A kişilər, mən bir şeyə mat qalmışam. Yəni ki, camaatın bu hərəkəti mənə hələ də çatmır ki, çatmır. Taa uşaqlıqdan məzarlıqlara gedəndə görmüşəm ki, yaxın adamını itirmiş birisi əzizinin məzarına çatar çatmaz ətrafa göz gəzdirər və yerdə münasib ölçüdə bir daş axtarar ki, rəhmətliyin heç harasına yox, yalnız baş daşına döşəsin ki, ayə, “oyan” gəlmişəm, buradayam, yanındayam, yəni səni unutmamışam, “dur” bir az söhbət edək. Və sonra başlayır rəhmətliyi narahat etməyə, olandan olmazdan, yadına düşəndən düşməyəndən, yalandan palandan öz özünə danışaraq guya rəhmətliklə söhbət edir, sonda da səsini ucaldaraq rəhmətlik üçün çox darıxdığını ona çatdırar.
Yəni elə o vaxtlardan düşünürəm ki, niyə bəs daş və nə üçün baş, yəni nəyə görə bu fəqiri baş tərəfində quraşdırılan baş daşına daş döyəcləməklə “oyadasan”. Onsuz da ona olan olmuş, nəyi varsa bu dünyada qoymuş, birdəfəlik köçüb getmiş, belə demək olarsa haqq dünyasına. Olmazmı ki, bu rəhmətliyi ölməmişdən öncə oyatdığın kimi, əlinlə, yavaşca çiyninə, lap elə sinə daşına çəkməklə “oyadasan”. Onsuz da rəhmətlik bu dünyadan köçmüş, day bundan sonra bu fəqiri daşla başına döyməklə niyə narahat edəsən ki.
Dolayısı ilə belə demək istədim ki, daş axtarmaq əvəzində rəhmətlik sağ ikən əgər imkansız olmuşsa əl tutaydın, köməklik edəydin, dostun, yaxud iş yoldaşın idisə səhvini üzünə deyəydin, yox əgər valideynlərindən biri idisə qayğı göstərməyin qalsın özünə, üzünəsə ağ olmayaydın, yoxsa ki…
Sonda da fikirləşirəm ki, əslində rəhmətlik hər kimdirsə başına daşla döyəcləyimizi hiss etmədiyini yaxşı bildiyimizdən narahatçılıq keçirmədən məzarlığa catar catmaz münasib ölçüdə daş axtarırıq ki, kişini “oyadaq”. Necə ki, yaşadığımız cəmiyyətdə birisi bir balaca büdrəyən zaman hiss edirik ki, day bundan sonra bunun perspektivi yox, daş qalaq edir, olan olmaz, nə pis şey var danışırıq barəsində. İşdi şayət, təsadüfən qarşı qarşıya gələndə isə “birdən demək olmaz” deyə düşünür, fürsəti əldən vermədən başlayırıq tərif yagdirmaga. Yəni ki, belə qənaətə gəlmək olar ki, bu bizim bir növ adətimizdir . Amma ki, unutqan olmağımızdan görünür ki, bu adətimizi də unudarıq inşallah.
Yazıya 8 dəfə baxılıb









