“Bütün dahilər bir az dəlidir”. Eramızdan əvvəl yaşayan Aristotel bizim eramızdakı dahiləri görsəydi yəqin ki, bu məşhur ifadəsinə kiçik bir düzəliş verərək “bir az” sözünü “tam” sözü ilə əvəzləyərdi və bu ifadəyə görə böyük Aristoteli heç kim qınamazdı. Dahilərin qeyri-adiliklərinə bələd olanda siz də bu fikirlə tam razılaşacaqsınız.
Tanınmış məşhurların həyatlarındakı qəribəliklərdən bəhs edən yazını təqdim edirik.
Dahi alman bəstəkarı Bethoven üz qırxmağı yaradıcılığına mane olan ən ciddi amil sayıb. Bu səbəbdən onun üçün üz qırxmaq əsl işgəncəyə çevrilib. Məşhur bəstəkar ilhamını coşdurmağın qeyri-adi üsulunu kəşf edib. Belə ki, o yaradıcılıq işlərinə başlayanda başına bir vedrə buzlu soyuq su töküb. Bethovenin kaprizləri xidmətçiləri bezdirsə də onlar susmağa məcbur olublar. Bəstəkar təkid edib ki, ona qəhvə hazırlanarkən 64 qəhvə dənəsindən istifadə olunmalıdır. Qeyri-adi həyat tərzi sürən Bethovenin ölümünün səbəbi də uzun müddət həkimlərin və ictimaiyyətin müzakirə və mübahisələrinə səbəb olub. Bəziləri onun siflis xəstəliyindən, digərləri isə alkoqolun təsirindən yaranmış serrozdan öldüyünü bildirirlər.
Böyük alman şairi və dramaturqu Fridrix Şillerin ilham mənbəyi çürümüş almalar olub. O yazı masasının üstündə və ətrafında xarab olmuş və iylənmiş almalar saxlayıb. Şillerin daha bir qeyri-adiliyi ondan ibarət olub ki, o öz otağının bütün divarlarından qırmızı pərdələr asıb. Məşhur dramaturq əsərlərini yazarkən ayaqlarını buzlu suda saxlayıb. Maraqlıdır, görəsən, çürük almaların insan yaradıcılığına nə dəxli var?
Məşhur fransız yazıçısı Mopassanın ən zəhləsi getdiyi yer Eyfel qülləsi olub. Yazıçını dünyada məşhur olan bu qüllə qıcıqlandırıb. Amma buna baxmayaraq Mopassan öz istirahətini məhz bu qüllədə yerləşən restoranda keçirib. Bu haqda ondan soruşanda cavabı çox maraqlı olub: “Eyfel qülləsi yeganə yerdir ki, buradan Eyfel qülləsi görünmür”.
Dahi fizik Eynşteyn həm də öz qəribəlikləri ilə məşhur olub. Bütün dünyada tanınan bu dahi gənclik illərindən sonra heç vaxt corab geyinməyib. Bunun səbəbini isə qısa və konkret izah edib: “Mənim ayağımın baş barmağı uzundur. Corab geyinəndə həmin barmaq corabı deşir. Belə olan halda corab geyinməyə dəyərmi?” Eynşteyn oxumaqdan, eşitməkdən, baxmaqdan çox dərindən fikirləşməyə, düşünməyə üstünlük verib. Bu da bir çox hallarda onun həyatında bəzi qeyri-adi hadisələrə səbəb olub. Belə ki, o öz laboratoriyasından qısa müddətə harasa gedəndə “Eynşteyn 1 saatdan sonra olaşaq” yazılmış kağızı qapının üstünə yapışdırarmış. Geri qayıdanda qapının üstündəki həmin yazını oxuyub laboratoriyanın qarşısındakı skamyada əyləşib bir saat gözləyərmiş.
Məşhur ingilis alimi Nyutonun qeyri-adilikləri ilə yanaşı hiyləgərliyi də olub. Alimin evinə qonaq gələnlər hər dəfə giriş qapısının ağır açılmasını və cırıltısını hiss ediblər. Nəhayət qonaqlardan biri qapının çox cətinliklə açılmasını Nyutona söyləyərək onu dəyişməyi məsləhət görüb. Nyuton isə qapını heç vaxt dəyişməyəcəyini deyib: “Mən heç vaxt qapımı dəyişməyəcəm. Ona görə ki, hər dəfə qonaqlarım giriş qapısını açanda mənim su çənimə litrlərlə su dolur”. Dahi Nyutonun “dahi” bir əməli isə onun pişikləri ilə bağlı olub. Nyuton sevimli pişiyinin otaqdan istənilən vaxt çıxması üçün qapıda iri bir deşik açıb. Pişik balalayandan sonra bala pişiyin də qayğısına qalmaq üçün o qapıda ikinci bir, ancaq bu dəfə kişik ölçüdə bala pişik üçün deşik düzəldib. Dahi fizikin ağlına gəlməyib ki, pişiklərin sərbəst giriş-çıxışı üçün elə bir deşik də kifayətdir.
Bu da dünyanın tanıdığı və sevdiyi dahilər. Qeyri-adi istedadları ilə yanaşı qeyri-adi hərəkətləri ilə populyar olan məşhurlar.
Yazıya 802 dəfə baxılıb