Görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin yeni kitabı – “Kölgə işıqdan düşür” nəşr olunub.
“Zərdabi Nəşr” MMC tərəfindən çap edilən 430 səhifəlik kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərov, redaktoru isə İradə Ayteldir.
Nəşrdə müəllifin müxtəlif illərdə qələmə aldığı seçilmiş esse və məqalələri, həmçinin üç poeması toplanıb. Klassik irslə müasir düşüncənin, dünya ədəbi-fəlsəfi ənənəsi ilə milli bədii fikrin, sənətlə həyatın vəhdətini özündə əks etdirən əsərlər canlı xalq dilinə, zəngin metaforik üsluba söykənir. Müqəddəs səmavi kitablarla dialoq əsasında qurulan bu yazılar oxucunu xeyirə, işığa, mənəvi-əxlaqi kamilliyə səsləyir.
“Kölgə işıqdan düşür” Əsəd Cahangirin yaradıcılığında sayca altıncı kitabdır. Bundan əvvəl müəllifin “Qədim türk ədəbiyyatının linqvistik poetikası” (2001), “Ağ saç, qara saç” (2006), “Kim yatmış, kim oyaq” (2012), “On üçüncü gecə” (2016) və “Dionisin şərəfinə” (2022) kitabları oxuculara təqdim olunub.
Yeni nəşr müəllifin bədii-fəlsəfi axtarışlarını, ədəbi-estetik baxışlarını və poetik düşüncə tərzini özündə əks etdirən sanballı toplu kimi ədəbiyyatsevərlərin marağına səbəb olacaq.
Yazıya 5 dəfə baxılıb














