan bu kənd də kifayət qədər müasir və dəbdəbə ilə tikilmiş mehmanxanalarda mövcuddur. Ümumiyyətlə Kəndovan, turizmin inkişaf etdiyi yerdir. Burada yaşayan insanların əksəriyyəti maldarlıq və əkinçiliklə məşğul olur. Köhnə oyuq içində mülklər, qədim, yosma, ovulub tökülmüş kərpic komlar, yaylalara qonan təkəm-seyrək yurdlarda yaşayan kəndovanlıların fəqir-füqəra olduqlarını zənn etməyin. Bələdçinin dediklərinə görə, burada yaşayanların demək olar ki, hər birinin Təbrizin mərkəzində evi, bağı və ya bir dükanı var. Kəndovanlıların buranı tərk etməməsi üçün dövlət tərəfindən müavinətlər də verilir. Kəndovanın mətbəxi də Təbrizin digər yerlərindən fərqlənmir. Düyü ilə hazırlanmış təamlar və düyünü müşayət edən kabablar Kəndovan süfrəsinin də əvəzolumaz fenomenidir.
Kəndovanın otları, ədəvatları isə min bir dərdin dərmanıdı. Yəqin, burada bir dənə də olsun əczaxananın gözə dəyməməsinin səbəbi də elə məhz budur. Buraya gəlib mərəzotu ilə çay dəmləyib, böyürtkən mürəbbəsi ilə çay içməlisən ki, saxta-sazaq sənə təsirsiz ötüşsün. Bu ədviyyatları satan insanlar isə diplomsuz əczaçıdırlar. Məsələn, öyrəndik ki, qarağat dadı verən qırmızı çay, acı qarpız, göyzəbanın çarə olmadığı xəstəlik yoxdur. Qırmızı çay qan təzyiqinin dərmanıdır, almaya bənzəyən acı qarpız isə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
Kəndovanın bütün bunlarla yanaşı, minbir dərdin dərmanı olan şəfalı suyu, bütün dünyada tanınan balı və çərəzləri ilə məşhurdur.
Kəndovan kəndi dünyada ölmədən öncə mütləq ziyarət edilməli olan yerlər sırasına daxildir. Kəndovanlıların da dediyi kimi buranı yayda, payızda ziyarət etmək daha münasibdir. Min deməkdənsə, bir dəfə görmək yaxşıdır. Sonda isə “salam desəm, bütün Azərbaycana çatdıra bilərsinizmi?”, deyə sual verən Kəndovanlı soydaşımızın arzusunu yerinə yetirib “Adsız Fərhadların məskəni” ndən bir əmanəti sizə yetiririk:
Buyur de. – Azərbaycana salam olsun!.
Ariz Tarverdiyev
atv.az
Yazıya 715 dəfə baxılıb