Qabil Nabinin tərcüməsində Beken İbırayımın “İzlərin sirri” romanı işıq üzü görüb

Bu günlərdə tanınmış qazax yazıçısı Beken İbırayımın 300 səhifəlik “İzlərin sirri” romanı Azərbaycan dilində çapdan çıxıb. Əsəri Azərbaycan dilinə AYB üzvü, prezident təqaüdçüsü, şair Qabil Nabi tərcümə edib.

Beken İbırayımın “İzlərin sirri” romanı təkcə Qazaxıstan ədəbiyyatında deyil, ümumilikdə postsovet məkanı ədəbiyyatında özünəməxsus yeri olan qeyri-adi əsərlərdən biridir.

Yeniyetmələr üçün qələmə alınmış detektiv roman gənc oxuculara ünvanlanan maraqlı, dinamik və eyni zamanda maarifləndirici əsər kimi diqqət çəkir. Əsərdə hadisələrin gərgin və maraqlı süjet xətti ilə təqdim olunması oxucunu sonadək hadisələrin inkişafını izləməyə sövq edir.

Görkəmli filoloq-alim kimi tanınan, sonralar isə istedadlı yazıçı kimi şöhrət qazanan Beken İbırayımın əsərləri yalnız Qazaxıstanda deyil, yaxın və uzaq xarici ölkələrdə də nəşr olunub. Yazıçı “İzlərin sirri” romanında özünü süjet quruculuğunun mahir ustası, insan, xüsusilə də yeniyetmə psixologiyasını dərindən bilən sənətkar kimi təqdim edir. Müəllif, eyni zamanda, doğma xalqının təbiətini, məişətini, adət-ənənələrini və inanclarını əsərin süjetinə üzvi şəkildə daxil edir.

Tərcüməçi Qabil Nabi əsərlə bağlı fikirlərini belə ifadə edib: “Mən bu romanı tərcümə edərkən müəllifin üslub tərzinə, yazıçılıq qabiliyyətinə heyran olduğumu etiraf etməkdən çəkinmirəm. Əminəm ki, “İzlərin sirri” romanı bizim ölkəmizdə də sevilən əsərlərdən olacaqdır.”

Azərbaycan dilində nəşr olunan “İzlərin sirri” romanının xüsusilə yeniyetmə və gənc oxucuların marağına səbəb olacağı gözlənilir.

Yazıya 84 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.