Qədim vaxtlardan insanlar ayrı-ayrı bitkilərin xüsusiyyətlərinə bələd olmuş, onların köməyi ilə tutulduqları azarlardan xilas olmağa çalışmışlar.
İllər, əsrlər ötdükcə, xalq təbabəti ilə məşğul olan mütəxəssislər yetişdi və yazı mədəniyyəti ortaya çıxdıqdan sonra təbabətin təcrübələri qələmə alındı.
Müxtəlif müalicə üsullarına həsr edilmış əsərlər yüzilliklər boyunca katib və xəttatlar tərəfindən köçürülür və kitabxanalarda saxlanılırdı.
Təbabət sahəsində yazılmış risalələr digər xalqların dillərinə tərcümə edilir və beləliklə təbabət barədəki biliklər zənginləşirdi.
Orta əsrlərdə təbabətə aid çoxsaylı dəyərli əsərlər yazılıb.
Onlar ayrı-ayrı xəstəliklər, onların əlamətləri və müalicə üsulları, insan bədəninin xüsusiyyətləri, dərmanlar, ədviyyələr, sürtmə məlhəmləri, otlar, meyvələr, təbiblərə verilən məsləhətlərdən ibarət idi.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin müxtəlif sahələrini əhatə edən əlyazmalar arasında təbabətə həsr edilmiş çoxlu sayda abidələr qorunub saxlanılır.
Onların arasında Zeynəddin bin Əbu İbrahim İsmail ibn Həsən ibn Əhməd ibn Məhəmməd Əl-Hüseyni Əl-Curcaninin “Xəfi-əlayi” (“Xəstəliklər və onların müalicəsinin müxtəsər şərhi”) əsəri xüsusi yer tutur.
Qeyd etmək lazımdır ki, Curcani öz vaxtının tanınmış və müdrik şəxsiyyətlərindən biri olub. Mənbələrin verdiyi çoxsaylı məlumatlara görə, olduqca savadlı və dərin elmi biliyə malik olan Zeynəddin Əl-Curcani ərəb və fars dillərini mükəmməl bilib, dünyanın bir çox alim və təbiblərinin əsərləri ilə yaxından tanış olub.
Tibbi dərindən bilən Curcani dərmanlar hazırlayır, xəstələri müalicə edirdi.
Müasir tibb elminin yüksək səviyyədə inkişaf etdiyi bir zamanda xəstəliklərin təbii bitkilərlə müalicəsinə xüsusi diqqət yetirilir.
Belə bir zamanda “Xəfi-əlayi” kimi əlyazmaların əsaslı öyrənilməsinə ehtiyac artır.
Odur ki, qədim və zəngin keçmişi olan tibb tarixini öyrənib gələcək nəslə çatdırmaq bizim müqəddəs borcumuzdur.
***
Zeynəddin Əl-Curcani
Bismillahir-rəhmanir-rəhim.
Şükür olsun aləmlərin rəbbi Allaha!
Məhəmməd Peyğəmbərə və onun əhli-beytinə salam olsun!
Allah-Təalanın köməyi ilə “Zəxireyi-Xarəzmşahi” kitabının toplusu araya-ərsəyə gəldi.
Bu kitab dünyanın ədalətli hökmdarı, dinin müdrik ziyalısı, islamın istinadgahı, dövlətin və dinin başçısı, şahların və sultanların tacı vəliyyüləhd qızıl Arslan Əbu əl Müzəffər ibn Xarəzmşahın əmri ilə yazılıb. Hər şeyə qadir olan Allah onun dövlətini hifz etsin.
Səfərə gedənlər üçün, eləcə də hər bir kəsin özü ilə gəzdirə bilməsi üçün irihəcmli “Zəxireyi-Xarəzmşahi” kitabının ixtisar olunması zərurəti yarandı.
Fərmana əsasən, yazılan müxtəsər kitab mübarək kəlamlarla başlayır.
Burada ən mühüm məqamlara yer verilib.
Tibb elmi iki hissədən ibarət olduğundan, bu kitab da iki hissədən ibarətdir: elmi və əməli.
Elmi tibbə aid hissə də özlüyündə hissələrə ayrılır.
Bu nüsxədə müalicəyə aid olmayan iki məqam mövcuddur. Biri sağlamlığı qorumaq tədbirləri haqqındadır. Digəri xəstəliyi büruzə verən əlamətləri öyrənmək və onun əsasında uzunsürən və qısamüddətli xəstəlikləri müəyyən etmək haqqındadır.
Birinci hissə elmi tibbdən bəhs edir.
Birinci fəsil sağlamlığı qorumaq tədbirləri haqqındadır və 16 babdan ibarətdir:
Birinci bab hava haqqındadır.
İkinci bab ilin fəsilləri haqqındadır.
Üçüncü bab yaşayış yeri haqqındadır.
Dördüncü bab geyim tərzi haqqındadır.
Beşinci bab qidalanma qaydaları haqqındadır.
Altıncı bab su haqqındadır.
Yeddinci bab şərablar haqqındadır.
Səkkizinci bab yatmaq və oyaq qalmaq qaydaları haqqındadır.
Doqquzuncu bab hərəkət və hərəkətsizlik qaydaları haqqındadır.
Onuncu bab işlətmə dərmanları vasitəsi ilə təmizlənmə haqqındadır.
On birinci bab qusma dərmanları haqqındadır.
On ikinci bab qanalma və həcamət qaydaları haqqındadır.
On üçüncü bab digər təmizləmə üsulları haqqındadır.
On dördüncü bab nəfsani hisslər haqqındadır.
On beşinci bab yaşlı insanlara aid olan qaydalar haqqındadır.
On altıncı bab səfərə çıxanlara aid qaydalar haqqındadır.
İkinci fəsil xəstəliklərə aid biliklər haqqındadır və 7 babdan ibarətdir:
Birinci bab xəstəlikləri öyrənmək haqqındadır.
İkinci bab xəstəliyin yetişməsi haqqındadır.
Üçüncü bab xəstəliyin böhranının öyrənilməsi haqqındadır.
Dördüncü bab sağlamlığın və sağalan xəstəliklərin əlamətlərini öyrənmək haqqındadır.
Beşinci bab bir xəstəlik nəticəsində digər bir xəstəliyin keçib getməsinin əlamətlərinin öyrənilməsi haqqındadır.
Altıncı bab baş verə biləcək xəstəliklərdən xəbər verən hallar haqqındadır.
Yeddinci bab qızdırma və ağır xəstəliklər zamanı ölüm vaxtını təyin etmək haqqındadır.
İkinci hissə elm haqqındadır və 7 fəsildən ibarətdir:
Birinci fəsil təbiblərə verilən məsləhətlər haqqındadır.
Onlar müalicə zamanı bu məsləhətləri nəzərə almalıdırlar.
İkinci fəsil bədən üzvlərində baş verən xəstəliklər və onların müalicəsi haqqındadır və 10 babdan ibarətdir:
Birinci bab baş və beyin xəstəlikləri haqqındadır.
İkinci bab göz xəstəlikləri haqqındadır.
Üçüncü bab qulaq xəstəlikləri haqqındadır.
Dördüncü bab burun xəstəlikləri haqqındadır.
Beşinci bab ağız, dil və boğaz xəstəlikləri haqqındadır.
Altıncı bab zökəm, soyuqdəymə, öskürək və ağ ciyər iltihabı haqqındadır.
Yeddinci bab ürək xəstəlikləri haqqındadır.
Səkkizinci bab mədə xəstəlikləri haqqındadır.
Doqquzuncu bab islah növləri haqqındadır.
Onuncu bab sancı xəstəliyi haqqındadır.
On birinci bab oturaq nahiyəsinin xəstəlikləri haqqındadır.
On ikinci bab qara ciyər xəstəlikləri haqqındadır.
On üçüncü bab dalaq xəstəlikləri haqqındadır.
On dördüncü bab sarılıq xəstəlikləri haqqındadır.
On beşinci bab şişlər haqqındadır.
On altıncı bab böyrək, sidik kisəsi və tənasül xəstəlikləri haqqındadır.
On yeddinci bab qadın xəstəlikləri haqqındadır.
On səkkizinci bab oynaq xəstəlikləri, podaqra ağrıları və fil xəstəlikləri haqqındadır.
Üçüncü fəsil qızdırma, qızılca, çiçək və bu kimi xəstəliklər haqqındadır.
Dördüncü fəsil şişlər, yanıqlar və yaralar haqqındadır.
Beşinci fəsil sınıqlar, əziklər və çıxıqlar haqqındadır.
Altıncı fəsil gözəlliyə aid məsələlər haqqındadır.
Yeddinci fəsil zəhərlənmənin əlacı haqqındadır.
Allah-Təalanın köməyi ilə burada kitab tamamlanır.
Birinci fəslin birinci babı hava haqqındadır.
Bunu bilmək lazımdır ki, insan bədəninin sağlamlığına təsir göstərən səbəblər altı cürdür. Təbiblər onlara “altılıq səbəbləri” deyirlər. Bunlar aşağıdakılardır: havanın təsiri, hərəkət və hərəkətsizlik, yuxu və oyaqlıq, yeməli və içməli məhsullar, sifraq və nəfsani xüsusiyyətlər.
Sağlamlığı qorumaq üçün ona təsir edən səbəbləri öyrənib onlara riayət etmək lazımdır. Əgər onlara riayət edilməsə, xəstəlik baş verə bilər.
Bu səbəblərin arasında daha geniş yayılmış səbəblər mövcuddur.
Hava elə vacib amillərdən biridir ki, insanın ona böyük ehtiyacı var. Digəri qüvvədir: təbii, canlı və nəfsani qüvvələr.
Təbiblərin fikrinə görə, qüvvə nəticəsində hərəkət yaranır. Şüurlu şəkildə ötürülən qüvvə nəfsani qüvvədir. Şüursuz olaraq ötürülən qüvvə canlıya xas olan canlı qüvvədir.
Canlı ruh qüvvəsi bütün bədənin orqan və üzvlərinə arteriya vasitəsi ilə çatdırılır. Ürək genişlənməsi və yığılmasına səbəb bu qüvvədir ki, nəticədə havanı çəkib buxarı dəf edərək, ürəyi hava ilə təmin edir.
Nəfsani qüvvə beyindən doğur, sinirlər vasitəsilə bütün bədənə yayılır və yaradanın istəyilə hissiyyata və hərəkətə təkan verir.
Nəfsani hərəkətlər ruhi hərəkətə təsir edir və bu hərəkət həm xarici, həm də daxili səbəblərdən baş verir.
Hava çox mühüm amil olaraq, ruhu dincəltmək və tənzimləmək, nəfəs almaq və sıxıntıları dəf etmək üçündür. Ciyərlərə gedən hava ruhu möhkəmləndirir, onun hərarətinin artmasına səbəb olur, insanı sakitləşdirir, sonra buxarlanaraq xaricə çıxır.
Təmiz hava ən yaxşı havadır. Onun tərkibində tüstü, toz və buxar olmamalıdır. Təmiz hava qamışlıqdan, xəndəkdən və qəbristanlıqlardan, soğan, kəvər, sarımsaq, kələm kimi tərəvəzlərin atılıb qaldığı bostanlardan, əncir, qoz, gənəgərçək kimi çürümüş ağaclardan, kükürd və arsın kimi mədənlərdən uzaq olmalıdır. Evin tavanının və divarlarının arasında qalmış hava da pis hava sayılır.
Münəccimlərin fikrincə, il fəsillərdən ibarətdir. Təbiblərin fəsil bölgüsü münəccimlərin fəsil bölgüsü ilə əksər hallarda üst-üstə düşür.
Hər fəslin özünəməxsus havası olur.
Yaz havası öz təbiətinə uyğun olduğundan, fəsillərin ən mülayimidir. Ruhun məzacının hər bir vəziyyətinə ən yaxın olan yaz havası qanın artmasına səbəb olur.
Fəsillərin havası məzacına münasib olmasa, müxtəlif xəstəliklərə səbəb ola bilər.
Yüksək yerdə hava soyuq, çökək yerdə isti olar. Dağlara yaxın olan ərazidə hava soyuq olur. Dənizin yaxınlığında hava rütubətli olur.
Çirkli havanı islah edən küləkdir. Ən yaxşı külək gündüz əsən külək və səba yeli kimi hədsiz mülayim olandır. Belə külək sağlamlığı qoruyur, bədəni möhkəmləndirir, eləcə də məzacları tənzimləyir.
Lakin cənub küləyi isti və rütubətli olur. Dəri məsamələrinin genişlənməsinə, xıltların sovrulmasına, qüvvənin tükənməsinə, hisslərin kütləşməsinə və baş ağrılarına səbəb olur.
Qayalıq yerin havası soyuq və quru olur. Bədəni möhkəmləndirir, məsamələri daraldır, xıltları qatılaşdırır və nəticədə şişlər çəkilir, yaralar sağalır.
Çöllük və qumsallıq yerin havası isti və quru olur, insanı gümrahlaşdırır.
Rütubətli hava insan bədənini arıqladır, dərini yumşaldır. Lakin soyuq rütubətli hava soyuqdəyməyə və bəlğəmin çoxalmasına səbəb olur ki, bəlğəmli xəstəliklər baş qaldırır.
Əgər havada xoşagəlməz dəyişikliklər meydana çıxırsa, yaşayış məntəqələrinin yaxınlığındakı çirkab sular, xəndəklər, qamışlıqlar, qəbirlər və çürümüş leşlərin nəticəsində hava su, buxar və tüstü qarışıqları ilə çirklənər, üfünətli olar ki, bu da vəba xəstəliyi əmələ gətirər.
Vəbalı havanın islahına əzvay, ənbər (kaşalotun mədəsində əmələ gələn muma bənzər ətirli maddə), məstəki ağacının kitrəsi, buxur (buxur kolunun qətranı), səndəl ağacı, ağ kök yumruları, ladan, küst, xam ipək, çayır və acı badam kömək edər.
Evin içinə və ətrafına sirkə çiləmək də, – xüsusən tərkibinə kitrə qatılmış sirkə, – havanı təmizləyib islah edir.
Tərcümə edən: Zemfira MƏMMƏDOVA
Aydın Yol Qəzeti
Yazıya 992 dəfə baxılıb