Hikmət Nikbin – Dəyişib bu ağac büsbütün…

47577767_2154174784626808_6347198615303225344_nDəyişib bu ağac büsbütün…Tamam

doğrayıb töküblər barmaqlarını.

Ölən kölgəsinə buluddan qabaq

ağlamağı olub küləklərin də…

 

…baharı, payızı bilməyəcəkdir!

Quş da qanadına sevinməz artıq…

İllər sarğı verməz ağrılarına,

bir də, bir də baxmaz üzü göylərə?!

 

Təzədən üstünü, əynini görə,

öpə sabahını!…Axşamını da

səpə yarasına mürgüləməyə,

ehey, düzən göylər, ey ləpirli yer!

 

…boğulmaq – dənizin qara fikirli

olması deyilmiş, deyilmiş, adam!

 

***

Yaşadığı Günün yarımır hamı !

Hamı sabahından küsür , inciyir…

Torpağı bir az da sevindirməyə

oğurluq çiçəklər bitir payızda.

 

Mənim eyni adlı xatirələrim

yarımçıq gecəmdən qalan şəkildir.

Saat qurşaqları eyninə deyil ,

elə həmin yerdə, həmin boydadır .

 

…Göy də gizlətməyir özündəkini,

açır sinəsini yerə göstərir .

Dəli deyilmiş ki, təkcə küləklər,

dəliliyi varmış sevənlərin də !

 

İllər hasar çəkir ayaqlarından…

Saatın bir tayı harda gizlənib ?

 

 

***

Dənizi keçməyə çəkməmdir gəmim…

Heç Göy üzündə də yalın deyiləm !

…Günlər tikiş vura torpaq ömrümə,

qalam üstündəcə ayaqlarımın !

 

Gizlənmiş kimidir ağaclar gecə,

uzunömürlüymüş xatirələri.

…Günəş də islada özünü məndə,

tanıya buludlar səhranın yolun !

 

Paytaxtı olmayan dövlət kimiyəm…

Yerin günləri də örtmür üstümü !

Gecələr çəkilir hamı özünə…

Dostlar, çəkilirəm mənsə hamıya !

 

…Məni tanımağa öyrənən payız ,

sözü əllərindən öpən adamam !

 

 

***

Qışın qanı axır qaranlıqlara…

Ağarır torpağın sinəsi dərddən !

Başını basdırıb buludlarda Ay

aparır özünü xəbərsiz kimi !

 

Qışın qanı axır qaranlıqlara…

Məni ayağıma qaytara səhər !

…Qapı-pəncərəni bağlayıb vaxt da

girib saatımın içində yatır !

 

Qışın qanı axır qaranlıqlara…

…Küçə itləri də yatır özündə.

Evlərə aparan yolları bağlı,

dibçək güllərinin eyninə deyil !

Qışın qanı axır qaranlıqlara…

Nəfəsi ömrünün tərkində hələ !

Gənc yazarlar ədəbiyyatı

Yazıya 511 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.