Tibbdə dırnaqlarda ağ ləkələrin olması leykonixiya (“leuko” – ağ, “onychos” – dırnaq) adlandırılır.
Əgər belə ağ ləkələr tək-tək və nadir hallarda əmələ gəlir və bir müddətdən sonra yox olursa, bu narahatçılıq üçün səbəb yaratmır. Lakin ağ ləkələr dırnaqlarda həddən artıq çoxdursa, uzun müddət ərzində qalır və keçmirsə, bu orqanizmdə olan hər hansı pozulmanın simptomu ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.
– Əksər hallarda dırnaqlarda ağ ləkələrin səbəbi orqanizmdə bəzi vitaminlərin (A, E) və mineralların (sink, dəmir, kalsium) çatışmazlığıdır (hipovitaminoz). Bu problemi həll etmək üçün sağlam və tamdəyərli qidalanmaq lazımdır. Qidalanmanızda daim ət və süd məhsulları, təzə meyvə-tərəvəz, qoz-fındıq olmalıdır. Hipovitaminozun digər ciddi əlamətləri (daim yorğunluq, beyin fəaliyyətinin zəifləməsi, dərinin, saçların, dırnaqların vəziyyətinin pisləşməsi və s.) meydana çıxdıqda vitamin-mineral komplekslərin qəbulu tələb oluna bilər. Belə kompleksləri yalnız həkim müayinədən sonra təyin etməlidir.
– Digər yayılmış səbəb göbələk infeksiyasıdır. Bu infeksiya gec və uzun müddət ərzində gizli şəkildə inkişaf edə bilər. Əvvəl dirnaq saralır, üzərində ləkələr əməl gəlir, dırnaq qalınlaşır, ovulur. Göbələk asanlıqla bir dırnaqdan digərinə keçir.
– Orqanizmdə zülalın çatışmazlığı zamanı da dırnaqlarda ağ ləkələr əmələ gələ bilər. Onları sayı nə qədər çoxdursa, pozulma da bir o qədər ciddidir.
Belə ləkələr uzun müddət ərzində zülalsız pəhrizlərdə oturan, tamdəyərli qidalanmayan insanlarda əmələ gələ bilər.
Qidalanmanıza zülallarla zəngin olan qidaları (ət, süd məhsulları, yumurta) daxil edin. Bir müddətdən sonra vəziyyət dəyişilməlidir. Əks halda həkimə müraciət edin – bu orqanizmdə zülalların mübadiləsinin pozulmasından xəbər verə bilər. Bu pozulma isə qara ciyər xəstəliklərinin fonunda inkişaf edə bilər.
– Anemiya (qanazlığı) zamanı dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.
– Böyrək xəstəlikləri zamanı da dırnaqlarda ağ nöqtələr və zolaqlar əmələ gələ bilər.
– Həzm sistemi xəstəlikləri və pozulmları zamanı (xüsusilə nazik bağırsaq xəstəlikləri zamanı) orqanizmə daxil olan qidalı maddələr pis mənimsənilir ki, nəticədə bu ilk növbədə dırnaqların, dərinin, saçların vəziyyətinə mənfi təsir edir.
– Güclü və ya xroniki stress dırnaqlarda ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
– Qan dövranı pozulmaları zamanı toxumaların qidalanması pozulur ki, bunun nəticəsində də dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.
– Uşaqların dırnaqlarında ağ ləkələrin əmələ gəlməsinin səbəbi adətən vitamin və ya mineralların çatışmazlığı və disbakteriozdur.
qadınklubu.com
Yazıya 900 dəfə baxılıb