Əsəd Cahangirin 60 illik yubileyi AYB-nin Natəvan zalında təntənəli şəkildə qeyd olundu

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında, 06 iyul 2026-cı il tarixində görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirildi.

Respublikanın ədəbi-mədəni mühitinin tanınmış simalarını bir araya gətirən yubiley mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, Milli Məclisin deputatları, yazıçılar Aqil Abbas və Səyyad Aran, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov, yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Əli Əmirli,  Bakı Dövlət Universitetinin müəllimi Sona Çərkəz, Ədalət Partiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimli, Vəhdət Partiyasının sədri, yazıçı-publisist Adəm Bakuvi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimov, şairlər Vəli Qaraçaylı, Nicat Ərtürk, Güləmail Murad, İlqar Türkoğlu və digər çoxsaylı yazıçılar, elm və mədəniyyət xadimləri, ziyalılar, oxucular və media nümayəndələri iştirak edirdi.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və Tərcümə Məsələləri üzrə katibi Səlim Babullaoğlu yubilyarın Azərbaycan ədəbi-bədii fikrində özünəməxsus yer tutduğunu vurğuladı. O qeyd etdi ki, Əsəd Cahangir yalnız istedadlı şair və esseist deyil, həm də dərin təfəkkürlü ədəbiyyatşünas, peşəkar tənqidçi, uğurlu tərcüməçi və müasir ədəbi proseslərin fəal təşkilatçılarındandır.

Sonra aparıcı sözü çıxışçılara verdi. Xalq yazıçısı Anar Əsəd Cahangirin uzun illər ərzində Azərbaycan Yazıçılar Birliyində səmərəli fəaliyyət göstərdiyini, milli ədəbiyyatın inkişafına, dünya ədəbiyyatının Azərbaycan oxucusuna tanıdılmasına və gənc ədəbi nəslin formalaşmasına mühüm töhfələr verdiyini bildirdi.

Xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, Əsəd Cahangir təkcə görkəmli ədəbi tənqidçi və esseist deyil, həm də dərin fəlsəfi düşüncəni yüksək bədii ifadə ilə birləşdirən özünəməxsus poetik dünyaya malik şairdir. Əsəd Cahangirin şeirləri müasir Azərbaycan poeziyasında fəlsəfi məzmunu və orijinal poetik üslubu ilə diqqət çəkən nümunələr sırasında yer alır.

Xalq yazıçısı Çingiz Abdullayev Əsəd Cahangirin həm yaradıcı insan, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi qazandığı nüfuzdan danışaraq onu yubileyi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində yeni uğurlar arzuladı.

Millət vəkili  Səyyad Aran Əsəd Cahangirin esseist kimi yaradıcılığına xüsusi diqqət yetirdi. O bildirdi ki, Əsəd Cahangirin esseləri dərin fəlsəfi düşüncəsi, zəngin intellektual yükü və özünəməxsus bədii üslubu ilə seçilir. Səyyad Aranın sözlərinə görə, Əsəd Cahangir Azərbaycan esse janrına yeni nəfəs gətirən, bu janrın imkanlarını uğurla genişləndirən qələm sahiblərindəndir.

Çıxış edən digər qonaqlar Əsəd Cahangirin çoxşaxəli yaradıcılığı, zəngin elmi-publisistik fəaliyyəti, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri, dünya ədəbiyyatının təbliği və bədii tərcümə sahəsində gördüyü mühüm işlər barədə fikirlərini bölüşdülər. Natiqlər onun həm peşəkar ədəbiyyatşünas, həm də prinsipial tənqidçi kimi müasir ədəbi proseslərə verdiyi dəyərli töhfələri xüsusi qeyd etdilər.

Tədbirin ən yaddaqalan məqamlarından biri də Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə işıq üzü görmüş “Sözün Cahangiri”, eləcə də müəllifi olduğu “Kölgə işıqdan düşür” kitablarının təqdimatı oldu.

Sonda çıxış edən yubilyar göstərilən diqqət və yüksək ehtirama görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbir iştirakçılarına, dostlarına, həmkarlarına, yubileyi münasibətilə ona “Əsəd Cahangir – 60” portretini hədiyyə edən rəssam xanım Aygün Akınaya və oxucularına dərin minnətdarlığını bildirdi. O, bu etimadı gələcək yaradıcılığında daha məsuliyyətlə çalışmağa stimul kimi dəyərləndirdi.

Tədbirin sonunda Əsəd Cahangir oxucular üçün kitablarını imzaladı, xatirə şəkilləri çəkdir. Yubiley mərasimi səmimi söhbət və xoş təəssüratlarla başa çatdı.

Foto çəkimi FS PRESS Farruxa məxsusdur

Yazıya 119 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.