Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində “Ulduz” layihəsinin illik yekun görüşü keçirildi

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində ““Ulduz” jurnalının Azərbaycan Universiteti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

kultur.az xəbər verir ki, layihə 4 ildir ki, davam edir və hər il fevral ayından iyun ayının sonunadək Azərbaycan Universitetinin filologiya (Azərbaycan və İngilis filologiyası) ixtisasları üzrə təhsil alan tələbələri “Ulduz” jurnalında praktik təcrübə keçirlər. Təcrübə müddətində tələbələr yalnız redaksiya işinin texniki və yaradıcı tərəfləri ilə tanış olmur, eyni zamanda ədəbi mühitin canlı proseslərinə qoşularaq müasir ədəbi düşüncə ilə daha yaxından təmas qururlar.

Proqram çərçivəsində tələbələr tanınmış yazıçılar və ədiblərlə keçirilən görüşlərdə iştirak edir, müxtəlif ədəbi müzakirələrə qatılır, həmçinin kitabxanalara səfər edir və kino nümayişlərini izləyirlər. “Natəvan” klubunda baş tutan görüşlər, eləcə də görkəmli yazıçı Anar və başqa ədəbiyyat adamları ilə aparılan yaradıcılıq söhbətləri onların ədəbi dünyagörüşünün genişlənməsinə və peşəkar hazırlığının formalaşmasına mühüm töhfə verir.

Bu ilin yekun görüşü Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində keçirilib. Bununla da cari tədris ili üzrə praktik proqram yekunlaşıb və gələn il yenidən davam etdirilməsi ilə bağlı xoş ümidlər ifadə olunub.

Görüş barədə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir bildirib:

“Mən bu gün Qulu Ağsəsin rəhbərlik etdiyi “Ulduz” jurnalının həyata keçirdiyi “Ulduzlu qonaq” layihəsində iştirak etdim. Daha doğrusu, bu dəfə qonaq anlayışı bir qədər dəyişmişdi – gənc “Ulduz”çular bizim qonağımız olmuşdular. Gənc filoloqlarla çox maraqlı və səmimi bir görüş baş tutdu. Onlar müxtəlif mövzularla bağlı düşündürücü suallar ünvanladılar və bu dialoq mənim üçün də kifayət qədər maraqlı oldu.

Təsadüfən həmin gün Naxçıvandan gəlmiş ədəbiyyat adamları da burada idi və onlar da görüşə qoşuldular. Daha sonra görkəmli şairimiz Sabir Rüstəmxanlı da tədbirə qatıldı. O, gənclərlə səmimi söhbət etdi, öz təcrübəsindən çıxış edərək onlara dəyərli tövsiyələr verdi və xatirə şəkilləri çəkdirildi.

Ümumilikdə görüş çox yüksək səviyyədə səmimiyyət, qarşılıqlı maraq və ədəbi ruhda keçdi. Bu cür görüşlərin gənclərin formalaşmasında xüsusi əhəmiyyət daşıdığına inanıram. İnanıram ki, həm mənim, həm də iştirak edən gənclərin yaddaşında bu gün uzun müddət unudulmayacaq bir ədəbi hadisə kimi qalacaq. Onlara gələcək fəaliyyətlərində uğurlar və yaradıcılıq yolunda möhkəmlik arzulayıram.”

 

Yazıya 23 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.