Beyləqan Rayon İcra Hakimiyyətinin və Azərbaycan yazıçılar Birliyinin təşkilatçılığı ilə, 9 iyul 2026-cı il tarixində Beyləqan Mədəniyyət Mərkəzində görkəmli ədəbiyyatşünas, yazıçı-publisist, tənqidçi və şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Milli Məclisin deputatı, yazıçı-publisist Səyyad Aran, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, ədəbiyyat və mədəniyyət nümayəndələri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin aparıcısı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yubilyarın həyat və yaradıcılıq yolundan, Azərbaycan ədəbi fikrinin inkişafındakı xidmətlərindən danışıb. Daha sonra iştirakçılar yazıçı-publisist İradə Aytelin müəllifi və təqdimatçısı olduğu “Sözün Cahangiri” adlı videoçarxı izləyiblər.
Çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Beyləqan torpağı ölkəmizə görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimləri bəxş edib və rayon rəhbərliyi bu ənənəni davam etdirərək tanınmış şəxsiyyətlərin yubileylərini mütəmadi şəkildə qeyd edir. O, Əsəd Cahangirin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək yubilyarı 60 illik yubileyi münasibətilə təbrik edib, ona Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı-publisist Səyyad Aran, yubilyarın universitet müəllimi Sona Çərkəz, şçairlər Vəli Qaraçaylı, Nicat Ərtürk, Rövşən Qarabudağ, yazıçı-publisistlər İradə Aytel, Şəfəq Nasir, Düzgün Atalı, Şamil Ənvəroğlu, araşdırmaçı-folklorist Hümbət Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Yuxarı Aran kənd tam orta məktəbinin direktoru Sahilə Fərmanzadə və digər çıxışçılar yubilyarın çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, yüksək mənəvi keyfiyyətlərindən və gənc ədəbi nəslin yetişməsindəki xidmətlərindən söz açaraq ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin bədii hissəsində qiraətçilər Həsən Tağızadə, Lalə Hacıyeva və Məltəm Səfərova Əsəd Cahangirin şeirlərini səsləndiriblər. Müğənnilər Pərvaz İbrahimli, Səxavət Səfərov, Hikmət Əkbərli və İxtiyar Qurbanov yubilyarın sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Yubiley tədbirinin yaddaqalan məqamlarından biri də Əsəd Cahangirin ilk müəllimi Adilə Zeynalovanın çıxışı olub. O, vaxtilə ilk hərfləri öyrətdiyi şagirdini 60 illik yubileyi münasibətilə təbrik edib və bu duyğulu an iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda çıxış edən Əsəd Cahangir yubileyinin yüksək səviyyədə təşkilinə görə Beyləqan Rayon İcra Hakimiyyətinə, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. O, doğma rayonunda gördüyü diqqət və ehtiramı yaradıcılığına verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirib.
Yazıya 16 dəfə baxılıb





























