Otaq bitkilərinin energetik təsiri

etirshah gulu_5478770f2a39c

Otaq bitkilərinin faydası, əsasən, onların zərərli bakteriyaları məhv edən fitonsid adlı maddə ifraz etməsiylə bağlıdır. Belə bitkilər insanı infeksiyadan qorumaqda heç də müasir dərmanlardan geri qalmır. Onları daha çox uşaq otağına qoymaq məsləhətdir. Bu bitkilər ağır metalları udur, qapalı məkanda havanı təmizləyir.

 

Bundan başqa, otaq bitkilərinin ifraz etdiyi efir yağları orqanizmin infeksiyalara müqavimətini artırır, insanın ovqatını qaldırır, iş qabiliyyətini bərpa edir.

Psixoloji təsirinə gəldikdə isə otaq bitkiləri insanda emosiyaları oyadır, qorxu, həyəcan, qəzəb və kədər hisslərini dəf edir, yuxusuzluğu aradan qaldırır, stressin qarşısını alır. Çin təlimi fen-şuya görə, zədələnmiş otaq bitkilərini evdə saxlamaq olmaz. Bu, evin atmosferinə və energetikasına mənfi təsir göstərir.

Energetik cəhətdən faydalı olan bəzi otaq bitkilərinə nəzər yetirək:

Donor bitkilər arasında ilk yeri ətirşah tutur. Bu bitkinin çox güclü energetikası var. Ətirşah əkilmiş dibçəyin yanında 10-15 dəqiqə oturmaq kifayətdir ki, yorğunluğunuz çıxsın. Ətirşaha şəxsi psixoloq da deyirlər. Onun ətri insanı stresdən azad edir, qan təzyiqini normallaşdırır. Ətirşahı yataq otağına qoymaq daha məqsədəuyğundur.

İşığın düşməsinə görə yarpaqlarının rəngini dəyişən tradeskansiyanın çox maraqlı xüsusiyyəti var. Bu bitki evin energetikasının indikatoru rolunu oynayır; əgər evin ab-havası yaxşı deyilsə, tradeskansiya saralıb yarpağını tökür. İşıqsevən tradeskansiya evinizi bədxah adamların ağır enerjisindən təmizləyər.

Hortenziya otaqdakı mənfi emosiyaları, pis ovqatı aradan qaldırmağa kömək edir. Evinizdə hortenziya olsa, şirniyyatdan və un məmulatlarından imtina etməniz daha asan başa gələr.

Kalanxoenin faydasından çox danışmaq olar. Bu bitkidən həm tibbdə, həm də havadakı zərərli maddələrin dəf edilməsində geniş istifadə olunur. Kalanxoe yuxudan duran kimi ürəyi sıxılan melanxoliklər üçün əsl dərmandır.

Qılıncabənzər ayıdöşəyini (nefrolepis) hansı məkana qoysanız, o məkanın mənfi enerjisini götürəcək. Sinir sisteminə təsir edən bu bitki insanın intizamlı olmasına, özünü ələ almasına, işlərini qaydaya salmasına kömək edir. Qılıncabənzər ayıdöşəyi tənbəl adamlar üçün əvəzolunmaz dərmandır. Əgər evdə ağır ab-hava varsa, bu bitkini saxlamaq məsləhət görülür.

Xoveya (kentiya) geniş qonaq otağını bəzəyən palmadır. Zəhərli maddələri udur, havanı rütubətləndirir, otaqdakı müsbət enerjini konsentrasiya edir, əqli fəaliyyəti gücləndirir, evdəki neqativ enerjini götürməklə ailədə harmoniya yaranmasına səbəb olur.

Adi sarmaşıq (və ya sarmaşan xedera) zərərli maddələri, o cümlədən,  formaldehidi məhv edir, insanda müsbət ovqat yaradır, psixikanı sabit saxlamağa, bədbin fikirlərdən və komplekslərdən azad olmağa kömək edir, münaqişəni, qalmaqalı dəf etməklə ətrafda xoş ab-hava yaradır. İçkini, siqareti tərgitmək, pis vərdişlərdən qurtulmaq istəyən adamlar üçün adi sarmaşıq əvəzsiz bitkidir.

Rododendron, Alp qızılgülü və ya azaliya havadakı zərərli kimyəvi birləşmələri udur. İnsanı sakitləşdirir, əsəbləri möhkəmləndirir. Rododendron sizi adət elədiyiniz şeylərə başqa gözlə baxmağa vadar edir.

Bencamin fikusu (və ya ağcaqayın fikusu) da formaldehid, toluol, ksilol və ammiak kimi zərərli maddələri neytrallaşdırır. Havanı rütubətləndirən bu bitki passiv insanlara çox faydalıdır. Ancaq Bencamin fikusu uşaq və ev heyvanları olan otaqda saxlanmamalıdır.

Drasena pessimist insanlara çox faydalıdır. Bu bitki havanı təmizləyir, otağın energetikasını yaxşılaşdırır, həyat enerjisini artırır, harmoniya yaradır. Drasena insanlara və heyvanlara eyni dərəcədə təsir edir. Bütün drasena növləri kimyəvi maddələri neytrallaşdırır. Xüsusən lazer printeri və foto surətçıxarma maşını olan otaqda drasena saxlamaq məsləhətdir.

Kauçuklu fikus aşırı həssaslığı aradan qaldırır, evdə xoş ab-hava yaradır. Emosional baxımdan fikus qərarsız, konkret bir şeyə diqqət yönəldə bilməyən, bir işi axıra çatdıra bilməyən adamlar üçün çox faydalıdır. Otaqda kauçuklu fikus saxlamaq irinli yaraların tez sağalması, sınıq zamanı sümüyün tez bitişməsi üçün faydalıdır.

Uzambar bənövşəsi evin atmosferinə sakitləşdirici təsir edir. Ağ bənövşə sinir pozulmalarından qoruyur, sinir sistemi gərginliyini azaldır. Çəhrayı və qırmızı bənövşələr isə insanda məmnunluq hissi yaradır, yeməyə tələbatı azaldır, işdən və ünsiyyətdən zövq almağa kömək edir. Mavi bənövşə yaradıcı insanlara kömək edir. Bənövşəyi çiçəkli uzambar evdə energetik atmosferi yaxşılaşdırır. Uzambar bənövşəsi qalxanvari vəzin fəaliyyətinə müsbət təsir edir, boğazdakı iltihabın qarşısını alır.

Faydalı otaq bitkiləri ilə yanaşı, zərər verən bitkilər də az deyil. Məsələn, liana insanın enerjisini azaldır, onda kədər və tənhalıq hissi yaradır. Mazı  ağacı və faydalı ionları ilə havanı gözəl təmizləyən sərv ağacının da otaqda saxlanması məsləhət deyil. Bu bitkiləri nəinki otaqda saxlamaq olmaz, onların hətta evdən xeyli kənarda əkilməsi məsləhətdir.

Məkanına görə bitkilərin yerləşdirilməsinə gəlincə, qonaq otağı üçün məsləhətli bitkilər tradeskansiya, payızgülü, dəfnə ağacı, beqoniya, xınagülü (balzamin), asparaqus və Alp bənövşəsidir.

Mətbəxə daha çox dibçəkdə əkilən ədviyyələr, inkişafı üçün “zərərli şüa” və yüksək temperatur tələb olunan soğan, kartof, badımcan, pomidor, bibər qoymaq olar.

Uşaq otağına bitki qoyanda çox diqqətli olmaq lazımdır. Faydalı saydığınız dibçək övladınızın səhhətinə zərər vura bilər. Uşaq otağına çox dibçək qoymaq məsləhət deyil, üç-dörd dibçək kifayətdir. Xurma palması, beqoniya, senpoliya, tradeskansiya, dəfnə ağacı, kalanxoe, sitrus bitkilər, Çin hibiskusu, adi mərsin bitkiləri daha çox məsləhət görülür.

Paslen, alokaziya, diffenbaxiya, pelarqoniya, oleandr kimi bitkiləri və tikanına görə kaktusu uşaq otağına qoymaq məsləhət deyil.

 

NARINGÜL

aydınyol.az

Yazıya 1690 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.